Diaspor təşkilatlarının

fəaliyyətinin əlaqələndirilməsi

 

Heydər Əliyev: “Harada olursa-olsun azərbaycanlıların

birlikdə, bərabər olması əsas şərtlərdən biridir”

 

Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar oldu və dönməz xarakter aldı. Lakin tarix boyu ictimai-siyasi proseslər elə gətirdi ki, azərbaycanlıların bir hissəsi əzəli ərazilərimizi tərk edərək planetin müxtəlif ölkələrində məskunlaşdılar və diaspora şəklində fəaliyyətə başladılar. Azərbaycanla olan əlaqələrini qoparmadılar. Çünki dünya azərbaycanlılarında milli şüurun güclənməsində üumummilli lider Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyətinin də xüsusi rolu olub. Həmvətənlərimiz milli liderimizin dünya miqyaslı siyasi fəaliyyətini milli idrak və xarakterin parlaq təzahürü kimi qəbul edir, xalqımızın özünə inamı, özünüdərki və mütəşəkkilliyi güclənirdi.

Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra xarici ölkələrdə ayrı-ayrılıqda fəaliyyət göstərən çoxsaylı cəmiyyət və birliklər iş birliyi naminə bir araya gələrək Azərbaycan federal birlikləri yaratmağa başladılar. Bunların sırasında Ümumrusiya Azərbaycan Konqresini, Ukrayna Azərbaycanlıları Konqresini, Almaniya Azərbaycan cəmiyyətləri Federasiyasını, İsveç - Azərbaycan Federasiyasını, Qazaxıstan, Qırğızıstan və Özbəkistan azərbaycanlılarının “Turan” Konqresini və Qırğızıstanda “Azəri” İctimai Birliyini nümunə göstərmək olar. Bu cəmiyyət və birliklər fəaliyyət göstərdikləri ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həmvətənlərimizin təşkilatlanması, onların tarixi Vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görə biliblər. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun daha mütəşəkkill qüvvəyə çevrilməsinə nail olmaq məqsədilə yeni cəmiyyət və birliklərin yaradılmasına ardıcıl olaraq diqqət yetirməkdədir. Nəticədə yeni icma və birliklərin yaradılması tendensiyası digər ölkələri də əhatə etmiş və Belarus Azərbaycan İcmaları Konqresi, Moldova Azərbaycanlıları Konqresi, Özbəkistan Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası, Azərbaycan-Norveç Assosasiyası öz qüvvələrini bir mərkəzdə birləşdirmək əzmində olaraq bu sıraya qatılıblar. Bu Federal birliklər Azərbaycan diasporunun təşkilatlanması və fəallığının artırılması üçün zəruri və mümkün tədbirləri görür və üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır. Aparılmış məqsədyönlü işlər nəticəsində 2004-cü ildə Avropada, Şimali Amerikada, MDB məkanında və bir çox ölkələrdə o cümlədən, Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 40-a yaxın yeni Azərbaycan icmaları yaradıldı. Yeni Azərbaycan icma və bilikləri təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir. Diasporla İş üzrə Dövlət Komitəsi yeni icma və birliklərin yaradılması məsələsinə xüsus diqqət yetirir. Burada əsas strateji məqsəd, ümummilli liderimiz Heydər Əliyevin müəyənləşdirdiyi xəttə uyğun olaraq, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının vahid bir mərkəzdə birləşdirilməsinə müvəffəq olmaqdan ibarətdir. Komitə ilkin mərhələdə müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları icma və birliklərdə birləşdirməyə, daha sonra isə bu icma və birlikləri vahid təşkilata cəlb etməyə çalışır. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması və müvafiq qanunun qəbul olunması ilə Azərbaycan diasporunun fəaliyyətinin koordinasiya olunması işi öz həllini tapdı. Bu hal, eyni zamanda, ölkəmizin xarici siyasətində uğurlar əldə etməsində də özünü göstərdi. Uğurlu xarici siyasətin həyata keçirilməsi dövlətçiliyin inkişafının təməl prinsiplərindən biri olduğuna görə, Azərbaycan bu amilə xüsusi önəm verir.

 

Vahid strategiya prinsipi

 

Azərbaycan diasporunun Azərbaycan dövləti ilə birgə və qarşılıqlı fəaliyyəti Azərbaycanın yenidən müstəqilliyinə qovuşması və ümummillli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə əlaqədardır. Məhz ümummilli liderin Azərbaycan rəhbərliyinə 1993-cü ildə ikinci dəfə qayıtmasından sonra, ölkəmizin diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşdi; diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə - 1991-ci ilin 16 dekabrında dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Həmin qərar bütün dünyada yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyətə malik oldu, birlik ideyasının reallaşması istiqamətində stimula çevrildi. Azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən Heydər Əliyev xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələlərini diqqət mərkəzində saxlayırdı. Ulu öndər xarici ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirər, onların problem və qayğıları ilə yaxından maraqlanar, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verərdi. “Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir” - deyə ulu öndər bildirdi. Həmin məqsədyönlü siyasətin ən yaxşı nümunəsi kimi Prezident İlham Əliyevin timsalında Azərbaycan diasporu artıq daha geniş və əhatəli fəaliyyət göstərir. Formalaşmış və tam təşkilatlanmış diasporumuz indi praktiki işlər görmək mərhələsindədir. Bu mərhələnin də özünəməxsus çətinlikləri və mürəkkəblikləri var. Demək olar ki, diaspor təşkilatlarımıza siyasi cəhətdən yetkin insanlar rəhbərlik edir, bu qurumlarda getdikcə siyasi və ideoloji cəhətdən daha hazırlıqlı insanlar cəmləşir. Onlar yaşadıqları ölkələrdəki siyasi proseslərə, eləcə də dünya siyasəti müstəvisində baş verənlərə Azərbaycanın maraqları baxımından reaksiya verə bilirlər. Azərbaycan diaspor təşkilatları artıq müasir iş üsulları ilə çalışırlar, inkişaf etmiş informasiya texnologiyalarını öz fəaliyyətlərinə tətbiq edirlər. Bu da Azərbaycanın haqq səsinin daha geniş və əhatəli duyulmasına şərait yaradır. Artıq Azərbaycanın qarşılaşdığı problemlər dünya ictimaiyyətinə daha tez çatdırılır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diasporumuzun əvəzsiz rolu var. Dünyadakı Azərbaycan diasporunu azərbaycançılıq məfkurəsi ətrafında birləşdirən Ulu öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyev də diaspor quruculuğuna ən mühüm məsələlərdən biri kimi yanaşır. Bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkir, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulayıb. Azərbaycan diasporunun vəziyyəti, inkişafı və dünyada real gücə, söz sahibinə çevrilməsi dövlət başçısının daim diqqətindədir. Diasporla İş üzrə Dövlət Komitəsi prezident İlham Əliyevin tövsiyələri əsasında diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrinin gücləndirilməsi sahəsində müntəzəm tədbirlər həyata keçirir. Təbii ki, müasir dövrdə diaspor quruculuğu konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli prosesdir. Xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi istiqamətində hələ çox işlər görməyə ehtiyac var. Prezident İlham Əliyevin bu sahədə ardıcıl, məqsədyönlü və prinsipial siyasət aparması nəticəsində qarşıdakı illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəcək. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini layiqincə qoruyur, ümummilli problemlərin həllinə nail olur, öz dilini, mədəniyyətini, tarixini lazımi səviyyədə təbliğ edir. 2003-cü ildən diaspor quruculuğu siyasətini yeni dünya nizamının gerçəkliklərinə uyğun davam etdirən Azərbaycan prezidenti ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli mənəvi dəyərlər sistemi ətrafında birləşməsinə, onların malik olduğu böyük potensialın ümummilli problemlərinin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirib. Diaspora və dövlətimizin işbirliyi Azərbaycanın bir daha doğru yolda olmasından xəbər verir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 29 oktyabr.- S.3.