Türkiyə və Azərbaycan diasporaları birlikdə çalışmalıdır

 

Göksəl Gülbəy: “Əgər bir millət, iki dövlətiksə bizimbir diasporamız olmalıdır”

 

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni yalanlarının ifşası istiqamətində Türkiyədə uğurlu fəaliyyət göstərən təşkilatlardan biri də ASİMDER-Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyidir. Yarandiği gündən Türkiyədə və dünyadakı erməni lobbisini ciddi təşvişə salan ASİMDER zaman-zaman reallaşdırdığı layihələr və tədbirlərlə ermənilər arasındakı narahatlığı birə-beş artırır. Bu günlərdə ASİMDER rəhbəri Göksəl Gülbey yeni bir təşəbbüslə çıxış edib. Belə ki, dərnək rəhbəri Qarabağ savaşı zamanı Ermənistan Silahlı Qüvvələrinin tərkibində vuruşan Türkiyə vətəndaşı olan ermənilərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib. Sözügedən məsələnin nə dərəcədə mümkün olacağı, eləcə də ASİMDER-in bundan sonra hansı layihə və tədbirlər keçirəcəyi barədə dərnəyin sədri Göksəl Gülbəylə söhbətləşdik. O, “OLAYLAR”-a verdiyi müsahibədə Türkiyədəki Azərbaycan diasporunun vəziyyətindən də danışıb.

 

-Göksəl bəy, Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi (ASİMDER) olaraq yaxın vaxtlarda hansı layihələr, tədbirlər keçirməyi nəzərdə tutmusunuz? Ümumiyyətlə, ASİMDER-in yaxın vaxtlar üçün başlıca hədəfi nədir?

-Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi (ASİMDER) olaraq Avropa və Türkiyədə nümayəndəliklərimizin açılması istiqamətində işlərimizi sürətləndirmişik. Türkiyənin 8 şəhərində artıq ASİMDER-in nümayəndəliyi açılıb, Bundan başqa 4 bölgədə təmsilçimiz mövcuddur. Həmçinin Azərbaycan, İsveçrə, Almaniya, ÇexiyaAvstriyada ortaq təşkilatımız var.  Ümumiyyətlə, hədəfimiz bütün Avropa ölkələrində bu cür ortaq təşkilatlar yaratmaqdır. Qarşıdakı planlar və həyata keçirəcəyimiz layihələrə gəlincə qondarma erməni soyqırımının  100 illiyinə qarşı  erməni vəhşiliyindən bəhs edən kitab hazırlamağa başladıq. Kitabda ermənilərin Osmanlı dönəmində, Qarabağda və Türkiyədə törətdiyi vəhşiliklər, qırğınlar əksini tapacaq.  Kitabda ermənilərin türklərə qarşı törətdikləri vəhşiliklər tarixi faktlarfotolarla oxucuların diqqətinə çatdırılacaq.  Bundan başqa 2015-ci ilin martaprel aylarında İstanbulda böyük bir aksiya keçirməyi düşünürük. Artıq həmin aksiyanın da hazırlıqlarına başlamışıq.  Şüarımız isə belədir.  “2015-ci il üçün sən də ASİMDER-li ol”. Aksiyada könüllü iştirak etmək üçün  müraciət etdik və artıq çoxlu sayda insan və təşkilatlar dəstək verəcəyini açıqlayıb.

-ASİMDER-in keçirəcəyi layihələr və tədbirlərə hansı təşkilat və cəmiyyətlər dəstək verəcək?

-Həyata keçirəcəyimiz layihələr, tədbirlər zamanı şəhər və ya bölgədə bizlərə yaxın olan, milli mövzulara həssas yanaşan, yaxından əməkdaşlıq etdiyimiz əksəriyyət təşkilatlarla məsləhətləşmə aparıb birgə fəaliyyətlərə imza atırıq. Bu sırada Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Diaspor Mərkəzi (BDM) və onun sədri İsmayıl AğayevDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu xüsusi qeyd etmək istərdim. Hər iki qurumla ortaq çalışıb müəyyən fəaliyyətlərdə oluruq. Avropada isə öz təşkilat təmsilçiliklərimiz var ki, bu sıraya  Almaniya, İsveçrə, Hollandiya, Belçika, Çexiya daxildir. Həmin təmsilçiliklər də təşkilatımızın işlərinə dəstək olur. Bununla yanaşı Avstriyadakı Vyana Azərbaycan Mədəniyyəti və İş Adamları Dərnəyinin rəhbəri Yardım Günəşlə ortaq fəaliyyət protokolumuz, yəni anlaşmamız var. Qısacası fəaliyyətlərimizi həmin təşkilatlar və onların təklif etdiyi təşkilatlarla birgə qururuq.

-ASİMDER-in erməni yalanlarını ifşa etmək istiqamətindəki fəaliyyətinə erməni lobbisi hansısa formada mane olmağa, sizlərə qarşı təzyiqlər etməyə çalışırmı?

-Erməni lobbisi bəlkə də tarixində ilk dəfə heç dayanmadan çalışan, millətimizi məlumatlandıran, erməni yalanlarını ifşa edən  bir təşkilatla qarşı-qarşıyadır. Erməni lobbisi həmişə ona köklənib və adət edib ki, Türklər müəyyən günlərdə meydanlara çıxıb aksiya keçirsinlər. Və bununla da bitsin. Məsələn, 26 Fevral-Xocalı soyqırımı, 31 Mart-Azərbaycanlıların Soyqırım Günü, 24 Aprel qondarma erməni soyqırım günü və digər tarixlərdə türklər meydanlara çıxıb aksiya keçirər, mətbuata şərh verərdi. Bundan sonrakı günlər isə hər şey yaddan çıxırdı. ASİMDER  isə bu nizamı pozdu, ilin 365 günü 24 saat dayanmadan çalışıb hər gün mətbuata bilgilər verdi, müəyyən fəaliyyətlərdə oldu. Heç şübhəsiz ki, bu da ermənilərin gözləmədiyi bir hal idi. Bütün bunlardan dolayı erməni lobbisi ASİMDER-i hədəfə götürməyə, onu gözdən salmağa başladı. Bütün bunlar azmış kimi bizi, şəxsən məni internet vasitəsilə təhdid və təhqir etməyə,  ev telefonuma,  mobil telefona zəng edərək hədələməyə başladılar. Telefon  nömrələrimi internet saytlarına yerləşdirərək hər kəsə mənə zəng edib təhdid etməyi tövsiyyə etdilər. Bir gün evə gəldiyimdə kiçik qızım qaçaraq boynuma sarıldı və dedi ki, ata səni öldürəcəklər. O zaman qızımın hələ 6 yaşı vardı və ermənilər ev telefonuma zəng edərək qızıma “atanı öldürəcəyik, atasız qalacaqsan” demişdilər. Həmin ərəfədə İqdır valiliyinə müraciət etdim və mühafizə olunmağımı istədim. Nəticədə məni 1 illik mühafizə etmək qərarı verildi. Ümumiyyətlə, erməni lobbisinin hədəfi ASİMDER-i mətbuat vasitəsilə qorxutmaq, qaralamaq, insanların gözündən aşağı salmaqdır.

-Bəs ASİMDER-in fəaliyyətinə Türkiyədəki Azərbaycan diasporu yetərli qədər dəstək verirmi?

-Azərbaycan diasporası ilə çox yerdə işləmək imkanımız olmadı. Amma əksəriyyət zamanlarda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, hörmətli Nazim İbrahimovun rəhbərliyi ilə müəyyən dəstəklər alırıq.  Ümumiyyətlə, Xocalı Soyqırımı və  digər mühüm məsələlərlə əlaqədar sənədlərin alınması prosesində yardımlar olur. Həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfirliyi, Qarsdakı baş konsul Ayhan Süleymanovİstanbul baş konsulu Həsən Zeynalov lazımi diqqət və qayğını bizdən əsirgəmirlər.

-Hazırda Türkiyədə Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirirsiniz?

-Təəssüflə də olsa etiraf etmək lazımdır ki,  Türkiyədə qurulan Azərbaycan təşkilatlarının bir çox üzvü Qarabağın Azərbaycanın hansı tərəfində yerləşdiyini bilmir. Məncə Azərbaycan diasporudiaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar Türkiyə ilə xüsusi çalışmalıdırlar. Acı da olsa bir misal deyim. İzmirdə Azərbaycan bayrağını evinin pəncərəsindən asan bir gəncdən qonşuları “burada PKK bayrağı asmışlar” deyə şikayət ediblər. Təəssüflər olsun ki, Türkiyə gerçəyi budur. Avropaya Xocalı soyqırımını tanıdaq, bununla razıyam. Amma Türkiyə qardaş ölkədir deyə qeyri-ciddi yanaşmayaq. Iqdırdakı Alican sərhəd keçid məntəqəsi və Qars Şərq qapısı açılsa Ermənistan sanki nəfəs almış olacaq və kifayət qədər rahatlayacaq. Bununla da bizim diasporamızın bütün fəaliyyətləri boşa gedər. Ona görə də hesab edirəm ki, bu bölgənin insanları və təşkilatları ilə güclü işləmək lazımdır. Bu gün İqdır və Qarsda yaşayan Azəri türkləri köç etməkdədir və hər iki vilayətin azərbaycanlı əhalisi azalmaqdadır. Bu da gələcək üçün ciddi bir təhlükə kəsb edir. Düşünürəm ki, bunun qarşısını almaq üçün azərbaycanlı adamları bu bölgələrə investisiya qoymalıdırlar.

-Bir çoxları düşünür ki, hələ də Türkiyədə bəzi insanlar Qarabağın işğalından xəbərsizdirlər. Siz bu barədə nə düşünürsünüz. Doğurdanmı hələ də Türkiyədə belə insanlar varbu problemi aradan qaldırmaq üçün siz nələri təklif edərdiniz?

-Hesab edirəm ki, dünyanın hər ölkəsində Türkiyə və Azərbaycan diasporaları birlikdə çalışmalıdır. Cənab prezident İlham Əliyevin dediyi kimi "Bir millətin bir diasporu olar". Bu söz çox əhəmiyyətli bir sözdür. Biz ASİMDER olaraq bu sözü dəstəkləyirik, Əgər bir millət, iki dövlətiksə bizim bir diasporamız olmalıdır, Türkiyə diasporu işğal altında olan Azərbaycan torpaqları ilə bağlı fəaliyyət göstərdiyi ölkələrin cəmiyyətini bilgiləndirməlidir. Eyni zamanda Azərbaycan diasporu da qondarma erməni soyqırımının ifşa edilməsində Türkiyəyə dəstək olmalıdı.  Bu yolla biz işğalçı yalançı erməni lobbisinin öhdəsindən gələ bilərik. Bu önümüzdəki 2015-ci il üçün yaxşı bir imtahandır. Hesab edirəm ki, bu mövzuda birlikdə hərəkət edib müvəffəqiyyəti əldə etməliyik. Sonradan isə Qarabağın işğalının beynəlxalq aləmə çatdırılması üçün birlikdə mübarizə edək.

-Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı vuruşan Türkiyə ermənilərinin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində fəaliyyətə başlamısınız. Bunu gerçəkləşdirmək dərəcədə mümkün olacaq?

-1992-1994 illərdə Türkiyədə yaşayan erməni əsilli vətəndaşlar  Ermənistana gedərək Qarabağ müharibəsində könüllü əsgər kimi iştirak ediblər.  Onlar Ermənistan silahlı qüvvələrinin tərkibində Rusiyanın da dəstəyi ilə Azərbaycan torpaqlarına hücum etmiş və Azərbaycanın 20 faiz ərazilərini işğal ediblər. Həmin illərdə könüllü qüvvələrin rəhbərliyində hazırkı Ermənistan prezident Serj Sarkisyan olub. Döyüş bitincə heç bir şey olmamış kimi həmin erməni əsilli Türkiyə vətəndaşları Türkiyəyə qayıdaraq normal həyatlarına davam etdilər.  Hətta qondarma erməni məsələsində erməni lobbisinin Türkiyədəki fəaliyyətlərinə də dəstək oldular. Bu dəstək günümüzdə də davam edir. ASİMDER olaraq həmin insanların müəyyən edilməsi üçün Türkiyə Daxili İşlər Nazirliyinə müraciət etdik. Əgər lazım gələrsə Azərbaycanın Müdafiə Nazirliyindən də dəstək almaqla həmin insanların müəyyən edilib müharibə cinayətkarı kimi cinayət məsuliyyıətinə cəlb olunması lazımdır. Onların əli azərbaycanlı körpələrin, qadınların və yaşlıların qanına batıb. Ona görə də bunun hesabı sorulmalıdır. ASİMDER olaraq bu istiqamətdə fəaliyyətlərimiz davam edir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 9 sentyabr.- S.3.