“Güclü dövlətin güclü diasporası

gec də olsa istədiyinə nail olar”

 

Azərbaycan diaspor təşkilatlarının qarşısında dayanan mühüm vəzifələrdən biri də ermənilərin işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu mühüm vəzifə diaspor həyatında baş verən bütün görüşlər, qurultay və toplantılarda onların diqqətinə çatdırılır, tövsiyyələr verilir. Bəs görəsən diaspor təşkilatları bu tövsiyyələrə nə dərəcədə əməl edərək həmin mühüm vəzifənin öhdəsindən gəlirlər.

Beynəlxalq Diaspora Mərkəzinin departament rəhbəri Ceyhun Şakiroğlu hesab edir ki, ölkəmizdən kənarda fəaliyyət göstərən diaspor təşkilatlarımızın Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin və ermənilərin işğalçılıq siyasətinin, o cümlədən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyəti yetərli olmasa da, lakin məqsədyönlü işlər görürlər: “Məlum olduğu kimi bizim Dağlıq Qarabağ kimi ağrılı bir məsələmiz var. Çox təəssüflər olsun ki, hələ də bu məsələ öz həllini tapmayıb. Bunun səbəbi də hamıya məlumdur. Ermənistan dövləti havadarlarına güvənərək həmişə məsələyə qeyri-ciddi yanaşmış və yanaşmaqdadır. Dağlıq Qarabağ problemi, ermənilərin mərhələli və düşünülmüş şəkildə türklərə qarşı həyata keçirdikləri deportasiya və soyqırımın son mərhələsidir. Ona görə ki, indiyə qədər müstəqil və güclü dövlətimiz yox idi. Amma indi isə münaqişənin həlli istiqamətdə böyük uğurlar əldə etmiş, BMT, Avropa Şurası, GÜAM və digər nüfuzlu beynəlxalq təşkilatlara Ermənistanın təcavüzkar, işğalçı, terrorçu və soyqırım siyasəti yürüdən bir dövlət olduğuna rəsmən inandırmışıq. Amma nə qədər ki, bəzi ölkələr ermənilərə qarşı münasibətlərində ikili standartlardan çıxış edir, Məlum olduğu kimi ATƏT hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük nüfuzlu regional təşkilatıdır. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə həlli üçün 1992-ci ilin 24 martında Helsinkidə ATƏT-in Minsk Qrupu yaradılmışdır. Azərbaycan, Ermənistan, Rusiya, Amerika, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir. Amma təəssüflər olsun ki, hələ bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir. Ona görə də Dağlıq Qarabağ probleminin asan həll olacağına inanmıram. Təəssüflər olsun ki, biz ölkə daxilində maarifləndirmə məsələsində də istənilən nəticəyə nail olmamışıq. İşğal olunmuş ərazilərimizin adını bilməyən gənc vətəndaşlarımız varsa demək ki, bizim hələ də görəsi çox işimiz var”. BDM rəsmisi bildirib ki, dünyada mövcud olan ikili standartlar bir çox məsələnin həll olunmasına əngəldir: “Məncə elə bu ikili standartlara görədir ki, cənab İlham Əliyev: “Dağlıq Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Əks təqdirdə isə bölgədə təhlükələr, gərginliklər artacaq” demişdir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıõarılmasını tələb edir. BMT Baş Assambleyası Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyətlə bağlı Azərbaycanın tələblərini qəbul edib. ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GÜAM və digər beynəlõalq təşkilatları Azərbaycanın haqlı olduğunu rəsmən qəbul edib. Deyərdim ki, bütün bu qərarlara baxmayaraq həmin Beynəlxalq Təşkilatlar Rusiyadan çəkindikləri üçün və daha dəqiq desək Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki niyyətini bildikləri üçün gah nala, gah da mıxa vururlar. Onu da qeyd etmək mümkündür ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə həll oluna bilər. Amma məsələnin alternativi hərb yoludur. Məncə bu hərb alternativi üzərində düzgün, diqqətli və bir o qədər də ciddi dayanmalıyıq. Beynəlxalq aləmə bir daha məsələnin hərb yolu ilə həll oluna biləcəyini və Azərbaycanın heç bir məsuliyyət daşımayacağını çatdırmalıyıq. Dünya ictimaiyyəti bizim nə qədər ciddi olduğumuzu qəbul etsin. Bunun işə yarayacağına inanıram. Belə ki, bu bölgədə müharibənin olmasını heç bir dövlət istəmir. Çünki ölkəmiz dünya üçün iqtisadi yöndə çox şey ifadə edir. Düzdür, Azərbaycan tərəfi dəfələrlə bildirmişdir ki, danışıqların səmərə verməyəcəyi təqdirdə, münaqişəni hərbi yolla həll edə bilərik. Buna bizim və BMT-nin qüvvədə olan nizamnaməsi imkan verir. ATƏT-in Minsk Qrupundakı həmsədr dövlətlər üçün hərb yolu arzu olunmayan variantdır. Demək ki, bu məsələ haqqında beynəlxalq aləmi bir daha maarifləndirmək lazımdır”. Ceyhun Şakiroğlu diaspor təşkilatları arasındaki həmrəylik əlaqələrindən da söhbət açıb. Bildirib ki, hazırda dünyanın əksər ölkələrində Azərbaycan icmaları və diaspor təşkilatları müstəqil şəkildə fəaliyyət göstərir: “Bunun çox əhəmiyyətli olduğuna inanıram. Çünki güclü dövlətin  güclü diasporası gec də olsa istədiyinə nail olar. Dünya Azərbaycanlılarının III Qurultayında cənab prezident İlham Əliyev də bu məsələyə toxunaraq: “Mən hesab edirəm ki, ən vacib amillərdən biri diaspor təşkilatlarının birliyidir. Ancaq elə hallar var ki, orada müəyyən ziddiyyətlər, müəyyən problemlər, anlaşılmazlıq ortaya çıxır. Mən çox xahiş edirəm ki, əgər belə bir hal varsa, buna son qoyulsun. Çünki biz ölkə daxilində də, xaricdə də bir yerdə olmalıyıq. Birlik bizi gücləndirir. Birlik olmasa, biz güclü ola bilmərik” deyə bildirmişdi. Düşünürəm ki, bu deyilənlər hər bir soydaşımız üçün başlıca vəzifə olmalıdır. Tək amalımız “Hər şey Vətən üçün” devizi olmalıdır. Unutmamaq lazımdır ki, diaspor fədakarlıq istəyən bir işdir. Hər kəs əlini daşın altına qoymağı bacarmalıdır”. Beynəlxalq Diaspor Mərkəzinin təmsilçisi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında iki qardaş ölkənin diaspor təşkilatlarının birgə əməkdaşlıq imkanlarından da danışıb. Bildirib ki, “Türk diasporası dünyanın bütün ölkələrində əsrlərdir demək olar ki, aktiv fəaliyyət göstərir: “Bizim Dağlıq Qarabağ problemimiz olduğu kimi, Türkiyəyə qarşı iddia edilən soyqırım məsələsi unudulmamalıdır. Əgər düşmənimiz birdirsə, biz də gücümüzü birləşdirərək mübarizə aparmalıyıq. Zənnimcə Türkiyə bizim qardaş dövlətimiz olsa belə Qarabağ münaqişəsi, Xocalı faciəsi və.s hadisələrlə bağlı Türk cəmiyyəti və xalqı kifayət qədər məlumata sahib deyildir.  Bu da bizim qismən zəif təbliğimizin nəticəsidir”. Ceyhun Şakiroğlu Azərbaycan diasporusunun yəhudi lobbisi ilə əməkdaşlığı genişləndirməsini, daha da inkişaf etdirməsini vacib sayıb: “Yəhudi lobbisi və yaxud da diasporası ilə əməkdaşlığa gəldikdə isə əlbəttə ki, bu ümumi işimizə fayda verə biləcək bir məsələdir. Çünki yəhudi diasporası lobbiçilik fəaliyyətinə keçmiş və demək olar ki, bu məsələdə öndə gedir. Hal-hazırda dövlətimizin  yürütdüyü xarici siyasətin nəticəsidir ki, dünyanın əksər ölkələri Azərbaycanın haqq səsinə qulaq verirlər. İnanıram ki, dövlətimizin yürütdüyü siyasət öz bəhrəsini verəcək və torpaqlarımızı geri qaytaracağıq”. Ceyhun Şakiroğlu təmsil etdiyi Beynəlxalq Diaspora Mərkəzinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyəti, həyata keçirdiyi layihə və tədbirlər barədə də danışıb: “Beynəlxalq Diaspora Mərkəzi yarandığından bu günə kimi dünyanın bir sıra mühüm ölkələrində tədbirlər həyata keçirməkdədir. Bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlı BDM və onun xarici ölkə nümayəndəlikləri tərəfindən hazırlanmış proqrama uyğun olaraq fəaliyyətimizi davam etdiririk. Bu istiqamətdə hal-hazırda da layihələrimizin bir hissəsini yekunlaşdıraraq növbəti mərhələsini həyata keçirməyə hazırlaşırıq. Məlum olduğu kimi bir neçə dəfə BDM nümayəndə heyəti Çexiya, Polşa, Latviya və Litvada və bir sıra Avropa ölkələrində Dağlıq Qarabağ problemi və digər məsələlərlə bağlı bir sıra tədbirlər və dəyirmi masalar həyata keçirib. Çexiyada fəaliyyət göstərən Beynəlxalq Diaspora Mərkəzinin nümayəndə heyəti tərəfindən bir qrup çexiyalı nümayəndənin Azərbaycana səfəri təşkil olunub. Çexiyadan hələn nümayəndə heyəti ilə həm paytaxtımızda, həm də regionlarda görüşlər keçirib, Qubadakı kütləvi məzarlığı ziyarət edib. Qeyd edim ki, mühüm fəaliyyətlərimizdən birini Belarusun Qrodnı şəhərində həyata keçirmişik. Burada keçirilən ənənəvi slavyan xalqlarının festivalında bu ölkədəki diasporumuzla işbirliyi şəklində Beynəlxalq Diaspora Mərkəzi Azərbaycanı şərəflə təmsil etmişdir. Azərbaycan heyətində təmsil olunan sənətçilər xüsusilə “Sarı gəlin” mahnısının ifasına görə diplomla təltif olunmuşdur. İnanıram ki, dövlətimizin gündən-günə güclənməsi diaspor fəaliyyətimizə də öz müsbət təsirini göstərəcək və inşallah  güclü diaspor və lobbi fəaliyyətlərimiz nəticəsində torpaqlarımızı azad edəcəyik”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 16 oktyabr.- S.3.