Tofiq İsgəndərli:
“Hər toyun öz çəkisi var”
“Hamının verdiyi bir manatı 100-lüyə çevirsəm məhv olaram ki”
(Əvvəli 27.12.2013 nömrəsində)
“Bizim Qonaq” rubrikasının müsahibi, foks ustası
Tofiq
İsgəndərli ilə söhbətimizi davam etdiririk.
-Səhnə geyiminin
jilet, şalvar və pencəyində standart ciblərdən
başqa əlavə cibləri olur. Bu ciblərdə biz
özümüzə lazım olan alətləri, əşyaları
saxlayırıq. Səhnədə özünü necə
rahat hiss edirsən, onu da geyinməlisən. Geyim göz
oxşayan olsa daha yaxşıdı.
-Bir az da sənətin kökü haqda danışaq...
-Bizdə qədim muğ tayfaları olub, onlara maq deyirlər. Magiya sözü də həmin tayfanın adı ilə bağlıdı. Maqlar Allahı tanımayıblar, təbii qüvvələrə, oda, aya sitayiş ediblər. Karvan yollarının üzərində dincələn qonaqları əyləndirir, bu yolla çörək pulu qazanırdılar. Özlərini yandırır, tikanların üzərində yeriyirdilər.
-Ümumiyyətlə bu sənətin tarixi kökləri hansı ölkəyə bağlıdı?
-Bu sənətin
yaranması Azərbaycanın adına bağlıdı. Amma
beynəlxalq aləmdə illuziya sənətini Çin və
Hindistanın adı ilə əlaqələndirirlər. Bizim
eradan 2500 il əvvəl Misirdə Vestar adlı papirus üzərində
yazılıb ki, firon Hu Funun keçirtdiyi tədbirdə Cerri
adlı sehirbaz qazın başını kəsərək bədənindən
ayırıb. Sonra bədənlə başı birləşdirib.
Bu papirus onu yazan şəxsin adına bağlıdı,
hazırda Almaniyada Drezden muzeyində saxlanılır. Bu sənət
haqda yazılı məlumat o dövrə aid olsa da sənət
bundan öncə də olub. Məsələn, Musa peyğəmbərin
vaxtında da bu sənət olub. İnsan yaranandan həmişə
sirrini açmadığı şeylər ona möcüzə
kimi görünüb. Hələ o zamanlar adi şimşəyin
çaxmağı Allah bəndəsinə möcüzə
kimi görünürdü.
-Belə qənaətə gəlmək olar ki, sehr yoxdu. Sadəcə olaraq müəyyən üsullarla tamaşaçını “aldatmaq” olur. Lakin etiraf edək ki, açıq-aşkar mənəm-mənəm deyib camaatı aldadaraq pul qazananlar da var
-Mediumlar, ekstrasenslər bu qəbilə aiddi. Onlar bu yolla pul qazanıblar. Sənətin
yeganə, sevilməyən tərəfi budur ki, bəziləri
özlərini sehrbaz, cadugər kimi qələmə verim,
camaatdan 3-5 manat qoparırlar. Əslində
bütün bunların kökündə foks dayanır. Sehrbaz, astroloq adı ilə hələ o vaxtlar
şahların, kralların sarayına yol tapanlar var idi. Qarşısındakını inandırmaq
üçün onlar xırda bir foks göstərib,
camaatı inandırırlar. Daha sonra özlərinə lazım olan
işi görürlər. Məsələn,
biri gəlir deyir ki, bəxtimi aç. İpi
düyünləyib ovcuna qoyur. Əslində
ip düyünlənməmiş halda onun ovcuna qoyulur. Ovcunu yumur. Açanda
görür ki, düyün açılıb,
düşünür ki bəxti açılıb. Əslində bu düyünün heç nəyə
aidiyyatı yoxdu. Bir sözlə desək,
pul qazanmaq üçün camaata hər cür kələk gəliblər.
Hətta qumarbazlar da bu cür yollardan istifadə
edirlər.
-Bu da sənəti
bir az da olsa aşağılayıb
-Bir az yox, əməlli-başlı
aşağılayıb. Elə dövr olub ki, hətta bu
cür yollarla camaatı aldadanları edam
ediblər. Əslində biz sehrbaz yox,
illuziyalistik. Cadugərlik isə tamam
başqa bir şeydi. Hansı cadugər,
sehrbaz, ekstrasens pulsuz işləyər? Deməli
məqsəd yalnız pul qazanmaqdı. Onlar
məcazi mənada insanın gözünü bağlayaraq kənarda
“sehr”ini edir. Sehr yoxdu, olmayıb da.
-Özünüz
daha çox kimlərdən
görüb-götürmüsünüz?
-O vaxtlar daha çox rus kanallarını
izləyirdim. Bir də ki, rayonlara gələn
foks ustalarından nəsə öyrənirdim. Tələbə ikən Moskva ilə də əlaqəli
idim. O zaman, 1980-ci ildə gənc illuziyalistlərdən
ibarət klub yaratmışdıq. Əsgərliyə
getdikdən sonra həmin klubun fəaliyyəti dayandı.
80-c illərdə hələ Moskvada belə dərnək
fəaliyyət göstərmirdi. Əsgərlikdən
qayıtdıqdan sonra Moskva ilə əlaqə saxladım.
Artıq orda da belə bir dərnək fəaliyyət
göstərirdi.
- Sirrini
bilmədiyiniz foks nömrəsi varmı?
-İstəyərdim ki, olsun. Elə foks ki, onun sirrini bilməyim. Hazırda 2
mindən çox əşyam, foksum var. Bu az iş deyil. Elə fokslarım var ki, onları nümayiş etməmişəm.
Hansı xarici ölkəyə gedirəmsə
foks mağazasına girirəm. Foks haqda
kitablar, xırda əşyalar alıram. Azərbaycanda
hələ ki bu cür mağazalar yoxdu. Ən
bahalı əşyamın qiyməti 3 min dollardı. Bu
stoldu, istənilən tamaşaçını
çağıranda həmin stol havaya
qalxmağa başlayır. Mən bu əşyaları
nə zülmlə almışam. Qazancımın
yarıdan çoxunu bu əşyalara xərcləmişəm.
Xaricdən aldığın əşyanın
çəkisi artdıqca yol haqqısı da qalxır. Amma əşyaların sayı artdıqca kilonun qiyməti
enir. Bir çoxları xaricdən almır
ki, yol haqqı ilə birgə baha alınır. Könlü balıq istəyən quyruğunu suya
verməlidi. Başqa cür olmur. Deyirlər ki pul yoxdu. Mən onsuz
da bu sənətdən elə qazanmıram. Sadəcə sənət ölməsin deyə bu
yolu davam etdirirəm.
-Foksda əsas
vasitələrdən biri də heyvanlardı. Hansı
heyvanları saxlayırsınız?
-Dovşan, göyərçin,
tutuquşum var.
-İndi daha çox hansı məqsədlə bu sənət
tərənnüm edilir?
-Sadəcə pul qazanmaq. Bu sənətin əsasında
yaxşı mənada qarşındakını aldatmaq
dayanır. Şirin yalan sayılır,
çünki sən bununla tamaşaçıya zövq verirsən.
Yalan var ki, onu qəbul edirlər, baxıb
gülürlər. Amma gedib kiməsə
yalan desən bəlkə də səni vurar. Foks göstərirsənsə məqsədin bu
olmalıdır ki, mən tamaşaçını
yaxşı mənada aldadacağam. Tamaşaçını
ovsunlaya bilirsənsə demək ki, peşəkarsan. Devid Kopperfildin tamaşası zamanı da səhnəni
tərk edənlər var idi. Bu o demək
deyil ki, Devid Kopper səhnəni ələ ala bilmir. O qədər
tamaşaçı arasında bir neçəsinin səhnəni
tərk etməsi normaldı. Ola bilər ki,
tamaşa zamanı əlindən nəsə yerə
düşsün, vəziyyətdən elə
çıxmalısan ki, tamaşaçı həmin anı
tamaşanın bir hissəsi kimi qəbul etsin. 10-15 əşyanı çantaya yığaraq gedib
haradasa foks nümayiş etdirmək illuzialist olmaq demək
deyil. Peşəkarın gərək
özünə məxsus olan nömrələri olsun.
-Çində
də illər öncə beynəlxalq bir festivala
qatılmışdınız...
-Çində 2001 –ci ildə “İlin ən
yaxşı 20 illuzialisti” beynəlxalq festivalında iştirak
etmişəm. Öncələr festivala
materillar yollayırdıq. Onlar seçim
edərək bizi dəvət etdilər.
-Tİ Magic-də vəziyyət necədi?
-Bir az maddi tərəfdən
sıxıntılarımız var idi. İşimizi
davam etdirirdik, amma böyük işlər görə
bilmirdik. Son olaraq yay aylarında möhtəşəm
tamaşamız oldu, Rus-Dram Teatrında. 3
saat ərzində rəhbəri olduğum Azərbaycan
İlluziya Mərkəzinin bütün üzvləri
tamaşada maraqlı nömrələr nümayiş etdirdilər.
3 saat tamaşaçı tamaşaya baxırsa
deməli maraqlıdı. Heç kəs
istəmədiyi tamaşaya 5 dəqiqə belə oturub baxmaz.
Öncə düşünürdüm ki,
heç kəs gəlməz. Hər dəfə
alınmayacaq deyib kənara çəkilməklə bir dəfə riskə getmək
olar. Axır ki, biz də istəyimizə
çatdıq. Hər gün biletlərin
satışı ilə maraqlanırdıq. Tamaşaya iki gün qalanda öyrəndik ki, bilet
qalmayıb.
-Avropada
bu sənət orta məktəblərdə tədris edilir. Azərbaycanda
isə...
-Hələ ki belə təşəbbüs irəli
sürülməyib. Amma düşünürəm
ki, bunun üçün ilk olaraq o pilləyə çatmaq, sənəti
dərk etmək lazımdı. Həmişə
mənə yaxınlaşan deyib ki, pul versəm dollar edə
bilərsən? Və ya deyiblər ki, kart
versək düzə bilərsən? Biz bu
səmtə meyillənmişik. Deməli ən
maraqlısı puldu.
-Qarşınızdakını
“aldatmaq” üçün saxta pullardan istifadə edirsiniz..?
-Əlbətdə ki. Hamının verdiyi bir manatı 100-lüyə
çevirsəm məhv olaram ki. Əlbətdə
ki, bunlar saxta pullardı. Əksinə o yox, mən qazana
bilərəm (gülür...).
-Foks
nümayiş etdirmək üçün aktyorluq qabiliyyəti
əsas amildi. Təhsilli təhsillsiz arasında fərq necə,
hiss olunurmu?
-Aktyorluğu bitirərək səhnəyə
çıxanla aktyorluq təhsili olmayan arasında fərq istər-istəməz
hiss olunur.
-Peşəkarlıq,
seçilmək üçün başqa hansı amillər zəruridi?
-Stil, dəsti-xətt önəmlidi. Yəni
foks nömrəsinin təqdimatı. Mən
foksu elə təqdim edə bilərəm ki, guya Allah tərəfindən
xüsusi istedada malikəm. Bu gün eyni yemək daha
yaxşı alınır, sabah isə yox. Səbəb nədi? Əlbətdə
ki, gördüyün işə ürək yandırmaq.
İş üçün ürəyini,
canını qoymalısan.
-Ailə
üzvərinizin necə, sənətə marağı
varmı?
-Ailə üzvlərimdən heç kəsin foks sənətinə
marağı yoxdu.
(Bu arada Tofiq müəllim bizə bir neçə foksun
da sehrini öyrətdi)
-Foks
ustası olmaq çətindirmi?
-Kənardan bu sənət sənə
çox dəbdəbəli, parlaq görünə bilər.
Amma tanış olduqda görürsən
ki, əzab-zəiyyətdi. Pul xərcləməsən qazana bilməzsən, bu sənətinki
budu. Heç kəs bu gündən sənətin
axırının necə olacağına təminat verə
bilməz.
- Teatr da
gəliriniz necədi?
-Teatrdan 170 manat maaş
alıram. 300, ya 500 alsam bununla necə dolana bilərəm?
Dolanmaq olar, gərək ki bir qarın ac biri də
tox olsun.
-
Ümumilikdə aylıq gəliriniz necədi?
-Normal ailənin dolandırılması
üçün yetərlidi. Hansısa biznes mərkəzlərim
olmasa da əlavə gəlirim var.
-Bir foksun
qiyməti nə qədərdi?
-Hər bir foksun öz qiyməti var.
-Əsas tamaşaçılarınız kimlərdən
ibarətdi?
-Əsas tamaşaçılarımız
uşaqlardı. Valideyn uşaqla gəldiyi
üçün tamaşa salonunda balans yaranır.
-Foks
nömrələrinin nümayişi zamanı yaş hədləri
necə, gözlənilirmi?
-Gözlənilməlidi. Böyüklərdən
fərqli olaraq uşaq bu cür nömrələrə
inandığı üçün onu tətbiq edə bilər.
Bu zaman təhlükəli olaylar da yarana bilər.
-Bir
çox ölkələrlə müqayisədə Azərbaycanda
sənətin zəif inkişaf etməsinin əsas səbəbi
nədir?
-Bizdə təbliğat zəifdi. Addımlar atmaq lazımdı. Yanvardan
sonra növbəti konsertimizi planlaşdırırıq.
Görək necə olacaq.
-Toylara da
gedirsiz?
-Amma hər toya yox. Toyun, ev sahibinin səviyyəsi mənim üçün
çox maraqlıdı. Elə yerə gedəsən
ki, sənə maraq olsun. Alimin
qonağı alim olacaq, ziyalınınkı ziyalı, fəhləninki
fəhlə. Elə olub ki dəvət
aldığım yerdən pul almaqdan imtina etmişəm.
Şərt o deyil ki, pul qazanasan. Elə toy
var ki, orda mənə 200 manat təklif etsələr deyərəm
ki, get özünü dola. Hər toyun öz
çəkisi var.
Nigar Məhərrəm
Olaylar.-
2014.- 9 yanvar.- S.14.