Diaspor təşkilatlarımızın
fəaliyyəti sivil
xarakter alıb
Bu təşkilatlar soydaşlarımızla
dövlət arasında körpü rolunu oynayır
Tarixən
müxtəlif dövlətlərin maraq obyektinə
çevrilmiş Azərbaycanın əhəmiyyətli
coğrafi mövqeyi, dünya siyasəti və dövlətlərinin
ona bu kontekstdə yanaşması, xarici iqtisadi və siyasi
müdaxilə xalqımız içərisində vahid birlik
ideyalarının yeni formada yaranıb inkişaf etməsinə
səbəb olmuşdur. Həmin birliyin inkişafı və
möhkəmləndirilməsi təkcə Azərbaycan
Respublikası vətəndaşlarından deyil, həm də
bütün dünyaya səpələnmiş
soydaşlarımızın təşəbbüskarlığından,
səyindən və fəaliyyətindən
asılıdır. Hazırda diaspora öz əvvəlki mənasından
fərqli olaraq, bu gün daha konkret məna daşıyır.
Belə ki, diaspora-tarixi torpaqlarından bu və ya digər səbəblərdən
dolayı emiqrasiya etmiş əhalinin mərkəz, yəni
doğma ata-baba yurdu ilə əlaqələndirilməsidir. O
da faktdır ki, Azərbaycan müstəqillik əldə etdikdən
sonra diaspor təşkilatlarımızın fəaliyyəti
xeyli genişlənib və təkmilləşib.
Dünyanın digər inkişaf etməkdə
olan ölkələrində olduğu kimi diaspor fəaliyyəti
sivil forma alaraq beynəlxalq hüquq normaları çərçivəsinə
düşüb. Artıq demək
olar ki, müxtəlif ölkələrə səpələnmiş
azərbaycanlıların öz milli mənsubiyyətlərini
qorumaqla mədəni-siyasi həmrəyliyi müstəqil Azərbaycan
Respublikasının dövlət maraqlarına uyğun gəlir
və onun strateji məqsədlərindən biridir. Bununla
yanaşı, müstəqilliyin və dövlətçilik ənənələrinin
möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın
mövqelərinin gücləndirilməsi, erməni təcavüzünə
məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə
çatdırılması, Dağlıq Qarabağ probleminin
beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində
ədalətli həllinə nail olunması xarici ölkələrdə
diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların
vahid mərkəz ətrafında birləşməsini zəruri
edir. Dünya azərbaycanlılarının
yaşadığı ölkələrdə monolit qüvvə
kimi çıxış etmələri onların milli və
vətəndaş hüquqlarının qorunmasına da əhəmiyyətli
təsir göstərir. Son illər fəaliyyət göstərdikləri
ölkələrin ictimai-siyasi və mədəni həyatında
Azərbaycan cəmiyyətlərinin fəal iştirak etmələri
diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən
birinə çevrilib. Bununla yanaşı o da etiraf edilməlidir
ki, bir çox hallarda diaspora təşkilatları gizli, yaxud
açıq şəkildə təzyiqlərə məruz
qalırlar. Belə halda dövlət və diaspora təşkilatlarının
üzərinə hansı vəzifələr
düşür? Qeyd edək ki, dövlət, prinsipcə,
yalnız öz sərhədləri daxilindəki əhali ilə
birbaşa maraqlandığı halda diasporanın təsir dairəsi
daha genişlənir. Prinsip etibarilə, diaspor təşkilatları
ölkə daxilində yaşayan əhali ilə onun xaricində
yaşayanların əlaqələrini qurmağa, fəaliyyətlərini
koordinasiya etməyə çalışır. Məhz buna
görə də dövlət və diaspora fəaliyyətinin
bir istiqamətə yönəlməsi, başqa sözlə
desək, onun vətəndaşlarının bütöv halda
formalaşması vacib şərtlərdən hesab olunur. Bəzən
müəyyən sosial maraqları olan qruplar dövlətin
daxili və xarici siyasətində müəyyən məsələlərə
təsir göstərmək üçün formal təşkilatlar
yaradırlar ki, belə təşkilatlar diaspora
üçün real təhlükə yaradır. Bu halda
diaspora təşkilatları ilə yanaşı, dövlətin
də üzərinə müəyyən vəzifələrin
icrası düşür. Sirr deyil ki, dünyanın
ayrı-ayrı ölkələrində elə cəmiyyətlər
var ki, fəaliyyəti zəifdir, bəziləri isə normal fəaliyyət
göstərir. Lakin bir faktdır ki, fəaliyyəti zəif
olan icmaların gücləndirilməsi üçün Azərbaycan
dövləti və aidiyyati orqanları lazımi işlər
görürlər. Fərəhləndirici haldır ki, bu
iş birbaşa cənab prezident İlham Əliyevin nəzarətindədir.
Dövlət başçısı da bu məsələyə
xüsusi diqqət yetirir. Lakin bütün sadalananlara baxmayaraq
hələ də diaspor təşkilatlarımız
arasındakı əlaqələri yetərli hesab etmək
olmaz. Bu da qarşıya qoyulan ümummilli problemlərin həllində
müəyyən çətinliklər yaradır.
Açıq şəkildə qeyd edilməlidir ki, belə vəziyyət
diaspora problemində ən həssas nöqtə hesab olunur. Məhz
müxtəlif ölkələrdən olan azərbaycanlıların
bir-biri ilə əlaqələr qurmaq məsələsində
qarşılaşdıqları çətinliklər, vahid
koordinasiya mərkəzinin olmaması ümumi problemlərin
ictimailəşdirilməsində boşluq yaradır.
Çünki icmalar arasında əlaqənin zəif
olması nəticə etibarilə uğursuzluğa səbəb
olur. Bu zaman dövlətin müdaxiləsi də birməmalı
qarşılanmadığından nəticəsiz qalır. Nəzərə
almaq lazımdır ki, həmin icmalar və cəmiyyətlər
ictimai təşkilatlardır. Onlar Azərbaycan dövləti
tərəfindən yaradılmır, idarə olunmur, sadəcə
dövlət onların fəaliyyətinə istiqamət verir,
yardım göstərir. Lakin buna baxmayaraq elə cəmiyyətlər
var ki, milli məsələlərı deyil, biznes
maraqlarını güdürlər. Bəzi cəmiyyətlərdə
biznes maraqları daha üstünlük təşkil etsə də
əldə edilən mənfəət yalnız şəxsi
maraqlara yönəldilir. Belə təşkilatlar dərk etməlidirlər
ki, gec-tez bu və ya digər şəxslərin təsiri dairəsində
olan cəmiyyətlər sıradan çıxacaq,
soydaşlarımızın problemləri ilə həqiqi mənada
məşğul olanlar, onların hüquq və
azadlıqlarının müdafiəsinə qalxanlar, vətənlə
soydaşlarımız arasında ünsiyyət
körpüsünün yaranmasında əllərindən gələni
edənlər diaspor təşkilatı kimi formalaşmaq
imkanı əldə edirlər. Diaspor təşkilatlarımızın
əsas məqsədi milli-mədəni irsimizə yiyələnmələri
üçün azərbaycanlıların yeganə dövləti
olan Azərbaycan Pespublikası ilə əlaqələrin təmin
edilməsi, Azərbaycan dilinin öyrənilməsi, mədəniyyətin
təbliği, Azərbaycanin probleminin həmin ölkələrə
çatdırılması, bu ölkələrlə Azərbaycan
arasında əlaqələrin güclənməsində
diaspor fəaliyyətindən istifadə edilməsindən ibarətdir.
Tam əminliklə demək olar ki, hazırki şəraitdə
Azərbaycan diasporu qarşısına qoyulan vəzifələrin
öhdəsindən gəlmək gücünə malikdir.
Lakin diaspor fəaliyyəti daim inkişafda olan fəaliyyət
növü olduğundan onun daha da təkmilləşməsinə
ehtiyac duyulur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 20-22 sentyabr.- S.3.