“Vətən naminə
görülən işin böyüyü, kiçiyi
olmamalıdır”
Mayisə Ağamirzəyeva: “Biz xarici ölkələrdə erməni diasporasına cavab verməyə qadir olmalıyıq”
“Ana Vətən” Niderland Azərbaycanlı
Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın
“Olaylar”a müsahibəsi
-Mayisə
xanım, uzun müddət Niderland Krallığında
yaşayırsınız. Söhbətimizə bu ölkə
haqqında danışmaqla başlayaq. Hollandiya barəsində
oxucularımızın müəyyən qədər
informasiyaları var. Bəs siz Hollandiya haqqında onlara məlum
olmayan, ən çox diqqətinizi çəkən hansı
məlumatı verə bilərsiniz?
- Hollandiya dedikdə
insanın ilk ağlına gələn assosiasiyalar təbii ki,
dünyada məşhur olan çiçəkləri və
pendirləridi. Bundan başqa bura Avropanın ən demokratik və
tolerant, insan haqlarının qorunduğu, yüksək sosial təminatı
olan ölkələrindən biridir. Artıq 11 ilə
yaxındır ki, Niderlandda yaşayıram. İlk vaxtlar diqqətimi
çəkən hollandların yaşlı insanlara,
uşaqlara və heyvanlara olan münasibəti oldu. Belə ki,
Azərbaycanda yaşadığım müddətdə Avropa
haqqında bir çox düşüncələrimin
yanlış olduğunu anladım. Burda guya insanların ailə
bağlarının zəif olması, övladların valideynlərinə
münasibətlərinin soyuq olması, uşaqlarının
taleyinə, gələcəyinə etinasız olmaları
fikirlərinin düzgün olmadığının şahidi
oldum. Doğrudur, avropalılar övladları ilə bir yerdə
yaşamırlar. Amma bu, o demək deyil ki, onlar bir-birlərini
sevmirlər, ya da qayğısına qalmırlar. Avropada insanların ata-anası da, övladı da
dövlətdi, dövlətin sosial təminatı və
qayğısıdı. Burda insanlar gələcəyini düşünür,
çox işləyib qocalığını rahat yaşamaq
üçün vəsait toplayır və heç kimə
yük olmadan dünyasını dəyişirlər. Yaşlı insanlar yaşaya bildiyi qədər
öz evində yaşayır, artıq xəstələndikdə
və daha çox yaşlandıqda dövlətdən
aldığı təqaüdün bir hissəsini onlara xidmət
göstərmək üçün fəaliyyət göstərən
sağlamlıq mərkəzlərinə, baxım evlərinə
kiçirir və orda öz yaşıdları ilə bir yerdə
rahat olurlar. Hər şənbə-bazar günləri
də övladları iş günü olmadığına
görə nəvələri ilə birlikdə onları ziyarət
edir, bayramları qeyd edir, gəzdirir və sevindirirlər.
Ümumiyyətlə, burda insanların əhval-ruhiyyəsinin
yüksək olmasına, psixolji durumuna böyük önəm
verilir. Hollandların düşüncələrinə
görə psixoloji problemi olan insan cəmiyyətə ancaq zərər
verər. Avropalılar həyatın hər bir anının qədrini
bilir, gələcəyə inamla baxırlar. Xüsusilə gəzməyi,
dincəlməyi, təbiəti, heyvanları çox sevirlər.
Uşaqlarının ali təhsilli olması
üçün əllərindən gələni etsələr
də, onu heç nəyə məcbur etmirlər və əsas
yaxşı insan, məşğul olduğu işdə
peşəkar olması üçün
çalışırlar. Ümimiyyətlə isə, Avropa
sistemində tətbiq edilə biləcək yaxşı
nüanslar çoxdu və ağıllı insan
yaxşıları götürüb pisləri
atmalıdır.
-Hollandiyada təxminən nə qədər azərbaycanlı yaşayır?
-Dəqiq sayını bilməsəm də,
Hollandiyada təxminən 10 min azərbaycanlı
yaşayır.
-Hollandiyada gəlmələrə, xüsusən də müsəlmanlara və eləcə də azərbaycanlılara münasibət necədir?
-Hollandlar çox sadə, mehriban və tolerant
xalqdılar. Bura gəlmələri özləri
keçən əsrin 60-70-ci illərində işçiyə
ehtiyacları olduğu üçün
çağırdıqlarına görə münasibətləri
də pis deyil. Ancaq zamanla bura müvəqqəti
işçi kimi gələnlər öz ölkələrinə
qayıtmayıblar və burada daimi olaraq məskunlaşıblar.
Sonralar isə öz ölkəsində siyasi
problemi olan mühacirlərin, ərazisində müharibə
gedən əlacsız insanların axını
başlayıb. Təbii ki, bunların
arasında Avropa yaşayış tərzinə
uyğunlaşıb, mühitlə ayaqlaşa bilən,
yaşadığı ölkənin dilini öyrənib, adət-ənənələrinə
hörmətlə yanaşanlar, cəmiyyətə
qaynayıb-qarışanlar heç bir problemlə üzləşmir.
Ancaq bura qayda-qanunların çox güclü
olduğu bir ölkədir. Buranın
qayda-qanunlarına uymayanlar təbii ki, yaxşı
qarşılanmır, onlara münasibət müsbət olmur.
Amma yenə də heç kimin haqqı pozulmur.
Bu hamıya aid bir fikirdi, müsəlmanlara və
azərbaycanlılara da. Ümumiyyətlə,
götürdükdə isə bizə münasibət
yaxşıdı. Çünki bizim insanların əksəriyyəti
sovet təhsili görmüş, mədəni,
savadlıdır və Avropa mühitinə tez alışa
bilirlər. Ümumiyyətlə, avropalılar
düzgün, mədəni, dəqiq, savadlı və
çalışqan insanlara milliyyətindən və dinindən
asılı olmayaraq sayğı ilə yanaşırlar.
-“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar
Birliyi haqqında məlumat verməyinizi xahiş edərdim. Təmsil etdiyiniz təşkilatın
Hollandiya cəmiyyətində yeri, mövqeyi, təsiri nə
dərəcədədir?
- “Ana Vətən” cəmiyyəti
10 ildir ki, fəaliyyət göstərir. Təşkilatın yaradıcısı
yazıçı-ziyalı xanım Gülşən Lətifdi.
3 il öncə isə cəmiyyətin sədri
vəzifəsi mənə tapşırılıb. Öncə onu vurğulayım ki, Azərbaycan
qadınları həmişə cəmiyyətdə
aparıcı rol oynayıb və bu gün biz öz fəaliyyətimizlə
bunu bir daha sübut edirik. Yarandığı
gündən “Ana Vətən”in amalı azərbaycançılığı
təbliğ etmək, ölkəmiz, xalqımız
üçün önəmli, faydalı olan işlər
görməkdir. Məncə, vətən
naminə görülən işin böyüyü,
kiçiyi olmamalıdır. Biz Azərbaycan
qadını olaraq holland cəmiyyətində istər mədəniyyətimizlə,
istər mətbəximizlə, adət-ənənələrimizlə,
istərsə də ədalətsizliyə qarşı haqq səsimizi
ucaltmaqla məhdud imkanlarımızla zərrə qədər
də olsa işlər görürüksə, bu, ölkəmiz
üçün faydalıdı. Çünki
bizim çox hiyləgər və mütəşəkkil
düşmənlərimiz var. Biz qürbət ölkələrdə
erməni diasporasına cavab verməyə qadir olmalıyıq
və güclü olub ölkəmizi, vətənimizi,
xalqımızı gözəl təqdim etməliyik. Avropada bunu etmək asan olmasa da, fikrimcə, bunun
öhdəsindən gəlirik və
çalışırıq ki, bütün layihələrimizdə
hollandların fikirlərinə təsir edək,
özümüzü onlara qəbul etdirək.
- Azərbaycan
diasporası ilə Türkiyə diasporası arasında nə
kimi əlaqələr var?
-Bizim Birlik Azərbaycan Diasporasının
kiçik bir parçasıdı və öz adımızdan
deyə bilərəm ki, “Ana Vətən” Niderland Azərbaycanlı
Qadınlar Birliyi qardaş Türkiyənin bir çox cəmiyyət
və qurumları ilə əməkdaşlıq edir. Məsələn, Niderland Azərbaycan-Türk
Kültür Dərnəyi, Türk Federasiyonu, Hollandiya Müsəlman
Türk Cəmiyyətləri ilə bir çox işlər
görmüşük. Qarşılıqlı
olaraq onlar bizim, biz də onların təşkil etdiyi tədbirlərdə
iştirak etməyə, bir-birimizə dəstək olmağa
çalışırıq. Çünki
biz ortaq düşməni olan iki xalq kimi birlikdə mübarizə
aparmalıyıq. Yoxsa qalib ola bilmərik.
-Niderlandda Qarabağ münaqişəsi haqqında nə
bilirlər?
-Niderlandda
Qarabağ münaqişəsi haqqında az
bilirlər. Ancaq Azərbaycan Respublikası
Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan
Respublikasının Niderland Krallığında fəaliyyət
göstərən səfirliyi Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinin diqqətinə
çatdırılması yolunda çox səy göstərir,
bütün cəmiyyətləri bir araya toplayaraq silsilə tədbirlər
keçirir. Avropalıların Qarabağ münaqişəsində
ən çox Xocalı faciəsi haqqında məlumatları
var. Hər il Xocalı faciəsini
avropalıların diqqətinə çatdırmaq
üçün tədbirlər keçirilir. Xüsusilə
keçən il Leyla Əliyevanın təşəbbüsü
ilə “Xocalıya Ədalət!” kampaniyası bu işdə
çox uğur qazandı. Həmin işlərdə
digər cəmiyyətlərlə birgə “Ana Vətən” də
aktivlik göstərib. Tədbirlər
silsiləsində Ermənistanın səfirliyi önündə
mitinq keçirilib, Haaqa Ədalət Məhkəməsinə
məktub, 1 milyon imza toplanmış kitab və Xocalıya aid
petisiya təqdim olunub. Cəmiyyətimizin
təşəbbüsü ilə azərbaycanlı gənclərlə
xüsusi geyimdə, əllərdə şamlarla “Sükut
yürüşü” təşkil edilib. Niderland
Azərbaycan-Türk Kültür Dərnəyinin təşəbbüsü
ilə Haaqada Xocalı monumenti qoyulub. Benilüks
Azərbaycanlılar Konqresi bir çox konfrans və tədbirlər
keçirilib. “Ana Vətən”in təşəbbüsü
ilə Rotterdam İslam Universiteti və Amsterdam Universitetində
Xocalı hadisələri ilə bağlı konfranslar
keçirilib. Müstəqil holland jurnalisti Xert
van Dam 2 dəfə Azərbaycana gedib, qaçqınlarla
görüşüb və mətbuatda əsl həqiqətləri
dünya ictimaiyyətinin diqqətinə çatdıran
yazılarla çıxış edib. Müstəqil
jurnalist kimi fəaliyyət göstərən Elnaz Sangin
Xocalı hadisələri haqqında holland dilində məqalə
yazıb çap etdirib və təbii ki, bu yazılarla ermənilərin
qəzəbinə səbəb olub. Bu
yazıya görə Elnaz xanım təhdidlərlə üzləşib.
Digər azərbaycanlı xanım İradə
Uluxanlı da Hollandiyanın Limburq şəhərində fəaliyyət
göstərir. Firəngiz Bağırovanın rəhbərliyi
altında “Odlar Yurdu” təşkilatının holland uşaq
xoru ilə birgə həyata keçirilən “Sarı gəlin”
layihəsini də xalq mahnımızın ermənilər tərəfindən
oğurlanmasına dəyərli cavab hesab etmək olar. Azərbaycanlı müğənni Elxan Rzayevin və
Firəngiz xanımın holland müğənni Mariya van
Felzeye Azərbaycan mahnılarını, xüsusilə də
“Sarı gəlin”i holland dilində öyrətmələrini
də qeyd etmək istərdim. Bundan başqa Vüsalə
Məmmədovanın Hollandiyaya səfər edən Mixail
Qorbaçova mətbuat konfransında 20 Yanvarla bağlı
sual verməsini və onun “Bu cinayatə görə cavab verməlisiz”
sözlərini dünya media mənsublarının
qarşısında söyləməsini qeyd etmək istərdim.
Holland-Azərbaycan Dostları Cəmiyyətinin (DufoA) prezidenti
Mariun van Der Vegt və Leyla Babayevanın təşəbbüsü
ilə Hollandiyada bir xrizantema gülünün “Azəri”, daha
iki gülün birinin Şuşa şəhərinin, digərinin
isə Xocalının şərəfinə
adlandırılması və yetişdirilməsi də bu sahədə
görülən işlərdəndi. Bu il
də 20 Yanvar və Xocalı soyqırımı günləri
münasibətilə də tədbirlərimiz var. Yanvarın
18-də “Ana Vətən” Niederland Azərbaycanlı
Qadınlar Birliyi öz ofisində dəyirmi masa keçirəcək.
Debatda maraqlı məsələlər
müzakirə olunacaq.
-Sizcə, Hollandiyada və ümumiyyətlə,
Avropada yaşayan soydaşlarımız arasında Azərbaycan
dilinin, mədəniyyətinin, adət-ənənələrinin
unudulmaması üçün hansı addımları atmaq
lazımdır?
-Bunun üçün ən çox adət-ənənələrimiz,
bayramlarımız, rəqslərimiz, mahnılarımız təbliğ
edilir. Xüsusilə Novruz bayramının keçirilməsi,
Azərbaycan mətbəxinin məşhur yeməklərinin
nümayişi, çay və milli şirniyyat süfrələrinin
açılması ilə Azərbaycan kulinariya günlərinin
təşkili, festivallarda Azərbaycanın təmsil edilməsi,
mədəniyyətimizin nümayiş etdirilməsi bu sahədə
atılan addımlardı. Belə tədbirlərdən Azərbaycan
rəssamları Rasim Hüseynov və Vəfa Rüstəmovanın
Haqqadakı Rijswejk kitabxanasında “Azərbaycan rəngləri”
adlı və digər şəhərlərdə keçirilən
sərgiləri böyük marağa səbəb olub. Hər dəfə belə tədbirlər həyata
keçirildikdə azərbaycanlıların bir yerə
toplaşmasının özü də birliyimizin bir nümunəsidi
və onların övladlarının Azərbaycan haqqında
bilgilərinin atmasına, ürəklərində vətən
sevgisinin çoxalmasına səbəb olur.
-Yenicə açdığınız
“Haaqa Azərbaycan Məktəbi” - azərbaycandilli şənbə
günü məktəbi soydaşlarımızın
marağına səbəb olubmu?
-Ana
dilimizin unudulmaması yolunda həyata keçirdiyimiz layihələrdən
biri də yenicə açdığımız “Haaqa Azərbaycan
Məktəbi”di. Məktəb Hollandiyada
açılan 3-cü məktəb olmasına baxmayaraq,
böyük rezonans doğurub. Məktəbin
açılmasında Azərbaycan Respublikası Diasporla
İş üzrə Dövlət Komitəsi və Azərbaycan
Respublikasının Niderland Krallığında fəaliyyət
göstərən səfirliyi və Azərbaycanda fəaliyyət
göstərən “Təhsil” Nəşriyyat-Poliqrafiya Müəssisəsi
ilə “AzPoliqraf” Nəşriyyat-Poliqrafiya Müəssisəsi
əllərindən gələn köməkliyi əsirgəmədilər.
Azərbaycanda nəşr edilən uşaq ədəbiyyatı,
Azərbaycan xalq nağılları, şair və
yazıçılarımızın uşaqlar
üçün yazdıqları hekayə və povestlərindən
bir neçə nüsxə, Azərbaycan haqqında ingiliscə
kitablar cəmiyyətimizə hədiyyə edilib. Şənbə
günü fəaliyyət göstərən azərbaycandilli
məktəbi açmaqda məqsədimiz burda doğulan
azyaşlı uşaqlara Azərbaycan əlifbasını,
dilini, ədəbiyyatını, tarixini, milli atributlarını öyrətməkdi.
Ancaq məktəbimiz təkcə
azyaşlılara nəzərdə tutulmayıb, burda
böyük insanlar üçün kitabxana da var. Məktəbimiz
soydaşlarımızın böyük marağına səbəb
olub və Azərbaycandan, eləcə də Hollandiyadan məktəbimizi
ziyarət edənlərin sayı getdikcə çoxalır.
Hətta buraya valideynlərindən biri azərbaycanlı,
digəri isə başqa millətdən olan uşaqların
marağı daha böyükdü. Məktəbin
direktoru Almaz Kərimli və ixtisasca müəllim olan digər
xanımlarımız həvəslə uşaqlara
könüllü olaraq dərs keçirlər.
-Avropaya
mühacirət edən müsəlmanlar (azərbaycanlılar
da istisna deyil) arasında ateizmə meyl güclüdür. Sizcə,
bu, nədən qaynaqlanır?
-Deməzdim ki, ateizmə-Allahsızlığa
meyl güclənib, amma xristianlığı qəbul edənlər
az da olsa var. Statistika da əksini deyir. Hesablamalara görə,
İslam dinini qəbul edənlərin sayı get-gedə
artır. Məncə, islamdan imtina edən
insanların ətrafında xristianlar həddindən artıq
çox olur, xüsusilə ailə qurduqları şəxs
qatı xristian olur və yaxud psixoloji sarsıntı
keçirmiş insan olduğu üçün hərəkətlərinə
sədd qoya bilmir, dünyada müsəlman ölkələrində
baş verən son hadisələr,
qarışıqlıqlar, müharibələr də öz təsirini
göstərir. Azərbaycanlılar arasında
dindən imtina edən və yaxud xristianlığı qəbul
edənlər çox azdır, bu hal ən çox qəddar
dini qanunların hakim olduğu, dini qanunlar adı altında əzilən,
haqları tapdanan müsəlman ölkələrindən
(İran, Əfqanıstan kimi) gələnlər arasında müşahidə
olunur. Ətrafda ictimai qınaq görmədiyi
üçün bu addımı atanlar da olur. Ümumiyyətlə
isə, Avropada dini etiqad azaddır. Hər bir insan dinini
özü seçə bilər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 17 yanvar.- S.15.