Stokholmda uşaqlarımız ana dilində

dərsliklər tapmaqda çətinlik çəkirlər...

 

Sevinc Bakılı: “Tək əldən səs çıxmır. Ona görə

də hamını birliyə, həmrəyliyə səsləyirəm”

 

Müsahibimiz İsvecdə yaşayan  və fəaliyyət göstərən həmyerlimiz Sevinc Bakılıdır...

 

Sevinc Bakılı 1992-ci ildən İsveçin paytaxtı Stokholm şəhərində yaşayır. İsveç-Azərbaycan Kültür dərnəyi Odlar Yurdu-nun sədridir. Vaxtilə Stokholmda efirə yayılan “Azərbaycan səsi” və “Səhənd” radiolarının aparıcısı, “Birlik” jurnalının redaktoru olub, başqa qəzetlərin yayılmasında da fəal iştirak edib. Doğma Vətənimiz Azərbaycanı yüksək səviyyədə tərənnüm etmək üşün İsveçə köçdüyü zamandan diaspora fəaliyyəti göstərib, pulsuz ana dili kursları açıb doğma dilimizi tədris edib. Stokholmdakı “Södertörn Ali Məktəbi”ndə gender araşdırmaları, Stokholm Universitetində beynəlxalq əlaqələr təhsillərini alıb və maliyyə müavini sənətinə yiyələnib. Maraq göstərdiyi elmləri öyrənməklə, əlavə sənətlərə yiyələnməklə yanaşı müxtəlif yerlərdə də işləyib. Hal-hazırda Stokholmun mərkəzində fəaliyyət göstərən “Azərbaycan dilikursunun (ictimai fəaliyyət, pulsuz) rəhbəridir, İsveç Həmkarlar Təşkilatı şurasının fəal üzvü, İşçi Təhsil Birliyinin kurs rəhbəridir. Stokholm bələdiyyəsində yeganə azərbaycanlı ana dili müəllimidir. Bütün İsveç məktəblərində isveçcə təhsil alan azərbaycanlı şagirdlərimizə və İsveç uşaq bağçalarında olan uşaqlarımıza doğma ana dilimizi rəsmi tədris edirStokholma yeni gələn uşaqlara İsveç məktəblərində təhsil təlimatçısı kimi kömək edir.

-Sevinc xanım, necə oldu ki, İsveçdə yaşamağa başladınız və uyğunlaşma prosesini neçə keçdiniz?

-Doğma şəhərim Bakıda ali təhsilimi almışam və məktəbdə müəllimə işləmişəm. Ailə qurduqan sonra həyat yoldaşım İsveçdə yaşadığı üçün Stokholma köçmüşəm. Ailəliyəm, üç uşaq anasıyam. Əcnəbi ölkəyə uyğunlaşma prosesi lap çoxdan olub, artıq o zamandan 22 il keçib, amma yadımdadır ki, yaşayacağım ölkənin dilini tez öyrənmək üçün özümü necə deyərlər, oda-közə vururdum.  Əvvəlcə mənə bildirdilər ki, məktəblərdə yer yoxdur, İsveç dilini öyrənmək üçüm növbəyə qoydular. Amma mən oturub növbəmi gözləmədim. Kitabxanadan müxtəlif kitablar alıb  dili öyrənməyə başladım, İsveç dilində radio verilişlərini dinləyirdim, televizorda İsveç verilişlərinə baxırdım, İsveç dilində qəzetə abunə olmuşdum. Sonralar İsveç dilini öyrənməyə başlayanda elə olurdu ki, bir məktəblə qənaətbəxş olmurdum, həftədə üç məktəb arasında qaçhaqaçda olurdum...

-İsveçdə yaşayan azərbaycanlıların sayı çoxdurmu?

-Bəli, çoxdur, son zamanlar lap çoxalıb, xüsusilə Quzey Azərbaycandan gələn həmvətənlərimizin sayı artıb, bunu şagirdlərimin sayının çoxalmasından bilirəm.

-Yaşadığınız ölkəni necə təsvir edə bilərsiniz? Təbiətini, insanlarını, qanunlarını...

-İsveç gözəl, sakit, demokratik bir ölkədir, xüsusilə yayda təbiət lap gözəl olur, hər yan yamyaşıl olur. Amma nə qədər gözəl olsa da, əlbəttə ki, Odlar Yurdu Azərbaycanımızin füsunkar təbiətinə, dilbər guşələrinə çata bilməz. Yayı həm isti, həm yağışlı, həm də sərin olur, qışı isə çox sərt olur, hər yan şaxta, buz olur, amma uşaqların sevimlisi qarla da bol olur. Necə deyərlər, hər fəslin öz gözəlliyi var, burda da bu gözəllikləri görmək olur. İnsanları sadədir, sakitdir, utancaqdır və soyuqdurlar. Hər fəsildə təbiət dəyişdiyi kimi, buranın insanları da dəyişir, qışda üzləri çox sərt görünür, amma elə ki, istilər düşdü, təbiət oyandı, günəş çıxdı, isveçlilərin üzü gülür...  Mütaliə etməyi çox sevirlər, başqa ölkələr barədə dünyagörüşlərini artırmaq üçün müxtəlif ölkələrə səyahət etməyi sevirlər, özlərinin xörək çeşidləri az olduğu üçün başqa ölkələrin kulinariyalarına maraqları böyükdür. Qadınlar və kişilər bərabərhüquqludurlar. Burada ədalət, həmrəylik, azadlıq və bərabərlikdir.

-Sizcə, əcnəbi bir ölkədə öz milli kimliyini qoruyub saxlamağın əsas şərtləri nələrdir?

-Kimliyimizi qoyuyub saxlaya bilmək üçün əsas və vacib şərtlərdən biri doğma dilimizdə danışmaq, ana dilimizi qoruyub saxlamaqburada böyüyən övladlarımıza öyrətməkdir. Bura adət-ənənələrimizi yaşatmaq, doğulub boya-başa çatdığımız ölkəni yüksək səviyyədə tərənnüm etmək, dünyanın harasında olursa-olsun, kimliyini unutmamaq, damarlarında əsl Azərbaycan qanı axan hər bir vətənpərəvər həmvətənin Vətəolan şərəfli borcunu ləyaqətlə yerinə yetirmək, doğma dilimizdə vaxtaşırı mütaliə etmək, Vətənimizə layiqli övladlar tərbiyə etmək, Azərbaycanımızın tarixini, ədəbiyyatını, musiqisini, incəsənətini, mədəni irsini gələcək nəsillərə dərindən öyrətmək, azərbaycanlı olmağımızla fəxr etmək və s. aiddir.

-İsveçdə yaşayan həmvətənlərimiz arasında əlaqələr hansı səviyyədədir?

-Əlaqələr hal-hazırda elə də yaxşı vəziyyətdə deyil. Bizə havasu kimi lazım olan birlik həmvətənlər arasında yox dərəcəsindədir, parçalanmalar, qruplaşmalar təəssüflər ki, çoxalır. Bu barədə ürəkağrısı ilə yazıram...

-Həmvətənlərimizn birliyinə yardımçı ola bilmək üçün hansı tədbirlər həyata keçirirsiniz?

-Dərnəyimizdə əlimdən gəldiyi qədər milli fəaliyyət göstərirəm. Müxtəlif tədbirlər keçiririk, əlamətdar günlərimizi qeyd edirikbu tədbirlərə həmvətənlərimizlə bərabər həm isveçliləri, həm İsveçdə yaşayan başqa millətləri, həm də yerimdən kolleqalarımı - 60 müxtəlif dil müəllimlərini dəvət edirəm. Həm dərnəyimizdə, həm də yerimdə türklərlə birliyimiz olur. Stokholmda yaşayan həmvətənlərimizi bir yerə toplamaqda məqsədimiz birliyimizi, dilimizi, adət-ənənələrimizi yaşatmaq, Azərbaycanımızın tarixini, ədəbiyyatını, mədəniyyətini isveçlilərə tanıtmaq və İsveçə yeni gələnlərin bu cəmiyyətə inteqrasiyasıdır. Mən İsveçə gələndə burada çoxlu güneyli bacı-qardaşlarımız yaşayırdılar. Bildiyimiz kimi, Güney Azərbaycanda 35 milyondan çox azərbaycanlı yaşamasına baxmayaraq, həmvətənlərimizin öz doğma Vətənlərində ana dillərində məktəbləri yoxdurana dilində oxumaqları qadağandır. Amma onlar məktəb təhsili almadan ana dilimizi qoruyub saxlayırlar. İsveç isə demokratik bir ölkədir və hətta İsveç məktəblərində şagirdlərə həftədə bir dəfə ana dili tədris olunur. Bilirik ki, bir milləti yox etmək üçün əvvəlcə onun dilini aradan aparırlar, bizim ana dilimiz isə, şair Vaqif Kəhrizlinin dediyi kimiAna dilim ölən deyil”. Bilirdim ki, “Dilim ölsə, mən də ölləm”, ammaOnsuz üzüm gülən deyil, Ana dilim ölən deyil” və mən də qərara gəldim ki, ürəyimin səsini dinləyim və bir azərbaycanlı kimi özümə şərəfli borc bilib, ana dilimizə sahib çıxım, ona hörmət edim, hər birimiz üçün müqəddəs olan doğma dilimizi Vətəndən çox uzaqdasoyuq qürbətdə də olsa, qoruyub saxlayım və tədris edərək, ulu babalarımızdan bizə miras qalan bu neməti tam dolğunluğu, gözəlliyi ilə gələcək nəsillərə ötürüm. Beləliklə, həmvətənlərimizə ana dilimizdə yazıb-oxumağı öyrətməyə başladım və bu fəaliyyətimi illərlə, hətta bu günə qədər də davam etdirirəm. Sonralar burada böyüyən övladlarıımızın da ana dilimizi öyrənmələrinin vacibliyini gördümisveç məktəblərində rəsmi surətdə pedaqoji fəaliyyətimə başladım və nəticəsi də parlaqdır – şagirdlərimin sayı gündən-günə artır və bu da məni çox sevindirir. Ali təhsilli həmvətənlərim üçün isveç dilini öyrənmək elə də çətin deyildir. Amma orta təhsilli və ya yaşlı nəsil isveç dilini öyrənəndə çətinlik çəkirlər, buna səbəb həm də ana dilimizdə sözlüyün olmamasıdır.

-İsveçdə Azərbaycan dilində kitabların, dərsliklərin tapılması ilə bağlı problemlər yaşayırsınızmı?

-Mən belə problemlərlə üzləşmirəm, çünki Vətəndə olanda kitablar alıram və özümlə İsveçə gətirirəm. Amma şagirdlərimin bir neçəsini çıxmaq şərtilə çoxlarının öz dərslikləri, kitabları yoxdur, bu da əlbəttə ki, mənim işimi ikiqat artırır. Təəssüflər olsun ki, Vətəndə nəşr olunan dərsliklər də Azərbaycanda təhsil alan şagirdlər üçün nəzərdə tutulub. İsveçdə ana dilini həftədə bir dəfə və bir saat məktəblərdə tədris edirəm və bu dərsliklər buradakı uşaqlarımız üçün qənaətbəxş olmur. İki il əvvəl Azərbaycandan jurnalistlər gəlib bizimlə görüşdülər, onlara burada istifadə etmək üçün xüsusi kitabların vacibliyindən söz açdım, dərslik problemlərimizi anlatdım. Onlar da söz verdilər ki, bu problemlərimizi Azərbaycan mətbuatında işıqlandıracaqlar ki, bəlkə səsimizi dilçi alimlərimiz eşitsinlər və bizimlə həmkarlıq edərək birlikdə bura üçün nəzərdə tutulan kitablar hazırlayaq. Amma təəssüflə deyirəm ki, Vətəndən bu barədə hələ də bir şad xəbər eşitməmişik. Stokholmda ana dilimizdə mütaliə etmək istəyənlər üçün mərkəzi kitabxanada Azərbaycan dilində ədəbiyyat, müxtəlif kitablar var.

-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri orada çatdırmaq üçün hansı işlər görülür?

-Çox işlər görülür, məsələn, nümayişlər keçirilir və qəbul olunan qətnamələr, bildirişlər müəyyən təşkilatlara təqdim edilir. Həmvətənlərimiz İsveçin millət vəkilləri ilə vaxtaşırı görüşürlər və bu barədə onlara düzgün məlumatları verirlər, broşürlər, kitablar və filmlər təqdim edirlər. Seminarlar, simpoziumlariclaslar keçirilir, fotosərgilər düzəldilir və ictimaiyyətin nəzərinə çatdırılır.

-Azərbaycan, doğma el üçün darıxırsınızmı?

-Azərbaycanın torpağı, uşaqlıq xatirələrimin, gəncliyimin keçdiyi hər qarışı, hər bucağı, hər daşı üçün darıxıram. Vətəni unutmaq, sevməmək və ya onun üçün darıxmamaq olarmı? Azərbaycan ürəyimin bir parçasıdır və kövrək ürəyim uzaq qürbətdə döyünürsə, yalnız Vətən eşqi, həsrəti ilə döyünür. Bəzən Azərbaycan üçün o qədər darıxıram ki, sanki bir quş olub qanad açaraq Vətənə uçmaqo “məğrur qanadlarını açmış qartal”ın – Azərbaycanın “gözünüdoğma şəhərim Bakını öpmək istəyirəm... Çox kövrək olmuşam, bu sətirləri belə yazanda kədərlənirəm, ayrılıq nədir?! Onu çəkənlər, qürbətdə Vətən həsrəti ilə yananlar bilər... 22 il doğma Vətəndən ayrı düşmək, ayrılıq yaman olur, aman ayrılıq... Odlar Yurdu Azərbaycanımı çox sevirəm və azərbaycanlı olmağımla fəxr edirəm! Xoşbəxtəm ki, Azərbaycan mənim əziz və doğma Vətənimdir.

-Bir az da gələcək planlarınızdan danışaq...

-Gələcək planlarım çoxdur... Nə qədər ki, ürəyim Vətən eşqi ilə döyünür, gözəl Azərbaycanımı həmişə yüksək səviyyədə tanıtmaq, həmvətənlərimizi birliyə səsləmək və bu şərəfli yolda yorulmadan çalışmaq, qadınların, uşaqların və gənclərin fəaliyyətlərini gücləndirmək, həmişə olduğu kimi müxtəlif tədbirlər keçirmək, ana dilimizə sahib çıxıb, ona hörmət etmək, qoruyub saxlamaq, ana dilimizin tədrisini davam etdidərək, bütün gözəllikləri ilə gələcək nəsillərə ötürmək, dərnəyimizin fəaliyyətlərini artırmaq, Azərbaycanla əlaqələri genişləndirmək və s. Planlarım, arzularım çoxdurbütün bunları həmvətənlərlə birlikdə görəndə keyfiyyətli və möhtəşəm olur. Tək əldən səs çıxmır. Ona görə də hamını birliyə, həmrəyliyə səsləyirəm: Birlik dirilikdir, birlikdən qüvvət doğarel bir olsa, dağ oynadar yerindən, əziz həmvətənlər!

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 26 sentyabr.- S.3.