Diasporanın üzərinə
düşən gözəl
missiya-səpələnənləri
bir yerə yığmaq
Yunan dilindən "səpələnmək”
kimi səslənən diaspora öz əvvəlki mənasından
fərqli olaraq, bu gün daha konkret məna daşıyır. Diaspora-tarixi
torpaqlarından bu və ya digər səbəblərdən emiqrasiya etmiş əhalinin mərkəzlə,
yəni doğma ata-baba yurdu ilə əlaqələndirilməsidir. Mütəxəssislərin fikrincə,
anlayışa məhz bu prizmadan yanaşılması ona siyasi
xarakter verir ki, bu da bir neçə xüsusda təzahür
edir. Bunlar diasporun yerli siyasətə təsiri, dövlətin
siyasi haqlarının tanınması, beynəlxalq aləmdə
müstəqil kimliyin yaradılması, siyasi mühacirlərin
üzləşdiyi problemlər, diaspor təşkilatları fəaliyyətinin
əlaqələndirilməsi, sosial-mədəni tədbirlərin
keçirilməsinə dövlət dəstəyi və
sairdir. Sadalanan məsələlər diasporun təməl
prinsipləri olub, onların araşdırılması və dəyərləndirilməsi
diaspor sözünün əsl mənasını
açmağa imkan verir.
Dövlət,
prinsipcə, yalnız öz sərhədləri daxilindəki əhali
ilə birbaşa maraqlandığı halda, diasporanın təsir
dairəsi daha genişdir. Prinsip etibarilə, diaspor təşkilatları
ölkə daxilində yaşayan əhali ilə onun xaricində
yaşayanların əlaqələrini qurmağı, fəaliyyətlərini
koordinasiya etməyə çalışır. Məhz buna
görə də dövlət və diaspora fəaliyyətinin
bir istiqamətə yönəlməsi, başqa sözlə
desək, onun vətəndaşlarının bütöv halda
formalaşması vacibdir.Bəzən müəyyən sosial
maraqları olan qruplar dövlətin daxili və xarici siyasətində
müəyyən məsələlərə təsir göstərmək
üçün formal təşkilatlar yaradırlar. Belə təşkilatlar
diaspora üçün real təhlükə yaradır. Məsələn,
ekspertlər hesab edir ki, Rusiyada
fəaliyyət göstərən skinhedlər –irqçi
ekstremistlər olub, orada yaşayan milli azlıqlara
qarşı yönəlmişdir. Bunun əksinə olaraq,
diaspora cəmiyyətləri digər demoqrafik qruplar tərəfindən
öz ölkələrində xenofobiya, başqa sözlə,
təqib altında yaşayan soydaşlarının müdafiəsinə
çalışır. Bəzi hallarda ölkənin ənənəvi
suverenliyini qorumağa çalışan diasporların fəaliyyəti
şəxsi valyutalar hesabına maliyyələşdirilən
lobbiçilik qrupları tərəfindən məhdudlaşdırılır
və yaxud da tam şəkildə qadağan edilir. Məsələn,
ABŞ konqresinin Azərbaycana yardımı qadağan edən
907 saylı aktı məhz erməni-amerikan lobbisinin antiazərbaycan
fəaliyyətinin nəticəsi idi. Azərbaycanlılar bir
millət kimi vətənə məhəbbəti və
torpağa bağlılığı ilə miqrasiyaya az
meyllidirlər. Azərbaycanlıların dünya ölkələrinə
mühacirəti bir neçə mərhələləri əhatə
edir. XVII əsrin sonlarında çar Rusiyasının hakim
dairələri öz ölkələrinin cənub sərhədlərini
yeni işğallar hesabına genişləndirmək və Xəzər
hövzəsində möhkəmlənmək məqsədilə
1722-ci ildə Həştərxandan yürüşə
başladı. Gülüstan (1813) və Türkmənçay
(1828) sülh müqaviləsinə əsasən Azərbaycanın
şimal hissəsinin Rusiya tərəfindən
işğalı rəsmiləşdirildi. Müqavilələrə
əsasən Azərbaycan iki hissəyə bölünərək
şimalı- Rusiyanın, cənubu isə - Qacar
İranının tabeçiliyində qaldı. Rusiyanın
himayədarlığı nəticəsində Azərbaycan
torpaqlarına, xüsusən, Dağlıq Qarabağ,
Naxçıvan və başqa ərazilərə ermənilərin
köçürülməsi başlandı ki, bu da miqrasiya
prosesinin və gələcək torpaq iddaalarının əsasını
qoydu. Sonrakı dövrlərdə baş vermiş
ictimai-siyası hadisələr (1905-1906 cı illər ərzində,
1918-ci ilin martında azərbaycanlıların ermənilər
tərəfindən soyqırımı, 1920-ci ildə
ADR-nın süqutu,1948-1953-cü illərdə azərbacanlıların
Qərbi Azərbaycandan deportasiyası, 1988-1990-cı illərdə
azərbaycanlıların yenə oradan vəhşicəsinə
qovulması, 1992-ci il Xocalı soyqırımı,
Respublikanın 7 rayonunun işğalı) miqrasiyanı sürətləndirdi.
Qeyd
edək ki, xaricdə yaşayan azərbaycanlar, dörd istiqamətdən
miqrasiya ediblər: İran, Türkiyə, keçmiş Sovet
Respublikaları və Azərbaycandan.
Cənubi
Azərbaycandan miqrasiyalar Səttərxan, Şeyx Məhəmməd
Xiyabani, S.J. Pişəvəri və imam Xomeyni hərakatlarından
sonra baş verib. Postsovet Respublikalarından azərbaycanlıların
miqrasiyası isə Sovet hakimiyyətinin süqutundan sonra həmin
Respublikalarda Milli zəmində baş vermiş münaqişələr
nəticəsində həyata keçib. II Dünya Müharibəsi
zamanı əsirlikdə olan azərbaycanlıların
çoxu Stalin rejiminin cəzalarından qorxaraq məcburi
şəkildə müxtəlif Avropa ölkələrində
məskunlaşıblar. Rusiya Federasiyasında 1 milyon 550 mindən
çox, Ukrayna Respublikasında 500 min, Belorusiyada 66 min,
Gürcüstan Respublikasında 600 min, Qazaxıstan
Respublikasında 110 min, Özbəkistan Respublikasında 60 min,
Türkmənistan Respublikasında 33 min,
Qırğızıstan Repsublikasında 20 min, Almaniyada 300
min, Amerika Birləşmiş Ştatlarında 1 milyon, Fransada
165 min, Bolqarıstanda 64 min, Hindistanda 301 min, Pakistanda 654 min,
İsveçrədə 40 min, Meksikada 26 min, Kanadada 174 min,
İsveçdə 41 min, Norveçdə 50 min, Danimarkada 56
min, Hollandiyada 244 min, Braziliyada 74 min, Argentinada 12 mindən
çox, Kanadada 15 min, İraqda 844 min, Türkiyədə 2
milyon 460 min, İranda 27 milyon 564 min, Banqladeşdə 170 min,
Əfqanıstanda 424 min, Suriyada 50 min, Səudiyyə Ərəbistanında
40 min, Yəməndə 58 min, Çində 30 min, Maltada 2,5
min, Afrika qitəsində 1 milyon 122 min- o cümlədən
Misirdə 845 min, Əlcəzairdə 260 mindən çox,
Sudanda 17 mindən çox azərbaycanlı məskunlaşıb.
(mənbə: «Dünya Xalqları tarixi - etnoqrafik ensiklopedik məlumat
kitabı» ) «Hindistan ensiklopediyası» (1982-ci il), «Oksford
Universiteti etnoqrafik lüğəti» ( 1983-cü il), «Britaniya
ensiklopediysı» (1986-cı il), «Yaxın və Orta Şərq
ensiklopediyası» (1989-cu il) və «YUNESKO»-nun məlumat
bülleteni) Hazırda dunyada yaşayan azərbaycanlıların
sayı təxminən 50 milyona yaxındır. Bəzi mənbələrdə
bu rəqəm 60 milyon olduğunu göstərilir. Azərbaycan
xalqı dünyada 75 milyonluq Koreyadan sonra ikinci
çoxsaylı xalqdır ki, iki yerə parçalanıb. Bu
günədək BMT bizə «parçalanmış xalq»
statusu verməyib. Qeyd edək ki, KXDR 4 oktyabr 2007-ci il tarixdə
parçalanıb xalqının birləşməsi
üçün BMT Baş Assambleyasına müraciət
etmiş və 1 noyabr 2007-ci il tarixdə BMT-da bu müraciətin
lehinə yekdil səslə qətnamə qəbul edilib. Bu
bizim keçmişimizdir. Bu gün diaspora tariximiz isə
Naxçıvan MR Ali məclisinin «Dünya Azərbaycanlılarının
həmrəylik və birlik günü» haqqında 1991-ci ilin
16 dekabr tarixli qərarı və həmin tarixə imza
etmiş ümummilli liderimiz Heydər Əliyevin adı ilə
bağlıdır. Qərarın məntiqi nəticəsi
olaraq, 31 dekabr «Dünya azərbaycanlılarının həmrəylik
günü» kimi elan edildi və bu xaricdə yaşayan
soydaşlarımız tərəfindən böyük rəğbətlə
qarşılandı. Xarici ölkələrdə yaşayan Azərbaycan
diasporu ilə əlaqəni möhkəmləndirmək
diaspora fəaliyyətini koordinasiya etmək məqsədilə
Ulu Öndərin rəhbərliyi ilə 5 iyul 2002-ci il tarixdə
Respublikamızda yaradılmış «Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət
Komitəsi» yaradıldı. Dünya azərbaycanlılarının
I (2000-ci il) və II qurultaylarının (2001-ci il)
keçirilməsi də məhz diaspor məqsədlərinin
yerinə yetirilməsi istəyindən irəli gəlmişdir.
Prezident H.Əliyevin təklif və təşəbbüsü
ilə elə I qurultayda «Dünya Azərbaycanlılarının
əlaqələndirmə şurası» yaradıldı. Həmin
Şuraya rəhbərlik AMEA-nın prezidenti M.Kərimova
tapşırıldı. Şuranın sədr müavini isə
Edinburq Universtetinin professoru Qulamrza Səbri Təbrizi oldu.
Diaspora ilə əlaqə yaratmaq müəyyən problemlərin
həll etmək sahəsində, həm bu təşkilat və
həm də Qeyri-Hökümət Təşkilatları
Forumu nəzdində R.Zeyninin rəhbərliyi altında fəaliyyət
göstərən “Diaspora Mərkəzi” təqdirəlayiq fəaliyyət
göstərir. Diasporanın problemləri isə kifayət qədərdir.
Həmin problemləri aşağıdakı kimi qeyd etmək
olar. Tarix boyu müstəqillik əzmini yaşamış və
bu müstəqilliyi əldə etmiş, zəngin mədəniyyətə
, qədim dövlətçilik ənənələrinə
malik, yetkin bir millət kimi formalaşmış Azərbaycan
xalqının elmi, mədəni və digər sahələrdə
əldə etdiyi nailiyyətlərin dünyaya tanıtmaq
üçün elmi-pratiki, mədəni-kütləvi tədbirlərin
həyata keçirilməsinin təşkili və həmçinin,
xaricdə yaşayan soydaşlarımızın lobbiçilik
fəaliyyətinin genişlənməsinə kömək etmək
niyyətilə onların sayı, həyat tərzi,
yaşadıqları dövlətin ictimai-siyasi həyatında
iştirak dərəcələri və digər məlumatların
əldə edilməsinin zəruriliyini şərtləndirir.
Ekspertlər hesab edir ki, bu məqsədlə səfirliklər
və ərazilərində azərbaycanlılar yaşayan
dövlətlərin miqrasiya xidmətindən istifadə etmək
olar. Belə ki, «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş Üzrə Dövlət Komitəsi»nin əməkdaşlarının
və ya diaspora sahəsində fəaliyyət göstərən
QHT-nın müqavilə şərtlərinə əsasən
əməkdaşlarının səfirliklərə ezam edilməsinin
təşkili bu sahədə əsaslı dönüş
yaradar və qısa zamanda öz müsbət təsirini
göstərər. Azərbaycanda azad mətbuat, kütləvi
informasiya vasitələri üçün yaradılan şəraitlə
yanaşı, dövlətin qlobal informasiya məkanında
geniş təmsil olunması və aparıcı xarici mətbuat
orqanlarının nümayəndəlikləri ilə əlaqələrinin
genişləndirilməsi, bütün dünyada siyasi
plüralizmim hökm sürdüyü bir dövlət imicinin
qorunub saxlanılması istiqamətində olan fəaliyyət
genişləndirilməlidir. Ekspertlər hesab edir ki, diaspora üzvləri olan gənclərin
bir-biri ilə münasibətdə olmaları
üçün diaspora təşkilatları nəzdində gənclər
klubunun yaradılması imkanları genişləndirilməlidir. Belə klub və mərkəzlərdə
gənclərin bir- biri ilə tanış olaraq, ana dilində
ünsüyyətdə olmaları, birləşmək
imkanlarını əhatə edən müzakirələr
aparmaları mühüm əhəmiyyət kəsb edir. Bu həm
də valideynlər üçün böyük problemdir.
Xaricdə yaşayan həmvətənlərimizlə söhbətlər
zamanı məlum olur ki, öz həmvətənləri ilə
ailə–nikah qurmaq problemləri özünü göstərə
bilir. Hazırda texnologiya əsri olduğu üçün
soydaşlarımız bir-biri ilə əlaqə yaratmaqda
yaşadıqları problemi asanlıqla aradan qaldıra bilərlər.
Bunun üçün bir az diqqətli olmaq kifayətdir. Sosial
şəbəkələrdə xaricdə yaşayan
soydaşlarından birinin təşkil etdiyi tədbirlərlə
bağlı elanlara diqqət
yetirilməli və bu cür məclislərə gedilməlidir.
Bu yolla əlaqələr yaratmaq, bir-birlərinin problemlərindən
xəbərdar olmaq daha asan olar.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 22 oktyabr.- S.3.