Belə getsə,
uşaqlarımız yad təsirlərə düşəcək
Nizami Cəfərov: “Uşaq nəşrləri də dərsliklər kimi uşaqlara pulsuz paylanmalıdır”
Böyüklərin kitab oxumamasından, kitab qədri
bilməməyindən şikayət edənlər çoxdur.
Kitab oxumaq əslində bir vərdişdir və
uşaqlıqdan aşılanmalıdır. Psixoloqlar hətta
bir-iki yaşlı uşaqların əlinə kitab verməklə,
onların kitaba alışdırılmasını vacib hesab
edir. Türkiyəli ekspertlərin fikrincə, kitabla oynayan,
onunla təmasda olan, hətta vərəqlərini
parçalayıb dağıdan uşaqlarda böyüdükdən
sonra kitaba qarşı sevgi formalaşır. Uşaqlarda oxuma mədəniyyəti
formalaşdırmaq üçün vacib şərt
oxunaqlı, onlar üçün maraqlı olan nəşrlərin
varlığıdır. Amma təəssüf ki, bu gün Azərbaycanda
uşaq ədəbyyatı, müxtəlif uşaq nəşrləri
sahəsində çox ciddi problemlər var.
Millət vəkili, professor Nizami Cəfərovun
sözlərinə görə, hazırda uşaqlar
üçün hekayələr az yazılır, nəşrlər
azdır. Belə ki, orta məktəb
dərslikləri, klassik uşaq ədəbiyyatı var, bunlar
nəşr olunur. Bu gün
uşaqlar üçün daha çox yazını, əlifbanı
öyrətmək, müasir informasiyalar vermək, başqa
dilləri öyrətmək üçün texniki səciyyəli
yazılar, mətnlər var. Uşaqlara yönəlik
ara-sıra jurnallar buraxılır. Bunları vurğulayan millət
vəkili qeyd etdi ki, bunlarla
yanaşı, hər halda bugünkü uşaq ədəbiyyatı
yaradıcılığı səviyyəsində vəziyyət
qənaətbəxş deyil. Xüsusilə, yeniyetməlik
dövründə olan uşaqların oxuması
üçün ədəbiyyat çox azdır: “Klassik ədəbiyyatı
çıxsaq, müasir ədəbiyyatdan az nümunələr var. Bizim bir
vaxtlar uşaq ədəbiyyatçıları adlanan bir nəsil
var idi. İlyas Tapdıq, Zahid Xəlil,
Mirvarid Dilbazi, Xanımana Əlibəyli, Nəriman
Süleymanov. İndi də bəzi uşaq
yazıçılarımız var.
Amma bir sistem təşkil
edəcək qədər çox deyil. Rafiq Yusifoğlu
yazır, hərdən Zahid Xəlil yazır. Hər halda bizim
bu sahədə problemlərimiz çoxdur”.
Niyə indikilər uşaqlar üçün yazmır?
Əgər bir vaxtlar
kifayət qədər uşaqlar üçün yazarlar və
yazılanlar var idisə, indiki qələm sahibləri bu sahəyə
diqqət ayırmır.
Yeni nəsil yazarlar
arasından uşaq yazıçılarının yetişməməsinin
əsas səbəbinə gəlincə, N.Cəfərov
bildirib ki, sovet dövründə də uşaq ədəbiyyatı
sahəsi bir növ maarifçilik hərəkatı xarakteri
daşıyırdı. Millət vəkilinin fikrincə, bu sahədə
yazmaq üçün maraqlar olmalıdır: “Hər kəs
daha çox böyüklər üçün yazmaq, ictimai
mühitdə daha çox reaksiya doğurmaq istəyir.
Uşaqlar üçün yazanda bir növ müəllimlik
edirsən, pedaqoji mühiti bilməlisən. Böyüklər
üçün yazanlar qədər populyarlığı
qazana bilmirsən. Bu da istər-istəməz o sahə üzrə
yaradıcı şəxslərin özünü ona həsr
etməsini məhdudlaşdırır. Necə ki, bizim
televiziyalarımızda uşaqlar üçün verilişlərdən
imtina olunur. Ona görə ki, uşaq verilişləri
heç reklam gətirmir. O
baxımdan da uşaq yazarlığı bir şair və yazar
üçün az mənəvi reklam verir. Ona görə də
bu sahəyə az maraq var. Bunun üçün həvəsləndirmək
lazımdır. Müşavirələr keçirilməli, bu
sahədə dövlət sifarişləri olmalıdır”.
19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində
Azərbaycanda maarifçilik hərəkatının başladığını və
bu zaman Abdulla Şaiq, Abbas Səhhət, S.S.Axundov kimi uşaq
yazarlarının meydana gəldiyini deyən millət vəkili
bunun bir tendensiya olduğunu vurğuladı: “O dövrdə
uşaqlar üçün ədəbiyyat yarandı,
çünki məktəb yarandı. 1912-ci ildə birinci dəfə
Abdulla Şaiq əlinə jurnal alıb sinifə daxil oldu və
Azərbaycan dilində Azərbaycan ədəbiyyatından dərs
dedi. Ondan çox sonralar Azərbaycan dilli məktəblər
yarandı, amma necə sürətlə yarandı? Uşaq ədəbiyyatı
üçün məktəb əsasdır. Bizim
yazıçılarımız, şairlərimiz o məktəbə
müraciət etməlidirlər. C.Vurğun bir müraciətində
bildirirdi ki, balalarımız üçün gözəl əsərlər
yaradılmalı, yazanda da insan üçün
yazıldığı nəzərdə tutulmalıdır. Bəzən
uşaqları “uşaq” yerinə də qoyub yazırlar. Ortada
primitiv şeylər də olur”.
Təhsil Nazirliyi məsuliyyət daşıyır
N. Cəfərov bildirdi ki, uşaq
jurnalları, nəşrləri ilə bağlı məsuliyyəti
Yazıçılar Birliyi, Mədəniyyət və Turizm
Nazirliyi ilə yanaşı, daha çox Təhsil Nazirliyi
daşımalı, bu sahədə maraqlı olmalıdır.
Belə ki, nazirlik vaxtaşırı müsabiqələr
keçirməli, bu sahədə xüsusi proqramı
olmalıdır: “Təhsil Nazirliyi yalnız dərsliklərlə
kifayətlənməməlidir Uşaqlar üçün ədəbiyyat
yaradılmasında, nəşr olunmasında maraqlı
olmalıdır. Xüsusilə, də uşaq jurnalları.
Uşaq jurnaları buraxılmaqla yanaşı, məktəblərə,
uşaqlara da çatdırılmalıdır. Dərsliklərin
çatdırılması yolları var. Orta məktəblərdə
pulsuz dərsliklərin paylanılması böyük
uğurdur. Amma bu davam etdirilməlidir. Jurnallar da bu
siyahıya daxil edilməlidir. Vəsait ayrılmalıdır.
Əminəm ki, maddi vəsait ayrılsa, uşaq ədəbiyyatı
da inkişaf edəcək. Yəni uşaq şairi şeirinə
qonorar da alacaq. Bu mənada hər şeyi taleyin və
yaradıcıların ixtiyarına buraxmaq olmaz”. Millət vəkili artıq uşaqlarımızın
çox zaman başqa təsirlər altına düşməsinin
hiss olunduğunu bildirdi. Onun sözlərinə görə, mağazalarda rusdilli və digər
dillərdə kitabların çoxluğu problemlər yarada
bilər: “Uşaqlar rusdilli ədəbiyyat oxuyacaq, tərcümələr,
xarici ədəbiyyat oxuyacaqlar. Şəkilli kitabları
görəcəklər və valideynləri də alacaq. Bu barədə
soruşanda da deyirlər ki, yoxdu biz neyləyək? Hər
halda uşaq kitabları və jurnalları, qəzeti, mətbuat
orqanları nəşrləri sırasında yerini almalıdır. Elektron dərsliklər,
jurnallar, qəzetlər olmalıdır uşaqlar
üçün. İnternet sistemi inkişaf edib, məktəblərimizdə
internet var. Uşaq nəşrləri sahəsi bütöv bir
şəbəkidir. Burada iki böyük məqam var ki, onlara
istinad etməliyik. Onun biri yaradıcı şəxslər,
ikincisi isə hökumət orqanlarıdır. Xüsusilə
Təhsil Nazirliyi bizim gəncliyimizin normal yetişməsi
üçün cavabdehdir. Nəzarət orada olmalıdır
ki, bu cür nəşrlər olsun və uşaqlara Azərbaycan
dilli ədəbiyyat gedib çata bilsin”.
Aygün
Olaylar.- 2014.- 30 yanvar.- S.13.