Dünya azərbaycanlıları bir
amal
və məfkurə uğrunda sıx birləşir
Xarici ölkələrdəki
Azərbaycan diasporasının son zamanlarda
uğur
qazanması cəmiyyət və medianın da diqqətini cəlb
edir
Son
10 ildə Azərbaycan diasporasının fəaliyyətində
hissolunan canlanma yaranıb. Əvvəllər diaspor dedikdə
yalnız lokal təşkilatlar formasında mövcud olan, ətrafındakı
insanlardan başqa heç kimin tanımadığı qurumlar
yada düşürdü. İndi isə sistemli şəkildə
formalaşmış və fəaliyyət göstərən
diaspor təşkilatlarını görə bilirik. Xüsusilə,
2011-ci ildə üzdəniraq qonşularımızın
qondarma erməni soyqırımı məsələsini
müxtəlif ölkələrin parlamentlərinə
çıxarmaq istəyi Azərbaycan diaspora təşkilatlarının
öz aralarında, həmçinin Cənubi Azərbaycan və
Türkiyə diasporaları ilə birləşməsini
sürətləndirdi.
Azərbaycan hökumətinin xaricdə diaspor
qurumlarının təşkilatlanması işinə dəstəyini
də yüksək qiymətləndirilir. Dünya Azərbaycanlılarının
qurultayının keçirilməsi, xaricdə
lobbiçiliyin yaradılmasının dəstəklənməsi,
səfirliklərimizin getdikcə daha tez-tez diaspor təşkilatları
ilə birgə tədbirlər keçirməsi, xaricdə
oxumağa göndərilən tələbələrin
sayının artırılması Azərbaycan dövlətinin
diasporçuluk fəaliyyətinə ciddi marağından xəbər
verir. Dünyada 300-dək Azərbaycan icma
və birlikləri fəaliyyət göstərir, artıq
kifayət qədər diaspor təşkilatları
mövcuddur. İndiyədək həmin
qurumların Azərbaycanın milli
maraqlarının qorunması yönündə çoxlu çalışmaları olub. Azərbaycan dövləti də əsas
diqqət onların işinin keyfiyyətinə
verir və diqqətdə saxlayır.
Azərbaycan və Türkiyə diasporası
Xüsusilə milli məsələlərdə Azərbaycan və Türkiyə diasporasının əməkdaşlığı sevindiricidir. Azərbaycan prezidenti İlham Əliyevin “bir millətin iki diasporu ola bilməz” ifadəsi diaspor təşkilatlarının fəaliyyətində rəhbər tutduğu ali məramı və onun fəlsəfi əsaslarını təsvir edir və bir növ diaspor təşkilatlarına istiqamət verir. Hər iki dövlətin ali məqsədi ortaq tarixi keçmişə malik olan xalqlarımızın, bütövlükdə millətimizin həmrəyliyini təmin etmək və gücünü artırmaqdır. Bunun üçün hər iki ölkə bütün gücü və potensialı ilə çalışır. Müxtəlif konfranslar keçirirlər, digər diaspor və lobbi təşkilatları ilə əməkdaşlıq edir və müvafiq qurumlarla mütəmadi surətdə əlaqələr saxlayırlar. Nəticə etibarilə, dünya azərbaycanlılarının həmrəyliyi daha da möhkəmlənir, gücü və təsir imkanları daha da artır, diaspor təşkilatlarının fəaliyyəti real nailiyyətlərlə nəticələnir. Məhz bunun nəticəsidir ki, dünya azərbaycanlıları bir mərkəzdə, bir amal və məfkurə uğrunda daha sıx birləşir.
Mətbuat və diaspora
Xarici ölkələrdəki Azərbaycan
diasporasının son zamanlarda
uğur qazanması cəmiyyət və
medianın da diqqətini cəlb edir. Artıq Azərbaycanın media məkanında diasporamızın
uğurları barədə geniş materiallar dərc edilir və
bununla bağlı olan
ən sanballı materiallar cəmiyyətə
təqdim edilir. Əvvəlki illərlə
müqayisədə bu gün
KİV-də diaspor mövzusuna
xüsusi diqqət göstərilir. Diasporla İş üzrə
Dövlət Komitəsi mütəmadi olaraq
diaspor təşkilatlarının gördüyü işlərlə
bağlı xəbərləri mediada
yayır. Eyni zamanda media orqanları özləri fərdi olaraq diaspor mövzunda materialları dərc edirlər.
Xüsusən son illər Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi
KİV layihələri və fərdi jurnalist
yazıları ilə bağlı müsabiqələrdə diaspor mövzuna yer verilir. Fondun
elan etdiyi KİV layihələri
müsabiqəsində diaspor mövzusu istiqaməti üzrə qalib olan media
orqanları müxtəlif səpkili yazılar dərc edirlər.
Bu da nəticədə
diaspor mövzusunun
KİV-də daha çox
işıqlandırılmasına gətirib
çıxarır. Məhz bunun da nəticəsidir ki,
artıq, diaspordan yazan
jurnalistlər şəbəkəsi yaranıb. Amma diaspordan nə qədər
yazılsa da bu, kifayət
deyil. Biz bu mövzuya
diqqəti daha da
artırmalıyıq. Əslində biz diasporumuzu Azərbaycanda tanıtmaqla
yanaşı, onları yaşadıqları ölkələrdə
də tanıtmalıyıq. Çünki
xaricdə yaşayan elə azərbaycanlı
alimlər var ki,
onların elmi ixtiraları nəticəsində
yeni-yeni zavod və
müəssisələr açılıb. Hətta
onların ixtiraları Avropada, Amerikada qeydiyyatdan keçən
patentlərlə qorunur. Bir
çox xarici ölkələr bilməlidir ki, onların elmi,
texnikası, səhiyyəsi və s.
inkişafında azərbaycanlılar da öz töhfəsini verirlər. Biz öz
yazılarımızla diasporun məsuliyyətini
artırmalıyıq. Yəni yazılar elə verilməlidir ki, diaspor öz
məsuliyyətini hiss etsin.
Ümumiyyətlə, diasporumuz dövlət,
xalq qarşısında məsuliyyət hiss etməlidir. Azərbaycanı dünyada tanımaq işində dayanmadan, mütəmadi olaraq
fəaliyyətdə olmalıdır. Diasporumuz
özünü güclü,
müstəqil dövləti olan bir xalqın nümayəndəsi olaraq göstərməlidir. Bu
gün milli diasporumuzun güdən-günə
çiçəklənən Azərbaycan adlı ölkəsi
var. Dünya Azərbaycanlılarının III qurultayında Prezident İlham
Əliyevin dediyi kimi dünyada yaşayan bütün azərbaycanlılar həmişə
bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti
dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.
Diaspora və dövlətlərarası münasibətlər
Diasporun Azərbaycanın milli
maraqlarının qorunması və ölkə həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması ilə yanaşı, dövlətlərarası
münasibətlərin inkişafında özünəməxsus
rolu var. Əgər diaspor öz tarixini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini layiqincə tanıdırsa, yaşadığı ölkənin
istər yerli, istər rəsmi dairələrinin
diqqətini çəkmiş olur. Bunun üçün diaspor yaşadığı ölkənin ictimai-siyasi proseslərində fəallıq
göstərməlidir. Eyni zamanda inteqrasiya sürətini
artırmalıdır. Öz tədbirlərinə
yaşadığı ölkənin daha çox siyasi və akademik elitasını cəlb etməlidir. Belə
olduqda diaspor
yaşadığı ölkənin marağını qazanar. Xaricdə daimi yaşayan, işləyən, təhsil alan hər bir azərbaycanlı
bu kimi münasibətlərin
inkişafında əhəmiyyətli rol
oynayır. Bu münasibətləri inkişaf etdirmək üçün
o demək deyil ki, hər hansı diaspor təşkilatını
təmsil edəsən. Azərbaycandan kənarda yaşayan hər bir
soydaşımız diaspor məsuliyyəti
daşıyır.
Diasporanın məqsədi
Hər bir azərbaycanlı üçün həyatında ən müqəddəs amillərdən biri Azərbaycan dövləti olmalıdır. Ana vətən yalnız öz evimiz, ailəmiz demək deyil. Həmin ailənin, evin yaşanmasını təmin edən böyük bir məfhum var ki, o da dövlətçiliyimizdir. İstər ölkə daxilində, istərsə də xaricdə Azərbaycan adı gələndə özünü azərbaycanlı hesab edən, damarlarında azərbaycanlı qanı axan, hətta Azərbaycanı özünə dost sayan hər bir şəxs vahid bir qüvvə kimi birləşməlidir. İstənilən prizmadan yanaşdıqda Azərbaycan dövlətçiliyinin qorunması, inkişaf etdirilməsi hər bir Azərbaycan vətəndaşının borcudur. Azərbaycan dövləti bu gün hər bir vətəndaşın inkişafı üçün kifayət qədər şərait yaratmaqda, yeni-yeni layihələrin həyata keçirilməsinə nail olmaqdadır. Bu proses hər gün davam edir. Biz isə Azərbaycan dövlətçiliyi ətrafında birləşmişik. Çalışacağıq ki, Azərbaycan dövlətinin daha güclənməsi, möhkəmlənməsinə biz də öz töhfəmizi verək. Bu istiqamətdə xaricdə yaşayan azərbaycanlıların üzərinə daha çox yük düşür. Bu baxımdan müstəqil Azərbaycan Respublikası fəaliyyətinin ilk günündən diaspor sahəsində, xaricdəki soydaşlarımızın formalaşması istiqamətində səmərəli və məqsədyönlü addımlar atıb. Görülən işlər siyahısına 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması, Bakıda Dünya Azərbaycanlılarının Qurultaylarının təşkili, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının, Xaricdəki Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında qanunun qəbulu və s. aid etmək olar. Məhz atılan addımların məntiqi davamı kimi bu gün soydaşlarımız dünyanın demək olar ki, əksər ölkəsində cəmiyyət və ictimai birliklərin, qəzet və jurnalların, radio və televiziya orqanlarının, internet resurslarının yaradılmasına nail olub. Yalnız son zamanlar müxtəlif tarixi hadisələrin ildönümündə, tarixi həqiqətlərin obyektiv təbliğində Azərbaycan diasporunun təşkil etdiyi yürüşlər, keçirilən tədbirlər, mitinq və nümayişlər, müxtəlif səviyyəli görüşlər soydaşlarımızın gücünü, potensial təsir imkanlarını nümayiş etdirir. Bu gücün zamanla daha effektli olacağına inam böyükdür. Azərbaycan diasporunun inkişaf strategiyası düzgün və məhsuldar proqram üzrə aparılır.
Xocalı Soyqırımı və xaricdə yaşayan azərbaycanlılar
Azərbaycan
diasporunun son zamanlar, xüsusən də 26 fevral-Xocalı
Soyqırımının ildönümündə daha çox Amerika və Avropa ölkələrində,
o cümlədən Almaniya,
Böyük Britaniya,
İsveçrə, Avstriya və s. ölkələrdə nümayiş
etdirdiyi aktivlik hər
bir azərbaycanlını sevindirdi.
Əgər bir zamanlar soydaşlarımız yalnız həmin faciə barədə
məlumat verməklə kifayətlənirdisə, bu gün mitinq
və etiraz aksiyaları təşkil edir, hadisənin səbəblərini, ermənilərin
törətdiyi vəhşilikləri yerli
informasiya vasitələrində
yayımlayır, dünya ölkələrinin,
beynəlxalq təşkilatların hadisəyə qanuni qiymət verməsi üçün
aktiv lobbiçilik işi ilə məşğul olur.
Proses bu gün də davam edir. Soydaşlarımız dünyanın ən
güclü diaspor təşkilatları
ilə səmərəli əməkdaşlıq münasibətləri
qurur ki, bu da gələcəyə
ümidlə baxmağa, daha
böyük nəticələr əldə
etməyə əsas verir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 6-8 sentyabr.- S.3.