“50 milyonluq
böyük bir
xalq olduğumuzu dərk edirik”
Akif
Əli: “Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması
işinin
əsası Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulub”
Vətəndən
kənarda yaşayan soydaşlarımız Vətən həsrətini
doğma eldən gələn xəbərlərlə ovudur.
Televiziya, mətbuat vasitəsilə olsa da, göz
atdıqları bir xəbər,
duyduqları bir səs yetərli olur. Bu baxımdan
İTV-nin efirində yayımlanan “Vətənin səsi”
proqramı yurdun sədasını ölkəmizin
hüdudlarından kənarda yaşayan soydaşlarımıza,
onların səsini isə doğma ellərə
ötürür. Bu səsi çatdırmaqda soydaşlarımıza elçi
olan, proqramın müəllifi və aparıcısı,
yazıçı-publisist, filologiya üzrə fəlsəfə
doktoru Akif Əli ilə söhbətləşdik.
-Akif
müəllim, Vətəndən kənarda yaşayan milyonlarla
azərbaycanlını bir araya gətirən “Vətənin səsi”
proqramı ilə efirə çıxırsınız. Necə
oldu ki, bu veriliş ərsəyə gəldi?
-İctimai Televiziyanın efirində əvvəllər
xaricdə yaşayan azərbaycanlıların həyatı ilə
bağlı “Qərib axşamlar” adlı proqram təqdim olunurdu.
Müəyyən müddət
efirə gedən veriliş öz auditoriyasını toplamışdı.
Ancaq əbədi heç
nə yoxdur, həyat bir
yerdə dayanmır, zamanla hər şey dəyişir. Xüsusən müasir dövrdə informasiya
texnologiyaları sürətlə inkişaf
etdikcə, müxtəlif yeni məqamlar, yeni tələblər ortaya
çıxır. Ona görə İTV-nin rəhbərliyi qərara
almışdı ki, bu
proqramı da zamana uyğun bir qədər
yeniləşdirsin. Bu verilişi
aparmaq mənə təkif olundu.
Mövzunun maraqlı olduğunu
bildirdim, ancaq vaxtilə
AzTv-dəki təcrübəmə
əsaslanaraq, verilişə müəyyən dəyişikliklər
də təklif etdim. Müasir Azərbaycan
adamının simasını efirdə daha
dolğun əks etdirmək, azərbaycanlı
obrazını dünyaya daha
yüksək səviyyədə tanıtmaq baxımından mövzuya yanaşma üslubu, dövlətçilik mövqeyi,
çıxışçılar və musiqili
qonaqlar kontinqentinin
seçilməsi, aparıcılıq manerası və s. ilə bağlı müəyyən təkliflərim
oldu. Razılaşdılar. Müasir
dövrdə xaricdəki soydaşlarımızın heç də qərib durumda,
bədbin, küskün, boynuburuq
vəziyyətdə
olmadığı düşüncəsi ilə daha nikbin, daha
işıqlı “Vətənin səsi” adını təklif
etdim, o da qəbul olundu… Artıq beşinci aydır veriliş
efirdədir və hələ ki,
müsbət rəylər alırıq. Azərbaycanın
görkəmli ziyalıları ölkəmiz üçün
çox əhəmiyyətli maarifləndirici
proqram olduğunu
bildirirlər. “Vətənin səsi” dünya
azərbaycanlılarına ünvanlandığı üçün efirin
vaxtı da xaricdəki saata
uyğun nəzərdə tutulub.
-Xaricdə yaşayan həmvətənlərimizlə ünsiyyətdə olmaq, yaxından əlaqələr qurmaq hansı duyğuları yaşadır?
- Azərbaycan imperiya dövründə dəmir darvazalarla bağlı olduğundan
əvvəllər xaricdə yaşayan
soydaşlarımızla əlaqələrimiz olmayıb. Biz sadəcə onu
bilmişik ki, Azərbaycanda yaşayan
bir necə milyonluq
millət deyilik, xaricdə də həmvətənimiz var. İndi Azərbaycan öz siyasətini özü
müəyyənləşdirən tam
müstəqil bir dövlət kimi, xaricdə yaşayan soydaşlarla mütəmadi əlaqə
yaradır. Diasporamızla bağlı çox
ciddi dövlət siyasəti mövcuddur. Bu siyasətin
əsasında Ulu öndər Heydər
Əliyevin vaxtilə işləyib hazırladığı azərbaycançılıq
ideyası durur. Azərbaycan dövlətinin
xarici siyasətinin əsas prioritetlərindən
biri Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasıdır. Bu yaxınlarda cənab prezident
İlham Əliyev diplomatik
nümayəndəliklərimizin rəhbərləri ilə geniş müşavirə keçirdi.
Orada həmin prioritetləri
açıqlayaraq bildirdi ki,
biz Azərbaycanın həqiqətlərini
daha əzmlə, hücum
taktikası üslubunda dünyaya
çatdırmalıyıq. Bunun üçün diplomatlarımız, səfirliklərimiz
xaricdə yaşayan azərbaycanlılarla
- diaspor fəalları ilə sıx
işbirliyində çalışmalıdırlar. Azərbaycanın həqiqətlərini dünyaya çatdırmalı,
torpaqlarımızın işğal
altında olduğunu, bir
milyondan çox
qaçqın və məcburi köçkün
soydaşımızın olduğunu deməli
və Ermənistanın Azərbaycana qarşı ədalətsiz
hərəkətlərini, təcavüzkar siyasətini
hər yerdə ifşa etməliyik. İndi bu istiqamətdə
geniş arealda işlər
gedir.
-Sizcə, bu gün xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına nə mane olur?
-Bu çox böyük mövzudur. Artıq qeyd etdim ki, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması işinin əsası Ulu öndər tərəfindən qoyulub. Vaxtilə xarici səfərləri zamanı onun çox gərgin iş qrafiki olsa da, dövlət səviyyəsində görüşlərin siyahısına mütləq azərbaycanlılarla görüş də salınırdı. Və Ulu öndər həmin ölkələrdə yaşayan azərbaycanlıların nümayəndələrini qəbul edib onlarla ətraflı söhbətlər edir, birlik istiqamətində tövsiyyələrini verirdi. Azərbaycanın həqiqətlərini dünyaya yaymaqda vətənə kömək etməyi məsləhət görürdü. Bu iş sonralar get-gedə daha da sürətləndi. Artıq dövlətin bu sahədə siyasəti xüsusi Diaspora Komitəsi vasitəsilə yürüdülür. Soydaşlarımızın təşkilatlanması üçün Azərbaycan dövləti əlindən gələni edir. Bəzən müəyyən çətinliklər olur ki, bunlar da artıq azalmaq üzrədir. Açığı, bizdə belə bir mental şüur var ki, hərə özünü lider görmək istəyir. Ancaq zaman bunların hamısının aradan qaldırılmasını tələb edir. Bakıda keçirilən dünya azərbaycanlılarının qurultayları birliyimizə çox kömək edir. Qurultaylarda bütün dünyadan azərbaycanlılar gəlirlər, ünsiyyətdə olurlar. Bu isə birləşmə mexanizminə kömək edir. Mən bu sahədə nikbinəm. Dünya miqyasında tam birliyimiz məhz müstəqil Azərbaycan dövlətinin mövcudluğu ilə mümkündür. Odur ki, bizim üçün ən böyük dəyər Azərbaycanın müstəqilliyidir. Bütün dünya azərbaycanlıları müstəqilliyin qədrini bilib onun göz bəbəyi kimi qorunmasına xidmət etməlidir.
-Vaxtilə mühacirətdə yaşayanlarımızın fəaliyyətini nəzərə alsaq, Azərbaycanın diaspor fəaliyyətinin tarixi qədimdir. Sizcə, bu gün Azərbaycan diasporu keçdiyi inkişaf yoluna layiq şəkildə fəaliyyət göstərə bilirmi?
-Dünyada
yaşayan azərbaycanılar çoxdur və müxtəlif ölkələrə səpələniblər. Sovet hakimiyyəti illərində törədilən
repressiyalarla bağlı Azərbaycandan gedənlər çox
olub. Yaxud Cənubda yaşayan soydaşlarımız rejimin basqısından yurdu
tərk ediblər. Ancaq bu
proses diaspora hərəkatı
yox, daha çox siyasi mülahizələrə
görə mühacirət olub. Sərhədlər
bağlı olduğuna görə onlar bir daha
ölkə ilə əlaqə qura bilməyib,
qayıda bilməyiblər. Ancaq bu gün vəziyyət tam başqadır. Soydaşlarımız sərbəst
surətdə Vətənə gəlib-gedirlər. Xaricdə azərbaycanlı tələbələr oxuyur, mütəxəssislər
çalışır, ailələr köçüb
birləşiblər və s.Yəni bu gün azərbaycanlılar mühacirətdə
sıxıntı içində deyil, istədikləri
zaman Azərbaycana gəlir, əlaqə qururlar, yurda xidmət edirlər.
Əlbəttə, burada əsas rol dövlətin üzərindədir və
onların müasir tələblər səviyyəsində
Azərbaycana yardım üçün təşkilatlanmasına
yardım edir. Onu da deyim ki,
xaricdə yaşayan azərbaycanlılar təkcə
Azərbaycan türklərindən ibarət deyil.
Vaxtilə burada yaşamış müxtəlif
millətlərin nümayəndələri də Azərbaycana
sevgi ilə əllərindən gələn
köməyi əsirgəmir. Məsələn, buradan getmiş yəhudilər
Azərbacana çox dəstək verirlər.
Azərbaycanın dostu olan
bu adamlar bizim diaspor təşkilatları
ilə əlaqədə çalışırlar. Bu məqamda vaxtilə adını çəkmək
belə yasaq olan
türkiyəli qardaşlarımızın adı xüsusi qeyd olunmalıdr.
Türk diasporu ilə
Azərbaycan diasporu indi
bütün tədbirlərdə bir yerdədirlər. Türkiyə və Azərbaycan
bayrağı hər zaman yanaşı
ucalır. Artıq bu böyük
qüvvədir və bədxahlar özləri də bu qüvvəni görüb
çəkinirlər.
-Sizcə, xaricdə yaşayan həmvətənlərimizn ən çox üzləşdikləri problemlər hansılardır?
-Yerli
şəraitdən asılı olaraq hərəsinin
öz problemi ola bilər. Məskunlaşma ilə, işə
düzəlməklə bağlı… Bundan
başqa, müxtəlif mənəvi diskomfortlar,
psixoloji
sıxıntılar və mentalitet fərqi
də ola bilər. Əhatələrində
başqa xarakterli adamlar var, mühit,
şərait ayrıdır. Adaptasiya üçün yaşadığın yerin adət-ənələrini, dilini öyrənməlisən. Həm də
çalışmaq lazımdır digər xalqların
nümayəndələri kimi
yaşadığın yerdə dövlət strukturlarında,
bələdiyyələrdə, seçkili
orqanlarda özünə mövqe
tutasan. Uyğunlaşmaq
və sərbəst yaşamaq üçün ölkənin tarixini,
xalqın mentalitetini, mədəniyyətini,
adət-ənənəsini bilmək vacibdir.
Belə olanda öz vətəninə də daha
səmərəli xidmət göstərəcəksən… Bununla yanaşı öz
milli-mənəvi dəyərlərimizi də qoruyub-saxlamaq
vacibdir. İcma
daxilində və yaxud ailədə azərbaycançılıq
ideyasından çıxış edərək bizim mənəvi dəyərlərin
qorunmasına çalışılmalıdır. Uşaqlara ailə tərbiyəsi vermək,
süfrə mədəniyyətindən başlayaraq
hər özəlliyi öyrətmək lazımdır. Xüsusilə indiki qloballaşma dövründə azərbaycanlılar
milli-mənəvi dəyərlərindən muğayat
olmalı, başqa xalqların arasında assimilyasiyaya uğramamalıdırlar. Əlbəttə,
qloballaşmaya əks getmədən, bu prosesin dəyərli cəhətlərini
öz dəyərlərimizlə, əxlaq
və mənəviyyat normalarımızla
uzlaşdırmaq lazımdır. Biz qədim
mədəniyyətə malik, inkişaf etmiş müasir bir xalq olaraq
dünyanın ən yaxşı dəyərlərini dərk
etməli, münasib olanı qəbul etməliyik. Zamana uyğun olmayan dəyərlərimizi isə cəsarətlə
redaktə etməyi bacarmalıyıq. Bundan
çəkinmək lazım deyil. Ölkəmiz
multikultural tolerantlığı ilə məşhurdur.
Biz bu cəmiyyət modelini dünyaya nümunə
kimi təqim edə bilərik.
-Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bir-birinə inteqrasiyası ilə bağlı nə deyə bilərsiniz?
-“Vətənin səsi”
verilişini hazırlayanda müxtəlif insanlarla əlaqə zamanı görürəm
ki, xaricdə yaşayan
azərbaycanlılar üçün məkan
maneəsi yoxdur. Bir
ölkədə yaşayan
soydaşımız başqa bir ölkədə yaşayanla
çox yaxşı dostluq
əlaqəsindədir. Mütəmadi ünsiyyətləri var. Gedirlər, gəlirlər,
görüşürlər, danışırlar, məktublaşırlar,
internetdə yazışırlar... Danimarkada
yaşayan İspaniyada
yaşayanla, ABŞ-da
yaşayan Almaniyada yaşayanla isti münasibətdədir.
Bütün dünya
belə yaşayır, özünə qapanıb qalmaq
mənasızdır. Azərbaycan respublikasında yaşayan insanlar da bu gün
dünya ilə əlaqələrini
sıxlaşdırmalıdırlar. Belə əlaqələr
nə qədər çox olsa, öz həqiqətlərimizi
bir o qədər geniş yaya bilərik.
-Verilişlə bağlı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla ünsiyyətdə olursunuz, məlumatınız var. Xaricdə yaşayan soydaşlarımızın arasında hər bir azərbaycanlının qürur duya biləcəyi məqama yüksələnlər çoxdurmu?
-Ən böyük qürur duyulacaq məqam ondan ibarətdir
ki, biz 50 milyonluq xalq olduğumuzu artıq dərk edirik! Xaricdə yaşayan
azərbaycanılar arasında peşəsindən asılı olmayaraq
çox maraqlı insanlar
var. Bu insanlar
müxtəlif səbəblərdən xaricdə yaşasa da, Azərbaycanı unutmurlar.
Vətən naminə çalışırlar. Elə adamlar çoxdur və biz onlarla qürur
duyur, onların səsini Vətənin səsinə
qatırıq. Vaxtilə özünü
ifadə üçün şərait
yaradılmadığına görə ölkədən gedən
peşəkar kadrlar olub,
ona da təəssüflənirik. Amma bu gün ölkə prezidenti bütün dünya azərbaycanlılarının prezidenti kimi onların
hamısını Vətən üçün
faydalı iş görməyə dəvət
edir. Onlar da imkanları daxilində
o işi görürlər.
Xaricdə Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirənlər
kifayət qədər çoxdur. Öz bilikləri
ilə qabaqcıl ali məktəblərə
daxil olan qürurverici gənclərimiz var.
Yüksək səviyyəli yaradıcı isanlar,
sənət adamları, mətbuat işçiləri, həkimlər,
mühəndislər, alimlər var ki, onlar həqiqətən
də Azərbaycan üçün qürur mənbəyidir. Bu
gün Azərbaycan sürətlə inkişaf edir, eləcə
də diaspora quruculuğu
sahəsində fəaliyyətimiz genişlənir. Ulu öndərin vaxtilə uzaqgörənliklə
dediyi kimi, indi Azərbaycan həqiqətən dünyaya bir günəş
kimi doğmaqdadır.Və bunu təkcə özümüz
demirik. Bunu xaricdə yaşayan azərbaycanlılar da,
Azərbaycana gələn xarici qonaqlar da fəxrlə, qururla, heyrətlə deyirlər. Bizsə sadəcə
onların səsini Vətənin səsinə qataraq
İctimai Televiziyanın efirindən dünyaya yayırıq.
Olaylar.-
2014.- 4 sentyabr.- S.3.