“Bizim güclü
diasporumuz olmalıdır”
Vüqar Əhmədov: “Diasporumuzun qarşısında duran ən vacib məsələ Qarabağ münaqişəsində haqlı mövqeyimizin dünya birliyinə çatdırılması və lazımi dəstəyin alınmasıdır”
Bu gün Azərbaycan diasporunun inkişaf etməsi,
müəyyən nailiyyətlərə imza atmasında
müxtəlif ölkələrdə yaşayan və təhsil
alan gənclərin də rolu müstəsnadır. Xüsusilə,
Dünya Azərbaycanlı Gənclər Birliyinin
yaranmasından sonra bu istiqamətdə müsbət irəliləyişlər
baş verib və gənclərin diaspor sahəsində
iştirakı nəzərəçarpacaq dərəcədə
artıb. Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin
sədri Vüqar Əhmədov da bu qənaətdədir.
İctimai Birliyin sədri deyir ki, Dünya Azərbaycanlı Gənclər
Birliyinin yaranmasından çox da uzun bir müddət
keçməsə də təşkilat ötən müddət
ərzində bir sıra uğurlu layihələr, tədbirlər
həyata keçirib.
Vüqar Əhmədov bildirib ki, gələcək
planlarla bağlı isə növbəti toplantılarda
müzakirələr aparilacaq: “Dünya Azərbaycanlı Gənclər
Birliyinin əsas hədəfi dünyada təhsil alan azərbaycanlı
tələbələrlə, xaricdə yaşayan gənclərimizlə
fəal işin aparılması, onları
yaşadığı ölkələrdə diaspor işinə
cəlb etmək, öz aralarında şəbəkələşərək,
yaşadıqları ölkələrin ictimai-siyasi
sferalarında fəal olmalarıdır. Eyni zamanda başlıca hədəflərdən
biri də Azərbaycan həqiqətlərinin, Qarabağ
münaqişəsində haqlı mövqeyimizin dünyaya
çatdırılmasıdır”. Vüqar Əhmədov deyir
ki, Azərbaycan gəncliyinin diaspor fəaliyyətindəki
rolunu yeni bir səhifənin açılması kimi qiymətləndirmək
daha doğru olardı: “Bu nəsillə bağlı olan bir
prosesdir. 12 il bundan əvvəl keçirilən Dünya Azərbaycanlıların
I Qurultayında əsasən 50-60-cı illərdə Sovet
dönəmində Azərbaycandan getmiş və Güney Azərbaycandan
xaricə köçmüş insanlar iştirak edirdilər
ki, onların da Azərbaycanla bağlı o qədər də
dərin məlumatları yox idi. Amma, bu gün milli ruhda
böyüyən, intellektual, vətənpərvər, Azərbaycanın
sözünü deyə bilən, dünya ictimaiyyətini dost
olaraq Azərbaycanın işinə cəlb etməyi bacaran
yeni bir təbəqənin, nəslin yetişməsinin
şahidi oluruq. Hesab edirəm bu Azərbaycan gəncliyinin
diaspordakı fəaliyyətinin yeni bir mərhələsidir və
diasporaya yeni nəfəs verir. 3-5 ildir başlanan bu işin
perspektivdə çox böyük nəticələrinin
olacağını düşünürəm. Burada prezident
İlham Əliyev tərəfindən Azərbaycan gəncliyi
ilə bağlı qəbul etdiyi dövlət proqramları,
ötən illər ərzində yüzlərlə Azərbaycan
gəncinin xarici ölkələrdə təhsil almağa
göndərilməsi də böyük rol oynayır. Bu
gün Azərbaycan gəncliyinin diaspor işi qısa zamanda
köhnə ənənələr şəkilində
formalaşan diasporanı əvəz edəcək,
lobbiçilik, effektli diasporanın formalaşmasına öz təsirini
göstərəcək. Mən bunu real olaraq görürəm”.
Azərbaycan-Amerika Gəncləri
İctimai Birliyinin sədri hesab edir ki, bu gün Azərbaycan gəncləri,
eləcə də diasporumuzun qarşısında duran ən
vacib məsələ Qarabağ münaqişəsində
haqlı mövqeyimizin dünya birliyinə
çatdırılması və lazımi dəstəyin
alınmasıdır: “Həm gənclər, həm də
diaspor təşkilatları olaraq maksimum çalışaraq,
münaqişənin həllinə təsir edə biləcək
qüvvələri öz tərəfimizə çəkməliyik.
Bunun üçünsə bizim güclü diasporumuz, daha
sonra lobbimiz olmalıdır”. İctimai Birlik sədrinin
sözlərinə görə, xüsusilə Birləşmiş
Ştatlarda aktivlik nümayiş etdirilməlidir: “Bu məsələ
ilə bağlı hesab edirəm ki, Amerikada Azərbaycanın
təbliğ olunması, oradakı nüfuzlu şəxslərin
Azərbaycanın dostuna çevrilməsi, Azərbaycan
diasporunun güclü təsir imkanlarına malik olması kimi
istiqamətlərdə səylərimizi
artırmalıyıq. İctimai Birlik olaraq okeanın o
tayında keçirdiyimiz görüşlər, tədbirlər
onu göstərir ki, Birləşmiş Ştatlardakı
diasporumuz başqa ölkələrin və millətlərin
diasporu ilə müqayisədə müəyyən qədər
zəif çıxış edir. Zəif olanda isə, təbii
ki, hansısa arqumenti inandırmaq çətindir. Qarabağ
münaqişəsində biz haqlı tərəfik və
dünya da bunu bilir. Lakin, müəyyən mənada
sözümüz eşidilmir. Sözümüzün
eşidilməsi üçünsə, güclü olmaq,
güclü tərəflərə daha yaxınlaşmaq
lazımdır. Reallıqdan çıxış edərək
bu istiqamətdə daha çox iş aparmalıyıq”.
Vüqar Əhmədov bildirib ki, diasporumuz dünya ölkələrinin
cəmiyyətlərinin bütün tərəfləri ilə
fəal şəkildə işləməli, təbliğat
aparmalıdır: “Amma, nə qədər ki,
gücümüz yetərincə deyil, nə qədər ki,
müəyyən istiqamətlərdə axsamalar
müşahidə olunur, səsimizin eşidilməsi də bir
o qədər çətin olacaq. Təbii ki, bütün
bunlar vaxt tələb edir. Bu istiqamətdə bizim təşkilat
da fəaliyyətini davam etdirir. Məhz bu səbəblərdən
Avropa ilə müqayisədə Amerikada daha çox işin
aparılmasına ehtiyac var”. Vüqar Əhmədov rəhbərlik
etdiyi Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin fəaliyyəti
və həyata keçirdiyi layihələr barədə də
məlumat verib. Bildirib ki, İctimai Birliyin əsas hədəfi
Azərbaycan həqiqətlərinin dünyada təbliğ
olunmasıdır: “Təşkilatımız əsasən Birləşmiş
Ştatlarda fəaliyyət göstərir, yəni bu ölkənin
təşkilatları, oradakı Azərbaycan diasporu, tələbələri
ilə işləyir. Bu məqsədlə də əsas fəaliyyətimizi
və son layihələrimizi həqiqətlərimizin təbliği
istiqamətinə yönəltmişik. Son illərdə Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının dəstəyi
ilə həyata keçirilən layihəmiz xaricdə təhsil
alan azərbaycanlı gənclərin diaspor fəaliyyətində
rolunun gücləndirilməsi ilə əlaqədar olub. Layihələrimizdən
biri isə Vaşinqtonda Qarabağ forumunun keçirilməsi
ilə bağlı idi. Bu layihə isə, Amerikanın
“İrs” (Heritage) Fondu ilə əməkdaşlıq sayəsində
həyata keçirildi. Forumda amerikalı ekspertlər, beyin mərkəzləri,
strateji araşdırmalar mərkəzlərinin nümayəndələri,
azərbaycanlı tələbələr, millət vəkilləri
iştirak edirdi. Burada əsas araşdırmamız azərbaycanlı
gənclərin Qarabağ münaqişənin həlli ilə
bağlı mövqeyi və bu yanaşmaların müzakirəsi
idi. Bununla bağlı ingilis dilində böyük bir təqdimat
etdik və müzakirələr keçirdik. Böyük
maraqla qarşılanan forumda azərbaycanlı gənclərin
bölgədəki sülh və təhlükəzilik məsələlərinə,
Qarabağ münaqişəsinin həllinə
yanaşmaları təqdim edildi. ABŞ ictimaiyyəti və
birbaşa Konqreslə əlaqəsi olan ekspertlərin diqqətinə
bölgədəki son durumu çatdırdıq və qeyd
etdik ki, Gürcüstan-Rusiya münaqişəsindən sonra
Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən
gözləntilərimiz müsbət deyil. Azərbaycan gəncliyi
beynəlxalq təşkilatların və aparıcı
dövlətlərin münaqişənin həlli ilə
bağlı səylərini nəticəsiz hesab etdiyi
üçün, yeganə həll yolunu müharibədə
görür. Amerikalı nümayəndələr də
ABŞ-ın səylərinin artırılması
üçün bu məsələni necə və hansı
formada təqdim etməli olduqlarını müzakirə etdi.
Biz də öz növbəmizdə münaqişənin həllində
Birləşmiş Ştatların rolunun daha çox
olmasını gözlədiyimizi dedik. Çünki Azərbaycan
Avroatlantik məkana inteqrasiya yolunu seçib və
ABŞ-ın regionda, o cümlədən, Əfqanıstanda və
İraqda sülhün bərqərar olması
üçün həyata keçirdiyi missiyada aktiv iştirak
edir. Bildirdik ki, bu səbəbdən də, münaqişənin
ədalətli həlli Azərbaycanla yanaşı, Birləşmiş
Ştatların da maraqlarında olmalıdır. Təşkilat
olaraq bu istiqamətdə fəaliyyətimizi davam etdirməyi
planlaşdırırıq.
Bununla yanaşı, Avropanın və ABŞ-ın birgə
iştirak etdiyi beynəlxalq proqramlarda iştirak edir, Azərbaycandan
yüzlərlə gənci beynəlxalq tədbirlərə göndərir,
Azərbaycan həqiqətlərinin təbliğ olunması ilə
bağlı materiallar, bukletlər çap edərək
Amerikaya göndəririk. Bu işi davamlı şəkildə
aparırıq. Bu istiqamətdə ABŞ-ın beyin mərkəzləri
ilə də işləyirik. Belə ki, Birləşmiş
Ştatların Ceymstaun Fondu və bir sıra beyin mərkəzləri
ilə əlaqələr quraraq, onları Azərbaycan həqiqətləri
ilə tanış etmişik. Onların Azərbaycana səfərlərini
təşkil edirik ki, ölkəmiz haqqında məlumatları
əyani şəkildə mənimsəsinlər. Dəfələrlə dəvət etdiyimiz nümayəndələr
geri dönəndən sonra Azərbaycanla bağlı müxtəlif
məqalələr çap edərək, yayıblar. Gənclər
təşkilatı olaraq fəal şəkildə Avropa və
ABŞ-da yaşayan azərbaycanlı tələbələr,
gənclər, həmçinin diaspor təşkilatları ilə
əlaqələr saxlayır, layihələrin həyata
keçirilməsində, Azərbaycan maraqlarının
lobbiçiliyi, xüsusilə oradakı lobbi qrupları, beyin
mərkəzləri ilə əlaqələr yaradaraq, Azərbaycan
haqqında məlumatların çatdırılmasında birgə
işləyirik. Hətta, Avropadakı azərbaycanlı gənclərin
iştirakı ilə yeni təşkilatların yaranmasına
da dəstək göstəririk”. Vüqar Əhmədov rəhbərlik
etdiyi təşkilatın Birləşmiş Ştatlarla
yanaşı Avropada da aktiv olduğunu vurğulayıb: “Bizim təşkilat
da Avropada işləyir, müxtəlif beynəlxalq proqramlarda
iştirak edir. Avropalılar Azərbaycan haqqında daha
çox məlumata malikdir və buna görə də, onlarla
anlaşmaq daha asandır. Avropada diaspor işimiz,
lobbiçilik fəaliyyətimiz, Azərbaycanın təbliği,
ölkə maraqlarımızın müdafiəsi
baxımından daha bacarıqlıyıq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 9 oktyabr.- S.3.