Azərbaycanlıların məqsədyönlü şəkildə uzaq ölkələrə

axışmaları və Azərbaycan diasporunun ilk icmaları

 

Zəminə Əsgərova: “Vətəndən kənarda ilk Azərbaycan

icmaları məhz şərq ölkələrində yaranıb”

 

Azərbaycanda islam dininin yayılması orta əsrlərdə Yaxın Şərqdə baş verən tarixi proseslər, şərq ölkələrində elm və mədəniyyət mərkəzlərinin (Qahirə, Şam, Bağdad) yaranması kimi hadisələr azərbaycanlıların məqsədyönlü şəkildə uzaq ölkələrə axışmalarına, həmin yerlərdə məskunlaşmalarına və beləliklə, erkən dövrlərdən Azərbaycan diasporunun formalaşmasına gətirib çıxarıb. AMEA Tarix İnstitutunun Azərbaycan diasporu şöbəsinin elmi işçisi Zəminə Əsgərova belə deyir. Z.Əsgərovanın adı çəkilən məsələ ilə bağlı araşdırmasında Azərbaycan diasporunun ilk icmalarının yaranma səbəbləri, problemləri, azərbaycanlıların Yaxın və Orta ölkələrində məskunlaşması tarixinin müxtəlif dövrləri açıb göstərilir.

Müəllif yazır ki, vətəndən kənarda ilk Azərbaycan icmaları məhz şərq ölkələrində yaranıb: “Bir sıra tarixi mənbələrdəki faktlara əsaslanaraq söyləmək olar ki, Azərbaycanda islam dininin bərqərar olması ilə yaxın şərq regionu ilə Azərbaycan arasında dini- mənəvi əlaqələr qurulub, illər keçdikcə isə mədəni inteqrasiya prosesi başlanıb. VII əsrin sonu – VIII əsrin əvvəllərindən başlayaraq islam dininin qəbulu ilə əlaqədar Azərbaycanda ərəbdilli elm və mədəniyyət inkişaf etməyə başlayıb, bununla bağlı olaraq onlarla azərbaycanlı şair, alim və mütəfəkkir islamın mərkəzi Məkkə və digər ərəb şəhərlərinə mühacirət ediblər. Azərbaycanın ərəblər tərəfindən işğalı ölkədə islam dininin yayılması, məktəblərdə və mədrəsələrdə tədrisin ərəbcə aparılması ərəbdilli elmin və mədəniyyətin formalaşmasına gətirib çıxarıb. Bu proses on illərlə davam etdiyindən Azərbaycanla islamın mərkəzi Məkkə və başqa ərəb şəhərləri arasında elmi, mədəni ticarət, iqtisadi əlaqələrin yaranmasına və inkişafına səbəb olurdu. Azərbaycandan olan elm adamlarının, tacirlərin, müxtəlif peşə sahiblərinin ərəb ölkələrinə getmələri, orada yaşayıb-yaratmaları barədə müxtəlif mənbələrdə məlumatlar verilir. Azərbaycan alimi, filologiya elmləri doktoru, professor Malik Mahmudov “Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər VII-XII əsrlər” mənbəsində qeyd etmişdir: “Ümumiyyətlə götürdükdə ərəbdilli poeziyada qeyri- ərəblərin iştirakı islamın ilk əvvəllərinə aiddir. Əməvilər dövründə həmin hərəkat daha da güclənmiş, Abbasilərin hakimiyyət başına gəlməsindən sonra isə son dərəcə geniş miqyas almışdır”. Məşhur Azərbaycan alimi və ədibi Mirzə Məhəmmədəli Tərbiyət (1875-1940-cı illər) “Danışməndane Azərbaycan” kitabında Mədinədə yaşamış azərbaycanlı şairlərdən beş nəfərinin adını çəkmiş, İsmayıl İbn-Yasərin, Əbül- Ab-bas Əmanin, Musa Səhəvatin haqqında qısaca məlumat verib. M. Tərbiyət həmçinin İsmayılın qardaşları Məhəmməd və İbrahimin də məvali şairlərdən olduğunu yazır. VII, VIII əsrlərdə Mədinədə yaşamış azərbaycanlı şair-alimlərdən biri də Əbdül Abbas Əl-Əkma olub. O, bir sıra mədhlər, mərsiyələr və həcvlər müəllifidir. Şübhəsiz ki, Mədinədə yaşayıb-yaradan azərbaycanlı şair və mütəfəkkirlərin siyahısı yalnız adları çəkilən soydaşlarımızla bitmir. Görünür, Ərəbistanda azərbaycanlı icması yaşamış və sözügedən şairlər də bu icmanın içərisindən çıxıblar”. Z.Əsgərovanın sözlərinə görə, Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərinə azərbaycanlı tələbələrin və alimlərin axını vətəndən kənarda yeni-yeni azərbaycanlı icmaların yaranmasına gətirib çıxarırdı. Tarixi faktlar təsdiqləyir ki, qürbətə üz tutan azərbaycanlı alim və mütəfəkkirlər əksər hallarda vətənə dönmür, ömürlərini yaşadıqları vilayətdə başa vururdular: “Yaxın və Îrta Şərq ölkələrində yaşamış azərbaycanlı sənətkarlardan Əbdül Ab-bas Əl Əta, Bərdə şəhərində anadan olmuş ilahiyyətçi alim Əbu-Səid Əhməd Hüseyn oğlu Bərdəi, Əbül Qasim Bərdəi, Əbu Abdulla ibn Səlmani, Əbu Tahir ibn Səlmani, Xətib Təbrizi, Əbuhəfs Ömər Əli Yənsani, Əbu Ömər Osman Dərbəndi, Ömər Osman oğlu Gənci, Məhəmməd Yəhya Gəncəli, Sihabəddin Ömər Sührəvərdi, Əminəddin Muzəffər Əbülxeyr oğlu Təbrizi, Zəkəriyyə Qəzvin, Tacəddin Məhəmmədhəsən Urməvi, Mühirddin Məhəmməd Vərdəi və b. vətəndən uzaqlarda yaşasalar da, əməlləri ilə ölkəsinə, öz millətinə şöhrət gətiriblər. Əlbəttə, buraya dilçilər, ilahiyyətçilər, alimlər deyil, həmçinin orta əsrlərin başqa sənət sahibləri də daxil idilər. Bunlardan bəziləri uzaq ölkələrlə əlaqə saxlayan tacirlər, bəziləri könüllü şəkildə yaxud fatehlərin zorla apardıqları sənətkarlar, bəziləri isə naməlum şəxslər olublar. Yaxın və Orta Şərq ölkələrində ən məşhur sarayların layihələşdirilməsində, tikilməsində iştirak etmiş onlarca azərbaycanlı sənətkarlardan danışmaq olar. Cağdaş Azərbaycam memarı və tədqiqatşısı, memarlıq doktoru Cəfər Qiiyasinin apardığı araşdırmalara görə “hələ islamın yayıldığı ilk illərdə xəlifə Ömər Kufədə birinci məscidin tikintisini Azərbaycandan çağırdığı memara tapşırıb”. Tarixi faktlar, o cümlədən məşhur türkoloq Karl Menqas “Türk dilləri və türkdilli xalqların yayılışı” adlı əsərində hələ XX əsrin əvvəllərində İraqda yüz mindın çox azərbaycanlının yaşadığını göstərib. Son məlumatlara görə onların sayı yarım milyondan artıqdır”.

 

Azərbaycanlılar bu yerlərdə necə məskən salmışlar?

 

Müəllif bu sualına cavab axtararkən  Kərküklü tarixçi Şakir Sabirə istinad edir: “Kərküklü Şakir Sabir İraqda türkdilli xalqın məskən salmasının VII əsrin başlandığını və 745-ci ildə Bağdadda artıq türk məhəllələrinin yarandığını göstərir. Həmin türklər türkmanlar adı ilə yaşayıblar. Millətlər liqasında yaradılmış xüsusi beynəlxalq komissiya tərəfindən tərtib edilmiş beynəlxalq əhəmiyyətli rəsmi sənəddə də türkmanlar haqqında söhbət gedir. Həmin sənəd “İraqda Türkiyə arasında sərhəd məsələsinə aid sorğuya nəzarət etmək üçün Millətlər Liqası tərəfindən seçilmiş xüsusi komissiyanın hesabat”ıdır. 30 sentyabr 1924-cü ildə Millətlər Liqasına təqdim edilmiş həmin hesabatda Britaniya hökumətinin belə bir iddiası verilib: İraq türkmanları Osmanlı dövləti yaradılmasından çox-çox əvvəl İrandan gəlmişlər və çox güman ki, Abbasi xəlifələrinin silahlı qüvvələrini təşkil edən türkmanlardan törəyiblər. Britaniya mövqeyi-nəzərini təsdiq edən Millətlər Liqasının xüsusi komissiyasının hesabat sənədində həmçinin deyilir: «Britaniya hökumətinin fikri həqiqətə uyğun görünür. Çünki onların, yəni İraq türkmanlarının əksəriyyəti Toğrul əsgərlərinin, abbasi xəlifələrinin müttəfiqlərinin, Atabəy döyüşçülərinin nəslindən yaranıblar». İraq türkmanları neçə əsrdir ki, İraqda yaşayırlar. Kərküklü tarixçi Şakir Sabir iraq türkmanları haqqında araşdırmalar aparmış, yazdığı «İpaq türkmanlarının qısa tarixi» əsərində qeyd edir ki, İraq türkmanları neçə əsrdir ki, İraqda yaşayırlar. Onlar müxtəlif səbəblər üzündən axın-axın Orta Asiyadan və Türküstandan, İraqla şimal-şərq tərəfdən həmsərhəd ölkələrdən, daha dəqiq desək, Buxara və Səməpqənddən, Xopasan və Qafqazdan, Deyləm və səlcuq orduları ilə birlikdə Azərbaycan, Özbəkistan, Xəzər, Xarəzm, Dağıstan və başqa ölkələrin türklərindən İraqa gəlmiş əhalinin indiki nəslidir. Qəbilələr müxtəlif olduğu üçün onların ləhcələri də müxtəlifdir».

Tarixi faktlara əsaslanaraq qeyd etmək lazımdır ki, orta əsrlərdə türklərin İpaqa axını kəsilməyib. Tədqiqatçı Şakir Sabir öz əsərində göstərir ki, İraqda Buveyhi hakimiyyəti zamanı İraqa axışıb gələn türklər ölkənin əsasən mərkəzi və cənub hissələrini özlərinə vətən seçirdilər. Şimalın şəhər və strateji rayonları – Samarra, Mosul, Kərkük, Ərbil, Tikrit və başqaları onların yaşayış məskənləri olurdu. Məşhur tarixçi ibn Əl-Əsir yazırdı ki, İraq qazzları adı altında h.t. 433-cü ildə İraq türkmanların yeni dalğası köç etdi. Başqa tarixi mənbələrə görə «bu dəfə köç edənlərə Balkan türkmanları deyirdilər. Onlar İraqa Azərbaycandan gəlmişdilər. Başçıları Əbu Mansur Köktaş və Əbu Əli Ben Dehqam idi. Mosul və ətraf rayonlarda, həmçinin Tələfərdə məskən salıblar. Həmin mənbələrə görə qeyd etmək olar ki, İraqda Azərbaycan icmaları Buveyhi hakimiyyəti zamanı formalaşmağa başlayıb. Başqa mənbələrə görə qeyd etmək lazımdır ki, Səlcuqlar dövləti dövründə İraqda məskən salmış türk qəbilələrindən Bayat qəbiləsinin adı çəkilir. Onun haqqında bir çox mənbədə məlumatlar verilir. Məşhur tarixçi Kaşğari 1072-ci ildə yazdığı «Divani-lüğət it-türk» əsərində yazır: «Bayat Oğuz-tüpk tayfasıdır, onlara türkman da deyilir. 22 qəbiləyə bölünür. Hər qəbilənin də öz nişanı var. Onunla mal-qaralarını və dövlətlərini nişanlayirlar». Bayat haqqında «Böyük Türk ensiklopediyası»nda da məlumat verilir. Belə ki, göstərilən ensiklopediyada deyilir ki, “Kərkük rayonunda məskən salmış türkmanların əksəriyyətinin əsli bayat qəbiləsindəndir. Bayat nəslinin Mosul rayonunda, Tələfərdə, Bağdadda, Kənaniyyədə, Hillədə bu gün də yaşadığını, kərküklü tədqiqatçı Şakir Sabir “İraq türkmanlarının tarixi” əsərində geniş qeyd edir. Demək, Bayat qəbiləsi bu torpaqlarda Səlcuqlar dövründə məskən salıblar. Ensiklopediyada həmçinin böyük klassik Azərbaycan şairi Məhəmməd Füzulinin bu qəbilədən olması qeyd edilir. Ensiklopediyada həmçinin deyilir: «Onlar, yəni bayat qəbilələri, İraqda 13 qola və hər qol da müxtəlif nəsillərə bölünüblər. Ümumən, türk-şərq musiqi muğamlarından biri sayılan bayatı muğamının adı da bayat türkmanlarına aiddir. Belə rəvayət mövcuddur ki, həmin muğam İstanbulda 12 türkman musiqiçisi tərəfindən yayılıb, şöhrət tapıb». Həmin mənbədə daha sonra qeyd edilir ki, Bayat qəbiləsi oğuzları, yaxud türkmanları təşkil edən 22 qəbilədən biridir ki, onlar mənşə etibarilə bütün Anadolu, Azərbaycan və Türküstan türklərini əhatə edirlər”.

 

(Ardı var)

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 19 noyabr.- S.3.