Türkiyədə Azərbaycan diasporu fəaldır

 

Səfər Karakoyunlu: “Hər bir diaspor təşkilatı Azərbaycan və Türkiyənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv rol oynayır”

 

Bu günlərdə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 96-cı ildönümü münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün İstanbul Türkiyə Azərbaycan Dərnəyi (İTAD) böyük nümayəndə heyətilə Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin dəvəti ilə baş tutan səfər və səfər çərçiəsində keçirilən görüşlər, eləcə də hazırda Türkiyədəki Azərbaycan diasporunun vəziyyəti ilə bağlı nümayəndə heyətinin rəhbəri, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu ilə söhbətləşdik.

-Səfər bəy, Azərbaycana bu dəfəki səfərinizin məqsədi nədən ibarətdir?

-Məlum olduğu kimi bu günlərdə Azərbaycanda Bakının bolşevik-daşnak birləşmələrindən azad edilməsinin 96-cı ildönümü qeyd edilir. Biz də Türkiyədən böyük bir nümayəndə heyəti ilə tərkibində tanınmış ziyalılar, dərnək rəsmiləri, bilim adamları olmaqla Azərbaycana səfərə gəldik. İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin Azərbaycanda yaxından əməkdaşlıq etdiyi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəvəti ilə baş tutan səfər olduqca maraqlı və yadda qalan keçdi. Gəncədən başlayan səfərimiz sonradan Salyan, Bakı və Qubada davam etdi. Azərbaycanın hər olduğumuz şəhər və rayonunda bizi yüksək qonaqpərvərliklə qarşıladılar. Həm Gəncədə, həm də Bakıda mühüm görüşlərimiz, toplantılarımız oldu. Bakıda keçirdiyimiz görüşlər sırasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi, Aşıq Şəmşir Mədəniyyət Ocağı, İstanbul Türkiyə Azərbaycan Evinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli Qeyri-Hökumət Təşkilatları Forumunun dəstəyilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 96-cı ilinə həsr olunmuş "Qafqaz İslam Ordusu - 96" mövzusunda keçirilən görüşü xüsusi qeyd etmək istərdim. Bundan başqa nümayəndə heyəti olaraq Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirdik. Türkiyədən gələn nümayəndə heyəti Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev tərəfindən qəbul edildi. Diasporla İş üzrə Dövlət Komitəsində nümayəndə heyəti olaraq  qəbul edilməyimizdən məmnunluq keçirdik. Səmimi atmosferdə və müzakirələrlə keçirilən görüşdə bir sıra mühüm məqamlara toxunuldu.

Bir məqama da xüsusi diqqət yetirmək istərdim. Biz hər dəfə Azərbaycana səfər edəndə qardaş ölkəmizin daha da dəyişdiyini, inkişaf etdiyini görürük ki, bu da bizdə böyük qürur hisdsi yaradır. Bu gün Azərbaycan Qafqaz regionunun parlayan ulduzuna çevrilib. Sürətlə inkişaf edən Azərbaycanın əldə etdiyi uğurlar Türkiyədə də məmnunluqla qarşılanır.

-Görüşdə konkret hansı məsələlər müzakirə edildi?

-Görüşdə Türkiyədəki Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müaini Valeh Hacıyev xalqlarımız arasında qardaşlıq əlaqələrinin Türkiyədəki Azərbaycan diasporunun fəaliyyətinə həlledici təsir göstərən amillərdən biri olduğunu vurğuladı.  O, bu cür səfərlərin qarşılıqlı əlaqələrin gücləndirilməsində mühüm rola malik olduğunu qeyd etdi. Həmçinin ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək, Türkiyədəki soydaşlarımız arasında bağların qopmamasını təmin etmək, vaxtilə Türkiyəyə köçüb getmiş azərbaycanlıların böyüməkdə olan gənc nəslinə Azərbaycanı tanıtmaq, göstərmək, adət-ənənələrimizi yaşatmaq məqsədilə qarşılıqlı səfərlərin böyük əhəmiyyət daşıdığı vurğulandı.

-Bəs, qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində erməni yalanlarının ifşa edilməsi məqsədilə hansısa məsələ ətrafında fikir mübadiləsi aparıldımı? Ümumiyyətlə, diaspor təşkilatları bu istiqamətdə hansı addımları ata bilərlər?

-Görüşdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov 2015-ci ildə bütün dünyadakı Azərbaycan diaspor təşkilatları kimi Türkiyədəki diaspor qurumlarının da üzərinizə düşən vəzifələrdən danışdı. Bildirdi ki, qondarma erməni soyqırımının ifşa olunması istiqamətində diaspor təşkilatlarının əməkdaşlığının gücləndirilməsi vacibdir.

-Azərbaycana səfəriniz zamanı Qubada da oldunuz və oradakı kütləvi məzarlığı ziyarət etdiniz. Şahidi olduğunuz erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində bundan sonra hansı addımlar atmağı düşünürsünüz?

-Biz İstanbul Türkiyə-Azərbaycan Dərnəyi olaraq hər zaman erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyətdəyik. Azərbaycandakı dost-qardaş təşkilatımız olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşliq Mərkəzi ilə müntəzəm olaraq həm Türkiyə, həm də Azərbaycanda konfranslar, seminarlar təşkil edirik. Həmin tədbirlərə dəvət etdiyimiz beynəlxalq araşdırmaçılar, siyasətçilər vasitəsilə dünya birliyini erməni vəhşilikləri barədə məlumatlandırmağa çalışırıq. Qarşıdakı zaman ərzində də bu istiqamətdə müəyyən fəaliyyətlərimizin olması nəzərdə tutulub. Eyni ilə Türkiyədəki digər təşkilat və qurumlarla da bu istiqamətdə çalışmalarımız olub, bundan sonra da olacaq. Bu gün qondarma erməni soyqırımından bəhs edənlərin Qubaya gələrək oradakı kütləvi məzarlığı gözləri ilə görməsi lazımdır. Təəssüflər olsun ki, hələ də bir sıra dövlətlər və siyasilər erməni yalanlarına inanaraq özlərini də bu yalanın qurbanına çevirirlər. Halbuki ermənilər Azərbaycanın az qala hər qarışında insanlığa sığmayan cinayətlər törədib, millətimizi vəhşicəsinə qətlə yetiriblər. Təkcə Qubada deyil, eləcə də Şamaxıda, Göyçayda, Bakıda və digər ərazilərdə ermənilər XX əsrin əvəllərində azərbaycanlılara qarşı amansız qətliamlar törədiblər. Həmçinin yaxın tariximizdə, 1992-ci il, fevral ayının 26-da Xocalıda soyqırım həyata keçiriblər. Ermənilərin işğalçılıq və soyqırım siyasəti bu gündavam etməkdədir. Təssüflər olsun ki, dünya birliyi, müəyyən dövlətlər yaxın tarixdə ermənilər tərəfindən Xocalıda həyata keçirilən soyqırımı görməməzlikdən gəlir, lakin erməni yalanlarına şərik şıxaraq olmayan bir hadisəni soyqırım kimi tanıyırlar.

-Diaspor təşkilatının rəhbəri olaraq bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətləri necə dəyərləndirirsiniz?

-Türkiyə və Azərbaycanın dostluğu, qardaşlığı əsrlərə dayanır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dediyi kimi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Bu gün iki ölkə arasındakı dostluq-qardaşlıq münasibətləri yüksək səviyyədədir. İstər Azərbaycanda, istərsə də Türkiyədə baş tutan hər seçkidən sonra prezidentya baş nazir seçilən şəxsin ilk səfərini məhz qardaş ölkəyə etməsi də artıq bir ənənə halını alıb. Bu günlərdə Türkiyədə xalqın səsverməsi ilə seçilən ilk prezident, Rəcəb Tayyib Ərdoğanın da ilk xarici səfərlə məhz Azərbaycana gəlməsi deyilənləri təsdiqləyir. Eyni addım hər seçimlərdən sonra Azərbaycan tərəfindən də atılır. Bu mənada keçmişdə olduğu kimi gələcəkdə də Azərbaycan və Türkiyənin dostluq, qardaşlığı sonsuza qədər davam edəcək. Bir neçə ay əvvəl Çexiyada keçirilən beynəlxalq əhəmiyyətli tədbirdə çıxışı zamanı mövzudan kənara çıxaraq Türkiyəni ittiham edən Ermənistan prezidenti Serj Sərkisyana “Burada Türkiyə yoxdur, amma mən varam” deməsi birlik və bərabərliyimiz, dostluq, qardaşlığımızın təkcə deyil, həmçinin əməldə də olduğunun təsdiqidir. Keçən əsrin əvvəllərində yaşayan olaylara nəzər sadıqda da bunu aydın görmək mümkündür. Belə ki, 1915-ci ildə, Çanaqqala savaşında Türkiyə çətin durumda olduğu bir ərəfədə Azərbaycan türkləri axın-axın Anadoluya gələrək qardaşlarına yardım etmişlər. Eyni ilə 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycanın səsinə səs verib 2500 kilometr məsafə qət etməklə Bakıya gəlmiş və Bakını bolşevik-daşnaq birləşmələrindən azad etmişdi. İnanırıq ki, tezliklə Azərbaycanın ermənilər tərəfindən işğal altında saxlanılan torpaqları da azad ediləcək və qaçqın, məcburi köçkün həyatı yaşayan bacı-qardaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar. Ümid edirəm ki, o gün uzaqda deyil.

-Türkiyədəki Azərbaycan diasporunun durumunu necə dəyərləndirirsiniz?

-Bu gün Türkiyədə Azərbaycan diasporu fəaldır və uğurlu fəaliyyətdədir. Hər bir diaspor təşkilatı Azərbaycan və Türkiyənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv rol oynayır. Müntəzəm olaraq Azərbaycanla bağlı silsilə tədbirlər, konfransseminarlar təşkil olunur. Onu da qeyd edim ki, Türkiyədəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə Diasporla İşl üzrə Dövlət Komitəsi tərəfindən də ciddi diqqət ayrılır. Elə bu günlərdə Azərbaycana səfərimiz zamanı nümayəndə heyəti olaraq Diasporla İş üzrə Dövlət Komitəsində qəbul edilməyimiz buna əyani sübutdur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 19 sentyabr.- S.3.