Diaspor və mədəniyyət və ya Vətəndən

uzaqda bir-birinin yanında olmaq...

 

İnsan Vətəndən kənarda öz doğma elindən birini görəndə sevincdən ürəyi dağa dönür. Hələ biro insan qarşısındakı ilə sadə davranıb, ona ürək-dirək verərsə, qürbət havası əriyib yox olur. Xaricdə yaşayan soydaşlarımızla söhbət zamanı onlar həmişə bunu deyirlər.

Uzun illər Rusiyada yaşayan soydaşımız Etibar Kərimli düşünür ki, diaspor quruculuğunda mədəniyyətin özünəməxsus rolu var. Tələbəlik illərini xatırlayan E. Kərimli yazır ki, Bakı Dövlət Universitetində orta əsrlər Azərbaycan poeziyasından mühazirələr oxuyan müəllimlərimiz sufilik ədəbi-fəlsəfi cərəyanından söhbət düşərkən onun mahiyyətini hamı təqribən eyni sözlərlə açırdı. Bütün kainatın, bəşəriyyətin yaradıcısı ümumi bir Küll, parlaq bir işıq Mənbəyidir. Biz insanlar isə dünyaya gələn zaman, həmin Külldən, Mənbədən qopub ayrılır, müstəqil olaraq yaşamağa başlayır, bütün həyatımız boyu inkişaf edərək Şəriət, Təqiqət və Mərifət mərhələlərindən keçir, nəhayət, Həqiqətə yetişir və həyatımızın sonunda Küllə, Parlaq İşığa qovuşuruq. Orta əsrlərdə sufilərin dünyagörüşü, həyat fəlsəfəsi bundan ibarət olub: Lakin 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində həyatın dolanbac yolları məni yaşadığımız  günahkar dünyanın müxtəlif yerlərinə atanda və ən müxtəlif insanlarla görüşdürəndə , nədənsə çox zaman sufiliyin həmin həyat fəlsəfəsini xatırlamalı olurdum. Gördüklərim məndə belə bir inam yaradırdı ki, müasir zəmanəmizin bir çox görkəmli şəxsiyyətləri sufilərin neçə yüz il bundan əvvəl qoyduqları yolla gedir. Onların ideyalarının, mənəvi-əxlaqi, estetik normalarının daşıyıcılarına çevrilirlər. Əcaba, bu nə deməkdir? Günü bu gün ətrafımızda qədim sufilər yaşayırlar, yoxsa, sufilik sadəcə bütün zamanlarda ətraf gerçəkliyin ən düzgün, ən optimal və ən müasir dərki olmuşdur? Maraqlı sualdır. Rusiya Federasiyasında yaşadığım və ictimai fəaliyyətlə, diaspor işləri ilə məşğul olduğum zamanlar da bu sual ətrafında kifayət qədər tez-tez düşünürdüm. Gördüyümüz işlərin xarakteri belə idi ki, zaman-zaman bu ölkədə yaşayan azərbaycanlıların ən elitar təbəqəsi ilə görüşür, müəyyən mövzular ətrafında diskussiyalar aparır, onların iştirakı ilə müxtəlif mədəni-kütləvi tədbirlər keçirirdik. sonra cəmiyyətimizin illik hesabatlarında həmin görüşlər, tədbirlər haqqında yazırdım ki, onlar Azərbaycan və Rusiya xalqları arasında əlaqələrin daha da yaxşılaşmasına yardım edir, Rusiyada daimi və müvəqqəti yaşayan soydaşlarımızın həmrəylik əhval-ruhiyyəsini yüksəldir, nəhayət, diaspor quruculuğu prosesini daha da aktivləşdirir. Bütün bunlar həqiqətən də belədir. Təkcə Moskva şəhərində Azərbaycan icmasının hər il elliklə Novruz bayramını qeyd etməsini xatırlamaq kifayətdir ki, sözlərimin həqiqiliyi sübuta yetsin. Bilsəydiniz ki, belə şənlik məclislərində bir-birinə tamam yad olan insanlar necə asanlıqla tanış olub, tez bir zaman ərzində yaxınlaşırlar. Məsələn, hansısa ağır bir qutunu qaldırmaq lazımdır və Svetlana xanım Qasımova o tərəf-bu tərəfə baxıb heç özünün də tanımadığı iki nəfər bir-birinə yad azərbaycanlı balasını haylayır. Onlar da bir göz qırpımında həmin qutunu qaldırıb, lazımi yerə aparırlar və qayıdanda artıq nə vaxtdan bəri tanış, yaxın insanlar təki danışıb gülürlər. Bütün bunlarla yanaşı, belə insanlarla görüşlərin, bu tip mədəni-kütləvi aksiyaların hər birimiz üçün daha bir əhəmiyyətli cəhəti var ki, o, heç zaman, heç bir yazılı hesabatlara düşmürdü. Belə görüşlərdən sonra insanda bitib-tükənməyən qurub-yaratmaq, kimə isə bir yaxşılıq etmək həvəsi oyanır. Hisslərin tüğyan edirbütün bu əhval-ruhiyyə sənin daxilində coşub-daşır, dəhşətli gücə malik müsbət emosiyalar selinə çevrilir. Ruhən özünü daha bir pillə yüksəyə qalxdığını bütün vücudunla duyursan. Yalan, paxıllıq, yerlibazlıq, əliəyrilk və başqa bu kimi iyrənc insan xislətləri sənə həddən artıq ürəkbulandırıcı görünür. Heç xatirimdən çıxmaz. Bir dəfə Azərbaycanın məşhur yazıçısı, professor Çingiz Hüseynovla telefonla danışmışdıq ki, onunDirektoriya iqra” adlı yeni çapdan çıxmış kitabını Moskvanın kitab mağazalarından birinin arzusu ilə ora çatdırmalıyıq, əgər istəyirsə, o da bizə qoşula bilər. Çingiz müəllim də məmuniyyətlə razılığını bildirmişdi. Gizlətmirəm, bu maraqlı şəxsiyyətlə növbəti dəfə görüşməyimə, söhbətləşməyimə, eyni zamanda, məşhur bir kitab mağazasının rəhbərliyini Azərbaycan xalqının bu tanınmış ziyalı oğlu ilə tanış edəcəyimə əvvəlcədən sevinir, fəxr, qürur hissi keçirirdim. Görüş vaxtı gələndə Çingiz müəllim gəlib çıxdı, amma mən gözlərimə inana bilmirdim. O, elə bir geyimdə idi ki, yazıçı və professordan daha çox hansısa bir veteran idmançıya oxşayırdı: başında idmançı papağı, əynində plaş malından idmançı gödəkçəsi, belində də orta məktəb şagirdlərinin gəzdirdiləri aşırma çanta. Yadımdadır mən hər ehtimala qarşı soruşdum ki, o, kitab mağazasına getməyə hazırdırmı? Çingiz müəllim isə tamamilə sakit tərzdə, heç bir şey olmayıbmış kimi, cavab verdi ki, tam hazırdır və hətta məni bir az tələsdirdi də. Naəlac qalıb yığışdım və beləcə gedib onun kitablarını mağazaya verdik, tez də qayıdıb gəldik. Lakin bu hadisə uzun müddət beynimi və hisslərimi narahat edən ən qəribə hadisələrdən biri oldu və yəqin ki, indinin özündə də belədir. Görəsən, niyə? Həqiqtənmi insan üçün xarici görünüş, madiyyat aləmi bu qədər əhəmiyyətsizdir. Bəlkə, insan özünün daxilində qurub-yaratdığı xüsusi dünyasında yaşayanda real dünyanın, cəmiyyətin onun haqqında nə düşünəcəyinin fərqinə varmır? Bəlkə, həmin insan yox, biz-cəmiyyət düzgün qanunlarla yaşamırıq? Bəlkə də, bir zamanlar axı, deyəsən, Don Kixotu da ətraf aləm dəli hesab edirdi. Başqa bir məşhur həmvətənimiz-keçmiş SSRİ-də uzun illər “İdarəolunan kosmik uçuşların qəbulu üzrə Dövlət Komissiyası”nın sədri vəzifəsində çalışmış general-leytenant Kərim Kərimov da eynilə bu cür maraqlı və bəzi insanlara qəribə görünə biləcək xarakteri ilə yaddaşıma həkk olunub. İlk baxışdan rəsmi və həddən artıq quru, cansız görünən bu təkrarolunmaz şəxsiyyətlə o qədər aludə olmuşdum ki, qarşıma mütləq onun haqqında nə isə bir yazı yazmaq məqsəd qoymuşdum və 1997-ci ildə, 80 illik yubileyi ərəfəsində bu məqsədimə çatdım. Qəribədir ki, onunla məhz bu məqsədlə görüşmək istədiyimi bildirəndə düşündüyümün əksinə olaraq o dəqiqə razılıq verdi (mən isə düşünürdüm ki, o da bizim bəzi yüksək intellektli dövlət məmurlarımız kimi əvvəlcə özünü naza qoyacaqyüz xahiş-minnətdən sonra, bəlkə, razılaşsın), hələ üstəlik evlərinə ən qısa və asan yolu izah edib, balaca bir kağız parçası üzərində mini sxem də çəkdi. Hər dəfə evlərində olanda isə (əslində, onun mənzilini balaca bir muzey də adlandırmaq olar) məni qapının kandarında şəxsən özü qarşılayır, üst geyimimi özü əlimdən alıb, asıqandan asır. Mənzilin müxtəlif otaqlarına müşayiət edir, marağıma səbəb olan hər şey haqqında bütün təfərrüatı ilə danışırdı. Maraqlıdır ki, onun bir çox hərəkətlərində, ətrafındakı maddi sərvətlərə münasibətində laqeydliyi açıq şəkildə müşahidə etməm mümkün idi. Məncə, xatırlamaq yersizdir ki, bu insanın həyatı necə zəngin və maraqlı keçib. Onun özü bütün bunlar haqqında qəribə bir soyuqqanlılıqla danışır. Sanki o, bütün vücudu ilə həmsöhbətinə çatdırmaq istəyir ki, bütün bu uğurlar, mükafatlar, ad-san, şan-şöhrət  ola da bilərdi, olmaya da.  O zaman yəqin ki, Kərim müəllim adi bir insan taleyi yaşayacaqdı və bununla o, yenə də həmin Kərim Kərimov olaraq qalacaqdı. Və yaxud Moskva şəhərində ara-sıra ofisimizə gələn bakılı balası Vüqar. Onunla Moskva müsəlmanlarının mərkəzi məscidində tanış olmuşdum. Həmin məscidə xeyli dindar soydaşımız gəlir və onların, hətta öz aralarında balaca bir təşkilatları da var idi. Əvvəlcə Vüqarı da onlardan biri hesab etdim. Amma sonradan məlum oldu ki, yanılmışam. Moskvanın müxtəlif bazarlarında onun dostları, tanışları hətta qohumları işləsələr də, o, ticarətlə məşğul olmaq istəmir. Bütün günü tatar, ərəb. Osetinçeçen uşaqlarından ibarət balaca bir heyətlə küçələri. parkları gəzib, insanları İslama dəvət edir”. Azərbaycandan kənarda, yaşadığı ölkədə bu cür müxtəlif insanlar haqqında yazan müəllif bunları yazma səbəbin bu cür açıqlayır: “Yəqin ki, oxucu düşünür ki, müəllif təsvir etdiyi hadislərlər, insanlarla bağlı bizə nə demək istəyir? Amma mən bu sualı oxucuların öz ixtiyarına buraxıram. Qoy hərə öz tutduğu məxsusi yolla, cığırla getsin, bəzən çalışsın, büdrəsin, yıxılsın. Amma təki bizim hamımız son nətıcədə əlçatmaz, ünyetməz mənəviyyat, əxlaq, ruh yüksəkliyi pilləsinə çatdıracaq həmin yoldan dönməyək. Bu zaman bir də ətrafımıza baxıb görəcəyik ki, bu yolun xeyli yolçusu varmış. Sən demə, biz burada, vətəndən kənarda bəzən gündəlik həyatda olduğu kimi özümüzü yalqız hiss etmirik. Və yalnız bundan sonra müasir kompyüter, robot, sürət minilliyində bizlər üçün yaşamaq, çətinliklərə sinə gərmək, şər qarşısında duruş gətirmək xeyli asanlaşacaq”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 15 oktyabr.- S.3.