Bir səbət tənhalıq
Teatrda bir görüş
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında Məcid Vahidzadənin “Bir səbət tənhalıq”
tamaşasının premyerası olub.
Qozbel qızcığazın həyat
axarını özündə əks etdirən
tamaşanın sujet xəttində baş qəhrəmanın
daxili monoloqu əksini tapır. Valideynləri olsa da
özünü tənha hiss edən qəhrəman
uşaqlıq oyuncağı, gəlinciklə ovunaraq tənha
olmadığını düşünür. Bəzən əsəbləşib
ona qışqırır, bir müddət keçdikdən
sonra peşman olub “sənlə eyni ilə anamın mənimlə
davrandığı kimi rəftar etdim” deyərək üzr
istəyir. Qəhrəmanın daxili aləmini əks etdirən
monoloqdan da aydın olur ki, ailədəki ən böyük
faciə valideyn-övlad arasındakı ünsiyyət
pozuntusudu. Günümüzlə səsləşən
tamaşada valideyn-övlad arasında ünsiyyət
qırıqlığının azyaşlı və yeniyetmələrə
nə qədər mənfi təsir göstərməsi əksini
tapır.
O qüsurlu olduğu üçün cəmiyyət
içinə çıxa bilməyəcəyini anlayır.
Çünki hər dəfə küçəyə
çıxanda ətrafdakılar onun belindəki qoza baxaraq məsxərəyə
qoyur. Bu səbəbdən yaşıdları ilə də
ünsiyyət qura bilmir. Daha doğrusu ünsiyyətə can
atır, amma heç kəs onu ətrafına qəbul
etmir. Nəinki həmyaşıdları,
ətrafdakılar, eləcə də valideynləri bu
qüsuru ona çox bilir. Anası eybəcər olduğu
üçün onunla harasa getməkdən utanır. Atası
isə qüsurlu övlada sahib olmasını öz
günahına bağlayır. Tamaşanın irəliləyən
dəqiqələrində hönkürərək ağlayan
qız “ata, sən elə bilirsən ki, mən sənin dediklərini
eşitməmişəm. Sən həmişə demisən
ki, sizin günahlarınız ucbatından Allah mənim kimi
qüsurlu övlad bəxş edib” deyə qışqıraraq
taleyinə etiraz edir.
Qüsurlu olsa da onun da hər kəs kimi əylənmək,
həyatdan zövq almaq, ailə qurmaq haqqı var. Heç kəs
bu haqqı ondan ala bilməz. Tək Allahdan başqa. Gəlin
olmaq, ailə, öz ocağını qurmaq hər bir qız
kimi onun da ən ülvi arzularından biridi. Qonşu evində
səslənən “Vağzalı” qəhrəmanımıza təsirsiz
ötüşmür. Anidən özünü həmin
kürsüdə xəyal edir, pəncərədən
asılan tüldən özünə duvaq düzəldib
güzgünün önünə keçir. Amma yenə də
nə qədər eybəcər olmasının fərqinə
varır. Sanki toyu olacaqmış...əlinə qələm və
kağız alaraq məclisə dəvətli olacaq şəxslərin
siyahısını hazırlayır...
“Oğru, oğru” deyə küçədən
bir səs eşidilir...Bir müddət keçdikdən sonra
otağına geri döndükdə oğrunun evində
olduğunu görür. Nə qədər
qışqırbağır salsa da sonda “oğru”nun taleyinə
acıyır. Oğurluq etdiyi üçün yox, oxşar
talelərə sahib olduqları üçün. Əslinə
qaldıqda baş qəhrəmanın səhnədəki tərəf
müqabili olan bu şəxsi oğru da adlandırmaq
düzgün olmaz. Axı o özünə məxsus olan, bir
vaxtlar bu gün “Vağzalıs”ı çalınan gəlinə
bağışladığı tütəyi geri almaq
üçün məclisə getmişdi....Başına gələnləri
qızcığaza nəql etməyə başlayır: Sən
elə bilirsən tənhalıq nədir, mən bilmirəm. Məni
atıblar, hələ körpə ikən, yol
qırağında bir yerə qoyublar. Mənlə bərabər
bu gün mənə tənhalığı unutduran tütəyimi
də həmin məkana qoyub getmişdilər. Çox guman
ki, atamın çaldığı tütək olub. İllər
keçdi bir qıza vuruldum. Qonşuluğunuzdakı həmin
qıza. Onunla sevgili oldum, amma...Amma bilirdim ki bizim münasibətlərimiz
çox uzun davam edə bilməyəcək. Bilirsən niyə?
Çünki mənim valideynlərim yoxdu...Tək-tənhayam.
Ona tütəyimi bağışlamışdım. Bir
gün açıb bütün həqiqətləri
olduğu kimi danışdım...Və bu gün...bu gün o
gəlin köçür. Tək istəyim tütəyimi
geri almaq idi. Bunu bacardım. Artıq bütün dünyalar mənimdi...
Tamaşanın sujet xəttinin kökündə
valideynlərin ən böyük səhvləri dayanır. Övlad
dünyaya gətirib onu tərk edən, gələcəyinə,
taleyinə biganə yanaşan, övladının yanında
olsa da ona tənhalığı hiss etdirən valideynlər tənqid
atəşinə tutulur. Günümüzlə
səsləşən tamaşanın ssenarisindən də göründüyü kimi
bu gün
başımıza gələn bəlalarda valideynlərin də
payı az deyil. Kimisi intihar edir, kimisi özünə
qapanır, kimisi normal
ailə başçısı ola bilmir...
Qozbel qızcığazı canlandıran aktrisa
Güşvər Şərifova tamaşanın ilk dəfə festival üçün
hazırlandığını deyərək Kiçik
Səhnədə də uğurlu
nümayişindən söz
açıb: “İlk dəfə
tamaşanı festival üçün
hazırlamışdıq.
Festivalda iki obrazdan ibarət tamaşaların nümayişi nəzərdə tutulduğundan biz də bu tamaşa üzərində
işlədik, uğurlu da
alındı”. Hər bir aktrisanın
canlandırdığı obrazda onun daxili aləmi ilə uyuşan bir xarakter olur. Bəs, görəsən
aktrisamızla obraz arasında hansı
oxşarlıqlar var: “Oxşar
talelərə sahib olduğu
üçün insanların çoxu bir-birinə yaxındı.
Hamımız tənhayıq. Sadəcə olaraq
baş qəhrəmanımızın qüsuru onda daha böyük komplekslər
yaradır”.
Gənc
olsa da rollarını
uğurla canlandıran digər qəhrəmanımız,
aktyor Eşqin Quliyev tamaşa ilə bağlı təəssüratlarını
və yaradıcılığı ilə bağlı məlumatları
bizlə bölüşdü: “İlk dəfədir ki, özümü belə bir
ampulada sınayıram. Daha çox
komediya janrında olan
tamaşalarda rol
almışam. Buna baxmayaarq
dramı çox sevmişəm. Tamamilə
fərqli obraz idi.
Obrazın xaraktercə mənə çox
yaxın olduğunu düşünürəm.
Daxilən ciddi, tənhalığı sevən
bir adamam. Uğurlu alınıb-alınmamasını
tamaşaçılar deyə bilər”.
Tamaşanın rejissoru Nofəl Vəliyev qısaca da olsa təəssüatlarını
bölüşdü: “Tamaşa
düşünürəm ki, uğurlu alınıb. Məqsədimiz də bu idi”.
Qeyd edək ki,
tamaşanın rejissoru, əməkdar artist Nofəl Vəliyev, yeni
səhnə əsərinin tərtibatçısı Zəminə
Orucova, musiqi tərtibatçısı
İradə Muradovadır.
Nigar Məhərrəm
Olaylar.-
2014.- 16 yanvar.- S.13.