“Azərbaycan-ABŞ münasibətlərinin inkişafında

diaspormuzun birbaşa böyük rolu var”

 

Yusif Babanlı: “Amerikada oxuyan tələbələrimiz daha fəal və daha mütəşəkkil şəkildə diaspor quruculuğu işinin hərəkətverici qüvvəsinə çevriliblər”

 

Azərbaycan diasporunun inkişaf etməsində dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin rolu böyükdür. Yaşadıqları ölkələdə təhsil almaqla yanaşı diaspora işində də yaxından iştirak edən gənc soydaşlarımız hətta özlərinin şəbəkəsi və təşkilatını da qurmağa müvəffəq olurlar. Hazırda müxtəlif ölkələrdə onlarla bu tipli gənclər təşkilatı fəaliyyət göstərməkdədir.

 Bu gün əksər ölkələr kimi Birləşmiş Ştatları da azərbaycanlı gənclərin aktiv olduğu, diaspor prosesində fəal iştirak etdiyi dövlətlərdən saymaq olar. Okeanın o tayında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri də   ABŞ Azərbaycanlıları Şəbəkəsidir –USAN-dır. ABŞ Azərbaycanlılari Şəbəkəsinin həmtəsisçisi və baş katibi Yusif Babanlı okeanın o tayında Azərbaycan diasporunun vəziyyəti, təmsil etdiyi ABŞ Azərbaycanlıları Şəbəkəsinin məqsəd və vəzifələri, eləcə də gənclərin diaspor prosesində iştirak imkanları və digər məsələlər barədə danışıb. Yusif Babanlı da bildirib ki, dünyanın müxtəlif ölkələrində, xüsusilə Birləşmiş Ştatlarda təhsil alan azərbaycanlı tələbələr diaspor işində aktivlik nümayiş etdirirlər: “Son zamanlar Amerikada oxuyan tələbələrimiz daha fəal və daha mütəşəkkil şəkildə diaspor quruculuğu işinin hərəkətverici qüvvəsinə çevriliblər. Bu onu göstərir ki, xaricdə oxuyan tələbələrimizin böyük əksəriyyəti vətənlərinə biganə yanaşmırlar və əllərinə fürsət düşdükcə, öz milli borclarını yerinə yetirirlər. Buna bir neçə misal da göstərmək mümkündür. Belə ki, George Mason Universitetində Amerika Azərbaycan Gəncləri Təşkilatı, Hyuston Universitetində Azərbaycan Tələbələri Assosiyasiyası fəaliyyət göstərir. Təbii ki, bunlar hamısı deyil və müxtəlif universitetlərdə azərbaycanlıların onlarla tələbə təşkilatları mövcuddur”.       Təmsil etdiyi ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) fəaliyyətinə də toxunan Yusif Babanlının sözlərinə görə,  USAN Amerika qitəsində birinci təşkilatdır ki, bütün Amerika üzrə Azərbaycan mənşəli icma nümayəndələrini və seçicilərini səfərbər edib, onlarla qanunvericilər və media arasında bir bağlantı yaradıb:  “Əsas missiyamız, Azərbaycan amerikalılarının Birləşmiş Ştatların siyasi və sosial-siyasi həyatında daha fəal iştirakına nail olmaq, Amerika seçkilərində daha aktiv yer tutmaqlarını təmin etməkdir. Bundan başqa Amerika qanunvericiliyi ilə sıx təmas yaratmaq, Amerika media aləmində Azərbaycanı soydaşlarımız vasitəsilə tanıtmaq da missiyamıza daxildir. Hər bir azərbaycanlı öz-özlüyündə səfirdir və təbii şəkildə öz ölkəsini müsbət formada tanıtmaq istəyir. Biz, sadəcə bu prosesi onlar üçün asanlaşdırıb, onların güclərini səfərbər edib, şəbəkələşdirib, birgə bir məqsədə çatmağını təmin edirik. İndiyə kimi ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) üzvləri tərəfindən 200 mindən artıq məktub göndərilib, Massaçussets, Texas, Maine ştatlarının parlamentlərindən bir neçə qətnamə əldə edilib. Bunların sırasına  Xocalı soyqırımının tanınması, 20 Yanvar şəhidlərinin yad edilməsi, azərbaycanlıların Amerikada etnik azlıq kimi tanınması (rəsmi siyahıyaalınma işlərində və azərbaycanlıların etnik qrup kimi fəaliyyəti mühüm rol oynayan faktorlardan biridir) da daxildir. Bundan əlavə, Nevada, New Mexico və New Jersey ştatlarının qubernatorlarından Xocalı və 31 mart Azərbaycanlıların soyqırımı günü dəfələrlə bəyannamə şəklində əldə edilib və s. Bu sənədlər qanun olmasa da, mənbə olaraq müsbət xarakter daşıyır. Çünki Amerika ictimaiyyəti bu hadisələrdən və müsibətlərdən xəbərdar olur və erməni lobbisi tərəfindən dezinformasiyasını neytrallaşdırır. Azərbaycan bayramlarının, xüsusilə də Respublika Günü, Dövlət Müstəqilliyi Günü və Novruz kimi bayramları Amerika ictimaiyyətində tanıtmaq da bizim missiyamızın bir hissəsidir. Yuxarıda qeyd etdiklərim hamısı informasiya mübadiləsinin tərkib hissəsidir. Azərbaycanın Ermənistan tərəfindən pislənməsi və xüsisilə də, Qarabağ münaqişəsi çərçivəsində yalan və böhtanların cavabsız qalmasının nəticəsidir ki, erməni lobbisi Azərbaycan Respublikasına qarşı 1980-ci illərin axırı, 1990-cı illərin əvvələrində bir neçə qeyri-konstruktiv qətnamələr və qanunlar qəbul etdirmişdir. Məsələn, 907-ci maddə bu cür adələtsiz qanunların siyahısındadır”. ABŞ Azərbaycanlıları Şəbəkəsinin rəsmisi deyir ki, aparılan məqsədyönlü işlər Azərbaycan həqiqətlərinin Birləşmiş Ştatlar ictimaiyyətinə daha geniş mənada çatdırılmasına öz müsbət təsirini göstərir: “Biz ABŞ Azərbaycanlıları Şəbəkəsi olaraq Azərbaycan həqiqətlərinin yayılması istiqamətində fəaliyyət göstərdiyimiz ölkədə, ümumilikdə Amerika və Avropa qitəsində mövcud olan bir sıra Azərbaycan, türk və başqa etnik təşkilatlarla sıx əlaqədə fəaliyyət göstəririk: “Zəngilan rayonunun Ermənistan tərəfindən işğalı barədə məlumat verilməsi üzrə illik kampaniyaya başlamışıq. Bu kampaniya çərçivəsində Azərbaycan diasporunun üzvləri qanunvericilərə, Birləşmiş Ştatlar hökumətindəki rəsmi şəxslərə, hımçinin bütün Amerika üzrə kütləvi informasiya vasitələrinə məktublar göndərilir. Bu kampaniyalarından başqa, Birləşmiş Ştatlar qanunvericiləri ilə təmas qurur, bu əlaqələri inkişaf etdiririk. Eyni zamanda media vasitələrində məqalələr çap etdiririk, müxtəlif ali təhsil müəssisələrində Azərbaycanın tarixi, mədəniyyəti, geostrateji vacibliyi haqqında təqdimatlar, forumlar, konfranslar keçiririk. ABŞ Azərbaycanlılar Şəbəkəsi (USAN) artıq Vaşinqton, Çikaqo, Hyustonda bu cür böyük konfranlar keçirib. Həmçinin Amerika-Azərbaycan münasibətlərinin 20-ci ildönümünə həsr olunmuş irimiqyaslı konfransın təşkilində iştirak etmişik”. Yusif Babanlının sözlərinə görə, Birləşmiş Ştatlarda yaşayan hər bir soydaşımız səfir missiyasını daşıyır: “Hər hansı bir icma üzvünə, tələbəyə, qonağa tariximiz, mədəniyyətimiz haqqında materiallar və dəstək lazım olanda, biz bunu təmin etməyə çalışırıq. Misal olaraq deyə bilərəm ki, Vaşinqtonda, adi şəhərdaxili futbol yarışmalarında, biz “Turan” adlı komandamıza maliyyə dəstəyi veririk”. Soydaşımız Azərbaycan diasporunun Birləşmiş Ştatların ictimai-siyasi mərkəzlərinə təsir imkanları barədə də danışıb. Bildirib ki, bu sahədə, hələlik müəyyən addımlar atılmalıdır: “Hazırda təsir imkanları ancaq müxtəlif kampaniyalar, səs çoxluğu vasitəsi ilə atılan addımlarla məhdudlaşır. Təbii ki, Amerika azərbaycanlılarının bu qurumlarda, müxtəlif beyin mərkəzlərində, fondlarda, beynəlxalq təşkilatlarda yer tutması və təsir göstərməsi çox vacibdir”. Yusif Babanlı hazırda Birləşmiş Ştatlara rəhbərlik edən Obama hakimiyyətinin Amerika azərbaycanlılarına olan münasibətinə də aydınlıq gətirib. Həmyerlimizin sözlərinə görə, Obama administrasiyasının Azərbaycan icmasına münasibəti müsbətdir: “Bildiyiniz kimi, prezident Obama senator olarkən Azərbaycana səfər etmişdi və Azərbaycanla birbaşa tanışdır. 2008-ci ilin seçkisi zamanı Azərbaycan diasporunun iri miqyasda fəallaşmasına məhəl qoymamaq olmazdı. Prezident seçkilərindən sonra da, Azərbaycan diaspor təşkilatları tərəfindən Obama administrasiyasına müxtəlif mövzularda dəfələrlə müraciət olunub. Qondarma Dağlıq Qarabağ rejiminə maddi vəsait verilməsinə qarşı çıxışlarımızdan Azərbaycana ABŞ səfiri təyin olunmasına qədər. İnanırıq ki, bundan sonra hər bir prezident administrasiyası Azərbaycan icmasının fəallığının artmasını nəzərə alacaq və bu proseslərə düzgün əhəmiyyət verəcək. Təbii ki, Amerika siyasi sistemində çox vaxtlar nöqsanlar olur və orta məxrəc tapılmır. Məhz buna görə, Azərbaycan diaspor üzvləri qanunvericilərlə təmas qurmaq üşün səylərini əsirgəməməlidir. Bu, siyasi reallıqdır. Azərbaycan-Birləşmiş Ştatlar münasibətlərinin inkişafında diasporumuzun roluna gəlincə isə deyə bilərəm ki, iki ölkə arasındakı əlaqələrin, münasibətlərin inkişafında diaspormuzun birbaşa böyük rolu var: “Yuxarıda sadaladığım fəaliyyət növlərində Azərbaycan icmasının iştirakı Azərbaycana aid müsbət qanunların qəbul edilməsində çox mühümdür. Bizim məktub kampaniyalarının nəticəsində, Amerika kütləvi informasiya vasitələrində yüzə yaxın məqalələr dərc edilib. Bu cür fəaliyyət Azərbaycan haqqında doğru informasiyanın yayılmasında və dolayısı ilə Amerika ictimaiyyətində müsbət rəyin formalaşmasında böyük rol oynayır. Bizim məqsədimiz Amerikada yaşayan soydaşlarımızın tək Azərbaycana qulluq etməsi deyil. Əksinə, biz istəyirik ki, Amerikada yaşayan azərbaycanlılar birinci növbədə Birləşmiş Ştatların yaxşı və uğurlu vətəndaşları olsun və bu ölkənin vətəndaşları kimi Amerikanın iqtisadiyyatında, sosial durumunda öz bəhrələrini versinlər.  Bununla əlaqədar, biz həmçinin Azərbaycana aid olmayan, amma birbaşa Amerikada yaşayan soydaşlarımızın yaşayış tərzinə təsir göstərəcək potensial qanunvericiliyə rəy bildirən məktub kampaniyaları da keçiririk. Ancaq və ancaq yaşadıqları ölkənin xeyirli və düşərli vətəndaşı olandan sonra, bu ölkənin ayrılmaz hissəsi kimi ABŞ-Azərbaycan münasibətləri quruculuğunda fəal rol oynamaq olar”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 9 yanvar.- S.15.