Xarıbülbül yemişan kolundan

başlanan Vətən sevdası

 

Yemişan kolunun sadəcə bir budağı var xəyalımda. Bir dərənin kənarında digər kollardan olan “qohum-əqrabasına” söykənib duran. Vüqarlı, gözəl, yamyaşıl yarpaqları və tər-təzə meyvələri. Onun qədər gözəlini görmədim, onun qədər ləzzətli, şirin meyvəsi olanını da. Bircə dəfə baxmışdım o kola. Hərlənmişdim ətrafına, hətta qıymamışdım meyvələrini yığmağa. Böyüdükdən sonra uşaqlıq xatirələrimin bəzəyi olan yemişan kolu mənim üçün daha anlamlı oldu. Onu xatırlayınca Allahı dərk etdim, İlahi, gözəlliklərinə şükür dedim. Bağladı o yemişan kolu məni vətənimə, doğulduğum torpağa, göz açdığım səmaya. Axı, mən də o torpaqdan yaranmışdım, yemişan kolu da. Əzizdik bir-birimizə. Eyni torpağın məhsuluyduq. Gülünc gələ bilər yemişan koluna bu qədər məhəbbət bəsləmək. “Nədir ki, bir tikanlı koldur. Doludur meşələr bu kol-koslarladeyib keçər çoxları. Amma mənim üçün vətən sevgisi o koldan başladı. O yemişan kolunun gözəlliyi mənə torpağımı, vətənimi sevməyi öyrətdi. Mən o kola sevgi ilə baxmışdım, o da mənə sevgini, sevməyi öyrətdi. Əbədi aşiqi oldum vətənimin.

 

Bu sətirlər bir hekayə, onu yazan yazıçı deyil. Vətənini həddən artıq sevən sadə bir insana aiddir. Amma onun vətənə olan sevgisi ilk belə başlayıb.  Vətənin torpağına, daşına, kol-kosuna aşiq olmayan birində heç bir zaman vətən, torpaq sevgisiyarana bilməz. Dağlarda bitən yemişan kolunu tikanlı çur-çubuq kimi görən biri Vətən üçün canını qurban verə bilməz. Əgər bir gün o yemişan kolunun bitdiyi torpaqda bir təhlükə hiss etsə, o zaman  torpaq uğrunda canını qurban verəcək. Həm də gözünü qırpmadan. Belə yaranır şəhidlik zirvəsi.    

 

Müqəddəs ruh daşıyıcıları

 

Xalqımızın qəhrəman oğlu Mübariz İbrahimovun böyüdüyü həyəti, anasının sözlərini hər zaman xatırlayıram. Balaca, nar kolları ilə “bəzənmiş” şirin bağçaları vardı. Və burada qəhrəmanın güclü olmasına yardım edəcək sadə məşq alətləri. Evlərinin divarları müqəddəslərin rəsmləri, Azərbaycan bayrağı ilə bəzənmişdi. Anası deyirdi ki, Mübariz həmişə sakit uşaq olub. Kimsəylə işi olmayıb. Heç toyda, mağarda da oynamağı xoşlamayıb. Amma  bütün dünya onun içində necə bir fırtına yatdığının şahidi oldu. Çünki içində bir vətən sevgisi yetişdirmişdi. Bu sevgini yetişdirmək asan deyil. Bunun üçün insanın içində bütün gözəl və təmiz duyğulara uşaqlıqdan sevgi olmalıdır.

 Ölülərin basdırıldığı hər hansı bir qəbirstanlığa gedəndə içimizdə bir xof olur. Ürpərti hiss edirik. “Şəhidlər xiyabanı”nında heç vaxt belə bir duyğu hiss etməmişəm. Ətrafımdakı insanlar da belə deyir. Çünki müqəddəs ruh daşıyıcılarıdır onlar. Yemişan kolunu, vətənin tikanlarını, daşınə sevən insandan, ermənilərin “payını”  verən Mübarizdən başlanan vətənsevər ruhumuzun təlatümü boşuna deyil. Vətənə ürəkdən bağlı olan millətimiz  zaman-zaman parçalanmalara, əsarətə məruz qalıb. Tariximizə nəzər salanda insan təəccüb edir. Necə olub ki, bu təlatümlərdən çıxa bilmiş, millət kimi varlığımızı saxlaya bilmişik. Möcüzə sayəsində deyil, təbii ki, əgər  bizi-biz edən tariximizi, şəxsiyyətlərimizi dərindən dərk edə bilirsək, bunu görə bilərik. Dilimizi, tariximizi dəyişməyə çalışdılar. Keçmişimizdən qoparmağa çalışdılar bizi. Torpaqlarımızı əlimzdən alıb qat-qat zəif xalqların əlinə verdilər. Müxtəlif illərdə xalqın önündə məşəl yandıran  ziyalılarımızı qırıb məhv etdilər.   Amma tarix səhifəsindən silməyi bacarmadılar. Çünki bu torpağın Vətənini canından artıq sevən oğulları var  idi.

 

Qanlı Yanvarya ədəbi salnamə

 

Qarışıq illərin, tülkü siyasətinin yenə şahə qalxdığı illər idi. Azərbaycan xalqının ürəyi azadlıq eşqi ilə döyünərkən işğal arzusu, yenə də susdurmaq istəyi düşməni həvəsə gətirmişdi. İstəmirdi azadlığımızı, istəmirdi Azərbaycanın varlığını. Nəyinə lazımdır. Ona neft, sərvət, torpaq lazım idi. Topu-tüfəngi, müasir döyüş texnikası ilə əliyalın xalqı susdurmağa çalışanlar bir şeyi unudurdular. Axı Azərbaycan bu torpaqda yaşayanların vətənidir. Onların xəmiri bu torpaqdan yoğrulub. Torpağının kol-kosunu belə müqəddəsləşdirən insanlar var.  Azadlıq üçün xilafət qoşunlarına, Osmanlı qoşunlarına, Teymurun qoşunlarına qarşı illərlə sinə gərən, qəhrəmanlıqla mübarizə aparan bir millətin nümayəndələri var bu torpaqda. Belə bir xalqın gözünü qorxutmaq olmazdı. Onlar bunu təsəvvür etmirdilər, amma canlı şəkildə şahidi oldular. 1990-cı ildə Azərbaycan tarixinin  azadlıq uğrunda mübarizə tarixinə yepyeni bir səhifə yazıldı. Silahlı qoşuna qarşı qeyri-bərabər döyüşdə əhali ruhu, əzmi ilə dayandı. Tarix  mənəvi gücün, birliyinin silahlardan qat-qat güclü olduğunu bir daha sübut etdi.

 

20 Yanvara gətirən yol

 

24 il  əvvəl törədilmiş 20 Yanvar faciəsi  tarix, həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqın birliyi, həmrəyliyi günüdür.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet dövləti tərəfindən rəvac verilməsi,  Azərbaycana qarşı qərəzli mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirdi. Haqqını tələb etmək üçün yüzlərlə insan küçələrə axışdı. Sovet hökuməti  isə Azərbaycanı cəzalandırmaq həvəsinə düşdü.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkəmizin bir çox şəhər və rayonlarına yeridildi. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçdi, ağır hərbi texnika dinc əhalinin qurduğu barrikadaları asanlıqla dağıtdı. Stavropol, RostovKrasnodardan erməni əsilli zabit və əsgərlər hərbi əməliyyatlara cəlb edilmişdi.öz torpaqlarının,  milli mənliyinin müdafiəsinə  qalxmış çoxmillətli  xalqımıza vəhşicəsinə divan tutuldu.

Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən, Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi amansızcasına öldürdü, paytaxtda, şəhərətrafı qəsəbə və rayonlarda 744 dinc, günahsız insan yaralandı, yüzlərlə adam itkin düşdü, 841 nəfər qanunsuz həbs edildi. Ölçüyəgəlməz dağıntılar törədildi, yüzlərlə silahsız, sülhpərvər  insan, o cümlədən yaşlılar, qadınlar, gənclər və uşaqlar xüsusi qəddarlıqla qətlə yetirildi, şəhərin  küçələri  qana qərq olundu.

Qoşunun şəhərə daxil olması barədə rəsmi məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı “Alfaqrupunun təşkil etdiyi əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladıldı.

Azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün  cəsədləri belə məhv ediblər. Hücum zamanı qadağan edilən silahsursatdan istifadə olunub. Azğınlaşan hərbçilər bu fəlakətli gecədə mərhəmət hissini tamamilə unudaraq, ağır yaralıları yerindəcə güllələyir, ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.  Yaralıları çıxaran təcili tibb yardım maşınlarına və həkimlərə də atəş açılıb, tibb işçiləri də yaralanıb, şəhid olurdu.

Öz  hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhali qoşun birləşmələri tərəfindən gülləbaran edildi.

 

Xalqımız sınmadı

 

Bütün bu vəhşiliklərə baxmayaraq bu hadisə xalqımızın iradəsini qıra bilmədi və azadlıq mübarizəsi  1991-ci ildə Azərbaycanın öz müstəqillyini yenidən əldə etməsi ilə nəticələndi. Azadlıq yanğısı ilə küçələrə çıxanlar istədiklərinə nail oldular. Ölüm onları aparsa da, əvəzolunmaz bir tarix yaratdılar.

Faciə qurbanları Bakıda və respublikamızın müxtəlif bölgələrində müqəddəs and yerinə, ziyarətgaha çevrilən Şəhidlər xiyabanlarında uyuyur. Məzarlarını minlərlə insan ziyarət edir. İndi onlar gənclərin and yeridirya olmalıdırlar.   Bu gündə televiziyalarımız qəmli musiqilərlə tamaşaçıları kədərləndirməyə çalışmaq əvəzinə müqəddəsliyə daşıyan bu yolun nələrdən başladığını anlatmalıdırlar gənclərə. Qürur hissi aşılanmalıdır. Yazıqlıq yox. Bəzən kimsə sinəsini qabağa verib xalqın fədakar insanlarını-hansı sahədə xidmət göstərməsindən asılı olmayaraq, tanımadığını fəxrlə deyir. Nəyimə lazımdır, deyir. Hətta 20 yanvarda insanlar öləcəklərini bilsələr ora getməzdilər, deyənlər də olur. Əsl faciəni bu məqamlarda axtarmaq lazımdır. Qarabağ torpağında bitən “Xarıbülbül” gülünün adı çəkildə gözlərindən yaş süzülən insanlar görmüşəm. Vətənin xilasını o insanlarda axtarmaq lazımdır. Qarabağ torpağında doğulan insanlar hamısı bu dünyadan köç etməmiş torpaqları qaytarmaq, gənclərin ayağını o torpağa basmasına şərait yaratmaq lazımdır. Vətəninin yemişanını, xarıbülbülünü sevməyən insandan vətənsevər çıxmaz. Torpağa sevgi isə yalnız onu hiss etməklə başlar. Bundan sonra doğrasalar da o hissi itirməz.  Şəhidlər bu hissləri yaşayan insanlar oldu və bizə ötürdülər. O hissi qorumaq isə bizlərin üstünə düşür. Axı, biz belibükük yaşamağı istəməyən xalq olmuşuq.

 

Beli bükük gəlir dünyaya insan.

Beli bükük gedir dünyadan insan.

Gəl-get arası da belə keçibsə,

Demək sən həyatda yaşamamısan...

 

Xəlil Rza Ulutürk

 

Aygün

 

Olaylar.- 2014.- 18-21 yanvar.- S.11.