“Məni
vertolyotdan Məhəmməd Əsədov
düşürtdü”
Qarabağ
müharibəsinin üzərindən uzun zaman keçməsinə
baxmayaraq zaman-zaman televiziyalarda, yazılı və elektron
mediada müxtəlif səpgili müzakirələr
aparılır. Bu müzakirələr zamanı müxtəlif
iddialar belə ortalığa atılır. Ətrafında
geniş fikir mübadiləsi aparılan qanlı hadisələrdən
biri də 20 noyabr 1991-ci ildə baş vermiş vertolyot qəzasıdır.
Bu olayların bilavasitə iştirakçısı olan,
Qarabağ müharibəsi veteranı, istefada olan polis
polkovniki, hüquq elmləri namizədi Sadir Məhəmmədovla
söhbətimizi də bu mövzular ətrafında qurduq.
– 11
fevral 1988-ci il tarixdən Dağlıq Qarabağ Muxtar Vilayətində
ermənilərin azərbaycanlılara qarşı haqsız
olaraq başladıqları mitinqlərin ilk günündən
mən, Xankəndinə ezam olunmuşam. Orada ezamiyyətdə
olan zaman Şuşa Rayon Polis şöbəsinə rəis təyin
edilmişəm. 1990-cı ildə isə Dağlıq
Qarabağ Muxtar Vilayətinin (DQMV) Daxili İşlər
İdarəsinin rəis müavini vəzifələrinə təyin
edilmişəm. 1992-ci ildə isə DQMV-nin ləğv edilməsi
ilə əlaqədar Xankəndini sonuncu olaraq bir azərbaycanlı
kimi tərk etmişəm. Odur ki, həmin dövr ərzində
orada ermənilər tərəfindən törədilmiş
bütün hadisələrin, faciələrin və terror
aktlarının şahidiyəm.
–
Şahidi olduğunuz digər qanlı faciələr deyil,
haqqında müxtəlif fikirlər səslənən
vertolyot qəzası barədə bu olayın bilavasitə
şahidi kimi fikirləriniz maraqlı
olardı. Belə deyək, 20 noyabr 1991-ci ildə baş
verən vertolyot hadisəsini necə xatırlayırsız?
– 18
noyabr 1991-ci il tarixdə Xocavənd rayonunda (Martuni) azərbaycanlıları
zorla, silah gücünə yaşadıqları ərazidən
çıxarmışdılar. Əhali Ağdam şəhərinə
üz tutmuşdu. Vəziyyət çox mürəkkəbləşmişdi,
artıq təşkilat komitəsi təsir qüvvəsini
itirmişdi. Bundan xəbər tutan respublika rəhbərliyi
Ağdama nümayəndə heyətini göndərmək məcburiyyətində
idi. Mən isə mərhum baş prokuror İsmət
Qayıbovla Xankəndində idim. Çünki vilayət
prokuroru mərhum Şükür Rzayev ermənilər tərəfindən
girov götürülmüşdü. Mərhumun girovluqdan
azad edilməsi üçün çalışırdıq.
Xocavənd
əhalisinin öz ev-eşiklərindən didərgin
düşdüyünü eşidəndən sonra mən
Ağdama gəldim. Həmin günün axşamı İsmət
Qayıbov da Ağdama gəldi və dedi ki, Bakıya getməliyəm
və orada həbsdə olan bir neçə ermənini
Şükür Rzayevlə dəyişmək lazımdır.
Elə bu vaxt məlum oldu ki, sabah, yəni 20.11.2013-cü il
tarixdə Bakıdan nümayəndə heyəti Ağdama gələcək.
Ona görə də İsmət Qayıbov Ağdamda gecələməli
oldu və qeyd etdi ki, elə həmin nümayəndə heyəti
ilə Bakıya qayıdacaq və girov məsələsini həll
edəcək. Biz razılaşmışdıq ki, mən də
onunla Bakıya gedim və dəyişdirilən erməniləri
təyin olunan yerə gətirim.
Ertəsi
gün, yəni 20 noyabrda səhər
saat 11 radələrində təyyarə Ağdamın hava
limanına endi və dövlət katibi mərhum Tofiq
İsmayılovun başçılığı ilə
Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin
sədri, mərhum Xuraman Abbasovanın xidməti otağına
yığıldıq. Tofiq İsmayılov bütün nümayəndə
heyəti və təşkilat komitəsinin üzvlərinin
müşavirədə iştirak etməsini tələb etdi.
O, çox əsəbi halda Dağlıq Qarabağ Muxtar Vilayətinin
(DQMV) komendatını soruşdu. O, iclasa gecikirdi. Təxminən
15-20 dəqiqədən sonra vilayətin hərbi komendantı
Jinkin Nikolay Vladimiroviç, Daxili İşlər İdarəsinin
rəisi Kovolyov, Vladimir Vladimiroviç, prokuror Olavski İqor
Aleksandroviç və
Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik
şöbəsinin rəisi İvanov Sergey Semyonoviç
otağa daxil oldu. Mərhum Tofiq İsmayılov çox emosional
tərzdə hadisənin necə baş verdiyini, nə
üçün vaxtında bunun qarşısının
alınmadığını soruşdu. O, gözlənilmədən
Jinkini və Koravlyovu ayağa qaldıraraq dedi ki, bütün
bu cür vəziyyətin yaranmasına siz şərait
yaratmısınız, sizin və digər günahkarlar haqqında
ciddi tədbir görüləcəkdir deyə iti-iti onlardan səbəbini
soruşurdu. Bu minvalla müşavirə saat 13-ə qədər
davam etdi və o, qəflətən üzünü komendant
Jinkinə tutaraq “mən bu gün camaatı öz evlərinə
qaytarmalıyam, həmin kəndə getməliyik” dedi. “Sizin Pasportunuz
varmı?” deyə soruşdu. Jinkin “bəli, bir
döyüş vertolyotum var” cavabını verdi. Bir anda mərhum
Tofiq İsmayılov əlini masaya vuraraq getdik deyə ayağa
qalxdı. Bütün nümayəndə heyəti, onun
arxasınca hava limanına yollandı.
Artıq
vertolyota minik başlandı. Vertolyot səmaya qalxanda artıq saat
13.48 idi. Həmin günü səma çox təmiz idi.
Hətta Qarabağın dağ yamacları
açıq-aydın görünürdü, Günəş
parlaq idi.
Biz isə şəhərə qayıtdıq. Saat 16 radələri
idi. Mən mərhum Xuraman Abbasova ilə
Rayon Partiya Komitəsinin qarşısında
dayanmışdıq, elə tez-tez Xuraman xanım soruşurdu
ki, bəs vertolyot niyə gəlmir. Elə bu vaxt mənə
vilayət hərbi komendantının müavini Kuşnarik
Vladimir İqnatyeviçin sürücüsü Vidadi məni
kənara çağırdı və dedi ki, Kuşnarik
ratsiya ilə hərbi hissəyə məlumat verib ki, polkovnik
Sadir Məhəmmədova deyin “bütün təcili yardım
maşınlarını Martuni (yəni Mərziliyə) postuna
yığsın. Deyəsən, vertolyot vurulub”.
Mən
dayanmadan həmkarım mərhum Mehman Nəzər oğlu
Hüseynovla Ağdam Rayon Polis şöbəsinə gələrək
telefonla və teletaypaqramla Bakıya Daxili İşlər
Nazirliyinin növbətçi hissəsinə Kərim adlı
(hazırda xidmət edir) növbətçiyə məlumat
verdim ki, ermənilər nümayəndə heyəti ilə
Xocavəndə uçan vertolyotu vurublar, mən hadisə yerinə
gedirəm.
Təkrar olaraq mən ratsiya ilə Ağsu
dolamasındakı növbəti avtomobil müfəttişliyinin
postuna da eyni qaydada məlumat verdim.
Mən Mehman Hüseynovla Mərzili postuna çatanda
artıq qaranlıq idi. Hərbçilər ratsiya vasitəsilə məni
Kuşnariklə bağladılar, o dedi ki, heç kim sağ qalmayıb, vertolyot parçalanıb
güclü alov var. Mən təkid etdim ki, mütləq hadisə
yerinə baxmalıyam. O, göstəriş verdi
ki, 2 nəfər əsgər bizim avtomobilə əyləşdi
və biz avtomobilin işığı sönülü vəziyyətdə
alova tərəf getdik, artıq bir neçə yerdə
parça-parça alov yanırdı. Sanki
zülmət gecədə bütün dağ yanırdı.
Bizi qarşılayan Kuşnarik “onsuz da vertolyota yaxın
düşmək mümkün deyil və bir nəfərin da
sağ qalmaq ehtimalı yoxdur”, dedi. O dedi ki, mən
yoxlamışam və dairəvi post qoymuşam ki, hadisənin
ərazisi qorunsun.
Həqiqətən də bir neçə yüz metrlikdə
istilik adamı yandırırdı. Mən Kuşnariklə
razılaşdım ki, o səhərə qədər posta nəzarət
etsin və mən Ağdama qayıdım.
Artıq Bakıdan istintaq qrupu yola
düşmüşdü. Və ratsiya ilə xəbər
verdilər ki, Dağlıq Qarabağ üzrə təşkilat
komitəsinin sabiq sədri Viktor Petroviç Poljaniçko da gəlir
və onu qarşılayın. Mən və mərhum
Mehman Hüseynov artıq 21 noyabr səhər saat 4-5 radələrində
onu Ağdamın 3 km-də Uzundərə deyilən yerdə
qarşılayaraq Ağdam Rayon Polis şöbəsinə gətirdik
və rəisin otağında yığışaraq, səhər
hadisə yerinə getməyi planlaşdırdıq.
Mən faciə yerinə kimlərin gedəcəyini
siyahıya aldım. Mənimlə yanaşı Polyaniçko,
eləcə də həmin dövrdə DQMV-də fəaliyyət
göstərən Vahid İstintaq Əməliyyat Qrupunun rəhbəri
Məbut Hüseynov və digərləri də hadisə yerinə
getməli idi. Bunlarla yanaşı, AzTV-nin zona müxbiri
Allahverdi Əsədov, onun operatoru Tahir, işıqçı
Arif Hüseynzadə və digərləri ilə birgə səhər
saat 7.30-da biz hadisə yerinə çatdıq.
Bizdən
bir az sonra Bakıdan göndərilmiş
istintaq qrupunun rəhbəri Adil Ağayev və bir neçə
nəfər gəldi. Hadisə yerinin müayinəsi
zamanı məlum oldu ki, vertolyot qəzasına düşən
bir nəfər də nümayəndə heyəti sağ
qalmayıb. Mərhumlardan 12 nəfəri
tam tanınırdı, 3 nəfər də xüsusi nişanələri
ilə müəyyənləşdi, 7 nəfərin cəsədləri
vertolyotun kül topalarından götürülərək
ekspertiziya üçün tabutlara yerləşdirildi. Mərhumların cənazələri Ağdam məscidinə
gətirilərək müsəlman adət-ənənəsinə
uyğun şəkildə dəfnə hazırlandı.
22 noyabr
1991-ci il tarixdə respublika daxili işlər naziri mərhum
Tofiq Kərimov mənə telefon vasitəsilə dedi ki,
artıq Rusiyada generalların ölümü ilə əlaqədar
xoşagəlməz söz-söhbətlər, şayiələr
yayılıb, ona görə də sən Jinkinin, Kovalyovun və
Koçerovun cənazələrini Rusiyaya aparmalısan, dəfndə
iştirak etməlisən və 9 gün orada qalıb
yaranmış söz-söhbətlərə, şayiələrə
son qoymalısan. Mənim üçün Gəncədən
AN-24 tipli hərbi təyyarə ayrıldı, mərhumların
cənazələrini – Jinkini Minvod şəhərinə,
Koçerovu Moskvaya, Kovalyovu isə Nijni-Novqorod şəhərinə
gətirdim. Artıq 24.11.1991-ci il tarixdə bu
tapşırığı da icra etdim və 25 noyabrda Kovalyovun
dəfnində çıxış edərək izah etdim ki,
bu faciə ermənilərin yaşayış məntəqəsi
olan Qarakənddə erməni terrorçuları tərəfindən
törədilib. Doqquz gündən sonra Azərbaycana
gəldim və vəziyyət haqqında daxili işlər
naziri Tofiq Kərimova məruzə etdim.
Əlbəttə, bu cür dəhşətli faciə
haqqında bütün xırdalıqlara varsaq, böyük
bir roman yazmaq olar.
– Bir
neçə il qabaq vertolyot qəzasında
həlak olan bəzilərinin sağ olması barədə
iddia ortaya atılmışdı. Hətta sizin bu vertolyota minməməyiniz
barədə də müxtəlif fikirlər səslənirdi...
–
Düzdür, 1999-cu il qəzada həlak olan Məhəmməd
Əsədovun, Zülfi Hacıyevin, Osman Mirzəyevin sağ
olduğu, Sevanda bir adada saxlanıldığı iddia edilirdi.
Tamerlan Qarayevlə mənim isə vertolyota minmədiyimi
bildirirdilər. Qəzada vertolyot
parça-parça olmuşdu. 15 meyit
açıq-aşkar tanınırdı. Amma
eləsi var idi ki, oturduğu yerdə külü
qalmışdı. Əlini aparan kimi
tökülürdü. Rəhmətlik Məhəmməd
Əsədovu qohumu Qüdrət Paşayev tanıdı.
Kəmərindən bildi ki, odu. O ki
qaldı mənim vertolyota minməməyimə, məsələ
belə olub. O vaxt mühasirədə qalan Xocavənd
camaatı Ağdama qaçmışdı. Bu məqsədlə
komissiya yaranmışdı. Zülfü
Hacıyev komissiya sədri, Qurban Namazəliyevlə mən də
müaviniydik. Xocavəndliləri yerbəyer
eləmək üçün mən bir gün əvvəl
uçmalıydım. Vaqif Cəfərov zəng elədi
ki, sabah bir yerdə gedək. 22 nəfər dövlət adamı uçduq
Ağdama. Müşavirə
başladı. Qurtarmamış birinci
katibin otağında bir iclas da başladı. Hamı bir-birini ittiham eləyirdi. İsmət Qayıbov, Tofiq İsmayılov ruslara
deyirdilər ki, erməni camaatı çıxarır, siz də
qarşısını almırsız. Birdən
məlum oldu ki, nəinki rayonu alıblar, hətta Əsgəran
yolunu da kəsiblər. Maşın yolu da
qalmayıb. Tofiq müəllim əlini stola
çırpıb ayağa qalxdı: “Getməliyik Xocavəndə”.
Mülki vertolyot tapılmadı. Komendant
Jenkin dedi ki, baş verənlərdə məni ittiham eləyirsizsə,
minin hərbi vertolyota, gedək. Bir onu
gördüm ki, hamı qalxdı ayağa. Tamerlan Qarayev nəsə yazırdı. Tamerlanı İsmayılov qoymadı ki, gəlmə,
tapşırığını tamamla. Nə
tapşırığıydı bilmədim. Hamını vertolyota rəhmətlik Məhəmməd
Əsədov yerləşdirirdi. O, yerdə dayanıb
bir-bir mərhumları içəri keçməyə
işarə edirdi. Mən vertolyota daxil olanda Məhəmməd
Əsədov qolumdan tutaraq sən qal, adam
çoxdur. Həqiqətən də pilot komandiri Kotov və
heyət üzvü Domov deyinirdilər ki, vertolyotun
yükü ağır olacaq. Artıq mən arxaya qayıdanda
rəhmətlik İsmət müəllim qaça-qaça gəlirdi
və dedi ki, Sadir, hara qayıdırsan, gəl görək, mən
isə Məhəmməd Əsədovun məni
düşürtdüyünü dedim, o isə yaxşı,
“qal, tez qayıdacağıq və
axşam Bakıya uçarıq” dedi. Bu cür
hadisələrdən bəzi media vasitələrində
öz reklamını aparan insanlar ehtiyatlı olsun. Əsassız çıxışlardan, proqramlardan
çəkinsinlər.
– Mediadan söz
düşmüşkən zaman-zaman müxtəlif mətbu
orqanlarında, telekanallarda 1991-ci il 20 noyabr
tarixində törədilən vertolyot qəzası barədə
müzakirələr aparılaraq, müxtəlif fikirlər irəli
sürülür. Bu qanlı hadisənin
bilavasitə iştirakçısı olaraq nə deyə bilərsiz?
– Bu
yaxınlarda da telekanallardan birində tariximizin ən kədərli
və müəmmalı faciəsi olan 20 noyabr 1991-ci ildə
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ermənilər
yaşayan Qarakənd kəndi üzərində erməni
terrorçuları tərəfindən odlu silahla vurulmuş
Mİ-8 ¹ 72 saylı vertolyot hadisəsi müzakirə olunurdu. Qarabağ müharibəsi ilə bağlı baş
vermiş bu hadisələrin, bilavasitə
iştirakçısı və şahidi kimi sözügedən
olaya münasibətimin xüsusi önəm kəsb etdiyini
düşünürəm. Zənnimcə, belə bir
ciddi məsələ ayrı-ayrı televiziya
proqramlarının, mətbu orqanlarının müzakirə obyekti deyil. Bu
hadisə hüquqi əsasa söykənən professional
hüquqşünas təhsilinin obyekti olmalı, habelə
hadisədən 22 il keçməsinə
baxmayaraq, mövcud olan müxtəlif versiyalara son qoyulub vahid
baxış müəyyənləşdirilməlidir. Fikrimcə, vertolyot faciəsinin kütləvi
informasiya vasitələrində qeyri-peşəkar müzakirəsi
həlak olanların ruhuna sayğısızlıq, qohum-əqrəbalarının
onsuz da yaddan çıxmayan dərdlərinin,
qaysaqlamış yaralarının qoparılmasından
başqa bir şey deyil. Təəssüf
olunası haldır ki, ümumi dövlət və milli əhəmiyyət
daşıyan bu hadisəyə həqiqətdən əsla xəbəri
olmayan bəzi insanlar özlərinin ağlına gələn
qərəzli versiyalarını cəmiyyətə təqdim
edirlər.
Bu dəhşətli terror aktına belə yanaşmalar
mərhumların əzizlərinə çox pis təsir edir. Qarabağ
hadisələrinin canlı şahidi kimi, təvəqqe edirəm
ki, bu cür ciddi hadisələri yerli-yersiz yeni informasiyaya
malik olmadan “çevir tatı-vur tatı” məntiqi ilə
müzakirəyə çıxarmasınlar. Bu, həlak olanların ruhuna sayğısızlıqdır.
Əgər kütləvi informasiya vasitələri
vertolyot hadisəsində həlak olanların unudulmamasına
çalışırlarsa, Azərbaycan dövləti
qarşısında böyük xidmətləri olmuş həmin
şəxsiyyətlər haqqında silsilə verilişlər,
yazılar hazırlasalar, daha məqsədəuyğun olar.
Elman Cəfərli
Olaylar.- 2014.- 20 noyabr.- S.4.