Diaspora fəaliyyətində
keyfiyyət öndə
olmalıdır
İntellekt güclər diaospra fəaliyyətinə cəlb edilməlidir
Azərbaycan
diasporası gənc olmasına baxmayaraq bir sıra uğurlara
imza atmağı bacarıb. Xüsusən, son zamanlarda diaspor təşkilatlarımız fəaliyyət
göstərdikləri ölkələrin ictimai-siyasi
həyatına nüfuz edib.
Məhz həyata keçirilən məqsədyönlü
siyasətin nəticəsidir ki, artıq bir neçə ölkənin parlamenti
tərəfindən Xocalı faciəsi soyqırım kimi tanınıb. Etiraf
edilməlidir ki, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində diaspora
təşkilatlarının üzərinə düşən
vəzifələr layiqincə yerinə yetirilir.
Hüquqşünas Mirzə Manafov hesab edir ki,
Azərbaycan diasporası son illərdə olduqca uğurlu fəaliyyət
göstərməkdədir. Bu uğurlu fəaliyyət təsadüfi deyil, ciddi və məqsədyönlü
siyasətin nəticəsidir: “Sirr deyil ki, diaspor
təşkilatlarımız inkişaf etmiş ölkələrin oturuşmuş
təşkilatları ilə müqayisədə xeyli inkişaf etməlidir.
Nəzərə almaq lazımdır ki, bizim diaspora
təşkilatlarımız olduqca gəncdir,
onun inkişaf edib daha da
möhkəmlənməsi üçün
zamana ehtiyac var. Ancaq bu
qısa zaman kəsiyində diasporamız az iş görməyib.
Deyərdim ki, bəzi sahələrdə
önə keçməyi də bacarıb. Artıq qətiyyətlə
demək olar ki, Azərbaycan
diasporası erməni diasporu ilə rəqabət
apara biləcək səviyyədədir. Baxmayaraq ki, erməni
diasporası dünyanın xristian təəssübkeşləri
tərəfindən yetərincə dəstəklənir. Bizim diasporamız isə öz
gücü, intellekti
və ağıllı siyasəti ilə bu
səviyəyə çata bilib”. Onun sözlərinə
görə, diaspora təşkilatlarının
son illərdə xarici
ölkələrdə yaşayan
soydaşlarımızın hüquqlarının müdafiəsindəki
fəaliyyəti tədqir edilməlidir: “Məlum olduğu kimi axır vaxtlar miqrasiya məsələləri
ilə bağlı dünya ölkələrində
müxtəlf problemlər yaşanır. Dövlətlər mövcud problemi aradan qaldırmaq məqsədilə milli qanunvericiklərində yenilik
edirlər. Məhz bu yeniliklər xaricdəki
soydaşlarımız üçün
çoxsaylı problem yaradır. Etiraf edilməlidir ki,
soydaşlarımızın qarşılaşdıqları
problemlərin aradan qaldırılması,
onların hüquqlarının müdafiəsi istiqamətində
diaspora təşkilatlarımız xüsusi fəallıq nümayiş
etdirirlər”.
Hüquqşünas Azad Rzayevin sözlərinə görə, Azərbaycan diaspora təşkilatlarının qısa müddət ərzində keçdiyi yol tədqir olunmalıdır. Xüsusən, müstəqillik illəri ərzində diaspor təşkilatlarımız əsrlərlə tarixi olan təşkilatlar səviyyəsində iş qura biliblər. Hazırda Azərbaycan diasporasının hücum taktikası seçməsi isə daha effektli və məntiqlidir: “Sirr deyil ki, bu taktika Azərbaycan dövləti tərəfindən diaspora təşkilatları qarşısında qoyulan ən vacib məsələlərdəndir. Belə halda diaspor təşkilatlarının dövlətin dəstəyi ilə fəaliyyət qurması daha uğurlu nəticələrə yol açır. Diaspora Komitəsinin bu işdə koordinasiya funksiyası isə uğurlu gələcəkdən xəbər verir”. Onun sözlərinə görə, diaspora təşkilatları müxtəlif yönümlü tədbirlərlə fəaliyyətlərini daha da inkişaf etdirə bilərlər. Təkcə mədəni-kütləvi tədbirlərin təşkili lokal xarakter daşıdığından diasporanın fəaliyyət dairəsi genişlənməlidir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən təşkilatların koordinasiyası, onların məsələlərə eyni mövqe nümayiş etdirməsi isə ortaya real güc qoya bilər. Sadəcə, belə tədbirlər əlamətdar günlərdə deyil, mütəmadi xarakter daşımalıdır”.
“Gündəlik Teleqraf”
qəzetinin redaktoru Aqil
Lətifovun sözlərinə
görə, əslində diaspor geniş anlamda xarakterizə
edilməlidir. Çünki dövlətlərin
beynəlxalq arenada daha
yaxşı tanıdılmasında, təbliğində lobbiçilik fəaliyyətinin müstəsna
əhəmiyyəti var. Sadəcə, Ermənistan və İsrail diaspor təşkilatlarının
beynəlxalq arenadakı işinə nəzər yetirmək lobbi fəaliyyətinin nə dərəcədə
zəruri sahə olduğunu deməyə
kifayət edir: “Hesab edirəm
ki, supergüclərdən başqa
bütün ölkələrin güclü diaspor fəaliyyətinə
ehtiyacı var. Hələ ərazin işğal edilibsə və bunu
dünya ictimaiyyəti qəbul etmək
istəmirsə, o zaman
lobbiçilik fəaliyyətinin vacibliyi birə beş
artır. Torpaqlarımızın 20 faizinin erməni silahlı birləşmələri
tərəfindən işğal
olunması, bir milyondan
artıq qaçqın və məcburi köçkün
vətəndaşımızın olması və bunun qarşılığında düşmən
ölkənin diaspor təşkilatlarının
bizə qarşı məzlum qismində
çıxış etməsi bu sahəyə
həddindən artıq diqqət ayırmağımızı,
düşünülmüş,
ağıllı iş
aparmağımızı zəruri edir”. Məlumdur
ki, ölkəmizin diaspor
fəaliyyəti Azərbaycan müstəqillik əldə
etdikdən sonra formalaşmağa
bağladı. İlk illərdə bu sahədə vəziyyət həddindən
artıq bərbad idi. Amma mərhum Prezident Heydər Əliyevin böyük
əməyi sayəsində diasporamız formalaşmağa
və bu sahəyə dövlət dəstəyi
verilməyə başladı. Daha sonra haqqında
danışdığımız sahə ilə məşğul
olan dövlət qurumunun
yaradılması və Prezident İlham Əliyevin qayğısı nəticəsində
diaspora fəaliyyəti sistemləşdirildi.
Eyni zamanda, iri dövlətlərdə çoxsaylı azərbaycanlının
məskunlaşması diasporumuzun tərkibinə
və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi. Və nəticədə
diaspora təşkilatlarımız
mövqelərini müsbətə doğru
dəyişməyə nail oldu. Xaricdə yaşayan vətəndaşlarımızın
lobbi fəaliyyətini, diaspor
təşkilatlarımızın gördüyü
işləri yüksək qiymətləndirmək
lazımdır. Amma bu
ürəkaçan məqamlarla yanaşı sözügedən
sahədə çatışmazlıqlar da
var. Nəzərə alsaq ki, sayı 50 milyon nəfəri keçən dünya azərbaycanlılarının 10 milyondan çoxu
hazırda mühacirətdə yaşayır, o
zaman bu sahədə daha effektiv,
koordinasiyalı iş gözləmək olar. Özü də vətəndaşlarımız
dünyanın 5 qitəsinə yayılıb. Hesab edirəm ki, təkcə
xaricdə yaşayan vətəndaşlarımız
deyil, eyni zamanda mədəniyyət, sənət, idman adamları da diaspora fəaliyyətində irəli çəkilməlidir.
Eyni zamanda idman sahəsindən də ölkəmizin
tanıtımı geniş həyata
keçirilməlidir. Diaspora fəaliyyəti
tək iclaslar, siyasi
görüşlər deyil. Məhz idman, mədəniyyət sahəsindən
istifadə etməklə daha uğurlu iş qurmaq olar. Ən vacib məqam isə bu məsələlərin
mütləq koordinasiya edilməsi ilə
bağlıdır. Burada təkcə Diasporla İş üzrə
Dövlət Komitəsinin deyil, Mədəniyyət
və Turizm Nazirliyi, səfirliklərimiz,
diaspor təşkilatlarımız aktiv iştirak etməlidirlər.
“Gundelik Teleqraf
“qazetinin əməkdaşı Nemət Orucovun sözlərinə
görə, Azərbaycan diasporası əsasən 1995-ci ildən
formalaşmağa başlayıb. İndi dünyanın elə bir
dövləti yoxdur ki,
orada Azərbaycan diasporası fəaliyyət
göstərməsin. Diaspora qurumları ilk öncə şəxsi təşəbbüs
və vətən həsrəti səbəbindən
yaradılıb. İlk diaspora
qurumlarını Avropa ölkələrində
yaşayan soydaşlarımız
yaradıb. Sonradan dövlət bu sahəyə geniş yol açdı, Diasporla İş üzrə Komitə yaratdı.
Artıq neçə illərdir ki, bu komitə fəaliyyət göstərir, ona dövlət büdcəsindən maliyyə
ayrılır. Komitə ümumilikdə diaspora
qruplarının fəaliyyətini koordinasiya
etmək məqsədilə yaradılıb: “ Bəllidir ki, bizim ciddi
düşmənimiz-erməni diasporası var
və düşündüyümüzdən də qat-qat güclüdür. Hesab edirəm ki, xarici ölkələrdə Azərbaycan
diasporasını ciddi şəkildə
gücləndirməliyik. Bunun üçün əlbəttə, küllü miqdarda maliyyə
xərcləmək də lazım gəlir. Ancaq
bizdə olan problemlərdən biri də, xarici ölkələrdə
yaradılan diaspora qruplarının maliyyə
imkanlarının olmamasıdır. Maliyyə imkanı olmayanda belə qurumlar
uzunmüddətli və sistemli şəkildə
fəaliyyət göstərə bilməz. İlk
olaraq maliyyə mənbələri təmin
olunmalıdır. Hələlik ölkəmizdən kənarda
yaşayan zəngin insanlarımız bu sahəyə xüsusi
diqqət ayırmır və ya maliyyə
dəstəyi ifadə etmir”. Onun sözlərinə görə, son illər Böyük Britaniyada və Amerikada diaspora və lobbiçilik
işində irəliləyişin olduğu
açıq görünür: “Hesab edirəm ki, Azərbaycana
düşmən olan mərkəzlərdə
və ya ölkələrdə də diaspora işini gücləndirməliyik.
Ələlxüsus Fransa və
Yunanıstanda. Bizim xarici
ölkələrdə 5 mindən çox
tələbəmiz təhsil alır, onlarla
alimimiz fəaliyyət göstərir.
Fikrimcə, bu resurslardan
da istifadə olunmalıdır. Ümumiyyətlə
diaspora fəaliyyətində kəmiyyət
deyil, keyfiyyət önəmlidir. Burada söhbət intellektual
fəaliyyətdən gedir. 2015-ci ili erməni diasporası saxta
soyqırımın 100 illiyini elan edib və bu istiqamətdə ciddi
işlər görür. Fikrimcə, Azərbaycan
diasporasının fəaliyyətində əsas dönüş ili də
2015-ci ildən etibarən olacaq. Zənnimcə,
xaricdəki diaspora qurumlarımız
arasında da ciddi iş aparılmalıdır.
Biz çalışmalıyıq ki, bütün ölkələrdə
yaşayan soydaşlarımız həmin
ölkələrdə müəyyən mövqelərə gəlib
çıxa bilsin. Bu
mənada Xaricdə yaşayan azərbaycanlılarla
iş üzrə Diaspora
Komitəsinin üzərinə böyük,
məsuliyyətli və ciddi vəzifələr
düşür. Çünki
bu işləri, qurumlar
arasında koordinasiyalı fəaliyyətə məhz komitə
rəhbərlik etməlidir”.
“Kaspi” qəzetinin redaktoru İlham Quliyev hesab edir ki,
Azərbaycan diasporunun hazırkı durumu qənaətbəxş hesab
oluna bilər. Xüsusən də müstəqilliyin
ilk illərindəki vəziyyətlə
müqayisədə. İndi
dünyanın azərbaycanlılar yaşayan
əksər ölkələrində diaspor
təşkilatları fəaliyyət göstərməkdədir.
Soydaşlarımızın ictimai fəal
kəsimi təşkilatlanma işinə cəlb oluna bilib. Dövlət
Komitəsinin yaranmasından sonra bu sahədəki fəaliyyətin koordinasiya edilməsinə də
çalışılır. Avropa ölkələrində,
ABŞ-da diaspor təşkilatlarının
vahid bir təşkilatda
birləşməsi ilə bağlı görülən
işlər də təqdirəlayiqdir. Görünən
odur ki, müstəqilliyin
ilk illərində İrandan
Avropaya köçən azərbaycanlılarla
bağlı olan problemlər də böyük ölçüdə həll edilib. İndi xaricdəki
azərbaycanlıların hamısı vətən kimi Azərbaycan Respublikasını qəbul edir:”Amma problemlərimiz də
yox deyil. İlk olaraq xaricdə yaşayan soydaşlarımızın
yaşadıqları ölkələrin ictimai-siyasi
həyatındakı fəallıqlarının
aşağı səviyyədə olmasını göstərə
bilərik. İkincisi, diaspor
işinə maliyyə yönəldilməsi ilə
bağlı problemlər var. Bu işə xaricdə yaşayan
imkanlı soydaşlarımızın daha
böyük səxavətlə pul ayırmasını stimullaşdırmaq
lazımdır”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 3 oktyabr.- S.3.