Litvada Azərbaycana qarşı tətbiq olunan ikili standartlar diasporumuzu ciddi narahat edir
Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri Mahir Həmzəyev bildirib ki, avqustun 11-də Litvanın nüfuzlu media vasitələrindən
biri olan www.balsas.lt xəbərlər portalında
"Qarabağda yenidən
güclənən atəşlərin
arxasında Moskvanın
maraq savaşı görünür..." başlığı
altında Litva Azərbaycanlıları Cəmiyyətinin
sədri Mahir Həmzəyevin politoloji təhlil yönümlü
müsahibəsi yerləşdirilmişdir.
Litvaca işıq üzü görmüş
müsahibə "Litva
- Azərbaycan" Assosiasiyası
İdarə Heyətinin
üzvü, tanınmış
Litva publisisti, siyasi şərhçi və Litva televiziyasında
müəllif proqramının
aparıcısı Tomas
Çivas tərəfindən
götürülmüşdür: "Müsahibədə Ermənistan
dövlətinin işğalçı
siyasətinə aid, eləcə də Ermənistan - Azərbaycan
münasibətləri və
Qarabağ münaqişəsinə
dair bir sıra açıqlamalar
və geosiyasi amillərlə yanaşı,
sözügedən kontekstdə
Litva Seymində vaxtaşırı atılan
qeyri konstruktiv addımlar və bəzi Litva rəsmilərinin açıqca
ermənipərəst mövqe
tutmaları ilə bağlı məsələlər
də qaldırılmışdır.
Deyilənlərə əyani
misal olaraq Litva Respublikası Seyminin 10 may 2012-ci il tarixli iclasının
gündəminə salınmış
"Dağlıq Qarabağ
münaqişəsinin sülh
yolu ilə həll olunması barədə" Rezolyusiya
layihəsinin millət
vəkilləri tərəfindən
rədd edilməsi,
2013-cü ilin mart ayında Seymdə "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun yaradılması,
2013-cü ilin avqust ayında ermənipərəst
Litva diplomatlarının
Qarabağ münaqişəsi
ilə bağlı internetdə yayılan gizli telefon danışıqları
və sairə bu kimi faktlar
həmin publikasiyada bir daha Litva
siyasi dairələrinin
və geniş ictimaiyyətin diqqətinə
çatdırılmış, belə yönümlü fəaliyyətin qeyri-konstruktiv
səciyyəsi və
siyasi zərəri açıqlanmışdır (Litva Seymində "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun sədri, Litva millət vəkili Dalya Kuoditenin "Dağlıq
Qarabağ Respublikası"na
etdiyi qanunsuz səfər publikasiyada xatırlanmır. Belə ki, səfər 2014-cü ilin sentyabr ayında
baş tutduğu üçün bu fakt müsahibəyə düşməmişdir. - M.H.). Xüsusi olaraq qeyd etmek lazımdır
ki, Dağlıq Qarabağ probleminin həllində bəzi rəsmi Litva qüvvələri tərəfindən
Azərbaycana qarşı
ikili standartlar nümayiş etdirilməsi
məsələsi sözügedən
müsahibədə ilk
dəfə olaraq açıq şəkildə
Litvada ictimai-siyasi gündəmə gətirilmiş
və faktlarla əsaslandırılmış formada ölkənin ictimai diskursunda müzakirəyə çıxarılmışdır.
Belə ki, həmin müsahibədə
birmənalı şəkildə
işarə olunmuşdur
ki, Litva dövləti Avropa Birliyinin və NATO hərbi alyansının üzvü olaraq Qərb ölkələri
tərəfindən Ukrayna
olayları ilə bağlı hazırda Rusiyaya qarşı tətbiq edilən siyasi və iqtisadi sanksiyalara fəal surətdə dəstək verməsinə
baxmayaraq Ermənistanla
ikitərəfli hərbi
əməkdaşlıq əlaqələrini
gücləndirməkdə davam edir. Hərçənd
ki, NATO hərbi bloku xeyli müddətdir
ki, Rusiyanı işğalçı əməllərinə
görə qeyri-dost dövlət kimi dəyərləndirir və
onunla hərbi əməkdaşlıq sahəsindəki
münasibətlərdə əsaslı dəyişikliklər
edir. Ermənistan isə qeyri-müstəqil
bir ölkə kimi uzun illərdir
ki, təcavüzkar Rusiyanın əlaltısı
və geosiyasi müttəfiqi olaraq hərəkət edir. Belə olan vəziyyətdə Litvanın
Ermənistana hərbi
sahədə əməli
dəstək verməsi
ən azından təəccüb doğurur
və təzadlı hisslər oyadır. Bu fikirlər və ümumiləşdirmələr
sözügedən müsahibədə
konkret formada ehtiva olunmuşdur. Litva tərəfindən sözügedən istiqamətdə
ikili standartlar tətbiq edilməsi məsələsinin təfsilatları
ilə daha yaxından tanış olmaq üçün qeyd etmək vacibdir ki, Litvanın
Ermənistanla ikitərəfli
hərbi əməkdaşlıq
əlaqələri bu
dövlətlər arasında
24 iyun 2002-ci ildə imzalanmış saziş əsasında həyata keçirilir. Bu sazişin imzalanmasından
sonra ötən müddət ərzində
Litvanın milli təhlükəsizlik durumu
və geosiyasi vəziyyəti tamamilə
başqa qlobal müstəviyə keçmişdir.
Belə ki, Litva 29 mart 2004-cü ildə NATO alyansına, 1 may 2004-cü ildə isə Avropa Birliyinə üzv olaraq qəbul olundu. Buna baxmayaraq
24 iyun 2012-ci ildə Litva Respublikasının müdafiə naziri Rasa Yuknyaviçenenin Yerevana rəsmi səfəri zamanı Litva ilə Ermənistan müdafiə
nazirlikləri arasında
ikitərəfli hərbi
əməkdaşlıq haqqında
yenilənmiş saziş
imzalanmışdır. 8 sentyabr
2004-cü ildə Ermənistanla
Litva arasında erməni hərbçilərinin
Litva Hərbi Akademiyasında təhsil alması barədə Vilnüsdə ikitərəfli
müqavilə imzalanmışdır.
Həmin müqaviləyə
əsasən Ermənistan
hərbçiləri Litva
tərəfindən ayrılmış
vəsait hesabına
2004-cü ilin sentyabr ayından başlayaraq Litvanın ali hərbi məktəblərində
təhsil alırlar. Bununla yanaşı erməni hərbi həkimləri 2008-ci ildən
etibarən Litvanın
ali hərbi tibb kurslarında oxuyurlar, erməni müdavimləri isə
2010-cu ildən bəri
Litva ordusunun hərbi məktəblərində
təlimatçı kurslarında
təlim keçirlər.
Bütün bu təhsil və təlim kursları Litva dövlətinin büdcəsi hesabına yerinə yetirilir. Ölkələrin ikitərəfli
hərbi əməkdaşlıq
sazişi tərəflərin
hər il razılaşdırıb imzaladıqları
konkret plan üzrə həyata keçirilir. Göstərilən
sazişlərə əsasən
Litva Ermənistan sülhməramlı batalyonlarının
yaradılması işində,
Ermənistanda serjant və zabit kadrları
hazırlayan təhsil
sisteminin yenidən qurulması sahəsində
məsləhətçi qismində
çıxış edir. Litva özünün hərbi müdafiə konsepsiyasının
formalaşdırılması sahəsində əldə
etdiyi təcrübəni
Ermənistanla bölüşür
və Ermənistan hərbçilərini birgə
hərbi təlimlərdə
iştirak etmək üçün Litvaya dəvət edir. Litva və Ermənistan
kibernetik təhlükəsizlik,
internet hücumlarından
müdafiə məsələləri,
insan resurslarının
idarə edilməsi, enerji təhlükəsizliyi
və digər sahələrdə də əməkdaşlıq edir.
Litva Ermənistanla həm də çoxtərəfli əlaqələr
formatında hərbi sahədə əməkdaşlıq
edir. Belə ki, Litva Ermənistanın
NATO ilə fərdi partnyorluq proqramının
həyata keçirilməsinə
əməli dəstək
verir, həmçinin
Ermənistanın hərbi
hazırlıq və müdafiə sisteminin NATO
standartlarına uyğun
şəkildə qurulması
işi üzrə
NATO alyansının rəhbərliyi
altında fəaliyyət
göstərən ekspertlər
qrupunda çalışır.
Doğrudur, Litva Ermənistanla yanaşı
bir sıra digər dövlətlərlə
də ikitərəfli
hərbi əməkdaşlıq
barədə sazişlər
bağlayıbdır. Məsələn,
2000-ci ildə Ukrayna ilə, 2001-ci ildə Gürcüstan və Belarusla, 2002-ci ildə Özbəkistan və Azərbaycanla, 2006-cı ildə
Moldova ilə, 2008-ci ildə
Qırğızıstan və
Qazaxıstanla, eləcə
də daha bir neçə ölkə ilə belə müqavilələr
imzalanmışdır. Lakin
əsas məsələ
burasındadır ki, Ermənistandan fərqli olaraq indi sadaladığımız
ölkələr təcavüzkar
siyasət yürütmürlər
və qonşu dövlətin ərazilərini
işğal etməyiblər.
Ermənistanın müdafiə
naziri Seyran Ohanyan axırıncı dəfə Litvada 18-19 aprel 2013-cü il tarixində rəsmi səfərdə olmuşdur.
Erməni naziri o zaman Vilnüsdə Litvanın müdafiə naziri Yuozas Olekas
ilə görüşərək
həm ikitərəfli
hərbi əməkdaşlıq
əlaqələrinin daha
da gücləndirilməsi,
həm də Ermənistanın NATO və
Avropa Birliyi ilə partnyorluq münasibətlərinin inkişaf
etdirilməsi ilə bağlı mühüm məsələləri müzakirə
etmiş, regionlarda təhlükəsizliyin durumu
və Ermənistanın
beynəlxalq hərbi əməliyyatlara qoşulması
barədə fikir mübadiləsi aparmışdır.
Sözügedən
səfərin proqramı
çərçivəsində Seyran Ohanyan Vilnüsdə general Yonas Jemaytis adına Litva Hərbi Akademiyanın rəhbərliyi ilə də görüşmüşdür.
Bu Akademiyada sözügedən ikitərəfli
hərbi əməkdaşlıq
əlaqələri çərçivəsində
2013-cü ilədək Ermənistan
ordusunun 25 zabiti təhsil almış, 14 hərbçisi isə qərargah zabitlərinin hazırlanması üzrə
təlim kurslarını
bitirmişdir.
O zaman Litva və Ermənistanın
müdafiə nazirləri
Ermənistan hərbçilərinə
Litvada hərbi təhsil almaq üçün göstərilən
maliyyə yardımının
davam etdirilməsi barədə razılığa
gəldilər. Belə
ki, Litva tərəfi yaxın gələcəkdə də
Ermənistan ordusunun zabit və serjantlarını
Litva Hərbi Akademiyasında, Litva ordusunun hərbi məktəbində və
Litvanın hərbi tibb xidməti kurslarında təlim almağa dəvət edəcək. Bunlardan əlavə o vaxt qərara alındı ki, Estoniyanın Tartu şəhərində
Baltik Müdafiə Kollecində (Baltic Defence College) oxuyan Ermənistan zabitlərinin təhsil haqqlarını bundan sonra da Litva
tərəfi tamamilə
ödəyərəcəkdir.
Ermənistanın
müdafiə naziri həmin səfər çərçivəsində Litva Respublikasının Seymində oldu. Nazir S. Ohanyan, Ermənistanın Litvadakı
səfiri Ara Ayvazyan və müşayət edən rəsmi şəxslər
Seymin Vitse-spikeri və Avropa İşləri Komitəsinin
sədri Gediminas Kirkilasla, Seymin Milli Təhlükəsizlik
və Müdafiə Komitəsinin sədri Arturas Paulauskasla, habelə digər millət vəkilləri ilə görüşdülər,
qarşılıqlı maraq
kəsb edən xarici siyasət məsələlərinə dair,
eləcə də hərbi müdafiə və təhlükəsizlik
sahələrində parlamentlərarası
əməkdaşlıq barədə
geniş fikir mübadiləsi apardılar.
Xüsusilə
vurğulamaq istərdik
ki, Ermənistan müdafiə nazirinin başçılıq etdiyi
rəsmi nümayəndə
heyəti Litva Parlamentində olarkən burada Seymin "Dağlıq Qarabağla parlament dostluq qrupu"nun üzvləri ilə də görüşmüş və
"Dağlıq Qarabağ
Respublikası" ilə
Litva Seymi arasında yaradılmış
əlaqələrin inkişaf
perspektivlərini və
qarşıda duran vəzifələri müzakirə
etmişlər.
Göstərilən faktlar və təqdim olunmuş ümumiləşdirmələrlə bağlı qeyd etmək istərdik ki, Litva azərbaycanlıları bəzi rəsmi Litva qüvvələri tərəfindən Qarabağ probleminin həllində Azərbaycana qarşı ikili standartların tətbiq edilməsi ilə heç vaxt razılaşmayacaq. Odur ki, Cəmiyyət bundan sonra da sözügedən istiqamətdə davamlı olaraq adekvat tədbirlər görmək və siyasi addımlar atmaq əzmindədir".
Olaylar (internet versiyası).- 2014.- 3 oktyabr.