Diaspora quruculuğu davam etdirilir

 

Bu işdə milli ideologiya vacib rol oynayır

 

Əlli milyonluq Azərbaycaq xalqı tarix boyu müxtəlif səbəblər üzündən dünya ölkələrinə səpələnərək qürbətdə yaşamağa məhkum olublar. Ancaq çox təəssüflər olsun ki, Azərbaycan xalqının vahid ideologiya ətrafında birləşməsi uzun müddət mümkün olmayıb. Əslində belə bir prosesin başlanması bəzi qonşu dövlətlərin də qıcığına səbəb olub. Xüsusən, Rusiyanın bölgədə yeritdiyi siyasət müsəlmanların birləşmə ehtimalını məhv etməyə hesablanıb.

20-ci əsrin əvvələrində çar Rusiyasının həyata keçirdiyi antimüsəlman və antitürk siyasəti nəticəsində parkəndə şəkildə ölkəni tərk edən azərbaycanlılar dünyanın bir çox ölkələrində məskunlaşsalar da, onları əlaqələndirən, birləşdirən fəaliyyətlərin koordinasiya edən vahid bir təşkilat olmayıb. Sirr deyil ki, qürbətdə yaşayan soydaşlarımızın Vətənə bağlılığını təmin edən ideologiyanın yaranmasında mərhum prezidentimiz Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. II Dünya Müharibəsindən sonra sovet hökumətinin tətbiq etdiyi sərt sərhəd rejimi bütövlükdə SSRİ-dən xaricə axının qarşısını alsa da, dissident hərəkatı daha kütləvi xarakter alıb. SSRİ-də dissident hərəkatının, azad fikrin genişləndiyi bir dövrdə-1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayır və respublikanın həyatında, ictimai şüurun formalaşmasında, milli özünüdərkin təşəkkülündə yeni bir mərhələnin başlanğıcını qoyur. Bu dövrdə mərkəzi hökumətin bütün təzyiqlərinə baxmayaraq, Ümummilli lider Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunması, mədəniyyətimizin tərəqqisi, Azərbaycanın bütün dünyada tanınması, azərbaycançılıq ideyalarının və milli həmrəyliyin qorunması üçün çox böyük işlər görüb. Böyük Öndərimizin uzaqgörən siyasəti nəticəsində həmvətənlərimiz arasında əlaqələrin genişlənməsi, hələ sovet hakimiyyəti dövründən başlayıb. Keçən əsrin 70-ci illərindən xarici ölkələrlə mədəni əlaqələr quran "Vətən" cəmiyyəti dünya azərbaycanlıları arasında əlaqələr yaradaraq, Azərbaycan mədəniyyətini, azərbaycançılıq və milli həmrəylik ideyalarını dünya miqyasında təbliğ etməyə başlayıb. Heydər Əliyevin təşəbbüsü ilə hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunması da, soydaşlarımızın mütəşəkkilləşməsi prosesində müstəsna rol oynayıb. Həmin əlamətdar tarix bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən milli birlik və həmrəylik günü kimi qeyd olunur. Bu həmrəyliyin başlıca qayəsi Vətənə bağlılıq, dövlətçilik hissləri, milli-mənəvi dəyərlərə hörmət, bir sözlə, azərbaycançılıq ideyasını təbliğ etməkdir. 1993-cü ildə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin xalqın israrlı təkidi və tələbi ilə müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra diaspor quruculuğu prosesində yeni bir dövr başlanıb. Dünya azərbaycanlılarının möhkəm birlik və həmrəyliyini təmin etmək məqsədilə Ümummilli liderimiz 2001-ci il may ayının 21-də Bakı şəhərində dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında sərəncam imzaladı. Həmin il noyabr ayının 9-10-da keçirilən dünya azərbaycanlılarının ilk qurultayı soydaşlarımızın həmrəyliyinin təmin ediiməsi və azərbaycançılıq ideyalarının təbliği istiqamətində tarixi hadisəyə çevrildi. Milli birlik ideyalarının inkişafında mühüm rol oynayan bu mötəbər tədbir dünya azərbaycanlılarının Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesini sürətləndirdi. Qurultayda Azərbaycan dövlətilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, soydaşlarımız arasında milli birlik və həmrəyliyin təmin edilməsi, ana dilinin, mənəvi dəyərlərin qorunub saxlanılması və s. məsələlər müzakirə edildi. Dünya azərbaycanlılarının mötəbər yığıncağından sonra Azərbaycan diaspora hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Ümummilli liderimiz Heydər Əliyev 5 iyul 2002-ci ildə "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzaladı. Bu tarixi fərman xaricdəki Azərbaycan cəmiyyətlərinin vahid mərkəzdən koordinasiya olunmasına və onların fəaliyyətlərinə dövlət qayğısını yönəltmək üçün real zəmin yaratdı. 2002-ci il dekabr ayının 27-də isə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunun qəbulu dünya azərbaycanlılarının təşkilatlanmasını sürətləndirərək, soydaşlarımızın öz tarixi Vətəni ilə əlaqələrinin daha da genişləndirilməsinə təkan verdi. Bu da məlum həqiqətdir ki, azərbaycançılıq ideyalarının həyata keçirilməsi üçün milli həmrəylik əsas şərtlərdən biridir. Milli birliyin, həmrəyliyin olmadığı bir yerdə azarbaycançılıq ideyalarının gerçəkləşdirilməsi qeyri-rql görünür. Məlum olduğu kimi dünyada bu məsələlərin həlli ilə bilavasitə diaspora təşkilatları məşğul olurlar. Azərbaycan diasporunun gənc olmasına baxmayaraq bu sahədə bir sıra uğurlara imza atılıb. Dövlət də öz növbəsində diaspora fəaliyyətinin koordinasiya olunması məqsədilə üzərinə düşən vəzifələri yerinə yetirməkdə maraqlıdır. Konkret olaraq diasporanın fəaliyyətini tənzimləyəcək qanunverici baza yaradılıb ki, bu da mövcud ola biləcək hərc-mərcliyin aradan qaldırılmasında mühüm rol oynayır. Məsələn, “xaricdə yaşayan azərbaycanlılar” anlayışının təfsiri “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqunda” Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb. Bu qanuna əsasən, "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-inya Azərbaycan Respublikasının vətəndaşları olan, hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə, onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulanbu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən diaspor quruculuğu, azərbaycançılıq ideyalarının təbliği və milli həmrəyliyin möhkəmləndirilməsi işində çox böyük nailiyyətlər əldə edib. Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi prosesi daha da təkmilləşdirilib, dünya ictimaiyyətinə ölkəmiz haqqında həqiqətlərin çatdırılması məqsədilə mühüm tədbirlər görülüb. Bir çox ölkələrdə isə diaspor təşkilatlarının fəaliyyətlərini koordinasiya edən qurumlar yaradılıb. Hazırda azərbaycanlıların milli-mənəvi dəyərlərinin, mütərəqqi ənənələrinin, azərbaycançılıq ideyalarının qorunub saxlanılması, mədəniyyət mərkəzlərinin yaradılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Heydər Əliyev siyasi kursun layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də xarici siyasətdə mütəşəkkil diaspor quruculuğuna, soydaşlarımızın milli-mənəvi birliyinin təmin olunmasına mühüm diqqət yetirir. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət yaxın gələcəkdə Azərbaycan diasporunun daha da möhkəmlənərək, ən ağrılı yerimiz olan Dağlıq Qarabaq probleminin sülh yolu ilə həllində yaxından iştirak edəcəyindən xəbər verir. Diaspor quruculuğu ümummilli olduğundan, hər birimizin öz imkanları daxilində bu prosesə yardım göstərməyi vacibdir. Azərbaycançılıq ideyasının harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın şüurunda özünə möhkəm yer tutması üçün əlimizdən gələni etməliyik. Xalqımızın taleyüklü məsələləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında bu amilin çox mühüm rol oynayacağı şübhəsizdir. Onu da qeyd edək ki, hazırda beynəlxalq birliyə qətiyyətlə inteqrasiya edən Azərbaycanda dinamik inkişaf sürətlə davam edir. Bu amil xarici ölkələrdə yaşayan azərbaycanlıları daha da fəal olmağa sövq edərək, diaspora quruculuğu işinə yeni məzmun verir. Məhz bu baxımdan, görülən işlərin azərbaycançılıq ideologiyasının inkişafına, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında birliyin möhkəmlənməsinə öz töhfəsini verəcəyi şübhəsizdir. Bu gün özlərinin milli varlıq və mənsubiyyət hisslərini daxilən dərk edən soydaşlarımız getdikcə bir-birilərinə daha çox yaxınlaşırlar və onlara dayaq duran Azərbaycan dövlətini hər an özlərinə etibarlı arxa sayırlar. Bu da heç şübhəsiz, Azərbaycan dövlətinin artan nüfuzundan, iqtisadi inkişafında əldə etdiyi uğurlarından, dövlət başçımız, cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətindən irəli gəlir.

 

***

 

Xaricdə yaşayan azərbaycanlıların ana dilində təhsili üçün xüsusi layihələr hazırlanıb

Xarici ölkələrdə daimi məskunlaşan həmvətənlərimiz bir sıra problemlərlə üzləşirlər. Bu ilk növbədə hər hansı xarici dövlətdə ictimai yerlərdə dövlət dilində danışılması ilə bağlıdır. Bu isə o deməkdir ki, həmin ölkələrdə Azərbaycan dilində heç kimlə ünsiyyət qurmaq mümkün olmur. Xaricdə yaşayan azərbaycanlıların digər əsas problemlərdən biri də Azərbaycan dilində məktəblərin olmamasıdır. Bu səbəbdən də azərbaycanlı ailələrin övladları məskunlaşdıqları dövlətlərin dilində fəaliyyət göstərən məktəblərdə təhsil alırlar. Bu da çox vaxt Azərbaycan dilində danışmaq vərdişinin itirilməsi ilə nəticələnir. İstisnalar da var. Valideynlərin bəziləri mümkün qədər ailədə Azərbaycan dilində danışmağa çalışırlar. Amma məktəblərin olmaması bu problemin həll demək deyil. Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin müdiri Elşad Miraləm bu problemlə bağlı indiki vəziyyəti belə şərh edib: “Hazırda dünyanın müxtəlif ölkələrində “Azərbaycan həftəsonu məktəbi” fəaliyyət göstərir. Bu məktəblər Rusiya, Ukrayna, Almaniya, Fransa, Türkiyə, İsveç, Böyük Britaniya və digər ölkələrdədir. Həmin məktəblərdə əsasən Azərbaycan dili, tarixcoğrafiya tədris olunur. Belə məktəblərin olmadığı ölkələrdə yaşayan azərbaycanlı uşaqlar isə bizimVirtual Həftəsonu məktəbi”nin imkanlarından faydalana bilirlər. Bildiyiniz kimi, komitənin AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə hazırladığı “Virtual Həftəsonu məktəbi” fəaliyyət göstərir. Burada azərbaycanlı uşaqlara və gənclərə ana dili, Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı barədə bütün zəruri informasiyalar verilir”. Elşad Miraləmin sözlərinə görə, xaricdə yaşayan azərbaycanlıların təhsil məsələsi istiqamətində işlər getdikcə genişlənir: “Bu məqsədlə ötən ildən etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində xaricdə yaşayan azərbaycanlılar üçünAna dilinin distant tədrisi mərkəzi” fəaliyyətə başlayıb. Layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə Azərbaycan dilini tədris etməkdir. Burada həftənin bütün günləri müxtəlif saatlarda ana dili dərsləri tədris olunur. Hazırda bir neçə qrup mövcuddur. Gələcəkdə layihənin genişləndirilməsi, Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi nəzərdə tutulub. Bu layihənin əsas məqsədi dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı uşağa öz xalqının tarixini, ana dilini, mədəniyyətini öyrənmək imkanı yaratmaqdır”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 11 sentyabr.- S.3.