Diaspora əlaqələrinin genişlənməsi
virtual məkanın yaradılmasından keçir
İnformasiyanın dünya
bazarında ən qiymətli əmtəəyə çevrildiyi hazırkı şəraitdə
"virtual dünya"nın diktə etdiyi reallıqlar diaspor quruculuğu işinin
keyfiyyətcə yeni mərhələyə
keçirilməsini zərurətə çevirir.
Sirr deyil ki, müasir dünyada dövlətlərin xarici
siyasət və diplomatiya sahəsində
qazandığı nailiyyətlər bir
sıra meyarlarla yanaşı, həm də
onun xaricdə
formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür.
Azərbaycan dövləti də məhz bu reallıqdan çıxış edərək
müxtəlif səbəblərdən xarici
dövlətlərdə yaşamağa məhkum
olmuş soydaşlarımızın Ana Vətənlə əlaqələrini
genişləndirmək, onların milli-mənəvi birliyinə
nail olmaq üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir.
Son 10 ildə diaspor quruculuğu sahəsində gerçəkləşdirilən vahid dövlət siyasətinin prioritet məqsədi eyni zamanda xaricdə yaşayan soydaşlarımızda milli özünüdərki gücləndirmək və onları milli mənafelər naminə səfərbər etməkdir. Bu baxımdan diaspora təşkilatları qarşısında duran əsas vəzifələrdən biri də qlobal informasiya cəmiyyətinin təzahürü kimi meydana çıxan virtual dünyanın tərkib hissəsi olan virtual Azərbaycanın formalaşdırılması və inkişaf etdirilməsidir. Qeyd edək ki, virtual dünya XXI əsrin başlanğıcında real dünya ilə həmahəng formalaşan, internet vasitəsilə insanları bir-birinə bağlayan, onlar arasında heç bir məhdudiyyət olmadan sosial kommunikasya mühiti yaradan, obrazlı desək, "dünyanı kiçildən" bir gerçəklikdir. Coğrafi məkan üzərində formalaşmış virtual məkan Yer kürəsinin yeni xəritəsini, siyasi-coğrafi arxitekturasını müəyyənləşdirir. Virtual dünyanın formalaşması vasitələri kimi isə ilk növbədə informasiya-kommunikasiya texnologiyaları çıxış edir. Xatırlatmaq yerinə düşərdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkənin ictimai-siyasi həyatının bütün sahələrində sürətli inkişafa aparan köklü islahatlara yol açdı. Azərbaycan qısa vaxt ərzində iqtisadi göstəricilərinə, intellektual potensialına görə dünya miqyasında ön sırada yer tutdu. Dahi öndər Heydər Əliyevin ardıcıl surətdə apardığı islahatlar yalnız iqtisadi sahəni əhatə etmirdi. Bu köklü dəyişikliklər elm və təhsildə, mədəniyyətdə də böyük sıçrayışlarla nəticələndi. Azərbaycanda elmin inkişafının stimullaşdırılması istiqamətində bir çox mühüm addımlar atıldı. Xüsusən, elm və texnikanın inkişafı dövlətin prioritetlərindən birinə çevrildi. Şübhəsiz ki, bu sahənin inkişafı diaspora təşkilatlarımızın da fəaliyyətinə təsirsiz ötüşmədi. Hazırda prezident İlham Əliyev də Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafına xüsusi önəm verir. Çünki, İKT sahəsinin inkişafı həm də diasporanın güclənməsi və əlaqələrin genişlənməsi deməkdir. Diplomatiya sahəsində həlledici uğurlar qazanmış dövlətlərin təcrübəsi sübut edir ki, diaspor quruculuğu daimi fəallıq və zəhmət, sistemli elmi yanaşma tələb edən uzunmüddətli prosesdir. Elə buna görə də bu sahədə qazanılmış nailiyyətləri, qarşıda duran mühüm vəzifələri vaxtaşırı müzakirə etmək, həlledici qərarlar vermək zərurəti yaranır. Nəhz bu prosesdə virtual əlaqərin təmin olunması məsələsi meydana çıxır. Diasporanın təkmilləşməsi məsələsində əsas şərtlərdən biri də həmrəyliyin təmin olunmasıdır ki, bu sahədə virtual əlaqə öz sözünü demiş olur. Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması istiqamətində qarşıda duran ən mühüm vəzifələrdən biri milli informasiya məkanını qloballaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya mühitinə çevirmək, milli-mənəvi dəyərlərin daşıyıcısı olan informasiya resurslarına çıxışı təmin etmək və bu sahədə möcud olan problemləri həll etməkdir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev qeyd edir ki, bu istəyə yalnız internet mühitində Virtual Azərbaycan formalaşdırmaqla nail olmaq mümkündür. Beləliklə, XXI əsr inanılmaz elmi-texnoloji inkişafı ilə yeni bir Azərbaycanın yaranışına şərait yaradır. Bu, virtual məkanda formalaşan, konkret ərazi hüdudları və sərhədlərlə məhdudlaşmayan Virtual Azərbaycandır! Qloballaşan dünyanın sərt reallıqları konkret ərazi, sərhəd, dil, din, milli-mənəvi dəyərlər əsasında formalaşan Azərbaycan dövləti ilə yanaşı, "virtual Azərbaycan"ın da yaradılmasını son dərəcə aktual məsələyə çevirir. Virtual məkanın hansı bir nöqtəsində Azərbaycan dəyərlərini, həqiqətlərini əks etdirən bir kontent-sərvət varsa, o da vətənin bir damlasıdır.Yer kürəsinin müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar virtual informasiya məkanı ilə Ana Vətəni, qohum-əqrəbası, yaxınları ilə əlaqə saxlamalı, adət-ənənələrini, milli dəyərlərini unutmamalı, onları qorumalı və inkişaf etdirməlidir. XXI əsrdə dünya azərbaycanlıları dedikdə, təkcə coğrafi deyil, həm də virtual Azərbaycanın "sakinləri" olan soydaşlarımız nəzərdə tutulmalıdır. Ana Vətəndən ayrı düşmüş azərbaycanlılar məhz müasir informasiya texnologiyalarının köməyi əlaqələrini genişləndirməlidirlər. Bu baxımdam demək olar ki, artıq müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların coğrafi vətənlə bağlılığının təmin edilməsi baxımından Virtual Azərbaycanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirməyin vaxtı çatıb. Nəzərə almaq lazımdır ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar təkcə coğrafi məkandan - Ana torpaqdan deyil, həm də milli informasiya məkanından kənar düşüblər. Qeyd etmək lazımdır ki, virtual Vətən yaratmağa nail olmuş bir sıra xalqlar nəinki özlərini bu təhlükədən hifz etmiş, həm də təşkilatlanaraq, həmrəylik nümayiş etdirərək, dünya siyasətinə əhəmiyyətli dərəcədə nüfuz imkanları qazanmışlar. Bu baxımdan hazırda qarşıda duran ən başlıca vəzifə dünya azərbaycanlılarını məhz virtual məkan üzrə səfərbər etmək, milli-mənəvi və ideoloji dəyərlər əsasında silahlandırmaqdır. Yalnız Virtual Azərbaycan vasitəsilə formalaşacaq milli informasiya mühiti xaricdəki soydaşlarımızın vahid məram və məqsədlər ətrafında konsolidasiyasına etibarlı zəmin formalaşdıra bilər. Onun qənaətincə, müasir informasiya əsrində dünya azərbaycanlılarının vahid məram və məqsədlər ətrafında konsolidasiyası məhz virtual dünyanın yeni reallıqlarının nəzərə alınması yolu ilə mümkün ola bilər. Deməli, hazırda dünya azərbaycanlılarının birləşdirilməsi yolunda ən mühüm addım da məhz Virtual Azərbaycanın yaradılmasıdır. Şübhəsiz, 50 milyon azərbaycanlını konkret məkan və zaman hüdudlarında bir araya gətirmək real deyil. Hazırda milli birlik və həmrəyliyin təmini baxımından vacib olan intensiv təmasların yaradılması məhz virtual informasiya məkanı vasitəsilə gerçəkləşə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin 23 may 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası"nda da qeyd olunduğu kimi, XXI əsrdə Azərbaycan xalqının milli maraqlarının qorunmasında, ümumən ölkənin inkişaf etdirilməsində virtual məkanın reallıqları ciddiliklə nəzərə alınmalıdır. Beləliklə, Virtual Azərbaycanın formalaşdırılması üçün bir sıra mühüm əhəmiyyət kəsb edən layihələr və tədbirlər həyata keçirilməlidir. Hazırda dünya azərbaycanlılarının milli birliyi və mütəşəkkilliyi qarşısında ən ciddi problem onların nəinki bir-biriləri, hətta Azərbaycan haqqında yetərincə dolğun informasiya resurslarının olmamasıdır. Mövcud problemin həlli baxımından dünya azərbaycanlıları və diaspor təşkilatları haqqında zəruri məlumatları özündə əks etdirən Veb-portalın yaradılması vacib məsələlərdən biri kimi qarşıda durur. Dünya azərbaycanlılarının milli-mənəvi sərvətlərən təbliğini təmin etmək baxımından İnternet-televiziyanın yaradılması da aktual layihələr sırasındadır. Belə ki, bu layihə çərçivəsində milli musiqi, kino, teatr və s. incilərini özündə toplayan yeni televiziya texnologiyası heç bir məkan və zaman məhdudiyyəti olmadan Yer kürəsinin istənilən ölkələrində yaşayan hər bir azərbaycanlının xidmətində olacaqdır. Ölkəmizdə uğurla formalaşan informasiya cəmiyyəti istiqamətində əldə olunan nailiyyətlər, həmçinin digər ölkələrdə internetin sürətli inkişafı bu layihələrin həyata keçirilməsi üçün real zəmin yaradır. Heç şübhəsiz, respublika Prezidenti İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə formalaşan Elektron Azərbaycan da Virtual Azərbaycanla tamamilə inteqrasiya olunaraq vahid bir orqanizmə çevriləcəkdir. Müxtəlif səbəblərdən xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirən dövlət başçısı İlham Əliyev ölkədəki sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətinə uyğun olaraq diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini vacib sayır. Bu yöndə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır. Məhz bu prosesin reallaşması diasporamızın daha da möhkəmlənməsinə zəmin yarada bilər.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 27 noyabr.- S.3.