Diasporumuz sosial şəbəkələrdən
düzgün bəhrələnə bilirmi?
Azərbaycan həqiqətlərinin
təbliğində müasir informasiya texnologiyalarının tətbiqi diaspor quruculuğu işinin keyfiyyətcə təkmilləşdirilməsi,
xalqımızın tarixi və müasir həyatı ilə bağlı məlumatların
dünya ictimaiyyətinə
çatdırılması mexanizmlərinin müasirləşdirilməsi
məqsədlərinə xidmət edir.
İnformasiya-kommunikasiya
texnologiyalarının ictimai həyata təsir
imkanlarının yüksələn xəttlə
inkişafı diaspor quruculuğu
prosesində bu tarixi
nailiyyətin daha geniş
miqyasda tətbiqini zərurətə çevirir. Bu sahədə
Azərbaycan diaspor təşkilatlarının
əsas fəaliyyət istiqamətləri müəyyən olunub. Müasir İKT-nin imkanlarından istifadə
etməklə dünya azərbaycanlıları
arasında iki və çoxtərəfli
əməkdaşlığın qurulması, təcrübə
mübadiləsinin aparılması, azərbaycanlıların intellektual potensialının ümumimlli
mənafelərin reallaşdırılması üçün
səfərbər edilib. Maraqldır
ki, soydaşlarımız diaspor
siyasətinin həyata keçirilməsi işində
İKT-dən nə kimi yararlana
bilirlər?
Diaspora Jurnalistləri Birliyinin sədri Fuad
Hüseynzadə bildirib ki, hazırda ən aktiv virtual təbliğat
formalarından biri də sosial şəbəklərdir. Biz,
diasporumuzun sosial şəbəkələrdən təbliğat
kimi nə dərəcədə düzgün bəhrələnəməsini
öyrənmək üçün elə “Facebook”da bu məsələni
müzakirəyə çıxardıq. İki həmkarımzı
çıxsaq bununla bağlı başqa heç bir fikir və
rəy bildirən olmadı. Təxminən bir həftə
sonra daha təşviqedici sözlərlə diasporumuza səslənib
bu məsələni müzakirəyə çıxardıq.
Bu dəfə isə təksə İsveçdə fəaliyyət
göstərən Vahid Azərbaycan Dərnəyinin sədri
Aygün Coşqun səsimizə səs verdi. Onun rəyini isə
olduğu kimi təqdim edirik: “Bəzi zamanlar çox gözəl
bəhrələnirik, amma bəzən də bəhrələnmək
o yana qalsın, adamı peşman edirlər... Sosial şəbəkələrdən
insanlar bəzən çox süni şəkildə istifadə
edirlər”. İsveçdəki “Araz” TV-nin rəhbəri,
prodüsser Rahim Sadıqbəyli diasporumızun hələ də
sosial şəbəkələrdən tam və
lazımınca faydalana bilməməsindən təəssüflənir.
Ayrı-ayrı insanlarımızda bir yaxınlaşma və
canlanmanın hiss olunduğunu istisna etməyən
soydaşımız bunun da məişət səviyyəsindən
hələ də o tərəfə gedib
çıxmadığını dedi: “Çox
maraqlıdır ki, bütün dünyanın həm
tanınmış və tanınmamış şirkətləri,
biznes mərkəzləri və həm də hökumət və
qeyri-hökumət təşkilatları, eləcə də
federasiyalar, dərnəklər və bu kimi qeyri-kommersial təşkilatlar
bu çəbəkələrdən həddindən artıq
çox istifadə edirlər. Bununla onlar ölkələrinin,
şirkətlərinin, eləcə də təşkilatlarının
həm tanınmasına, həm də inkişafına
çox böyük dəstək olurlar. Yuxarıda da qeyd
etdiyim kimi ayrı-ayrı diaspor nümayəndələri
çox fəaldırlar, amma bunu sistemli şəkildə demək
çox çətindir”. “Amerikanın səsi”
televiziyasının əməkdaşı Dilşad Əliyarlı
qeyd edib ki, müasir dövrdə sosial şəbəkələrin
şəbəkələrin həyatımızda rolu həqiqətən
də böyükdür. D.Əlyarlının fikrincə, Azərbaycan
diaspor üzvləri də tədricən bu imkandan daha
geniş istifadə edəcəklər: “Bunun çox sadə
və obyektiv səbəbləri var. Biz bir-birimizi tanımaq,
bir-birimiz haqda daha çox məlumat almaq istəyirik”.
“Facebook” fəalı, Azərbaycanlı Vətəndaşların
Avropa Forumunun (FACE) qurucusu Natiq Bayramov bildirib ki, diaspor təşkilatlarının
fəaliyyətləri mahiyyət etibarilə düzgün
qurulmadıqda sosial şəbəkələrdəki fəaliyyətləri
də səmərəsiz olur. Odur ki, yenilikçi ideyalar
yaranmır, yaransa da bunların həyata keçirilməsi
üçün mütləq Azərbaycan hökuməti tərəfindən
dəstəklənməsi gözlənilir. Onun fikrincə,
bütün sahələri əhatə edən çoxşaxəli
vətəndaş təşəbbüsləri
olmalıdır: “Bunlar müstəqil fəaliyyət göstərməli
və öz fəaliyyətləri ilə Azərbaycanın
milli maraqlarını tamamlamalıdırlar. Bu təşəbbüslər
Azərbaycan hökuməti tərəfindən müxtəlif
formalarda dəstəklənə də bilər. Məhz bu
halda yaradıcılıq və yenilikçilik
üçün münbit zəmin yaranar və bu qabiliyyətlərin
reallaşdırılmasının ən əlverişli
platformlarından olan virtual platformda da Azərbaycan diasporunun səmərəli
fəaliyyətinin şahidi olarıq”. N.Bayramov etiraf edib ki, ənənəvi
diaspor fəaliyyətləri artıq heç kimin diqqətini
cəlb etmir: “Xüsusilə də başqalarının
gündəliyinə cavab vermək və addımları ilə
ayaqlaşmağa çalışmağa köklənmiş
fəaliyyətlər... Bütün sahələrdə
olduğu kimi bu sahədə də uğur qazanmaq
üçün yaradıcılığa və
yenilikçiliyə ehtiyac var. Yaradıcılıq və
yenilikçilik isə çərçivələri və nəzarəti
sevmir. Bunun üçün azadlıq və təşviqat
lazımdır”. “Gündəlik Teleqraf” qəzetinin əməkdaşı
Nemət Orucov hesab edir ki, XXI əsrin əsas kəşfi
sosial şəbəkələrdir. Onun fikrincə, müasir
çağırışlar internet resurslarından səmərəli
istifadəni qaçılmaz edir. İnternet resurslarından və
onun əsasını təşkil edən sosial şəbəkələrdən
istifadə etmək hər bir fərdin özü ilə
bağlı məsələdir: “Mən xatırlayıram, hələ
sosial şəbəkələr çağdaş dövrdə
olduğu səviyyədə deyildi. İllər öncə əsasən
Dünya Azərbaycanlıları Konqresi adlı diaspora qurumu fəaliyyət
göstərirdi. Bu qurumun İdarə Heyətinin üzvləri
fərqli ölkələrdə yaşayırdı. Onlardan bəzisi
Kanadada, bəzisi Amerikada, bəzisi isə Avropa dövlətlərində
məskunlaşmışdı. Təbii ki, Bakıda
yaşayan İdarə Heyəti üzvləri də var idi. On
il bundan öncə, DAK İdarə Heyətinin
toplantıları internetdə paltak otaqlarında
keçirilirdi və hər bir şəxs də
qarşıda duran vəzifələr haqda fikrini söyləyə
bilirdi. Həmin dövr üçün internetdə ən
gözəl fürsətlərdən biri paltak otaqları
hesab olunurdu. Ancaq
bəllidir ki, zaman keçdikcə texnologiya və internet resursları da inkişaf edir. İndi daha çox sosial şəbəkələr
ciddi resurs hesab oluna bilər.
Çünki müxtəlif ölkələrdə
yaşayan soydaşlarımız
facebook və ya “Twiter” vasitəsilə
əlaqə saxlaya bilir. Diaspora təşkilatları internet resurslardan
istifadə edərək
sosial şəbəkələrdə
cəmləşsə, hansısa
müzakirələr aça
bilərlər. Sosial şəbəkələrdə
kiçik araşdırma
zamanı bəlli olur ki, bizdə
insanlar sosial şəbəkələrdən bir çox hallarda məhz informasiya mənbəyi kimi yararlanır. Ancaq diqqət etdikdə bəlli olur ki, az qala sayı
500 min nəfəri keçən
facebook.com-un Azərbaycandan olan üzvləri diaspora ilə bağlı statuslara meyl etmir. Əlbəttə, bu heç də
yaxşı hal deyil. Ancaq hesab edirəm
ki, insanlarımızı
diaspora fəaliyyətinə
cəlb etməyin bir yolu da
onların diaspora mövzusunda müzakirələrə
cəlb etməkdən,
bu istiqamətə kökləməkdən keçir.
Bunun üçün internet resurslarından
effektiv istifadə etmək lazımdır.
Bu istiqamətdə diaspora şəbəkələşməsi
əsas faktordur”.
N. Orucov əlavə edib ki, diaspora
qurumlarının özü
də sosial şəbəkələrdə aktivlik nümayiş etdirməli, özləri bir sıra məsələlərlə
bağlı müzakirələr
açmalı, insanları
bu mövzuya cəlb etməlidir: “Əslində bəllidir ki, xaricdə fəaliyyət göstərən
Azərbaycan milli diaspora qurumları internet və sosial şəbəkələrdə var, bir-birilə əlaqələri bir çox hallarda məhz sosial şəbəkələr vasitəsilə
qururlar. Məhz internet resursları imkan verir ki,
istənilən bir ölkədə yaşayan
soydaşlarımız asanlıqla
bir araya gəlsin, fəaliyyəti
virtual aləmdən real həyata
keçirsin, hansısa
tədbirlər təşkil
etsin, eləcədə
Azərbaycana qarşı
olan fəaliyyətə
öz etirazlarını
ifadə etsinlər.
İkincisi, məhz internet resursları
vasitəsilə Azərbaycanın
təbliği, onun dünyada tanıdılması,
mədəniyyəti və
tarixi haqqında geniş informasiyaların digər cəmiyyətlərə
dağıdılması mümkündür.
Düzdür, bu imkanlardan
müəyyən qədər
istifadə edilir.
Ancaq hesab edirəm ki, bu fəaliyyəti
bir qədər də gücləndirmək,
əhatəni genişləndirmək
mümkündür. Yeri
gəlmişkən, qeyd
edim ki, bir neçə il əvvəl sosial şəbəkədə
axtarış etdikdə
“Diaspora Azerbaijan”, “Azeri diaspora”, “Azərbaycanlı”, “Dünya
azərbaycanlıları” və
s . adda profil
və qruplara rast gəlinirdi. İndi bu qrupların sayı daha çoxdur və bu yaxşı haldır. Nəzərə almaq lazımdır
ki, qruplar yaratmaq əsas şərt deyil. Bu qrupların dəstəklənməsi,
əlaqələrin qurulması,
insanları müzakirələrə
cəlb etmək də lazımdır.
Bu isə ciddi iş deməkdir. Bir daha qeyd edim
ki, sosial şəbəkələr cəmiyyətlərin
virtual inikasıdır. Bu imkanlardan maksimum
istifadə edilməlidir.
Bir məqamı da nəzərə almalıyıq ki, əlaqələrin qurulması,
inkişaf etdirilməsi,
diaspora qurumlarının
və onların simasında Azərbaycanın
tanıtdırılması, təbliği üçün
ən az
vəsait tələb
edən və ən çox imkanlara malik olan internet-sosial şəbəkələrdir. Odur ki, bu imkandan Azərbaycanın
gənc diaspora qurumları maksiumum istifadə etməlidir.
Hədəf qruplarına çatmaq
üçün ən
yaxşı istiqamət
elə internetdir.
Bu mənada diaspora
təşkilatlarımız həm də özlərinin internet saytlarını
yaratmalı, bu səhifələrini daima
yeniləməli və
sosial şəbəkələrdə
paylaşmalıdır. 2015-ci il saxta
erməni soyqırımının
qeyd etməyə hazırlaşan, hər gün sosial şəbəkələrdə yalan və iftiralar
yayan erməni iç üzünün açılması prosesində
də internetdən effektiv istifadə qaçılmazdır. Çox asanlıqla
onlarla diaspora cəmiyyətləri bir amerikalı konqresmenin və ya bir
fransız deputatın
elektron ünvanına
məktublar göndərə,
ona alternativ informasiya təqdim edə bilər. İnternet texnologiyası, şəbəkələşmə,
virtual aləmin sərhədləri
genişləndikcə, ondan
istifadə məsələsi
də daima gündəmdə olacaq.
Mən ümid edirəm ki, bizim gənc
diaspora cəmiyyətlərimizin
inkişafında bu resurs öz töhfəsini verəcək
və həm də bu yolla
öz ölkələrində
tanınan bir quruma çevrilə biləcəklər. İnternet resurslardan
istifadəni qaçılmaz
edən sadə və obyektiv səbəblər var. Müasir
çağırışlar fonunda bu imkanları
bir kənara qoyub inkişaf etmək mümkün deyil”.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 21 noyabr.- S.3.