Dövlətin xarici siyasətində diaspora faktoru

 

Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətlərə

inteqrasiyası sistemli şəkildə reallaşdırılır

 

Azərbaycanda "diaspor" anlayışı haqqında ilkin təsəvvürlər indi yaranmağa başlasa da, həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr əvvəl başlanmışdı. Digər xalqlarla müqayisədə azərbaycanlıların doğma torpağa daha çox bağlılığı üzündən Vətəni tərk edib qürbətdə yaşamları onlar üçün mənəvi baxımdan ağır olub. Dövlətçiliyin inkişafında diaspor amili mühüm rol oynayır.

Diaspora dövlətin beynəlxalq aləmdə nüfuzunun artması və təsir imkanları əldə etməsi ilə bağlıdır. Bundan əlavə, beynəlxalq münasibətlər sistemi diasporu özündə siyasət, mədəniyyət, cəmiyyətlər, birliklər və s. birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edir. Diaspor amili dövlətçiliyimizin inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir. Dövlətin öz xarici siyasətini uğurla həyata keçirməsi üçün diasporun rolu əhəmiyyətli dərəcədə yüksəkdir. Bir xalqın dünyada güclü diaspora malik olması beynəlxalq qurumlarda həmin dövlətin xeyrinə qərarların qəbul edilməsində, digər dövlətlərin qeyd olunan dövlətə qarşı loyal münasibətlər sərgiləməsində mühüm əhəmiyyət kəsb edir. Yəni dövlət digər dövlətlərin daxilində müəyyən rıçaqlara sahib olur ki, bu da öz növbəsində, xarici siyasətdə öz köməyini göstərir. Buna görə də dövlətin özüdünyada diasporunun güclənməsi üçün vacib işlər görməyə çalışır. Azərbaycanda dövlətçilik ənənələrinin dərin tarixi kökləri olduğuna görə, dünyada Azərbaycan diasporunun formalaşması da qədim tarixə söykənir. Azərbaycan diasporunun Azərbaycan dövləti ilə birgə və qarşılıqlı fəaliyyəti Azərbaycanın yenidən müstəqilliyinə qovuşması və ümummillli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə əlaqədardır. Məhz ümummilli liderin Azərbaycan rəhbərliyinə 1993-cü ildə ikinci dəfə qayıtmasından sonra, ölkəmizin diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşdi; diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə - 1991-ci ilin 16 dekabrında dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi. Həmin qərar bütün dünyada yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyətə malik olmuş, birlik ideyasının reallaşması istiqamətində stimula çevrilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, Azərbaycan xarici siyasətinin qarşısında iki mühüm vəzifə dayanmışdı: birincisi, Azərbaycana suveren dövlət kimi təminatlar almaq, ikincisi, Qərblə strateji əməkdaşlıq imkanlarından faydalanaraq, ölkə iqtisadiyyatının gələcək inkişafını təmin etmək idi.

 

Ulu öndərlə başlayan uğurlu inkişaf

 

Ümummilli lideri Heydər Əliyev soydaşlarımızın qarşısında çıxışlarında, təbriklərində müstəqil vətənimizdə davam edən quruculuq işlərindən danışar, respublikanın qarşısında duran ağır sosial iqtisadi problemlərin həll olunmasını ön plana çəkər, təkcə Azərbaycanda yox, dünya azərbaycanlıları qarşısında hesabat verərdi. Ulu öndərimizin ölkəmizdə keçirdiyi genişmiqyaslı islahatlar, xarici dövlətlərlə qurduğu münasibətlər, siyasi sabitlik, digər quruculuq yönümlü tədbirlər Azərbaycan diasporunun inkişafında çox böyük rol oynayıb. Uğurlu siyasi xətt ulu öndərdən sonra Prezident İlham Əliyev tərəfindən də layiqincə davam etdirilir. Keçən 11 il ərzində bu sahədə xeyli işlər görülüb, nailiyyətlər əldə edilib. Xaricdəki Azərbaycan diasporası dövlətimizin əhəmiyyətli tərkib hissəsini təşkil edir. Aparılmış məqsədyönlü işlər nəticəsində yalnız 2004-cü ildə Avropada, Şimali Amerikada, MDB məkanında və bir çox ölkələrdə, o cümlədən, Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Türkiyə və ABŞ-da 40-a yaxın yeni Azərbaycan icmaları yaradılıb. Yeni Azərbaycan icma və birliklərin təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir. Diasporla İş üzrə Dövlət Komitəsi yeni icma və birliklərin yaradılması məsələsinə xüsusi diqqət yetirir. Burada əsas strateji məqsəd, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xəttə uyğun olaraq, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının vahid bir mərkəzdə birləşdirilməsinə müvəffəq olmaqdan ibarətdir. Komitə ilkin mərhələdə müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları icma və birliklərdə birləşdimək, daha sonra isə bu icma və birlikləri vahid təşkilata cəlb etməyə çalışır. Prezident İlham Əliyev diasporun, hüquqi dövlətin inkişafına dəstək olur. Həmvətənlərimiz xaricdə həmişə vətənimizdə baş verən ictimai-siyasi hadisələrə diqqətlidirlər. Həmişə xaricdə yaşayan həmvətənlərimizə dəstək olmalıyıq. Çünki onlar əhəmiyyətli dərəcədə təsir qüvvəsinə malikdirlər. Ermənilərin apardıqları ekstremist qeyri-humanist dövləti siyasətə cavab olaraq diasporumuzun güclənməsi ölkəmizə, onun apardığı xarici siyasətə dəstəkdir.

 

Dövlətdən diasporaya göstərilən davamlı dəstək

 

Müstəqillikdən bu yana Azərbaycan diasporu çox böyük inkişaf yolu keçib. Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətlərə inteqrasiyası sistemli şəkildə reallaşdırılır. Diasporamızın əsas məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətlərə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş diaspor quruculuğu siyasətinin dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı vahid bir ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirməyə imkan yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ümummilli liderin siyasətini davam etdirərək, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, həmvətənlərimiz arasında birlik və həmrəyliyin gücləndirilməsinə xidmət edən bir sıra tarixi qərarlara imza atıb. Mövcud hakimiyyətin davamlı dəstəyi sayəsində Azərbaycan qısa vaxt ərzində formalaşmış, müəyyən potensiala sahib olan diasporun yaradılmasına nail olub. 2011-ci ildə Dünya Azərbaycanlılarının III qurultayı ərəfəsində Azərbaycan diasporunun 50-dən çox nümayəndəsi fəxri adlara və dövlət təltiflərinə layiq görülməsi, Azərbaycan Respublikası Prezidentinin Diasporla İş üzrə Dövlət Komitəsinə Prezidentin ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılması və Dövlət Komitəsi əməkdaşlarının bir qrupunun təltif edilməsi ilə bağlı sərəncamları bir daha dövlət başçısının diaspor quruculuğu işinə xüsusi önəm verdiyini və bizlərə dərin etimadının ifadəsidir. Təşkilatlarımız öz fəaliyyətlərində bu etimadı doğrultmağa çalışırlar. Prezident İlham Əliyevin diaspor nümayəndələri ilə keçirdiyi görüşlərin əsas məqsədi ayrı-ayrı regionlarda, ölkələrdə Azərbaycan diasporunun problemlərini birgə müzakirə və həll etməkdən ibarətdir. Azərbaycan dövləti təkcə respublika vətəndaşlarının deyil, ümumiyyətlə, bütün dünya azərbaycanlılarının problemləri ilə yaxından maraqlanır. Dövlət dünya azərbaycanlılarının ümummilli  mənəvi birliyi və həmrəyliyi ideyasının əsas strateji mərkəzlərdən biri kimi götürüldüyünü, bu cür həmrəyliyin  Azərbaycanın ən ali məqsədlərindən biri olduğunu bəyan edib. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi keçirilməsi, Dünya Azərbaycanlılarının I Qurultayının 2001-ci, II Qurultayının isə 2006-cı ildə keçirilməsi, Diasporla İş Üzrə Dövlət Komitəsinin yaradılması və ən əsası Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında Qanununun mərhum prezident Heydər Əliyev tərəfindən imzalanması dövlət üçün diaspor probleminin nə dərəcədə aktual olduğunun  bariz göstəricisidir. Azərbaycan dövləti bu addımları atmaqla çoxsaylı və geniş imkanlara malik olan diasporumuzla qarşılıqlı, faydalı, hərtərəfli, intensiv və ardıcıl əlaqələr qurmaq istiqamətində maraqlı olduğunu nümayiş etdirir.

 

Bütün zaman keçidlərində aktivlik

 

Dünyanın 5 qitəsində sayı milyonlarla ölçülən azərbaycanlı yaşayır. Azərbaycan diasporunun yayılma coğrafiyasının geniş olması ölkə həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna xidmətləri var. Əvvəllər Azərbaycan diasporası rus, türkfars diasporlarının tərkib hissəsi kimi qəbul edilirdisə, dövlətin apardığı xarici siyasətin məntiqi nəticəsidir ki, xaricdəki diaspora quruculuğunda əhəmiyyətli addımlar atılıb. Xaricdə yaşayan azərbaycanlılar dövründən asılı olmayaraq, həmişə milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlayıb, Azərbaycanla mütəmadi əlaqələr saxlayıblar. Bu gün dünyanın müxtəlif ölkələrində olan Azərbaycan diasporasının əsas fəaliyyət mexanizminin mərkəzində azərbaycançılıq ideologiyasının təbliğ olunması dayanır. Xaricdəki diasporanın məqsədlərinə Azərbaycan mədəniyyətini təbliğ etmək, dilini təbliğ və tədris etmək, ölkəmizlə bağlı kütləvi - mədəni tədbirlərin keçirilməsi, ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatında iştirak etmək, mövcud olduğu ölkə ilə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişaf etdiriilməsinə zəmin yaratmaq, informasiya - tədqiqat işi ilə məşğul olmaq, Azərbaycan naminə lobbiçilik etmək və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini təmin etmək daxildir. Bu baxımdan keçən illər Azərbaycan diasporası üçün aktivliklərlə yadda qalır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 23 sentyabr.- S.3.