“Vətəndən kənarda
ilk Azərbaycan
icmaları məhz
şərq ölkələrində yaranıb”
Zəminə Əsgərova: “Əfşarlar və
qızılbaşlar Əfqanıstana XVIII əsrdə
Nadir
şah Əfşar tərəfindən
köçürülən türkdilli xalqlardır”
Vətəndən kənarda ilk
Azərbaycan icmaları məhz şərq ölkələrində
yaranıb. AMEA Tarix İnstitutunun
Azərbaycan diasporu şöbəsinin elmi işçisi Zəminə
Əsgərova şərq ölkələrində
yaşayıb yaradan həmvətənlərimizin
həyatı ilə bağlı tədqiqatlar aparıb.
Onun sözlərinə görə, bir sıra
tarixi mənbələrdəki faktlara əsaslanaraq söyləmək
olar ki, Azərbaycanda islam dininin bərqərar olması ilə
yaxın şərq regionu ilə Azərbaycan arasında dini-
mənəvi əlaqələr qurulub, illər keçdikcə
isə mədəni inteqrasiya prosesi başlanıb. VII əsrin sonu
– VIII əsrin əvvəllərindən başlayaraq
islam dininin qəbulu
ilə əlaqədar Azərbaycanda ərəbdilli elm və mədəniyyət inkişaf
etməyə başlayıb, bununla
bağlı olaraq onlarla
azərbaycanlı şair, alim
və mütəfəkkir islamın mərkəzi Məkkə
və digər ərəb
şəhərlərinə mühacirət ediblər...
Füzuli yaradıcılığına qol-qanad verənlər...
Z.Əsgərova
yazır ki, Füzuli
yaradıcılığına qol-qanad verən,
onu azərbaycanca ölməz əsərlər
yazmağa sövq edən,
ona söz sənətinin
şəffaf çeşməsindən su
içirən Füzulini dahi
edən bir elatın zəngin folkloru vardır: “Akademik Həmid Araslı «Böyük Azərbaycan şairi
Füzuli» əsərində bu məsələnin üzərində
dayanır. O, yazır: «Abbasi
xəlifələri hər hansı bir ərəb
sülaləsinin, yaxud ərəb qəbiləsinin
qaldıra biləcəyi üsyandan
mühafizə olunmaq məqsədilə
Azərbaycanın müxtəlif yerlərindən, xüsusən
şimal əyalətlərindən bir çox qəbilələri
Ərəşdən buraya köçürtdülər.
Tədqiqatçılar
göstərirlər ki, Azərbaycanın
İraqla, xüsusən vaxtilə Teymurləngin
işğalları zamanı Qarabağ və
Ərəşdən köçən azərbaycanlılarla əla-qələri
Səfəvivilər dövründə canlanmışdı.
1508-ci ildə Şah İsmayılın vahid Azərbaycan yaratmaq məqsədilə
Bağdadı tutması Osmanlı sultanlığını çox
narahat edirdi. Türk sultanlığı böyük
qüvvə toplayıb Səfəvilərə qarşı
tarixdə məşhup olan
Çaldıran vuruşmasından müvəffəqiyyətlə
çıxır. Bu məğlubiyyət
Azərbaycan xalqını böyük
itkilər vermək məcburiyyətində qoyur.
Çaldıran vuruşmasından sonra
türklər Bağdadı tuturlar. Bundan sonra Azərbaycanın
İraqla əlaqəsi kəsilmək dərəcəsinə
qədər gəlib çatır. Məhz buna
görə də, Azərbaycan hakimləri İraqda
məskən salmış azərbaycanlı qəbilələrini
geri çağır-mağa təşəbbüs
göstərirlər. Mirzə Camal
Cavanşir «Qarabağ
tarixi» kitabında yazır: «1747-ci ildə
Nadir şah
öldürüldükdən sonra Pənah
xan yanında olan 174 adamlarla birlikdə Qarabağ
camaatını qarşılamaq üçün
İraq və Azərbaycan sərhədlərinə
qədər getdi, onların bu səfəri bir nəticə
vermədi». Mirzə Camal
öz kitabında bir
faktı da qeyd edir ki, 1797-ci ildə Məhəmməd
Şah Qacar Şuşa qalasında
öldürüldükdən sonra Sadiq xan Səqqaqi Azərbaycanı
başsız görüb Tehranı almaq və girov
aparılmış ailələri geri qaytarmaq əzmi ilə İraqa
tərəf hərəkət etdi. Lakin Fətəli şah Sadiq xanın qarşısına
çıxdı, onu məğlub etdi (4, 235). Beləliklə, Qarabağ
camaatı İraqdan qayıda bilmədi. Həsrət
çəkən, yol gözləyən,
kəsilən yollardan şikayətlənən
xalq sızıltısını, dərd-ələmini
bayatılara çevirdi. İraqın Kərkük
vilayətində Qarabağ el məhəlləsi yarandı.
Yuxarıda
göstərilən tədqiqatlara əsaslanaraq qeyd etmək lazımdır ki,
Şərqin elm və mədəniyyət
mərkəzi kimi tanınan Bağdadda ən əski çağlardan
Azərbaycan icması formalaşmağa
başlayıb. İraqda dünyaya
gələn, orada boya-başa
çatan, Kərbəlada əbədi yuxuya gedən
dahi Azərbaycan şairi
Füzuli yada düşür. Füzuli
kimi böyük sənətkar
ərəb-fars dillərini gözəl billə-bilə, bu dillərdə klassik şeir nümunələri, elmi
əsərlər yarada-yarada, türkcə-azərbaycanca
nə üçün, kimin
üçün yazıb?
Füzuli, onun şəxsiyyəti,
yaradıcılığı, bu
yaradıcılığa qida verən mühit, onun istiqamət və
xarakterini müəyyən edən amillər
hansılardır? Necə olub ki, vətənindən, doğma
mühitindən ayrı düşüb şair ölməz «Leyli
və Məcnun»un təkrarolunmaz gözəllik və mənaya
malik qəzəllərini yazıb, kimin üçün
yazıb? Azərbaycanın mərhum xalq şairi vaxtilə İraqda
olarkən Füzuli
yara-dıcılığına öz
münasibətini bildirib: «Mən
inandım ki, Füzulinin
yaşayıb-yaratdığı yerlərdə onun azərbaycanca əsərlərini oxuyan, onun poeziyasına
qiymət və qüvvət verən minlər, yüzminlər
varmış! Füzuli dili
dilindən, dərdi dərdindən, sevinci,
arzusu, həsrəti onunla
bir olan doğma xalq əhatəsində
yaşamışdır. O, indi Kərbəlada
zəngin və əzəmətli görkəmi ilə diqqəti
cəlb edən İmam Hüseyn
məqbərəsinin qarşısında dayanıb, bəzəksiz,
təntənəsiz, həzin, kədərli:
“Nə yanar kimsə mənə
atəşi-dildən özgə
Nə açar kimsə qapım badi-səbadan
qeyri”-sətirlərini xatırladan, son mənzili şair
türbəsi kimi yox, bütün iztirab və məhrumiyyətlərinə
baxmayaraq, hər gün doğma xalqının səsini
eşidən, onun nəfəsini duyan bir övlad kimi öz həmdilliləri
ilə bir torpaqda yaşayıb. Təsadüfi
deyil ki, bu gün şimali
İraqda Kərkük, Ərbil, Mosul dolaylarında, xalq
arasında məşhur bəzi xoyratların-bayatıların
Füzuliyə aid olduğunu
söyləyirlər». Tarixi faktlar göstərir ki,
müxtəlif dövrlərdə azərbaycanlılar dövrün ictimai-siyasi
hadisələri ilə bağlı doğma
vətənlərindən çox-çox
uzaqlarda məskunlaşmaq məcburiyyətində
qalmışlar. XVIII əsrin 30-cu illərində Nadir şah Əfşar tərəfindən
Qarabağdan minlərlə ailə Xorasana, habelə Əfqanıstanın bir sıra bölgələrinə köçürülüb. Qeyd
etmək lazımdır ki, bu
məsələ ilə bağlı əksər tarixçilərin
əsərlərində qeydlərə rast
gəlinir. Qürbət ellərdə yaşamaq məcburiyyətində qalan həmin soydaşlarımız haqqında
Mustafa Çəmənli «Xallı
gürzə» tarixi romanında məlumat verir: «235 illik bir dövrdə Qarabağ
bəylərbəyliyinə tabe olan» Cavanşir, Otuziki Kəbirli ellərini də şah yerindən-yurdundan elədi, Sərəxsə
köçürdü.
1737-ci ildə Əfqanistana hücum elədi.
Ölkənin paytaxtı Qəndəharı tutdu.
Sonra Qəndəhardan bir
az aralı özünün
şərəfinə yeni Nadirabad
şəhərini saldı. Nadir şah Əfqanıstanda hökmünün
qüvvətlənməsi üçün
yeni Cavanşir elindən
neçə-neçə ailəni aparıb orada
yerləşdirdi». Nadir şahın
ölümündən sonra (1747) sürgün edilənlərin bir
hissəsi vətənə qayıtsa da, xeyli adam taleyini
həmişəlik qürbətə bağlamalı oldu. Onlar orada
əfşarlar və qızılbaşlar adı ilə indi də yaşamaqdadırlar. C.Məmmədov
və H. Sultanova «İranın və
Əfqanistanın coğrafiyası» kitabında yazırlar:
«Əfşarlar və qızılbaşlar Əfqanıstana
XVIII əsrdə Nadir şah
Əfşar tərəfindən köçürülən türkdilli xalqlardır. Əfşarlar Kabil və Qəndəhar şəhərinin ətrafında,
qızılbaşlar isə Qəndəhar şəhərində yaşayırdılar. Ümumi xüsusiyyətlərinin oxşar olmasına baxmayaraq,
onlar bir-birindən fərqlənir».
Məhz bu proseslər nəticəsində Şərq
ölkələrində Azərbaycan icmaları təşəkkül
tapmağa başlayır, tarix
Azərbaycan dühasının ərəb elm
və mədəniyyətinə misilsiz
yardımının şahidi olur. XI əsr Yaxın və Orta
Şərq üçün daha yüksək inkişaf
dövrü olub”. Z.Əsgərovanın sözlərinə görə,
türk əsilli qəznəvilərin, sonra isə Səlcuq hökmdarlarının
himayəsi ilə çiçəklənmə dövrü keçirən ərəb ölkələrinin
həyatında Azərbaycandan getmiş
müxtəlif sənət sahibləri, o
cümlədən ziyalılar böyük
rol oynayıblar. Təkcə bunu göstərmək kifayətdir ki, Xətib Bağdadi «Nəzmiyyə»
mədrəsəsinin ilk rəisi – rektoru olmuş
Əbu-İsaq Şirazinin də ilk müəllimləri azəri olublar: “Belə ustad alimlərdən
biri, geniş
şöhrət qazanmış «Bağdad
tarixi» əsərlərində məhəbbətlə
xatırlanan Hüseyn ibn
Fərəc ibn Məhəmməd Əbu Abdullah ibn Səlmasidir. «Nizamiyyə» mədrəsəsində və ondan xeyli qabaq
onlarca alimin yetişməsində,
elmin inkişafında böyük
rol oynamış Xətib Bağdadiyə
müəllimlik etmiş Hüseyn
Səlmasi Abbasilər xilafətinin paytaxtında vətəni
Azərbaycanı təkcə zəngin elmi
ilə deyil, həm də yüksək insani keyfiyyətləri ilə
şöhrətlənib.
Araşdırmalara əsasən
Azərbaycan diasporunun qədim
dövrünə, azacıq da olsa, nəzər saldıq. Lakin
şübhə yoxdur ki,
bu tarix orta əsrlərdə daha
geniş və zəngin şəkildə
davam edib. Millətimizin nümayəndələrinin tək-tək,
kiçik qruplarla, bəzən
də kütləvi halda
yaşadığı Yaxın və Orta
Şərq ölkələrində, onların əmək fəaliyyəti,
yaradıcılıqları yerli xalqın
həyatının, tarixinin, mədəniyyətinin,
incəsənətinin ayrılmaz hissəsinə çevrilib, həmin ölkələrdə
Azərbaycanın adına, şöhrətinə səbəb
olub”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 20 noyabr.- S.3.