Azərbaycan diasporunun potensialı erməni

diasporunun potensialından qat-qat çoxdur

 

Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları əksər hallarda həmin ölkələrdəki səfirlik və digər diplomatik nümayəndəliklərimizlə normal qaydada əməkdaşlıq edir, birgə tədbirlər təşkil edirlər. Ancaq o da etiraf olunmalıdır ki, bəzi hallarda bu əməkdaşlıq qaneedici səviyyədə olmur. Bu isə aparılan ümumi işə öz mənfi təsirini göstərir. Baxmayaraq ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dəfələrlə səfirliklərlə diaspor təşkilatlarının əməkdaşlığının zəruri olduğunu vurğulayıb. İstər Dünya Azərbaycanlılarının ikinci və üçüncü qurultayında, istər diplomatik nümayəndəlik rəhbərləri ilə keçirilən müşairələrdə dövlət başçısı hər zaman bu məsələyə xüsusi diqqət ayırıb. Bəs görəsən həm diplomatik nümayəndəliklər, həm də səfirliklər dövlət başçısının bu istiqamətdəki tapşırıq və tövsiyyələrinə nə dərəcədə əməl edirlər?

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib ki, son illər Azərbaycan diasporu qürbətdəki fəaliyyətini xeyli gücləndirib: “Əgər ölkəmiz müstəqillik əldə etdikdən sonrakı 20 ildən artıq bir dövrə nəzər yetirsək görərik ki, diasporamızın son iyirmi ildəki fəaliyyəti kifayət qədər aktiv olub. Azərbaycan diasporu bu illər ərzində antierməni təbliğatının aparılması istiqamətində xeyli işlər görüb və bu işlər hazırda da davam etdirilir. İndi artıq Azərbaycan diasporu 50-dən artıq ölkədə formalaşıb, kifayət qədər təşkilatlanıb, müxtəlif kütləvi informasiya vasitələri, eləcə də regional televiziyaları olan mütəşəkkil bir quruma çevrilib. Azərbaycan diaspor təşkilatları artıq bir neçə konqresdə birləşib ki, bu da aparılan ümumi işin xeyrinə, antierməni təbliğatının sürətləndirilməsinə gətirib çıxarır”. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirlikləri, digər diplomatik nümayəndəlikləri ilə diaspor təşkilatlarının birgə əməkdaşlığı, bu əməkdaşlığın inkişaf etdirilməsinə gəlincə isə forumun prezidenti hesab edir ki, prezident İlham Əliyevin bu istiqamətdə etdiyi çıxışlar, verdiyi tapşırıq və tövsiyyələr geniş təhlil olunmalıdır: “Çünki ölkə prezidenti xarici və daxili siyasətə, Azərbaycanın dünya üçün açıq, şəffaf bir məmləkət olmasına, dövlət olaraq həyata keçirdiyimiz siyasətimizin bütün məqamlarına öz çıxışında geniş, əhatəli şəkildə toxunur. Dövlət başçısı ölkəmizə qarşı aparılan təcavüzkar siyasətin, bütövlükdə Azərbaycan Respublikasının beynəlxalq aləmdə apardığı və gələcəkdə aparmaq niyyətində olduğu siyasətin bütün aspektlərini açıq şəkildə bəyan edir. Dövlət başçısının çıxışında səfirlərin xarici ölkələrdə hansı işləri aparmaqlarının vacibliyi, eyni zamanda diaspora sahəsində, xüsusilə xarici ölkələrin kütləvi informasiya vasitələri ilə iş sahəsində hansı işlərin görülməsi əksini tapır. Həmçinin qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığın edilməsi məsələsi cənab prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanır. Ümumiyyətlə, dövlət başçısının çıxışlarında Azərbaycan Respublikasının azad, müstəqil, demokratik bir dövlət olduğu, onun siyasətinin yalnız Azərbaycan rəhbərliyi tərəfindən formalaşdırıldığı, heç bir kənar qüvvənin Azərbaycanın siyasətinə təsir göstərmək imkanı olmaması, hansısa təsir olacağı təqdirdə adekvat cavabın veriləcəyi bir daha təsdiqini tapır. Həmin istiqamətlərdə qeyd edilən məsələlərdən hər kəs, dövlət qurumları, ictimai sektor və media lazım olan məqamları götürüb gələcək planlarını, fəaliyyət proqramını müəyyən etməlidir”. Forumun prezidentinin sözlərinə görə, dövlət başçısı hər zaman Azərbaycan diasporunun inamla inkişaf etdiyini, formalaşıb gücləndiyini vurğulayır: “Dövlət başçısının qeyd etdiyi kimi zaman keçdikcə yeni dövr, mühit yaranır. Hər yeni dövr üçün də yeni çağırışlar meydana çıxır. Bu yeni çağırışları isə biz dinləməli, fəaliyyətimizdə tətbiq etməliyik. Nəticə etibarilə hər bir məqamda Azərbaycan inkişaf etməlidir. Yəni bir yerdə dayanmaq qeyri-mümkündür. Bizim də siyasətimiz yenilənməli, hər bir məsələ ilə əlaqədar olaraq yeni münasibətlərimiz formalaşmalıdır. Bütün bunlardan irəli gələrək inkişaf etməliyik. Həmçinin prezident İlham Əliyev Azərbaycan diasporunun fəaliyyətini, çox böyük əhəmiyyətli rolunu qeyd edir. Eyni zamanda xarici ölkələrdə çox böyük bir qüvvə olan media orqanları, səfirlik, diaspora, qeyri hökumət təşkilatlarının bir vəhdətdə fəaliyyət göstərməsi, Azərbaycanın milli, dövlətçilik maraqlarının hər şeydən üstün tutulmasının vacibliyi qeyd edir”. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvünün sözlərinə görə, bütün bunları nəzərə alaraq öz imkanlarımız, potensialımıza yenidən baxmalıyıq: “Yəni Milli Qeyri-Hökumət Təşkilatları Forumu olaraq daha nələr edə bilərik, daha hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq qura bilərik. Xüsusilə beynəlxalq media ilə hansı istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək mümkündür. Hesab edirəm ki, həm daxildə, həm də ölkədən kənarda dünya siyasətinə, dünya birliyinə Azərbaycan gerçəkliklərini daha yüksək səviyyədə çatdıra bilən tədbirlər görülməlidir. Ona görə də biz bunların hamısını təhlil edərək özümüz üçün nəticə çıxarmalıyıq ki, bundan sonra daha geniş miqyasda hansı işlər görə bilərik. Eyni zamanda hansı beynəlxalq təşkilatlarla əlaqələr yarada bilərik. Bütün bunların hamısını fəaliyyət proqramlarımıza əlavə etməliyik”. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti onu da qeyd edib ki, indiyə qədər görülmüş işlər, həyata keçirilən fəaliyyət təhlil edilməlidir: “Bu gün dünyaca tanınan aparıcı diaspor təşkilatları, beynəlxalq təşkilatlar, aparıcı ölkələr hansı metodlardan istifadə edib öz ölkəsini, millətini, diasporasını qabağa aparıbsa, biz də həmin imkanlardan istifadə etməliyik. Hansı ölkələrdə imkan varsa orada Azərbaycan televiziyası, radiosu açmalıyıq. Eyni zamanda cənab prezident göstəriş verib ki, hansı ölkələrdə mümkündür Azərbaycan Mədəniyyət Mərkəzi açmalıyıq. Bütün bunlar bizim üçün geniş imkanlar yaradır. Biz də yaradılmış imkanlardan istifadə edib həmin ölkələrin müvafiq təşkilatları, tanınmış kütləvi informasya vasitələri, qeyri- hökumət təşkilatları ilə geniş əlaqələr qurmalıyıq. Həmin əlaqələrdən istifadə edib Azərbaycan həqiqətləri, Azərbaycan Respublikasının bu günkü real inkişafını, eləcə də üzləşdiyi problemləri dünya ictimaiyyətinə çatdırmağı bacarmalıyıq. Dünyada mövcud olan elektron imkanlar, kütləvi informasiya vasitələrindən istifadəni dəyərləndirsək görərik ki, bu gün erməni diasporu az xərc qoymaqla ondan səmərəli sitifadə etməyi bacarır. Düşmənimiz olsa da bunu etiraf etmək lazımdır. Azərbaycan diasporunun potensialı erməni diasporunun potensialından qat-qat çox olsa da, biz elektron imkanlar, dünyada fəaliyyət göstərən nüfuzlu kütləvi informasiya vasitələri və televiziyalardan lazımı səviyyədə bəhrələnə bilmirik. Bunun üçün aparılan işlərə, həyata keçirilən fəaliyyətə qısa nəzər salmaq lazımdır ki, Qarabağ problemi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımların dünya ictimaiyyətinıə çatdırılması istiqamətində apardığımız işlər nə dərəcədə böyük nəticə verib. Təbii ki, malik olduğumuz imkanlar və potensial qarşılığında əldə edilən nəticələr qaneedici səviyyədə deyil. İstər Qarabağın tarixi, istər Ermənistan-Azərbaycan münaqişəsi, istərsə də bu günkü gerçəkliklər və ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımlarla bağlı elə texnologiyalar işləyib hazırlamalıyıq ki, diasporamızın həmin ölkələrdə apardığı işlər, antierməni təbliğatı yalnız bayram və matəm günlərində həyata keçirdikləri tədbirlərdən ibarət olmasın. Diasporamızın fəaliyyəti nəticəsində il ərzində bütün internet resursları bu məsələyə cəlb edilsin. Ona görə də biz mütləq yeni texnologiyalar işləyib hazırlamalı, onu həyata keçirməliyik”. Milli QHT Forumunun prezidenti bir məqama da xüsusi diqqət yetirib. Bildirib ki, diaspor təşkilatları da öz növbəsində bu sahə ilə məşğul olan, bu istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqdan çəkinməməlidirlər: “Onlar diaspor sahəsində ixtisaslaşmış QHT-lərlə yaxından əməkdaşlıq etməli, birgə tədbirlər keçirməlidirlər”. Rauf Zeyni onu da deyib ki, son illər bu istiqamətdə müsbət tendensiya müşahidə edilməyə başlayıb: “Əgər əvvəlki illərdə hansısa bir xarici ölkəyə səfər etdikdə həmin ölkədə fəaliyyət göstərən diaspor təşkilatı görüşmək problemə çevrilirdisə, artıq belə mənfi hal o qədər də hiss edilmir. Onu da qeyd edim ki, belə mənfi halları bütün ölkələrdəki diaspor təşkilatlarına şamil etmək olmazdı”. Forumun prezidenti bildirib ki, istənilən halda yüksək nailiyyətlərə imza atmaq üçün bütün təşkilat və qurumların birgə əməkdaşlığı zəruridir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 25-27 oktyabr.- S.3.