Aləmlərə bildir ki,
Xəlil heç zaman ölməz
-
Həyatı dərk etdiyim gündən həmişə bir sualın axtarışındayam. Bir amal və məslək
uğrunda mübarizə aparan
insanlar amaclarına nail
olandan sonra niyə
özləri ondan bəhrələnə
bilmirlər? Bəlkə bu gözəgörünməz
Tanrının sirlərindən biridir? Bəlkə
Yaradan onları çox
sevdiyindən şəhidlik zirvəsinə qaldırıb uca dərgahına aparır? Bilmirəm. Biz insanlara hər şeyi dərk edəcək qədər
düşüncə verilməyib. İnsan
olaraq biz
yaranmışların içərisində çox
qəribə və təzadlıyıq. İtirdiyimiz
bir əşyanı uzun
müddət axtarırıq, təəssüflənirik. Ancaq heç birimiz arxaya boylanıb
ömrümüzdən itirdiyimiz illəri,
doğmalarımızı, xalqı üçün,
milləti üçün gərəkli olan insanları axtarmırıq, onları itirdiyimiz üçün
təəssüflənmirik. Allah bizə bol-bol təbii sərvətlərlə
yanaşı, çoxlu görkəmli
şəxsiyyətlər də bəxş edib.
Onlar da bizim milli sərvətimizdir.
Biz onları az qala hər dəqiqə xatırlamalı olduğumuz halda, il boyu unuduruq,
ancaq doğum və
anım günlərində xatırlayırıq.
Öz həyatını doğma
xalqına, vətəninə fəda edən Xəlil Rza Ulutürk ədəbiyyata
50-ci illərdə gəlmişdi. Yaradıcılığa
lirik şerlərlə başlasa
da bir müddət sonra bu lirikaya
siyasi motivlər qatmış, eyni zamanda iri
həcmli poemalar da qələmə
almışdır. İndi
yazacağım sətirlərlə mən Xəlil Rzanın bir ümman qədər geniş olan
yaradıcılığını incələmək
fikrindən uzağam. Böyük
tənqidçilərin-Yaşar Qarayevin, Qulu Xəlilovun, Bəkir Nəbiyevin,
M.A.Dadaşzadənin araşdırdığı bu poeziya dahisini
indi bir tələbənin
araşdırması mənim cəsarətimdən çox-çox yüksəkdir. Amma bu günkü
azadlığımız üçün
borclu olduğum insanlardan biri də Xəlil
Rza Ulutürk olduğundan, mən onun həyat
və yaradıcılığına biganə qala
bilmərəm.
Böyük şair, publisist, gözəl tərcüməçi,
alovlu vətənpərvər, azadlıq mücahidi və sözün
əsil anlamında, xalqın şairi -
baxın, Xəlil Rza Ulutürk
bizim qəlbimizdə bu
cür yaşayır. O, öz
xalqına elə bir xidmət göstərmişdi
ki, min illər
keçsə də unudulmayacaq. Bunu hələ cavanlığında dərk
edən şair ölümündən sonra diriləyəcəyini və xalqın
xatirəsində əbədi yaşayacağını 1961-ci
ildə yazdığı şeirlərin birində bu cür ifadə edirdi.
Buludu şimşəklə parçalayaraq,
Zülməti nur ilə boğacağam
mən.
Qərbdə ulduz kimi batsam,
Şərqə bax,
Şərqdən
günəş kimi doğacağam
mən.
İtib batmaq üçün yaranmamışam,
Dünənəm, bu günəm, gələcəyəm mən.
Bu gün bu dünyadan getsəm də
nə qəm,
Dünyaya təzədən gələcəyəm
mən.
Yaradıcılığa
şeirlə başlayan Xəlil Rza sonralar “Bayatı Şiraz”, “Qandallar”, “Təbrizli
şairin düşüncələri”, “Həsrət”,
“Mənim məhəbbətim” və b. kimi gözəl poemalar qələmə
almışdır. Bu əsərlərində
vətən məhəbbəti, millət sevgisi
və ən çox da
azadlıq eşqi tərənnüm olunmuşdur. Azadlıq aşiqi
olan şair elə bil azadlıq istəyirdi ki,
tam olsun, bütöv olsun, əbədi
olsun.
Azadlığı istəmirəm
zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri
qram gərək, qram-qram.
Bu sətirlər xalqımızın
müstəqilliyi uğrunda mübarizə
aparan azadlıq mücahidlərinin dilinin əzbəri idi. Geniş qəlbə,
böyük mərhəmət hissinə malik şair bütün insanlara
sayğıyla yanaşmış, paxıllıq hissindən uzaq olmuş, hamının
xoşbəxt olmasını istəmişdir. Şəhid
balası, milli qəhrəman Təbriz Xəlilbəyliyə
müraciət edərək deyirdi:
İşdir özün üçün bir gül istəsən,
Oğlum, özgə üçün
güldəstə istə.
Xəlil Rza Ulutürk bütün millətləri sevirdi.
Özbək, türkmən, qazax, balkar və rus dillərində
yazılmış dəyərli nümunələri şirin ana dilimizə çevirirdi. Ermənilərə isə Puşkinin verdiyi qiymətlə
yanaşırıdı:
“Tı vor, tı rab, tı armenin”
(Sən oğrusan, sən köləsən, sən ermənisən).
Dahilər sözü
az işlətmək,
vaxtında işlətmək,
üzə demək barədə çox yazıblar. Məsələn,
böyük Nizami Səlcuq imperiyasının
əzəməti bütün
dünyanı titrətdiyi
vaxtda yazırdı ki, “bir qarı
Sultan Səncərin yaxasından
tutaraq, dedi ki, sən zalımsan”.
Tariximizin ən iyrənc,
qorxulu dövrü olan Komendat idarə
üsulu zamanı Q.B.Zakir çar məmurlarını ifşa
etmirdimi? Gənc
yaşlarından dissidentlik
fəaliyyətinə qoşulan
Xəlil Rza da az qala yer kürəsinin
yarısı boyda olan Sovet imperiyasına
meydan oxuyurdu. Bu gün onu
millətimizə sevdirən
də onun məhz bu cəsarəti
idi.
Milli
azadlıq hərəkatı
başlarkən Xəlil
Rza dərhal bu böyük tarixi hadisənin mahiyyətini anladı. Bu yolun Azadlıq
meydanından keçdiyini
bu meydana toplaşan geniş kütləyə anlatdı.
Bu meydanın yaş
sinəsi, daş sinəsi qabar,
Ocaqların,
tonqalların nişanəsi,
izləri var.
Bu meydanda anladım
ki, adi ocaq
pir olarmış,
Mələk
kimi, quzu kimi qızlar dönüb şir olarmış.
Bu meydanda anladım
ki, nə quzuyam, nə də ceyran,
Azərbaycan
bu gün doğur özü boyda Azərbaycan.
Azadlıq
mübarizəsinin ilk günlərindən
Xəli Rza onun öndərlərindən
birinə çevrildi. Təsadüfi mitinq və
ya bir tədbir
olardı ki, şair orada şeir oxuyub gənclərə vətən
sevgisi aşılamasın.
Doğma vətəninin
hər guşəsini
öz bədən üzvlərindən biri sayan şair bu dövrdə qələmə aldığı
şerlərinin birində
deyirdi:
Qarabağ ürəyimdir,
Şuşa gözüm giləsi,
Gözlərimə
tuşlanıb bu gün düşmən gülləsi.
Azadlıq
uğrunda dirənişi
əsas vəzifəsi
sayan X.R.Ulutürk bu yolda ən
yaxın adamlarına,
oğlu Təbrizə,
hətta özünə
belə güzəştə
getmirdi. 1990-cı il 20 Yanvar
faciəsi Xəlil Rzanı sarsıtdı, hədsiz hiddətləndirirdi.
Bu faciə həm də
şairin siyasi uzaqgörənliyi idi. Hələ 1989-cu ildə Xəlil Rza “Davam edir
37” şeirində yazırdı:
Nə qədər
ki,
Anaların döşü
südsüz, gözü
yaşlı,
Davam
edir 37, daha gərgin, daha ciddi.
Bir halda ki,
davam edir 37
Qorx ki, bir
gün Vətən desin
Xəlil
balam qurban getdi.
Mitinqlərin
birində “İlan, kərtənkələ yuvasını
dağıdın, sökün”-deyə şair mənfur Sovet imperiyasına açıq-aydın
savaş elan etdi. Bunun üstündə o, həbs olunub, Moskvadakı Lefortovo zindanına salındı.
Ümumiyyətlə, Xəlil
Rza Bakı, Moskva, Rostov və Voronej həbsxanalarında
8 ay 13 gün məhbus
həyatı kerçirmişdir.
Şair Lefortovo zindanını kainatın ən iyrənc, ən mənfur, ən murdar, dilsiz bir sovet zülmətxanası
adlandırırdı.
Vaxtilə
Nəmrud tərəfindən
oda atılan İbrahim peyğəmbər
sonralar deyirmiş ki, odda qaldığım
günlər həyatımın
ən şirin, ən əziz günləri idi. Biz əlbəttə, zindanda şair üçün xoş keçib demirik. Sadəcə
onu deyirik, Xəlil Rza Ulutürk şeirlərinin
ən yaxşılarını
məhz zindanda yazmışdı. “Lefortovo
dəftəri”ndən:
Qüdrət dağı,
qeyrət seli min candı bu könlüm,
Ey
sal qaya, dinlə, yatan ümmandı bu könlüm.
Coşsam görəcəksən
dəli tufandı bu könlüm,
Sussam
demərəm bəxtimə
bir qəm kimi gəldin.
Ölməz,
əbədi şairə
həmdəm kimi gəldin.
Xəlil
Rza elə şairlərdəndir ki,
o tamamilə xalqın
idi, xalq üçün çalışırdı. Xalq da onu çox
sevirdi. Onun həbsdən azad edilməsi üçün
SSRİ Baş Prokuroru
Suxaryevin adına
bir milyon iki yüz mindən
çox məktub göndərilmişdi. Bu, görünməmiş bir
hadisə idi. Əsl şair, əsl sənətkar idi Ulutürk. Xalqın taleyi ilə
oynayanlara, satqınlara,
xəyanətkarlara, yaltaqlara
sonsuz nifrət bəsləyirdi.
Sığın, ömrün
boyu qoltuğa sığın,
Lənət
bu halına, min dəfə lənət.
Xalqını satmaqla
o qazandığın,
Sərvətə,
şöhrətə, şərəfə
lənət.
Xəlil Rza
o insanlardadır ki, ölüm belə onların qarşısında
titrəyir, can verir. Xəlil Rza o insanlardandır ki, ölümdən sonra ölməzləşir,
əsl həyata başlayır. Məhz buna
görədir ki, onun ölümünə heç kəs inanmır. Bu gün bizim hər birimiz onu öz sıralarımızda
görürük. Nə edəsən
ki, azadlıq adlandırdığımız bir ağac qanla
suvarılmasa bar vermir.
Xəlil Rza bütün həyatı boyu bu ağacı
suvardı və xalqını azad gördü, amma az yaşadı,
əbədiyyətə qovuşdu.
Mən
onun ölümünü
şəhidliyin ən
uca zirvəsi hesab edirəm. Məgər təkcə döyüş
meydanlarında həlak
olanlar şəhid sayılır? Bəs amalı,
əqidəsi uğrunda
ölənlər? “Zülmün
qudurduğu yer” şeirində yazırdı:
Əgər bir
gün şəhid olsam,
Sanma
eşqin öləsidir.
Yer kürəsi qanlı meydan,
Xəlil
Rza sinəsidir.
Sayğıdəyər
xalq şairi N.Həsənzadə Xəlil
Rza Ulutürkü “Qafqaz dağlarında çarmıxa çəkilən
qəhrəman Protomeyin
varisi” sayırdı. Oxşar taledir, deyilmi? Xalq şairi Hüseyn Arif isə “Mən bir şair
tanıyıram, tanrısı
zəhmətdir”-demiş.
Bu gün nə qədər azadlığımız var,
nə qədər ki, Ulutürk bizimlədir, biz qalibik, yenilməzik. Şair
özü demişkən:-“Bayrağımız şah
zirvədən enməyəcək”.
Xəlil
Rza təpədən dırnağa qədər
azərbaycanlı idi. Vahid, bölünməz vətən
uğrunda mübarizə
aparırdı. Vətən onunçün
bir idi.
Mən Arazı
az qala
gözlərimlə içərəm,
O dirəyin üstündən
alov kimi keçərəm.
Azərbaycanı
bir görmək onun ən böyük
arzusu idi.
Nə
həsrət, nə hicran olsun.
Vahid
Azərbaycan olsun.
Qoy birləşsin, bir can olsun.
O sahil də, bu sahil də.
Onun
hansı şeirini oxuyuruqsa, orada türkçülük, Vətənçilik
görürük. Türkçülük yolunda
yorulmadan apardığı
mübarizəyə görə
şair 1991-ci ildə
“Türkiyə milləti”
ödülünə, 1995-ci ildə “Türkiyə Respublikası şairi” adına layiq
görülmüşdür. Onun misilsiz xidmətləri ölkəmizdə də yüksək qiymətləndirilmiş,
ölümündən sonra
xalq şairi və istiqlal ordeni ilə təltif olunmuşdur.
Yeqzar Cəfərli
Olaylar.-
2014.- 17 yanvar.- S.10.