Türkiyədəki Azərbaycan

diasporunun fəaliyyəti genişlənir

 

Azərbaycan diasporunun qardaş Türkiyədə ən fəal təşkilatlarından biriİstanbul Türkiyə-Azərbaycan Dərnəyi hesab olunur. 2010-cu ildən fəaliyyətə başlayan İstanbul Türkiyə-Azərbaycan Dərnəyi qısa müddətdə həm Azərbaycan və Türkiyə dostluq-qardaşlığının inkişaf etdirilməsi, həm də ölkəmizin, ümumilikdə türk dünyasının üzləşdiyi problemlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bir sıra önəmli layihələr həyata keçirib. Sevindirici hal ondan ibarətdir ki, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin uğurlu fəaliyyəti həm Türkiyə, həm də Azərbaycanın müvafiq dövlət strukturları  tərəfindən təqdir edilir, qurumun gördüyü işlər müsbət dəyərləndirilir.

 

Bu günlərdə İstanbul Türkiyə-Azərbaycan Dərnəyi daha bir uğura imza atıb. Belə ki, İstanbul Türkiyə-Azərbaycan Dərnəyi fəaliyyət dairəsini bir qədər genişləndirib və dərnəyin yeni binasının açılışı olub. Dərnəyin açılış mərasimində Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, diaspor təşkilatlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib. İstanbulun Kadıköy bölgəsinin mərkəzində yerləşən yeni binanın açılışını bildirən qırmızı lenti Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Türkiyənin millət vəkili Ali Özgündüz, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinın sədri Səfər Qaraqoyunlu kəsib. Binanın açılış mərasimində çıxış edən İstanbul Türkiyə-Azərbaycan Dərnəyinın sədri Səfər Qaraqoyunlu bildirib ki, dərnək 2010-cu ildən fəaliyyətə başlayıb və fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan və Türkiyə arasında var olan dostluq, qardaşlıq bağlarını üst səviyyəyə daşımaq üçün bir çox tədbirlər həyata keçirib. "Bu tədbirlər Azərbaycanın iğşal altında olan torpaqları və Dağlıq Qarabağ problemi, xüsusən Xocalı soyqırımının Türkiyə və bütün dünya ictimayyətinə çatdırılmasında müstəsna rol oynayıb. Dərnəyimiz eyni zamanda Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində də mühüm işlər görməkdədir".  Açılış mərasimində çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov İstanbul Türkiyə-Azərbaycan Dərnəyinın İstanbulda Xocalı soyqırımı, 20 Yanvar faciəsi və Azərbaycanla bağlı digər tədbirlərin təşkil olunmasında fəal rolunu yüksək qiymətləndirib, dərnəyin çoxsaylı üzvlərinə uğurlar arzulayıb. Həsən  Zeynalov öz çıxışında dərnək və vakıfların gördüyü işlərin əhəmiyyətinə toxunaraq, qeyd edib ki, erməni işğalı altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün dünyada ictimai fikrin formalaşmasında bu cür dərnəklər və diaspora təşkilatları əvəzsiz rol oynayacaq. Sonra baş konsul İstanbul Türkiyə-Azərbaycan Dərnəyinə əl toxuması olan Qarabağ xalçasını hədiyyə edib. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov öz çıxışında Azərbaycanın tarixi torpaqlarının böyük hissəsinin başqa dövlətlər tərəfindən işğal olunduğuna diqqət çəkərək, qeyd edib ki, bu günkü Ermənistan tam olaraq Azərbaycanın tarixi torpaqları üzərində qurulub: “Dünyada Azərbaycan kimi bir neçə yerə parçalanmış ikinci ölkəyə rast gəlmək mümkün deyildir. Bu gün İran, Rusiya, Gürcüstan, Ermənistan qədim Azərbaycan torpaqları hesabına daha da genişlənib. Ermənistan Azərbaycanın yalnız Dağlıq Qarabağ bölgəsini işğal etməyib, tarixi Göycə mahalı, Dərələyəz, tarixi şəhərimiz olan İrəvan da ermənilərin sahibləndiyi torpaqlarımızdır. Türk diaspora təşkilatları bu faktların bütün dünyada tanıdılması üçünortaq fəaliyyət işərisində olmalıdır". İlham İsmayılov bu istiqamətdə İstanbul Türkiyə-Azərbaycan Dərnəyinın böyük işlər görəcəyinə əmin olduğunu qeyd edərək, dərnək üzvlərinə uğurlar diləyib, yeni ofisini açmış dərnəyə Azərbaycanın müasir inkişafını özündə əks etdirən rəsm-tablo və qarmon hədiyyə edib. Tədbirdə çıxış edən Prezident Adminstrasiyası ictimai-siyasi məsələlər şöbəsinin diasporla üzrə sektor müdiri Qafar Əliyev XXI əsrin türk əsri olacağı fikirlərinə diqqət çəkərək, qeyd edib ki, bu fikirlər təssadüfən yaranmayıb və konkret faktlara əsaslanıb: "XXI əsrdə Azərbaycan və Türkiyənin birgə enerji layihələri, 2014-cü ildə açılması gözlənən Bakı-Tiflis-Qars dəmiryolu layihələri bizim bəzi xarici düşmənlərimizi rahatsız etməkdədir. Ona görə də bəzən media orqanlarında bu cür iri layihələrə qarşı qərəzli yanaşmalara da rast gəlmək olur. Çünki onlar bu böyük enerji layihələri sayəsində Azərbaycan və Türkiyənin daha da güclənəcəyindən narahat olurlar. Bu iki qardaşdost ölkələrin güclənməsi isə bütün Türk dünyasının güclənməsinə xidmət edəcəkdir. Bu layihələrin uğurla həyata keçirilməsi üçün bütün türk diaspora təşkilatları da aktif fəaliyyət göstərməli, ictimai fikrin müsbət istiqamətdə formalaşması üçün birgə fəaliyyət işərisində olmalıdırlar".

Türkiyənin Milliyətçi Hərəkat Partiyasından Qars Bələdiyyə sədrliyinə namizəd olan Murtaza Karaçanta öz çıxışında bidirib ki, Azərbaycan bu gün regionda dinamik inkişaf edən ölkədir və artıq regionda lider dövlətə çevrilib: "Azərbaycan AsiyaAnadolu türklərinin mədəniyyətlərini, tarixi bağlarını özündə ehtiva edən bir ölkədir. Torpaqları erməni işğalı altında olsa da öz inancı ilə gələcəyə yürüyən gənc bir dövlətdir. Amma şanslıdır ki, özü kimi düşünən qardaş Türkiyə hər zaman onun yanındadır. İnanıram ki, Türkiyənin bu qardaşlıq və dostluğu əbədi olaraq Azərbaycanla olacaqdır. Biz bu qardaşlığın sonsuzadək olacağını artıq bütün dünyaya elan etmişikbu yolda heç nədən çəkinmədən yan-yana getməkdəyik".  Cümhurriyyət Xalq Partiyasının millət vəkili Ali Özgündüz öz çıxışında Türkiyə və Azərbaycan arasındakı əlaqələrə toxunaraq, qeyd edib ki, bu əlaqələr tarixi bağlar üzərində qurulduğunda günü-gündən daha da inkişaf etməkdədir. Ali Özgündüz Azərbaycanı bütün dünyada parlayan ulduza bənzədərək, regiondakı bütün böyük layihələrin əsas təşəbbüskarı və icraatçısı olduğuna da diqqət çəkib.  Açılış mərasimində həmçinin şair Abbas Gökçe, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin ağsaqqalları, Bekir Doğan, İhsan Özkösəli, Anadolu Aydınlar Ocağı Başkanı professor İbrahim Öztek çıxış edərək bildiriblər ki, dövlətlərin səhədlərini qanunlar müəyyənləşdirər, amma millətlərin sərhədlərini çəkəcək heç bir qanun yoxdur. Onun üçün Azərbaycan və Türkiyə insanı sadəcə dost millətlər deyil, can qardaşı, qan qardaşı millətlərdir. Mərasimin sonunda İstanbul Türkiyə-Azərbaycan Dərnəyi tərəfindən Azərbaycandan gələn qonaqlara plaket təqdim olunub, incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış edib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 8 yanvar.- S.15.