Kinoya qayğı artırılmalıdır
Rafael Hüseynov:
“Futbolumuz dünya
arenasında
hansı vəziyyətdədirsə, kino da o
vəziyyətdədir”
Artıq bir neçə ildir ki,
“Yaradıcılıq təşkilatları (ittifaqları) və
yaradıcı şəxslər haqqında” qanunun
qəbulu ətrafında müzakirələr aparılır.
Hazırda ortada belə bir
qanun layihəsinin olmasına baxmayaraq sənədin parlamentin
müzakirəsinə çıxarılması mümkünsüz olub. Buna səbəb kimi
yaradıcı təşkilatlar və yaradıcı şəxslər
anlayışı ətrafında fikir
ayrılığının olduğu
göstərilir. Maraqlıdır, hazırda sözügedən
qanunla bağlı vəziyyət nə
yerdədir?
Müsahibimiz Milli Məclisin mədəniyyət
komitəsinin sədr müavini Rafael Hüseynovdur.
- Rafael müəllim, Milli Məclisin mədəniyyət komitəsinin 2014-cü il payız sessiyası ilə bağlı ilk iclasında yenə də “Yaradıcılıq təşkilatları (ittifaqları) və yaradıcı şəxslər haqqında” qanun layihəsinin qəbulu məsələm gündəmə gəldi. Komitə üzvlərinin əksəriyyəti bir daha həmin sənədin qəbulunun vacibliyini vurğuladı. Elə isə bu qanunun qəbuluna maneçilik törədən amillər hansılardır?
- Hesab
edirəm ki, adıçəkilən qanunun müzakirələrə
çıxarılaraq qəbuluna ciddi ehtiyac var. Mən
həmin qanun layihəsi gündəmə
gətiriləndə yox, hər il büdcə layihələri müzakirə
ediləndə də deyirəm ki, mədəniyyət
Azərbaycan üçün ölkə olaraq, xalq olaraq
digər bütün sahələrdən tam fərqlidir. Mən həmişə
bunu da deyirəm ki, məsələn, dünyanın qəbul olunmuş büdcə siyasətində əvvəldə
sənaye, kənd təsərrüfatı, nə bilim filan-filan gəlir, ən
axırda isə ümumi struktura
görə mədəniyyət gəlir. Amma
o da var
ki, Azərbaycan mədəniyyəti yerinə
görə bizdən ötrü kənd təsərrüfatından
da, iqtisadiyyatın müxtəlif sahələrindən
də qabaqda dayanır. Mədəniyyət
Azərbaycanı dünyada ən yüksək
səviyyədə təbliğ edib,
tanıda bilir. Ona
görə də mədəniyyətin ayrı-ayrı sahələri
ilə bağlı ayrıca sahəvi qanunlar
olmalıdır. Eyni zamanda,
o da məlumdur ki, yaradıcı təşkilatlar iki kateqoriyadır, iki cürdür. Biri dövlətin vaxtilə yaratdığı,
dövlətin dəstək göstərdiyi və ənənəsi
olan yaradıcı təşkilatlardır,
məsələn, Yazıçılar Birliyi,
Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı və
sair, biri də sonradan, əsasən müstəqillik illərində,
son dövrlərdə yaranan
təşkilatlardır. Hesab edirəm
ki, bunlar bir-birindən
fərqləndirilməlidir və ənənəsi, tarixi olan yaradıcı təşkilatların
hər birinə dövlət tərəfindən daim dəstək olmalıdır. Düzdür, onlar da mahiyyəti etibarı ilə qeyri-hökumət
təşkilatlarıdır, sərbəstdirlər, müstəqildirlər,
ancaq onlar digər
qeyri-hökumət təşkilatlarından fərqli olaraq, tarixi, ənənəsi
olan təşkilatlardır. Ona qalanda Milli
Elmlər Akademiyası da qeyri-hökumət
təşkilatıdır. O da
yaradıcı təşkilatdır mahiyyət etibarilə. İndi onu da
buraxaq Allahın umuduna?
Axı, biz bunları uzun
illər öncə minbir əziyyətlə
yaratmışıq, güc-bəla ilə qoruyub
saxlamışıq! Hamısı tarixin
bizə bağışladığı töhfələrdir.
Sovet quruluşunun içərisində çox şeyləri itirmişik,
ancaq eyni zamanda, bunları da
qazanmışıq. İndi onları itirə
bilmərik axı. Onlara qayğı
mütləq səviyyədə olmalıdır və bu baxımdan hesab edirəm
ki, sözügedən qanunun
qəbuluna ciddi ehtiyac
var.
- Hazırda “Kinematoqrafiya haqqında” qanunun yeniləşdirilməsi məsələsi də ciddi müzakirə predmetinə çevrilib. Bu qanunla bağlı vəziyyət nə yerdədir?
- Şəxsən mən
də belə hesab edirəm ki, həmin qanunun tamamilə
yeniləşdirilməsi, dövrün,
zamanın reallıqlarına uyğunlaşdırılması
lazımdır. Bunlara da ciddi ehtiyac duyulur. Özü də düşünürəm ki, kinoya olan,
bundan sonra ediləcək
imtiyazların çoxusu da
məhz bu Kinemotoqrafçılar
İttifaqının vasitəsilə gerçəkləşməlidir.
Çünki çoxlu
özəl, müstəqil kino
qurumları yaranıb, ayrı-ayrı studiyalar
var, fəaliyyət göstərirlər.
Təbii ki, onlara da mütləq qayğı göstərilməlidir
və bu məsələdə qonşu ölkələrin, məsələn,
Gürcüstanın, həmçinin, Ukraynanın, Belorusun, digər respublikaların təcrübəsinə
baxmaq lazımdır. Yeri
gəlmişkən, kinomuz az
qala dünya kinosu ilə yaşıddır, Azərbaycan kinosunun yaxşı ənənələri də
var. Baxmayaraq ki, dünya
festivallarında, nüfuzlu müsabiqələrdə
təmsil olunan ayrı-ayrı filmlərimiz
də var, ayrı-ayrı istedadlı
insanlarımız da var,
ancaq deyə bilmirik və
bilmərik ki, bizim kinomuz bu saat
yüksək bir səviyyədədir. Belə
demək mümkünsə, futbolumuz dünya arenasında, dünyanın böyük futbolu ilə
müqayisədə hansı vəziyyətdədirsə, kino da o
cür vəziyyətdədir. Bu, bir az acınacaqlıdır.
Əslində bizim potensialımız, ənənəmiz
var və kinomuzu ayağa qaldırmaq üçün
də dövlət tərəfindən dəstəyin verilməsinin,
bununla bağlı vacib
məqamların bizə təqdim olunmuş
məlum qanun layihəsində əks
olunmasının tərəfdarıyam. Məsələn,
bizim kinostudiyada “Azanfilm” və orada Elçin adlı yüksək səviyyəli
multiplikatorumuz var. Həm
nadir bir sənətdir,
həm də Elçin gözəl
yaradıcıdır. Sadəcə, imkan yaratmaq lazımdır ki, onun məktəbi olsun.
Kasıb Ermənistan, kasıb ermənilər belə bir məktəb yaradıblar, ancaq
biz bunu etməmişik.
Bunu etmək lazımdır. Yəni,
multliplikasiyanın, animasiya filmlərinin
inkişafı üçün dövlətin
xüsusi qayğısı
olmalıdır, vəsaitlər ayrılmalıdır. Bu baxımdan düşünürəm ki, bizə təqdim olunan qanun layihəsi üzərində işlənməli
şeylər çoxdur, həmin varianta əl gəzdirməyə ehtiyac var. Onu
bir az da
təkmilləşdirmək olar. Amma mənim əsas təməl ideyam ondan ibarətdir ki, kino bizim
üçün həddindən artıq vacibdir və hələ zamanında Lenin boş yerə deməmişdi
ki, bütün incəsənətlərdən
bizim üçün
ən vacibi kinodur. O bilirdi nə deyirdi. İndi sag olsaydı, deyərdi,
televiziyadır, filandır. Ona görə
kinoya nə qədər qayğı
göstəmək lazımdırsa, onu dəstəkləyəcəyik
və şəxsən mən də istənilən səviyyədə
onu müdafiə edəcəyəm.
Alim
Olaylar.- 2014.- 25-27 oktyabr.- S.4.