Azərbaycan diasporu üçün müsbət tendensiya

 

Hər ikisinin bir amalı var – Azərbaycanı

dünyanın ən inkişaf etmiş ölkəsinə çevirmək

 

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və ölkəmizin dünya ictimaiyyətinə olduğu kimi təqdim edilməsində xaricdəki diaspor təşkilatlarımızın müstəsna xidmətləri var. Xüsusən də Dağlıq Qarabağ və Azərbaycan tarixinin saxtalaşdırılması istiqamətində bəzi ölkələrin təbliğat işinin qarşısının alınmasında təşkilatlar təqdirəlayiq işlər həyata keçirirlər. Dünyanın bütün ölkələrində Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti var. Qurumların öz fəaliyyətini genişləndirmək işində Azərbaycan dövlətinin göstərdiyi diqqət də müsbət hal kimi qiymətləndirilməlidir.

“Diasporla İş Üzrə Dövlət Komitəsinin Yaradılması İlə Əlaqədar Azərbaycan Respublikası Prezidentinin Bəzi Fərmanlarında və Sərəncamlarinda Dəyişikliklər Edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu istiqamətdə atılmış əhəmiyyətli addımlardan biridir. Məntiqidir ki, başqa-başqa ölkələrdəki Azərbaycan diasporlarası münasibətlər inkişaf edir və qurumların daimi əlaqələri qurulur. Çünki Ermənistandan başqa dünyanın bütün ölkə və qitələrində azərbaycanlıların irimiqyaslı yayılma şəbəkəsi var. Təsadüfi deyil ki, Afrika və Avstraliyada minlərlə soydaşımız yaşayır. Misir, Əlcəzair, Sudan, Cənubi Afrika Respublikası və Zairin hamısı birlikdə yüzminlərlə Azərbaycan türkü yaşayır. Avstraliyada isə 10 mindən çox azərbaycanlı var. Digər qitə və ölkələr üzdə olduqları üçün orada hansı sayda azərbaycanlının yaşaması barədə məlumat vermək məntiqsizdir. Çünki həmin yerlərdə milyonlarla azərbaycanlı yaşayır. Təkcə Rusiyada Ermənistan əhalisnin 2 dəfə çox olan azərbaycanlı var. Ən yaxşı hal isə sıx və pərakəndə şəkildə yayılan və xaricdə yaşayan azərbaycanlıların birliyinin yaradılmasıdır. Diaspora quruculuğunda mərkəzdə duran əsas məsələ Azərbaycanın milli mənafelərinin və maraqlarının qabağa çəkilməsidir. Dünya azərbaycanlılarının birliyi məsələsi-Azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır. İdeya dünya azərbaycanlılarının birliyinin fəlsəfi-nəzəri əsasları kimi çıxış edir.

 

5 qitə, 1 Azərbaycan

 

Dünyanın 5 qitəsində sayı milyonlarla ölçülən azərbaycanlı yaşayır. Azərbaycan diasporunun yayılma coğrafiyasının geniş olması ölkə həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna xidmətləri var. Əvvəllər Azərbaycan diasporası rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilirdisə, dövlətin apardığı xarici siyasətin məntiqi nəticəsidir ki, xaricdəki diaspora qurucluğunda əhəmiyyətli addımlar atılıb. Xaricdə yaşayan azərbaycanlılar dövründən asılı olmayaraq, həmişə milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlayıb, Azərbaycanla mütəmadi əlaqələr saxlayıblar. Bu gün dünyanın müxtəlif ölkələrində olan Azərbaycan diasporasının əsas fəaliyyət mexanizminin mərkəzində azərbaycançılıq ideologiyasının təbliğ olunması dayanır. Xaricdəki diasporanın məqsədlərinə Azərbaycan mədəniyyətini təbliğ etmək, dilini təbliğ və tədris etmək, ölkəmizlə bağlı kütləvi - mədəni tədbirlərin keçirilməsi, ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatında iştirak etmək, mövcud olduğu ölkə ilə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişaf etdiriilməsinə zəmin yaratmaq, informasiya - tədqiqat işi ilə məşğul olmaq, Azərbaycan naminə lobbiçilik etmək və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini təmin etmək daxildir.

 

Ulu öndərdən başlayan uğurlu yol

 

Diaspora sahəsindəki fəaliyyət barədə ilk tapşırığı 90-cı illərin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ölkə xaricində yaşayan azərbaycanlıları birləşdirmək məqsədilə müxtəlif dövlət proqramları həyata keçirildi. Həmin dövrlərdən başlayaraq, diaspora məsələsi Azərbaycan dövlətinin prioritet məsələlərindən birinə çevrildi. Bu məqsədlə Bakıda Dünya Azərbaycanlılarının Qurultayı keçirildi. Dövlət ilk dəfə olaraq dünyanın mütxəlif ölkələrində yaşayan azərbaycanlıların öz ölkələrində bir araya toplamağı bacardı. Bu hadisədən sonra diaspor təşkilatlarının qurultayının Bakıda keçirilməsi tendensiyası ənənə halına düşüb. Diaspora quruculuğu siyasətinin təməlini məhz ulu öndər Heydər Əliyev qoyub. Həmin siyasətə uyğun olaraq, bir sıra mühüm tədbirlər həyata keçirildi. Hal-hazırda da bu siyasət cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın xaricdə tanınması, xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi, Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılması məqsədilə böyük işlər görülür. Diaspora təşkilatlarının da bu sahədə Azərbaycan adına vacib addımları atılıb. Rusiya, Amerika və Avropa dövlətlərində fəaliyyət göstərən diaspor komitələri aktiv fəaliyyət mexanizminə malikdirlər. Azərbaycanın həmçinin xaricdə diaspora fəaliyyəti göstərən kifayət qədər diaspor birlikləri var. Eyni zamanda Azərbaycan həqiqətlərinin Heydər Əliyev Fondunun Rusiya filialının fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Filialın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası ilə dünya ictimaiyyəti Azərbaycan həqiqətlərilə hərətərəfli məlumatlandırıldı. Bu istiqamətdə Rusiya, ABŞ və Avropada böyük işlər görüldü, sərgilər təşkil edildi, kütləvi tədbirlər həyata keçirildi. Xocalı soyqırımının tanıdılması, Azərbaycanın işğal altında olan torpaqlarında baş verən proseslərin dünyaya çatdırılmasında Leyla Əliyevanın böyük fəaliyyəti olub. Ümumilikdə Azərbaycanın diaspora fəaliyyətiinin uğurları göz qabağındadır.

 

Erməni diasporuna ağır zərbə

 

Azərbaycan diasporası keçən illər ərzində Ermənistan lobbisi və diasporu üzərində əhəmiyyətli üstünlüklər əldə edib. Son 15 ildə Azərbaycan reallıqlarının dünyaya çatdırılması, o cümlədən Dağlıq Qarabağ müanqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsi sahələrində uğurlu işlər həyata keçirilir. Azərbaycanın təbliğat işi və beynəlxalq ictimiayyəti məlumatlandırmaq məqsədilə görülən işlər erməniləri bir neçə dəfə üstələyib. Diaspora təşkilatları həm internet resursları, həm dünya ölkələrində keçirilən tədbirlər vasitəsilə, ayrı-ayrı dövlətlərdəki Azərbaycan səfirlikləri, diplomatik korpusları, diaspora nümayəndəlikləri Azərbaycanı dünyaya möhtəşəm dövlət kimi təqdim edə bilirlər. Ölkədə baş verən proseslər, Azərbaycanın dinamik inkişafı artıq dünya birliyinin nəzərinə çatdırılıb. Bu gün istənilən məsələ barədə təbliğatımız ermənilərdən çox üstündür, bir neçə ildir ki, “təbliğat maşını” tam gücü ilə işə düşüb. Dünyanın əsl reallığı görməsi baxımından bunlar vacib işlərdir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində də diaspora təşkilatlarının həyata keçirdikləri təbliğat böyük rol oynayır. Dünya artıq Azərbaycan reallıqlarını görür, ona hüquqi və siyasi qiymətini verir. Ulu öndər Heydər Əliyev hər dəfə xaricə səfərə gedəndə xəritənin qarşısında dayanıb bir-bir Dağlıq Qarabağın işğalı barədə izahat verirdisə, bu gün artıq bütün Azərbaycan həqiqətləri dünyaya məlumdur. Görülüən işlər uğurla davam etdirilən daxili və xarici siyasət bütün istiqamətləri əhatə etməyi bacarırır. Ulu öndər Heydər Əliyev o dövrlərdə təkcə, təbliğatı qururdusa, bu gün artıq Azərbaycan diasporası, eyni zamanda ölkə daxilində görülən işlər bütün dünyaya dəqiqliyilə çatdırılıb. Beynəlxalq ictimaiyyət aparılan aktiv siyasətə görə, Azərbaycan həqiqətlərini qəbul edir. Görülmüş işlər və yaxın gəlcəkdə mühüm layihələrin həyata keçirilməsi Azərbaycan adına mühüm faktordur. Həmin amillər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətimizin ədalətli mövqeyinin qəbul edilməsində xüsusi əhəmiyyət kəsb edir. İnandırıcıdır ki, Dağlıq Qarabağla bağlı təbliğat mexanizmi yaxın gəlcəkdə öz müsbət nəticəsini ortaya qoyacaq. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə qərəzzsiz və dəqiq çəkildə çatdırılması mexanizmi daha da inkişaf etdirilməlidir.

 

Bir amal uğrunda

 

Hazırda da dünyanın ölkələrinin əksəriyyətində çoxlu sayda azərbaycanlılar yaşayırlar. Şimali, Cənubi və Mərkəzi Amerikada minlərlə azərbaycanlı var. Təkcə ABŞ-da yaşayan azərbaycanlıların sayı 400 mindən çoxdur. Bundan başqa Argentina, Braziliya, Kanada və Meksikada da kifayət qədər azərbaycanlı yaşayır. Azərbaycan diasporunun yayılma coğrafiyası və ədədi böyüklüyü baxımından ən geniş olduğu ikinci qitə Avropadır. Türkiyədə azərbaycanlıların 3, Rusiyada 2.5, Ukraynada 500, İsveçdə 30, Almaniyada 100, Hollandiyada isə 20 minə yaxındır. Belçika, Danimarka, İsveçrə, Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarusiya, Moldova və Fransada da çoxlu sayda soydaşımız var. Avropa və Amerika qitələrində yaşayan soydaşlarımızın böyük əksəriyyəti diaspora fəaliyyəti ilə məşğuldurlar. Asiyada da Azərbaycan diasporasının yayılma coğrafiyası kifayət qədər genişdir. Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya, Orta Asiya ölkələri,  İndoneziya, Yəmən, Çin, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Suriya və İraqda Azərbaycan diasporasının aktiv fəaliyyəti var. Avstraliya qitəsində isə təxminən 8 minə yaxın azərbaycanlı yaşayır. Azərbaycanlıların hansı dövlətdə olmasından asılı olmayaraq onlar həmişə dövlətimizin, dövlətimiz isə onların yanındadır. Hər ikisinin bir amalı var – Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkəsinə çevirmək.

 

Olaylar.- 2014.- 18-20 oktyabr.- S.3.