İrəvan və ətrafındakı
torpaqlar
ermənilərə
hansı şərtlərlə verilmişdi
və ya Azərbaycan
xalqının İrəvan və ətrafındakı torpaqlara
tarixi varislik hüququ bərpa olunmalıdır
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham
Əliyev real tarixi həqiqətlərə
və ilk mənbələrə əsaslanaraq
dəfələrlə bütün dünyaya birmənalı şəkildə və
qətiyyətlə bəyan etmişdir ki, ermənilər
Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını
əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət
yaratmışlar.
Azərbaycan öz ərazisində təcavüzkar
Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcəkdir.
Ölkə
başçısının tövsiyyə və
tapşırıqları əsasında Tarix
İnstitutunda bu
istiqamətdə aparılan tədqiqatlar daha
da genişləndirilmiş, İrəvan
və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə
verilməsilə bağlı bir sıra yeni sənədlər və maraqlı faktlar aşkar olunmuşdur. Həmin sənədlər
sübut edir ki, erməni tərəfi Batum
danışıqları və müqavilələrinə (11 may – 04 iyun 1918-ci il) əsasən İrəvan və ətraflarındakı
Azərbaycan torpaqlarının onlara verilməsi
müqabilində üzərinə bir
sıra öhdəliklər götürmüşdü.
Lakin ermənilər məqsədlərinə
nail olduqdan sonra üzərlərinə
götürdükləri bütün
öhdəlikləri birtərəfli qaydada
pozmuş, işğalçılıq
siyasətini davam etdirmişlər. Beləliklə, İrəvan və ətrafındakı
Azərbaycan topraqlarının ermənilərə verilməsi
barədə həm Batum müqavilələrinin
müvafiq maddələri, həm də Azərbaycan
Xalq Cümhuriyyəti Milli
Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini
itirmişdir. Buna görə də Azərbaycan
Xalq Cümhuriyyəti Milli
Şurasının İrəvan və ətrafındakı Azərbaycan
torpaqlarının ermənilərə verilməsi
haqqındakı qərarına yenidən baxılmalı, həmin
qərar qüvvədən salınmalı və Azərbaycan
xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa
olunmalıdır. Çar Rusiyasında
mütləqiyyətin devrilməsindən sonra
yaranmış Zaqafqaziya Demokratik
Federativ Respublikası 1918-ci il mayın 26-da süqut etdi. Bununla Cənubi Qafqazda müstəqil yerli dövlətlərin formalaşması prosesi başlandı. Həmin dövrdə Cənubi
Qafqazda yalnız iki yerli (aborigen) xalqın – azərbaycanlıların
və gürcülərin dövləti yaradıla bilərdi. Çünki ancaq bu iki
xalqın müstəqil dövlət yaratmaq
üçün tarixi
etnik – ərazi bazaları vardı. Və ancaq bu iki
xalq – azərbaycanlılar və
gürcülər Cənubi Qafqazda
dövlətçilik ənənələrinə malik idilər. XIX əsrdə
Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə
əsasən Çar Rusiyası tərəfindən
Qacarlar İranından və Osmanlı
Türkiyəsindən Cənubi Qafqaza köçürülüb gətirilmiş və
əsasən Azərbaycan torpaqlarında yerləşdirilmiş
ermənilərin isə dövlət yaratmaq
üçün burada
– Cənubi Qafqazda ərazi
bazaları yox idi. Beləliklə,
Cənubi Qafqaz ərazisində erməni
dövləti ancaq bu regionun yerli xalqları olan azərbaycanlıların və
gürcülərin torpaqları hesabına yaradıla bilərdi.
Birinci Dünya müharibəsini aparan
hərbi blokların hər ikisinin, həm
Antantanın (Rusiya, İngiltərə, Fransa, ABŞ), həm də Almaniya-Türkiyə blokunun üzvləri arasında ermənilərə
dövlət yaratmaq barədə ümumi fikir
formalaşmışdı. Rusiya,
İngiltərə, Fransa və ABŞ gələcək
erməni dövlətinin Osmanlı Türkiyəsi ərazisində
– Şərqi Anadoluda yaradılmasına tərəfdar
idilər. Azərbaycanın
arxalandığı və məğlubiyyət qarşısında
olan Osmanlı Türkiyəsi isə “erməni
təhlükəsi”ni özündən, yəni Şərqi Anadoludan uzaqlaşdırmaq üçün
erməni dövlətinin Türkiyə sərhədləri
xaricində – Osmanlı hərbi qüvvələri tərəfindən
zəbt olunmuş Azərbaycan torpaqlarında yaradılmasına
çalışırdı. Azərbaycan tərəfinin, real olaraq, həm böyük dövlətlərin təzyiqlərinə,
həm də ölkənin bütün ərazilərində
soyqırımları həyata keçirən daşnak-erməni
silahlı birləşmələrinə və onların
arxasında duran dövlətlərə
silahlı müqavimət göstərmək gücü
yox idi. Buna görə də, Azərbaycan milli hərəkatının xadimləri ermənilərə
dövlət yaratmaq məsələsində
Osmanlı Türkiyəsinin diktəsi ilə hərəkət
edirdilər, daha doğrusu
buna məcbur idilər. Yaranmış
tarixi şəraitdə Azərbaycan tərəfi,
yəni Zaqafqaziya Seyminin
Azərbaycan fraksiyasının nümayəndələri ermənilərə
dövlət yaratmaq üçün
hansı Azərbaycan torpaqlarının verilməsini müəyyən
etmək üçün Türkiyənin
vasitəçiliyi ilə erməni tərəfi ilə
danışıqlara girdi. Danışıqlar Batum
konfransı (11 may – 04 iyun
1918-ci il) çərçivəsində
və konfransda iştirak
edən Türkiyə nümayəndə heyətinin vasitəçiliyi
ilə aparıldı (Danışıqların gedişi barədə ətraflı məlumat
üçün bax:
V.Qafarov. Türkiyə – Rusiya
münasibətlərində Azərbaycan məsələsi
(1917-1922). Bakı, Azərnəşr, 2011).
Batum
danışıqlarının lap başlanğıcındaca
məlum oldu ki, həqiqətən
də, Osmanlı Türkiyəsi “erməni təhlükəsini”
özündən uzaqlaşdırmaq üçün
gələcək erməni dövlətinin Azərbaycan ərazisində
yaradılması siyasətini yeridir.
Bununla
bağlı olaraq, Batum
konfransında aparılan danışıqların gedişi barədə danışıqlarda iştirak edən Azərbaycan nümayəndə
heyətinin üzvü Nəsib bəy
Usubbəyov Zaqafqaziya seyminin
sabiq üzvlərinin 27 may
1918-ci il tarixli
fövqəladə iclasında məlumat verdi.
Batumdan
yenicə qayıdan Nəsib bəy Usubbəyov fövqəladə
iclas iştirakçılarına bildirdi ki, “Türkiyə
nümayəndə heyətinin fikrinə görə
Zaqafqaziyanın tərəqqisi üçün
ən başlıca təminat Zaqafqaziya
xalqlarının həmrəyliyi və birliyidir
ki, buna nail olmaq üçün
Azərbaycan tərəfi ermənilərə
müəyyən qədər ərazi güzəştə
getməlidir” (Bax:Azərbaycan Respublikasının Dövlət
Arxivi, fond 970,
siyahı 1, iş 1, vərəq 46).
Onu da qeyd etmək
lazımdır ki, Türkiyənin hakim siyasi dairələrində
Cənubi Qafqazda erməni dövləti
yaradılması məsələsində fikir
ayrılığı vardı. Sədrəzəm Tələt
paşa və hərbi nazir
Ənvər paşa Cənubi Qafqazda erməni dövləti
yaradılmasının əleyhinə idilər və bu məsələdə “çibanı
kökündən təmizləmək” tərəfdarı
idilər. Bu mümkün
olmadıqda “Ermənistanın çox zəif
və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül
etməsini” təklif edirdilər. Lakin, Tələt paşa və Ənvər paşadan
fərqli olaraq, Batum
danışıqlarında Türkiyə nümayəndə
heyətinə başçılıq edən Dövlət
Şurasının sədri və Ədliyyə naziri Xəlil bəy Menteşə və
Osmanlı Orduları Qafqaz Cəbhəsinin
komandanı Ferik Mehmed
Vehib paşa Cənubi Qafqazda
Azərbaycan torpaqları hesabına ermənilərə
dövlət yaratmaq tərəfdarı
idilər. Onlar güman edirdilər ki, bununla ermənilər həm
Anadoludan uzaqlaşdırılacaq, həm
Türkiyə-erməni münasibətləri biryolluq
nizama salınacaq, həm də “erməni
məsələsi” ilə bağlı Türkiyəyə
qarşı beynəlxalq qınağa son
qoyulacaqdır. Yeri gəlmişkən,
Azərbaycan tərəfi də Tələt paşa
və Ənvər paşanın “çibanı kökündən
təmizləmək” siyasətinin əleyhinə idi və “kiçik bir erməni kantonunun”
yaradılmasını təklif edirdi. Belə
bir təkliflə Batumda
danışıqlar aparan Azərbaycan
nümayəndələri M.H.Hacınski və M.Ə.Rəsulzadə
hələ 1918-ci il mayın 23-də
Ənvər Paşaya xüsusi
müraciətnamə göndərmişdilər. Həmin müraciətnaməni onlardan
başqa Əhməd bəy (Can Baba), A.B.Səfikürdski,
Ə.C.Pepinov, M.Y.Cəfərov, F.X.Xoyski, N.B.Usubbəyov və X.B.Xasməmmədov
da imzalamışdılar (Bax:
Türkiyə Cümhuriyyəti
Başbakanlıq Osmanlı Arxivi, Hariciyye Siyasi Kısım, Dosya
2398, Gömlek 4, Vərəq 12 a.b.c.d.). Eyni təkliflə bundan bir gün
əvvəl – 1918-ci il mayın 22-də Tələt
paşaya və Ənvər paşaya Ə.B.Hüseynzadə və Ə.B.Ağaoğlu da
müraciət etmişdilər (Bax: Türkiyə Cümhuriyyəti Başbakanlıq
Osmanlı Arxivi, Hariciyye Siyasi
Kısım, Dosya 2398, Gömlek
4, Vərəq 19.). Azərbaycan tərəfi
belə bir təkliflə
çıxış edərkən inanırdı ki, bu güzəşt
müqabilində, yəni ermənilərə Azərbaycan
torpaqları hesabına “kiçik bir kanton”
yaradılacağı halda ermənilərin
Türkiyə ərazilərindən Azərbaycan
torpaqlarına, o cümlədən
Bakıya axınının qarşısı
alınacaq, ermənilər Azərbaycan xalqına qarşı
soyqırımlarını dayandıracaqlar və bir daha ölkəmizə
qarşı ərazi iddiaları irəli sürməyəcəklər.
Azərbaycan tərəfi güman edirdi ki, bu
addım, həm də, böyük
dövlətlər tərəfindən rəğbətlə
qarşılanacaqdır. Beləliklə, Azərbaycan
tərəfi Cənubi Qafqazda – Azərbaycan
ərazisində ermənilərə “kiçik
bir kanton” və ya “kiçik bir dövlət” yaradılmasına tərəfdar
idi və bu məsələdə
Xəlil bəy və Vehib paşa
ilə eyni mövqedən
çıxış edirdi (Bax: Türkiyə
Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi,
Hariciyye Siyasi Kısım, Dosya
2398, Gömlek 5,Vərəq 129-130;146; 151 a-b). Azərbaycan tərəfinin ermənilərə Azərbaycan torpaqlarında dövlət
yaradılması barədə yuxarıda göstərilən mövqeyi və bunun üçün konkret ərazi
vermək təklifi Batum
danışıqlarının gedişinə ciddi
təsir göstərdi. Bununla da Batumda, faktiki olaraq, ermənilərə
dövlət yaratmaq üçün
hansı Azərbaycan torpaqlarının verilməsi ətrafında
danışıqlar aparıldı. Batum
danışıqları zamanı ermənilərin özlərinə
mərkəz kimi iddia
etdikləri Qars və Gümrü
(Aleksandropol) artıq Osmanlı hərbi
qüvvələri tərəfindən zəbt olunmuşdu və Türkiyə tərəfi bu şəhərlərdən hər hansı
birinin danışıqlar mövzusu
olmasına imkan vermədi. Beləliklə,
İrəvan məsələsi gündəmə gətirildi.
Ənvər paşa “çibanı
kökündən təmizləmək” planının baş tutmadığını görcək
ermənilərə veriləcək torpağın Azərbaycan
və Türkiyə əraziləri arasında bir
ada kimi əhatəyə
alınması təlimatını verdi.
Danışıqlar zamanı Azərbaycan ərazisində
dövlət yaratmaq üçün
ermənilərə torpaq veriləcəyi
halda erməni tərəfi Azərbaycan və
Türkiyə tərəfləri qarşısında bir sıra öhdəliklər yerinə yetirməyi
üzərinə götürdü. Həmin
öhdəliklər aşağıdakılar idi:
1. Ermənilərlə
müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi
St.Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin
təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı
kütləvi qırğınların qarşısı
alınacaqdır. Erməni tərəfinin üzərinə
götürdüyü bu
öhdəlik Osmanlı imperiyası ilə yenicə
yaradılmış Ermənistan Respublikası arasında
1918-ci il iyunun 4-də
Batumda bağlanmış “Sülh
və Dostluq” müqaviləsində təsbit
olundu. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən
Ermənistan Respublikası hökuməti erməni silahlı
qüvvələrinin ən tez bir zamanda Bakıdan
çıxarılması üçün
bütün qüvvələrini səfərbər
edəcəyini öhdəsinə götürdü
(Bax: Türkiyə Cümhuriyyəti
Başbakanlıq Osmanlı Arxivi, Hukuk Müşavirliği İştişare Odası Belgeleri,
Dosya 107, Gömlek 11,
Vərəq 11-19; ATASE. A.4/3671. K.2919. D.61-499. F.3-26).
Müqavilənin yuxarıda göstərilən maddəsində
deyilirdi: “Ermənistan
Respublikasının hökuməti erməni qüvvələrini
Bakıdan çıxmağa məcbur
etmək üçün özünün
bütün qüvvələrini səfərbər
edəcəyini öhdəsinə götürür”
(Bax: göstərilən müqavilə,
11-ci maddə). Bundan əlavə, yenicə yaradılan Ermənistan
Respublikasının hökuməti “Respublika
ərazisində (yəni Ermənistan Respublikası ərazisində
- Y.M.)” hər hansı silahlı quldur dəstələrinin
yaradılmasının qarşısını
alacağını, ölkənin müxtəlif yerlərində
gizlənən və fəaliyyət göstərən bütün quldur dəstələrinin tərksilah
ediləcəyini öhdəsinə götürdü”
(Bax: Göstərilən müqavilə,
maddə 5).
2. Erməni tərəfi
öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni
silahlı birləşmələri tərəfindən
müsəlmanlara qarşı həyata keçirilən
kütləvi qırğınlar dayandırılacaqdır (Bax: Türkiyə Cümhuriyyəti
Başbakanlıq Osmanlı Arxivi, HSD. AFT, Dosya 6, Gömlek
61). Bu öhdəlik Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi sənədlərində
də öz əksini tapmışdır.
Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
başçısı F.X.Xoyski İrəvan
və ətrafındakı torpaqların ermənilərə
verilməsi barədə Milli
Şuranın 29 may 1918-ci il
tarixli qərarından dərhal sonra Xarici işlər naziri M.H.Hacınskiyə verdiyi
rəsmi göstərişdə yazırdı: “Biz ermənilərlə bütün
mübahisələri bitirdik, onlar ultimatumumuzu qəbul
edəcəklər və müharibəni dayandıracaqlar. Biz İrəvanı
onlara güzəştə getdik” (Bax: Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 970, siyahı 1, iş 4, vərəq 1-2).
3. Ermənistan
hökuməti İrəvanda və yeni
yaradılan erməni dövlətinin digər ərazilərində
müsəlmanların sərbəst dini
ibadət, mədəniyyət, siyasi və
ana dilində təhsil almaq
hüquqlarını təmin etməyi öhdəsinə götürdü. Ermənilərin qəbul etdiyi bu öhdəlik
Osmanlı dövləti ilə yenicə yaradılmış
Ermənistan Respublikası arasında bağlanmış Batum müqaviləsinin 6-cı maddəsində
və müqaviləni tamamlayan III əlavədə
təsbit olundu. Müqavilənin
6-cı maddəsinə və III əlavəsinə əsasən
yeni yaradılan Ermənistan
Respublikasında türk-müsəlman əhali bütün yuxarıda göstərilən sahələrdə
ermənilərlə eyni hüquqa
malik olmalı idi (Bax: Türkiyə
Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivi,
Hukuk Müşavirliği
İştişare Odası Belgeleri, Dosya 107, Gömlek 11, Vərəq 11-19, 28-32.). Batum müqaviləsinin 6-cı maddəsində
bu məsələ
aşağıdakı kimi təsbit olundu: “Ermənistan Respublikasında yaşayan müsəlmanların dininə və
adətlərinə hörmət olunmalıdır...
Onlar başqa mədəniyyətlərə
mənsub olan digər sakinlərlə eyni vətəndaşlıq hüquqlarına
və siyasi hüquqlara
malik olmalıdırlar. Onlar
öz etnik dillərində
təhsil ala və öz
dinlərində ibadət edə bilərlər. Müsəlmanlar praktiki olaraq öz dinlərində
ibadət etmək və xeyriyyəçilik işlərilə
məşğul olmaq üçün
müsəlman icmaları yaratmaq, məscidlər,
xəstəxanalar, məktəblər, dini
müəssisılər açmaq və
xeyriyyə cəmiyyətləri təşkil etmək hüququna malikdirlər. İrəvan
şəhərində Ermənistan Respublikası Müftisinin və respublikanın digər vilayətlərində
müftilərin fəaliyyət göstərməsi zəruri hesab edilsin...” (Bax: Göstərilən
müqavilə, 6-cı maddə). Bəhs olunan müqaviləni tamamlayan
III əlavədə bütün
yuxarıda göstərilən öhdəliklər təfərrüatı
ilə təsbit olunur və qeyd olunurdu ki,
“Ermənistan hökuməti öz
hesabına ibtidai və orta
təhsil verən müsəlman məktəbləri
açacaqdır” (Bax: Müqavilənin III əlavəsi, 6-cı maddə).
4. Batum
danışıqları zamanı əldə olunmuş
razılığa əsasən ermənilər Azərbaycana
qarşı ərazi iddialarından imtina
edəcəkdilər (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər
Arxivi, fond 276,
siyahı 9, iş 1, vərəq 47.).
5. Bundan başqa, İrəvan və ətrafındakı
torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla
vahid konfederativ
dövlətdə birləşməli idilər.
Beləliklə,
Batum danışıqlarında
yuxarıda göstərilən məsələlərlə
bağlı ilkin razılaşma əldə
olunduqdan dərhal sonra,
hələ Batum müqavilələrinin
bağlanmasına, yəni 1918-ci il iyunun 04-nə bir həftə
qalmış, 1918-ci il mayın 29-da Azərbaycan
Milli Şurasının qərarı ilə qədim
Azərbaycan şəhəri İrəvan onun
ətrafındakı 9 min km2 ərazini əhatə
edən torpaqlarla birlikdə ermənilərə
verildi (Bax: Türkiyə Cümhuriyyəti Başbakanlıq
Osmanlı Arxivi, Hariciyye
Siyasi Kısım, Dosya
2372, Gömlek 1, Vərəq 69.). Azərbaycan
Milli Şurasının 29 may
1918-ci il tarixli qərarına
əsasən ermənilərə dövlət yaratmaq
üçün İrəvanla birlikdə
aşağıdakı Azərbaycan torpaqları verilmişdi: Yeni Bayazit qəzası (Basarkeçər adlanan cənub-şərq qismi
istisna olmaqla), İrəvan
qəzası (Qəmərli-Gərnibasar, Uluxanlı-Zəngibasar
və Vedibasar istisna olmaqla), Eçmiədzin qəzası (Sərdarabad
istisna olmaqla) və Aleksandropol qəzası (qəza mərkəzi
Aleksandropol istisna olmaqla). Beləliklə, yeni
yaradılmış Ermənistan Respublikası Göyçə
gölü ilə Osmanlı dövlətinin
yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə edirdi. Ermənilərə verilmiş
Azərbaycan ərazisinin əhalisi cəmi 321.000 nəfər idi ki, onun
da 230 mini erməni, 80
mini türk-müsəlman, 11 mini isə digər
xalqların nümayəndələri
idi (Yenə orada.). Yeri gəlmişkən,
Ermənilərə verilmiş İrəvan
və onun ətrafındakı Azərbaycan
torpaqlarında yaşayan 230 min nəfər erməni bu
yerlərə 1828-ci ildən sonra Çar Rusiyası tərəfindən
Osmanlı Türkiyəsi və Qacarlar
İranından köçürülüb
gətirilmişdi.
Qeyd etmək lazımdır ki,
yuxarıda göstərilən qərar qəbul olunarkən 28
nəfər Milli Şura
üzvündən 20 nəfər iştirak
edirdi. Onlardan qərarın lehinə 16 nəfər səs vermiş, 1 nəfər əleyhinə olmuş, 3 nəfər bitərəf
qalmışdı (Bax: Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 970, siyahı 1, iş 1,vərəq 51-52.). Azərbaycan Milli Şurasının yuxarıda göstərilən
iclasında, eyni zamanda,
ermənilərlə konfederativ dövlət
yaradılması da qərara alındı (Yenə orada.). Yəni İrəvan və ətrafındakı
torpaqlar ermənilərə, həm də,
onlarla konfederativ
dövlət yaradılması şərti ilə verilmişdi. Beləliklə, 1918-ci il mayın 29-da Azərbaycan ərazisində –
Cənubi Qafqazda erməni dövləti
yaradıldı. Ertəsi gün –
mayın 30-da erməni dövlətinin yaradılması barədə
bəyannamə elan olundu.
Yeni yaradılmış erməni dövlətini
de-fakto tanıyan
ilk dövlət Osmanlı Türkiyəsi
oldu. Bununla Osmanlı Türkiyəsi, faktiki
olaraq, Azərbaycan
ərazisində ermənilərə dövlət yaratdı.
Osmanlı Türkiyəsinin vasitəçiliyi ilə Azərbaycan
tərəfi ilə erməni tərəfi arasında
razılıq əldə olunan kimi, daha doğrusu
ermənilər məqsədlərinə nail
olduqdan dərhal sonra,
1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Azərbaycan
Xalq Cümhuriyyəti arasında “Dostluq”, Osmanlı dövləti ilə Gürcüstan və Ermənistan
respublikaları arasında isə “Sülh
və Dostluq” müqavilələri imzalandı.
Batum müqavilələrinə əsasən
ən çox ərazi itkisinə Azərbaycan
məruz qaldı. Azərbaycan ermənilərə
verilmiş torpaqlardan əlavə
Tiflis və İrəvan
quberniyalarındakı digər tarixi
torpaqlarının – Ahıska, Axalkələk, Gümrü
(Aleksandropol), Sürməli
(İğdır), Sərdarabad, Qəmərli (Gərnibasar),
Uluxanlı (Zəngibasar), Vedibasar, Şərur
və Naxçıvan kimi iri
yaşayış məntəqələrinin də Osmanlı
Türkiyəsinə verildiyini təsdiq
etdi. Batum müqavilələrinin Azərbaycan üçün
ən ağır nəticəsi bu oldu ki, xalqın iradəsi
ilə hesablaşılmadan onun
torpağında İrəvan mərkəz olmaqla
erməni dövləti yaradıldı. Cümhuriyyət xadimləri
Azərbaycan torpaqlarının ermənilərə verilməsi
səbəblərini beynəlxalq aləmə
açıqlayan bəyanatla da
çıxış etmədilər. Ermənilər
məqsədlərinə nail olduqdan dərhal sonra Batum danışıqları zamanı və Batum müqavilələrinə əsasən
İrəvan və ətrafındakı Azərbaycan
torpaqlarının onlara verilməsi
müqabilində üzərlərinə götürdükləri
bütün öhdəlikəri yerinə yetirməkdən imtina etdilər. Belə ki, 1) Yeni
yaradılmış erməni hökuməti, götürdüyü
öhdəliyin əksinə olaraq, nəinki
Bakıda hakimiyyəti ələ keçirərək Azərbaycan
xalqına qarşı soyqırımı cinayəti həyata
keçirən St.Şaumyanla əlaqə
yaradıb qırğınları dayandırmadı, əksinə
St.Şaumyanın göstərişi ilə
daşnak-bolşevik qüvvələri ermənilərə
dövlət yaratmaq üçün
torpaq vermiş Azərbaycan
Xalq Cümhuriyyəti hökumətini aradan qaldırmaq üçün
Gəncə istiqamətində hücuma
başladı və Azərbaycan xalqına qarşı yeni soyqırımları həyata keçirdi.
2) Ermənilər,
verdikləri vədlərin əksinə olaraq,
Azərbaycan qəzalarında nəinki
soyqırımlarını dayandırmadılar, əksinə yeni yaradılmış Ermənistan
Respublikasının silahlı müdaxiləsi və
yardımı ilə Azərbaycan xalqına qarşı soyqırımları daha dəhşətli xarakter
aldı.
3) Erməni
tərəfi, verilmiş vədlərin əksinə
olaraq, nəinki yeni
yaradılmış Ermənistan Respublikasının ərazisindəki
türk-müsəlman əhalinin dini ibadət,
mədəni, siyasi və ana
dilində təhsil almaq
hüquqlarını təmin etmədi, əksinə Azərbaycan
ərazisində dövlət yaratmaq məqsədlərinə nail olan kimi
yerli azərbaycanlılara qarşı
dövlət səviyyəsində kütləvi
soyqırımlarına başladı. Bununla
kifayətlənməyən Ermənistan Respublikası Azərbaycan
Xalq Cümhuriyyətinin sərhədlərini
pozaraq Azərbaycan xalqına qarşı
soyqırımlarının coğrafiyasını daha da genişləndirdi.
Yeni-yeni Azərbaycan torpaqları işğal olundu. İşğal olunmuş
Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə
qarşı etnik təmizləmə və
soyqırımları həyata keçirildi.
Ermənistan Respublikasının siyasi varisi olan müasir
Ermənistan Respublikası hazırda ancaq
ermənilərdən ibarət olan monoetnik və təcavüzkar dövlətə
çevrilmişdir. Beləliklə,
vaxtı ilə əhalisinin böyük əksəriyyəti
türk-müsəlman əhali olan müasir Ermənistan ərazisində 1 nəfər
də olsun azərbaycanlı
qalmamışdır.
4) Yeni yaradılmış erməni dövləti
– Ermənistan Respublikası, götürdüyü
öhdəliyin əksinə olaraq, nəinki
Qarabağın dağlıq hissəsinə olan
iddialarından əl çəkmədi, əksinə Batum müqaviləsinin imzalanmasından dərhal
sonra ermənilərə dövlət yaratmaq üçün ərazi
vermiş Azərbaycan Xalq
Cümhuriyyətinin sərhədlərini pozaraq
yeni-yeni Azərbaycan torpaqlarının
işğalına başladı. Məhz buna
görə də Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin başçısı F.X.Xoyski 1918-ci il iyulun 31-də o zaman İstanbulda
danışıqlar aparan Azərbaycan
nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadəyə belə bir
göstəriş vermişdi: “əgər
ermənilər əldə olunmuş
razılığı pozaraq Qarabağla bağlı iddia
qaldırsalar İrəvanın onlara
güzəştə gedilməsindən (yəni Milli Şuranın 29 may
1918-ci il tarixli qərarının
icrasından – Y.M.) imtina et”
(Bax: Azerbaydjanskaya
Demokratiçeskaya Respublika
(1918-1920). Vneşnyaya politika
(Dokumentı i materialı). Baku, 1998. s. 42). Qeyd etmək
lazımdır ki, ermənilər bundan sonra da,
bütün tarixi
dövrlərdə, Azərbaycana qarşı
işğalçılıq siyasətini davam
etdirdilər. O zamankı Ermənistan
Respublikasının varisi olan
müasir Ermənistan Respublikası da həmin işğalçılıq siyasətini
davam etdirərək öz
havadarlarının köməyi ilə Dağlıq
Qarabağı və ətrafındakı digər Azərbaycan
rayonlarını da işğal
etdi, 1 milyon nəfərdən çox
azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin saldı
və bütün dünyanın gözləri
qarşısında 1992-ci il Xocalı
soyqırımını törətdi.
5) Batum
müqaviləsinin şərtlərinə və Azərbaycan Milli Şurasının qərarına əsasən ermənilərə
dövlət yaratmaq üçün
İrəvan və ətrafında
9 min
km2 sahəsi olan Azərbaycan torpaqları verilmişdi. Yəni, erməni dövləti həmin
ərazi çərçivəsində mövcud
olmalı idi. Lakin,
yuxarıda qeyd olunduğu
kimi, ermənilər, çox
keçmədən, Batum müqaviləsinin
şərtlərini pozaraq Azərbaycan
torpaqları hesabına öz ərazilərini
genişləndirməkdə davam etdilər.
Belə ki, 1918-ci ilin 29 mayında 9 min
km2-lik Azərbaycan torpağında yaradılmış Ermənistan
dövləti müxtəlif dövrlərdə Moskvanın birbaşa köməyi ilə daha
20,8 min km2
Azərbaycan torpağını ələ keçirərək ərazisini
29,743 min km2-ə çatdırdı.
1918-ci il mayın 29-da 9 min km2-lik Azərbaycan
torpağında yaradılmış Ermənistan dövləti
sonrakı dövrlərdə aşağıdakı Azərbaycan
torpaqlarını işğal etdi: 1920-ci ilin
dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa
köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından
535096 desyatin (5832,82
km2) , Naxçıvan MSSR-dən 657 km2, Cəbrayıl qəzasından
Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan
torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet rejiminin sonrakı illərində
də Ermənistan ərazisi Azərbaycan torpaqları
hesabına daha da
genişləndirildi və 29,743 km2-ə çatdırıldı.
Yuxarıda göstərilən
işğallar nəticəsində Azərbaycan
özünün ayrılmaz tərkib hissəsi
olan Naxçıvandan ayrı
salındı və Türkiyə ilə birbaşa
əlaqə saxlamaq imkanından məhrum edildi. Ermənilərin həyata
keçirdiyi yuxarıda qeyd
olunan işğallar nəticəsində,
ümumiyyətlə, türk
dünyası ölkələrinin bir-biri
ilə birbaşa əlaqə saxlamaq imkanları da aradan qaldırıldı. Bütün
bunlarla kifayətlənməyən təcavüzkar
Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın
Dağlıq Qarabağ və ətrafındakı
rayonlarından ibarət daha 17 min km2-lik ərazisini işğal
etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan
Xocalı soyqırımını törətdi.
6) Erməni tərəfi,
bütün yuxarıda göstərilənlərdən
əlavə, Azərbaycanla konfederativ
dövlət yaratmaq şərtini də
yerinə yetirmədi. Daha doğrusu,
Azərbaycan Milli Şurasının
1918-ci il Mayın 29-da ermənilərlə
konfederativ dövlət yaradılması
barədə yekdilliklə qəbul etdiyi qərar
da ermənilər tərəfindən
yerinə yetirilmədi. Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan
və ətrafındakı Azərbaycan torpaqlarını ermənilərə
1918-ci il Batum
danışıqları (11 may – 04 iyun) və Batum müqavilələrinin
(04 iyun 1918-ci il) şərtlərinə
əsasən vermişdi. Azərbaycan tərəfi bu taleyüklü addımı atarkən ermənilərlə
dostluq və mehriban qonşuluq münasibətləri yaratmağa çalışırdı və
danışıqlarda iştirak edən
erməni tərəfinin səmimiyyətinə
inanırdı. Lakin erməni tərəfi
Batum danışıqları zamanı əldə
olunmuş razılaşmalara və Batum müqavilələrinin şərtlərinə
əsasən üzərinə götürdüyü
bütün öhdəlikləri birtərəfli
qaydada pozdu:
işğalçılıq, deportasiyalar
və soyqırımları siyasətini davam
etdirdi. Buna görə
də 04 iyun 1918-ci il tarixli Batum müqavilələri
və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may
1918-ci il tarixli qərarı
əslində öz hüquqi
qüvvəsini itirmişdir. Fikrimizcə, erməni tərəfi 1918-ci il Batum
razılaşmalarının və Batum
müqavilələrinin bütün şərtlərini
birtərəfli qaydada pozduğu
üçün və bununla
da göstərilən müqavilələr
öz hüquqi
qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni
varisi olan Azərbaycan
Respublikası adekvat addım
atmalıdır: Azərbaycan Milli
Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı
torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı
və həmin qərar qüvvədən
salınmalıdır. Bununla, Azərbaycan
xalqının öz tarixi
torpaqlarına varislik hüququ
bərpa olunmalıdır.
Ardı
var...
Yaqub Mahmudov
Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü
Dövlət mükafatı
laureatı
Olaylar.- 2014.- 16 oktyabr.-
S.4.