İrəvan qədim Azərbaycan

yurdudur və geri qaytarılmalıdır

 

Ermənilər tarixi razılaşmalara əməl etmədi,

torpaqlarımızı geri istəmək haqqımız var

 

İndi başqa dövlətlərin tərkibində olan qədim Azərbaycan yurdlarının geri qaytarılması, ən azı bu torpaqlar uğrunda ideoloji mübarizənin başlanması zaman-zaman gündəliyə çıxıb. Milli Azadlıq Hərəkatı təzə başlananda bu məsələ gündəliyə çıxmışdı. Lakin sonra Azərbaycan obyektiv səbəblərdən dolayı qonşu dövlətlərdən güc alan Ermənistana uduzması bu məsələni arxa plana keçirdi. 90-cı illərdə əsas diqqət qalan torpaqların qorunması və Qarabağın işğaldan azad olunmasına yönəldi. Bu günlərdə AMEA Tarix institutunun direktoru, əməkdar elm xadimi Yaqub Mahmudov bu məsələni yenidən gündəmə gətirib.

Tarix elmləri doktoru yazır ki, Azərbaycan Respublikası 1918-ci ilin mayında yeni yaranmış Ermənistan Respublikasına müvəqqəti icarəyə verilmiş İrəvan şəhərinə iddia etməli, onun geri qaytarılmasına nail olmalıdır. Bu ideya ilk baxışdan qeyri-real görünə bilər. Ancaq ortada Krım presenti var. Ukraynada baş verən hadisələr, Krımın Rusiyaya qaytarılması İrəvan məsələsində də bizim üçün əlverişli zəmin yaradır. Yaqub Mahmudovun yazır ki, tarixi ədalət bərpa edilməli, İrəvan şəhəri Azərbaycana qaytarılmalıdır. 1918-ci ilə qədər qədim İrəvan Azərbaycana məxsus olub. Hətta Türkmənçay sülhünə qədər bu şəhər eyni adlı xanlığın mərkəzi idi, Azərbaycan xalqını ikiyə bölən sazişlə bu xanlıq türk yurdu kimi Rusiyaya birləşdirilib. O zaman İrəvanda erməni yaşamırdı, ümumiyyətlə, Cənubi Qafqazda haylar yox idi. Onları Türkiyə və İrandan sonralar köçürməyə başladılar. Yaqub Mahmudov haqlı olaraq yazır ki, İrəvanın Ermənistana verilməsi məcburiyyət qarşısında olan addım idi. Yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti Qafqazda sülh və sabitliyin yaranması üçün xristian dövlətlərinin himayəsi ilə yaradılmasına razılıq verilmiş erməni dövlətinə ərazi güzəşti etmək zorunda qaldı. O zaman ermənilər Osmanlı dövləti ərazisində, Doğu Türkiyədə dövlət yaratmaq istəyirdilər. Lakin Osmanlı dövləti Qarsı və Aleksanropolu ələ keçirdiyindən, erməni problemi Qafqaz türklərinin (Azərbaycan türkləri-müəll.) torpaqlarına keçmiş oldu. Osmanlı dövləti ilə imzalanan Batum müqaviləsində ermənilər onlara dövlət qurmaq imkanı verilməsi müqabilində bölgədə terror və müharibədən əl çəkəcəklərinə dair təəhhüd götürürdülər. Xalq cümhüriyyəti hökumətinin 1918-ci il 29 may qərarı (İrəvanın ermənilərə güzəşt edilməsi barədə) da bu inamdan doğmuşdu. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F.X.Xoyski İrəvan və ətrafındakı torpaqların ermənilərə verilməsi barədə Milli Şuranın 29 may 1918-ci il tarixli qərarından dərhal sonra xarici işlər naziri M.H.Hacınskiyə verdiyi rəsmi göstərişdə yazırdı: “Biz ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumumuzu qəbul edəcəklər və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”. Razılığa əsasən Ermənistan hökuməti də İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürürdü. Ermənilərin qəbul etdiyi bu öhdəlik Osmanlı dövləti ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında bağlanmış Batum müqaviləsinin 6-cı maddəsində və müqaviləni tamamlayan III əlavədə təsbit olundu. Lakin Cənubi Qafqaz dövlətləri Sovet Rusiyası tərəfindən ilhaq edildikdən sonra vəziyyət dəyişdi. Ermənilər götürdükləri bütün öhdəlikləri pozdular. İrəvan xanlığı ərazisində müsəlman türkləri soyqırıma məruz qoydular, onlara aid mədəniyyət nümunələrini məhv etdilər. Əhali kütləvi şəkildə Azərbaycana köçürüldü. Bölgənin tarixi saxtalaşdırıldı. Əraziyə çox sonradan gəlmiş ermənilə avtoxton, türklər isə gəlmə xalq kimi qeyd olundu. Bu gün Rusiyanın, digər imperialist dövlətlərin istəyi ilə yaradılmış Ermənistan dövləti bölgədə sülh və sabitliyə başlıca təhlükədir. Bu dövlət ona olan ümidləri doğrultmadı. İrəvanın güzəştə gedilməsi müqabilində sülhə verdiyi təminata əməl etmədi. İrəvan Azərbaycan türklərinin tarixi yurdudur. Ermənistan dövlət bu şəhəri və xanlıq ərazisini Azərbaycana qaytarmalıdır. Beynəlxalq konvensiyalar da bizim haqlı olduğumuzu göstərir.

 

Elman Cəfərli

 

Olaylar.- 2014.- 17 oktyabr.- S.4.