Sənətinin Məcnunu
Məcnun Kərimovla
ilk görüşümüz
Əlyazmalar İnstitutunda olmuşdu.
O vaxtlar mən Azərbacan
Televiziyasının Xəbərlər redaksiyasında işləyirdim
və demək olar ki,
hər gün Bakının ədəbi-mədəni
həyatı ilə bağlı süjetlər hazırlamaq üçün müxtəlif obyektlərə
baş çəkirdim və bu təşkilatlarda artıq dostlaşdığım,
xətrini əziz tutduğum insanlar vardı ki, bir yenilik olan
kimi onlar birinci bizi rəhbərlik etdiyim mədəniyyət şöbəsini məlumatlandırmağa
tələsirdilər. Belə gözəl dostlardan
biri də xətrini dünyalar
qədər istədiyim və bu gün də ara-sıra zəng vurub kefini soruşduğum
Mehri xanım Məmmədova idi. Elə həmin gün
də Əlyazmalar institutuna məhz onun dəvəti ilə getmişdik.
Mehri xanımla müsahibəni yenicə
tamamlamışdıq ki, qapı döyüldü və hündürboylu
bir kişi icazə
istəyib ehtiramla kandarda
cavab gözlədi. Təbii ki, Mehri xanım onu içəri dəvət etdi
və gülə-gülə:
- Məcnun müəllim –dedi- bəlkə Telli qızımız bir müsahibə də səndən alsın, o boyda zəhmət çəkirsən, böyük bir kollektivin görməli olduğu işin öhdəsindən təkbaşına gəlirsən
Kişinin yanaqları allandı, sakitcə:
-Nə bilim, vallah işdi
də...
Mehri xanım üzünü mənə tutdu:
- Məcnun müəllim çox cəfakeş insandır, özü də qədim musiqi alətlərimizin tarixini araşdırır, onları bərpa etməyə çalışır. Güman edirəm ki, bu tamaşaçılar üçün də maraqlı olar. Beləcə, Məcnun Kərimovla tanış olduq və bir neçə gündən sonra artıq onunla həmsöhbət idik.
Məcnun müəllimdən qədim çalğı alətlərinə marağının haradan qaynaqlandığını soruşdum. Böyük həvəslə bunları söylədi:
- Mən klassik ədəbiyyatı nümunələrimizi böyük maraqla oxuyuram, Nizaminin, Füzulinin əsərlərində və bir də qədim miniatürlərdə tez-tez müxtəlif çalğı alətlərinin adına və şəklinə rast gəlirdim. Hər dəfə də düşünürdüm ki, görəsən bu alətlərin səsi müasir çalğı alətlərin hansının səsi ilə bənzərdir və ya quruluş etibarı ilə bu gün hər kəsin yaxşı tanıdığı alət necə səslənir? Elə bu üzdən də tez-tez Əlyazmaları İnsitutuna gedirəm, saatlarla bu alətlərin şəklinə baxıram, necə yaradıldığını, hansı materiallardan düzəldiyini, səs tembrini təxmin etməyə çalışıram, eskizlər çəkirəm, sonra bu cizgilərin köməyi ilə onları bərpa etməyə çalışıram.
- Bəs bu alətləri kim çalır?
- Hələlik özüm, axı mən ixtisasca tar müəllimiyəm, Ağdamda Musiqi Məktəbini bitirdikdən sonra bir müddət Zəngilanda işləmişəm, sonra da Konservatoriyanın tar şöbəsini bitirmişəm. Amma ifaçılıqdan çox pedaqoji fəaliyyətlə və araşdırma- çılıqla məşğul olmağı xoşlayıram.
Yenə soruşdum ki, indiyəcən bərpa etdiyiniz alətlərin qədim adını çox güman ki, dəyişdirməmisiniz, bu alətlər müasir ansamblların tərkibində özlərinə yer tapa biləcəklərmi və ümumiyyətlə, gələcəkdə məhz sırf bu alətlərdən ibarət bir qrup yaratmaq da maraqlı olardı.
- Sonuncu cümlənizdən başlayım- dedi Məcnun müəllim və sanki daha bir həmfikir tapdığına sevindiyini gizlətmədi, - əsas hədəfimiz də elə budur. Artıq gənc musiqiçilər arasında da bu alətlərə maraq göstərənlər tapılmaqdadır. Cəng, bərbət, çoğur, çəganə, setan, tənbur...kimi alətlərdən ibarət bir ansambl yaratmağa başlamışıq, hazırda məşqlər gedir, bu ansablla birgə çıxış etmək istəyən xanəndələr də var. Yəqin ki, çox tezliklə sizi ilk konsertimizə dəvət edə biləcəyik. Qaldı sualınızın birinci hissəsinə, əlbəttə, dəyişməmişik, əksinə, biz bayaq haqqında danışdığım o klassik ədəbiyyatda xatırlanan alətlərə yeni bir ömür vermək, onları yenidən xalqa qaytarmaq kimi bir missiya daşıdığımız üçün xoşbəxtik. Çox qəribə idi, bütün müsahibə boyu Məcnun müəllim bir dəfə də “mən eləmişəm, mən yaratmışam”- demişdi. Elə danışırdı ki, sanki arxasına böyük bir kollektiv dayanıb, sanki bu kollektivin hər bir üzvü saatlarla arxivlərdə, kitabxanalarda araşdırma aparmaqla, gecələr yuxusuz qalıb, bir səsi, bir simi, bir melodiyanı yerində oturtmaq üçün sübhədək məşq edib. İlk konsertləri baş tutanda hər kəsdən çox sevinən də Məcnun müəllim idi. Səhnənin bir küncündə, pərdə arxasıda dayanıb tamaşaçıların çalınan hər musiqi nömrəsinə reaksiyasını həyacanla izləyən Məcnun Kərimov məncə həmin gecə ömrünün ən böyük imtahanından əla qiymət aldı. Salona toplaşan insanlar ilk dəfə gördükləri bu alətlərin səsinə, onların bir-birini tamamlamasına, ifa olunan melodiyaların mükəmməliyinə heyran olmuşdular. Məcnun müəllimsə zəhmətinin mükafatı olan alqışıara səmimiyyət dolu bir təbəssümlə cavab verirdi. Bəlkə də başqa birisi olsaydı bu coşqunun, gurultulu alqışların müqabilində iddasından yerə-göyə sığmazdı, o isə artıq illərdən bəri görüb tanıdığımız və yaddaşımıza köçürdüyümüz o ifalli, bir qədər utancaq, çəkingən görkəmində əlini ehtiramla sinəsi qoyub yüngülcə təzim etməklə sanki:
- Axı mən neynəmişəm, sadəcə unudulan, yaddan çıxarılıb tarixin tozlu rəflərinə sıxışdırılan el sərvətinin nümunələrinin bir qisminin layiqli qiymətini alması üçün onların tozunu silib gün işığına çıxarmışam- deməkdəydi.
Amma biz, onun çox böyük sənət fədaisi olduğunu, millətini təmənnasız bir məhəbbətlə sevməsini, nəyin bahasına olursa olsun, qədim mədəniyyətimizin incilərini böyük səbr və məhəbbətlə bərpa edib həyata qaytaran insanı yaxından tanıyanlar, bilirdik ki, professor Məcnun Kərimovun gördüyü və görməyi planlaşdırdığı işlərin dəyəri sözlə ifadə edilməyəcək qədər böyükdür ...
Sonralar biz Məcnun müəllimlə dönə-dönə görüşdük, bizim redaksiyalarda, konsertlərdə, müxtəlif tədbirlərdə...Həmişə səmimi, həmişə fikirli və qayğılı, həmişə işi ilə bağlı yenilikləri məmnuniyyətlə bölüşməyə hazır olan bir insan kimi o qaldı xatirimdə. Yaratdığı ansambl Qədim Musiqi Alətlər Dövlət ansamblı adı alanda da sevincini bizimlə bölüçməyə tələsdi.
- Bundan sonra məsuliyyətimiz bir az da artdı, istəyirik qədim el havalarının hamısını - həm indiyədək bilinənləri və həm də hələ yaddaşlarda yaşayanları da öyrənək və bu ansamblın ifasında lentə yazdıraq. Çünki musiqi, xalqımızın mənəvi kimliyidir. Dünyanın harasında olmuşuqsa, orada insanların bizim musiqimizə və bu alətlərə böyük maraq göstərdiyini görmüşəm və bu məni çox sevindirir, deməli, çəkilən zəhmət hədər getməyib.
...Dünyada qalacaq yalnız yaradan...Bu misranın Məcnun müəllimə birbaşa aidiyyatı var! O bütün həyatını sevdiyi işə həsr etdi. Yaratdı, yaşatdı və özü bu fani dünyadan karvanını çəkib getsə də bu xalqa, bu Vətənə qiymətli bir xəzinə, dəyərli bir varidat qoyub getdi. Bircə arzum var: bu xəzinənin açarını daşıyan kəs ən azı elə Məcnun müəllim kimi gördüyü işin sevdalısı, Məcnunu olsun...
Telli Pənahqızı
Olaylar.- 2014.- 20-22 sentyabr.- S.4.