“İstəyirəm
gözüm görsün...”
Müsahibimiz neçə ikiqat paralimpiya
çempionu, “Qızıl çinar” mükafatı
laureatı,
“Şöhrət” ordenli, əməkdar idman ustası İlham
Zəkiyevdir.
Hər dəfə qəhrəmanlarımız haqqında yazmaq istəyəndə ilk olaraq İlham Zəkiyev gözlərim önündə canlanırdı. Bu pəhləvan cüssəli, gülərüzlü qəhrəmanı hər yarışdan sonra televiziya kanallarında seyr edəndə ürəyim iftixar hissi ilə dolur, bu yenilməz, məğrur qəhrəmanımızla fəxr edirəm. Onu görmək, söhbət etmək mənə sanki əlçatmaz bir arzu idi. Nəhayət mənim özümçün ideal qəhrəman seçdiyim, dünyanın idman salonlarını lərzəyə gətirən İlham Zəkiyevlə görüşmək, ondan “Olaylar” qəzeti üçün müsahibə götürmək çoxdankı arzum idi. Nəhayət ki, ürəyimdəki arzularım gerçəkləşdi. İlhamın telefonunu əldə etdim. Zəngləşdik. Sənaye şəhərimiz Sumqayıtın gözəl guşələrinin birində görüşdük. O, öz həyat tarixçəsini danışır, mənsə qulaq asır və heyrətimi gizlədə bilmirdim. Bir insan nə qədər nikbin, nə qədər Allaha şükürlü, öz dövlətinə, prezidentinə nə qədər sədaqətli olarmış?
- Mümkünsə qısa olaraq həyat tarixcənizi danışın.
-3 mart 1980-ci ildə Sumqayıtda anadan olmuşam. Orta təhsilimi şəhər 5 nömrəli orta məktəbində
almışam. 1995-ci ildə Sumqayıt şəhər
Mehdi Hüseynzadə adına stadionda Azərbaycan
cüdo güləşinin yaranmasında müstəsna xidmətləri
olan Əhməddin Rəcəblinin rəhbərliyi ilə
cüdo məşqlərinə başladım. Qısa
müddətdə böyük uğurlar qazandım, dəfələrlə
Sumqayıt şəhər çempionu və Respublika
yarışlarının qalibi və
mükafatçısı oldum. 1998-ci ilin
iyun ayında isə Azərbaycan kubokunun qalibi oldum. 1998-ci ilin iyulunda həqiqi hərbi xidmətə
yollandım. İdmançı
olmağım, boyumun hündür olmağı və
bacarığımla yoldaşlarından fərqləndiyimə
görə hərbi hissənin kəşfiyyat taboruna
götürüldüm. 1999-cu il
fevralın 4-də Füzuli rayononun Aşağı
Əbdürrəhmanlı kəndi istiqamətində
döyüş tapşırığını yerinə
yetirərkən düşmən snayperinin gülləsinə
tuş gəldim. Güllə sol gicgahından
daxil olub sağ gicgahından çıxdı. Həkimlər ”sağ qalmağına heç
bir ümid yoxdur, gedin hazırlıq görün“ -dedilər. Lakin bütün dünyanı heç nədən
var edən bir Allah vardır ki, O, həmişə dar gündə
insanlara kömək edir. Allah mənə
qıymadı. Görünür hələ
xalqıma lazımammış. Mənə
böyük Yaradan tərəfindən öz xalqının
şərəfini ucaltmaq, onun bayrağını yüksəklərə
qaldırmaq, himnimizi dünyada səsləndirmək kimi
müqəddəs bir missiya həvalə olunmuşdu. Beş gün koma vəziyyətində qaldım, 5
gündən sonra anamın səsinə komadan ayıldım.
Lakin dünyanı zülmətə
boyanmış gördüm. Onda başa
düşdüm ki, görmə qabiliyyətini itirmişəm.
Xidmətdən evə 1-ci qrup Qarabağ əlili
kimi qayıtdım. Hərbi xidmətimi
başa vura bilməsəm də (cəmi 7 ay xidmətdə
olmuşdur) vətənə xidmətimi idmanla davam etdirdim və
bununla fəxr edir, qürur duyuram. Görmə
qabiliyyətini itirməyim dirəniş əzmimi qıra bilmədi
Uzun müddət müalicə aldım.
-Bəs
necə oldu ki, yenidən idmana qayıtdınız?
-Bu, qeyri-real görsənirdi. 2002-ci ildə
müalicəmlə bağlı o zamankı gənclər və
idman naziri Ə.Qarayevə müraciət etdim. O, isə
mənim haqqımda MOK-nin prezidenti İlham Əliyevə məruzə
etdi. Tezliklə məni Moskvaya müalicəyə
yolladılar. Müalicəm müsbət nəticə
vermədi. Lakin mən bir an da olsa
ruhdan düşmür, Allahdan ümidimi üzmürdüm. Bir müddət sonra mən o zaman Gənclər və
İdman Nazirliyində şöbə müdiri işləyən
Tağı Tağıyevə müraciət etdim. Söz arası ondan soruşdum ki, Paralimpiya komitəsində
gözdən əlillər üçün hər hansı
bir güləş növü varmı? O, Paralimpiya komitəsinə
zəng edib orada cüdo güləş növünün
olduğunu bildirdi. Bu xeyirxah insan məni yola salarkən
”Sənin alnına olimpiya çempionu olmaq yazılıb”-
dedi. Elə bil hər şey qabaqcadan bu
insanın ürəyinə damıbmış.
Yanımda Paralimpiya komitəsinə zəng edib
”Sənin yanına bir oğlan göndərirəm. O, gələcəyin
Olimpiya və dünya çempionu olacaq”-dedi. Mərkəzi
Paralimpiya komitəsində məni komitənin prezidenti İlqar
Rəhimov, Afiq Süleymanov və Ziyadxan Kərimov çox
gözəl qarşıladılar. 2002-ci il,
1 noyabrda mən Sumqayıtdakı M.Hüseynzadə adına
stadionda Əhməddin Rəcəblinin məşqçiliyi
ilə yenidən məşqlərə başladım. Əlbəttə, ilk günlər bu vəziyyətə
alışmaq mənim üçün çox ağır
idi. Lakin az sonra Allahın, məşqçimin
və dostlarımın köməyi ilə mən bu çətinliyə
güc gələ bildim”.
Gərgin məşqlərdən sonra 2003-cü il
avqustun 7-də Kanadanın Kvebek şəhərinə
dünya çempionatına yollandım. Olduqca
mötəbər olan bu yarışa mən gərgin əmək
sərf etmişdim. Çünki, bu
yarışda qələbə qazanmaqla mən Afina Paralimpiya
oyunlarına lisenziya əldə edəcəkdim. Bu yarışlarda mən 3-cü yeri tutdum və həmin
lisenziyanı əldə etdim. Bəli, indi
mən məşqlərə daha məsuliyyətlə
başlamalı idim. Elə bu məsuliyyətlə də
2004-cü il sentyabrın 20-də Afinaya
yollandım. XII yay Paraolimpiya oyunlarında Azərbaycan
ilk dəfə idi ki, cüdo yarışı üzrə təmsil
olunurdu. Bu məsuliyyət isə bilavasitə
mənim üzərimə düşürdü. Birinci görüşüm Kanadada məğlub
olduğum Kubalı Rafael Torres Pompa idi. Özünə
arxayın olan rəqibi cəmi 1 dəqiqə, 20 saniyəyə
yıxdım.
-Hansı
qələbənizi daha uğurlu hesab edirsiniz?
- “Bilirsənmi, hər qələbənin
öz ləzzəti var. Afinadakı qələbəm ilk
olduğu üçün ləzzətli idi. Lakin Pekindəki qələbəmi titullarımı
qorumaq baxımından ən uğurlu qələbə hesab
etmək olar”.
-Yarış
zamanı , yarışdan əvvəl və
ya sonra yadda qalan bir maraqlı hadisə baş veribmi?
- 2007-ci ilin avqustunda Braziliyanın San-Paulo
şəhərində qarşıdakı yarım final
görüşünə gərgin hazırlıq gedirdi. Rəqibim amerikalı Kreq Deval məndən arxada
dayanmışdı və müəllimi ona mənə qalib gəlməsi
üçün tövsiyələr verirdi.
Mən arxaya döndüm və onları
ingiliscə salamladım, hal- əhval tutdum. Onların pərt
olmalarını dərhal hiss etdim.
Haşiyə: İlham Zəkiyev haqqında yazı
hazırlarkan görmə qabiliyyətindən məhrum olan bir
çox insanların həyatı ilə tanış
oldum. Əmin oldum ki, bədəninin hər
hansı bir üzvünü itirən insanın belə
möcüzə yaratması mümkündür. Yetər ki, səy göstərəsən,
mübarizə aparasan. Böyük Yunan şairi, hər
iki gözündən məhrum olan Homer məşhur Troya
savaşlarını nəzmə çəkməsəydi kim bilir bu gün dünya Troya əfsanələrindən
xəbər tuta biləcəkdimi? Və yaxud, hər iki
gözünü itirmiş şair Rudəki özünə
bu təxəllüsü götürməsəydi
Tacikistanın bu ucqar dağ kəndini kim
tanıyacaqdı? Xalqımızın qəhrəman
oğlu İlham Zəkiyev dalbadal qələbələr
qazanmasaydı, üç rəngli bayrağımız
dünyanın möhtəşəm idman saraylarında daha
bir neçə dəfə dalğalanardımı? Deməli əsil dünyanı görməyənlər
görmə qabiliyyətlərini itirənlər deyil, bəsirət
gözü görməyənlərdir. Dəyərli
alimimiz Əli Fəhmi həmişə deyərdi ki, ”Kimin ki, bir dünyası var, onun iki sifəti
var, kimin ki, iki dünyası var, onun bir sifəti var”. Əsil gözləri görməyənlər o
insanlardır ki, onlar yalnız bu dünyaya qapanmış, Allahın
min bir nemətini özününki sayır və bu nemətlərin
sadəcə daşıyıcısı olduğunu
anlamırlar.
-Pekin
paraolimpiya oyunlarında bir göz qırpımında rəqibinizi
məğlub etdiniz. Çox maraqlıdır buna necə nail
olurdunuz?
- Pekin Paralimpiya oyunlarında bütün rəqiblərini
məğlub edib finalda Çin idmançısı Vanq Sonqla
qarşılaşdım. Çin
idmançısı üzərində cəmi 40 saniyəyə
qazandığım qələbə ilə mən idman
tariximizdə yeni bir mərhələ açdım. Orada keçirtdiyim 3 görüşə cəmi 2 dəqiqə,
30 saniyə vaxt sərf etdim. Mənim bu qələbəmin
şərəfinə Pekinin fəhlə stadionunda Azərbaycanın
himni səsləndi, üç rəngli bayrağımız
yüksəklərə qaldırıldı.
- Hər
yarışdan sonra olduğu kimi, Pekin Paralimpiya oyunlarından
Vətənə dönən idmançılarımız Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
Prezidenti İlham Əliyev tərəfindən qəbul
olundunuz. İdmançılarımızın
uğurlarına ürəkdən sevinən dövlət
başçımız onların əməyinə yüksək
qiymət verdi, onları təbrik edərək dedi: “Bu
çox böyük nəaliyyətdir, çox böyük qələbədir.
Siz Azərbaycanın şərəfini yüksəklərə
qaldırdınız”. Prezidentin Paralimpiyaçılar
haqqında dediyi bu xoş zözlər hər şeydən əvvəl
Pekindən Vətənə qızıl medalla qayıdan sizə
ünvanlanmışdı. Axı, siz milli komandamızın
cüdo üzrə kapitanı idiniz. Prezidentin təbriklərindən
hansı hissləri keçirdiniz?
- Biz Pekinə yola düşərkən mən
cənab Prezidentə qələbə üçün var
gücümlə çalışacağıma söz
vermişdim və əgər qalib gəlsəm qələbəmi
sizin seçkilərdəki qələbənizə həsr edəcəyəm-demişdim.
Mən öz vədinə əməl edərək
vətənə qələbə ilə döndüm. Prezidentin etimadını doğrultmuşdum. Qəbulda
idmançılar adından çıxış etdim və
prezidentin xöş sözlərinə cavab olaraq dedim: “Cənab
Prezident, çox sağ olun. Siz bizi Pekinə
yola salanda biz Sizə söz vermişdik ki, əgər qələbə
ilə qayıtsaq bu qələbəmizi sizin Prezident
seçkilərinizdəki qələbənizə həsr edəcəyik.
Budur, biz qələbə ilə qayıtdıq
və bu qələbəmizi sizə həsr etdik. Biz sizə və “Neftçi” İdman və
sağlamlıq mərkəzinin rəhbərliyinə minnətdarıq”.
Bu minnətdarlığa cavab olaraq hörmətli Prezident mənə
üz tutaraq: ”Çox sağ ol. Mən səni ürəkdən təbrik edirəm.
Sən ikiqat olimpiya çempionusan. Bu böyük nailiyyətdir, böyük bir qələbədir.
Səni və komanda üzvlərini bir daha təbrik
edirəm”. Sonra Prezident
paralimpiyaçılarla xatirə şəkli çəkdirdi.
Dövlət başçısı ilə bu
görüşdə də mən öz boynuma daha bir
sorumluluq götürərək bildirdim ki, London Paralimpiya
oyunlarından da vətənə qələbə ilə
dönmək üçün var gücümlə
çalışacağam.
-Səhv
etmirəmsə siz Pekin Paraolimpiya oyunlarında
komandamızın bayraqdarı idiniz.
-Doğrudur, burada mənim məsuliyyətim
həqiqətən də böyük idi. Mən
həm də bütün idman növləri üzrə
komandanın kapitanı idim. Burada
dünyanın ən nüfuzlu ölkələrinin
idmançıları iştirak edirdi. Lakin
idmançılarımız bütün çətinlikləri
arxada qoyaraq vətənə 2 qızıl, 3 gümüş,
5 bürünc medalla qayıdaraq MDB ölkələri
arasında yalnız Rusiya, Ukrayna və Belorusiya
idmançılarından geridə qaldılar. Bu
isə həqiqətən də böyük uğur idi.
Mən Pekində ikiqat paralimpiya çempionu
oldum.
-Hər dəfə
şərəfinizə üçrəngli bayrağımız
qaldırılanda, himnimiz səsləndiriləndə hansı
hissləri keçirirsiniz?
-Bu suala cavab vermək mənimçün olduqca çətindir.
Hisslərimi sözlə ifadə edə bilmirəm.
Bütün Azərbaycan
idmançılarına həmin hissləri yaşamağı
arzulayıram.
-Sizi Azərbaycan Paralimpiyasının bayraqdarı kimi bu
gün dövlətimizin hər cür qayğıları ilə
əhatə olunmusunuz.
Tamamilə doğrudur. Cənab
Prezidentin qayğısını daim öz üzərimdə
hiss edirəm. 2005-ci ildə mən Prezidentin sərəncamı
ilə müalicə almaq məqsədi ilə İsrailə
göndərildim. Həmin il mənim
həyatında daha bir əlamətdar hadisə baş verdi. Mən ailə həyatı qurdum. Dövlət başçımız mənim toyumu
şəxsən təbrik etdi. 2008-ci il
fevralın 5-də Prezidentin sərəncamı ilə
Paralimpiyaçılar mükafatlandırıldı. Mükafatlandırılanların içərisində
mən də vardım. Mənə 100
kq-dan yuxarı çəki dərəcəsində
döyüşən idmançı kimi 2002-ci ildə təsis
olunmuş Azərbaycan Respublikasının xüsusi olimpiya təqaüdü
verildi. Elə həmin il dekabrın
26 da Prezidentin digər bir sərəncamı ilə mənə
“Şöhrət” ordeni verildi. Hörmətli
Prezidentimiz mənim qayğılarımla şəxsən
maraqlanır. Özümü xoşbəxt
ölkənin xoşbəxt vətəndaşı hesab edirəm.
Çünki, dünyanın heç bir ölkəsində
dövlət başçısının idmançılara
bu qədər qayğı göstərməsi olmayıb.
İdmançılara dövlətin
qayğısı heç də təsadüfi deyildir.
2008-ci il avqustun 29-da Sumqayıtda MDB
ölkələrində yeganə Paralimpiya Komitəsinin
açılışında çıxış edən
dövlət başçımız
Paralimpiyaçıların əməyinə yüksək
qiymət verdi. Mən də bu toplantıda
çıxış edərək öz növbəmdə
qazandığım bütün uğurlara görə
dövlət başçısına borclu olduğumu
bildirdim, idmanın inkişafında gördüyü
böyük işlərə görə Paralimpiyanın əziz
və sevimli dostu İlham Əliyevə minnətdarlıq
etdim. 2009-cu ildə Sumqayıt Paralimpiya
komitəsində Milli Paralimpiya komitəsinin 3-cü hesabat toplantısı
keçirildi. Paralimpiyaçılarımızın
uğurları sadalandı, mənim də xidmətlərim
xüsusi qeyd edildi və İdman sahəsində
qazandığım uğurlara görə Gənclər və
İdman naziri Azad Rəhimov tərəfindən “Əməkdar
idman ustası” adına layiq
görüldüm.
-Qazandığınız
bütün bu uğurlara görə kimə minnətdarsız?
İlk növbədə Allaha, ailəmə,
yaxınlarıma, möhtərəm Prezidentimizə, Milli
Paralimpiya komitəsinə, şəxsi məşqçim
Əhməddin Rəcəbliyə, onun köməkçisi
İbrahim İbrahimova və “Neftçi” idman sağlamlıq
cəmiyyətinə borcluyam. Onu da qeyd edim ki,
2012-ci ildə H.Əliyev mərkəzinin
açılışında H.Əliyev Fondunun prüzidenti
Mehriban xanın Əliyeva mənə “Qızıl çinar
mükafatı təqdim etdi. Mən bu
mükafatı şəxsən Mehriban xanımın təqdim
etdiyi ilk idmançı idim. 2013-cü ildə
Bakıda Qran-pri yarışmasında Beynəlxalq Cüdo
federasiyasının Prezidenti Marius Vizer tərəfindən
6-cı dan qara kəmərlə təltif olundum.
-Biz az da London Paralimpiya oyunlarından
danışaq. Yarış zamanı tribunanadan
azarkeşlər müxtəlif səslərlə sizi qələbəyə
ruhlandırırlar. Bütün bunlar sizə
kömək edirmi?
- Əlbəttə. Amma əsas fiziki
hazırlıqdır.
-Qarşıdakı
planlarınız haqqında nə deyə bilərsiniz
-Hazırda bütün gücümlə
qarşıdakı dünya çempionatına
hazırlaşıram.
Haşiyə: İlham Zəkiyev böyük vətənpərvərdir.
Vətənini hədsiz məhəbbətlə
sevir. Vətənpərvərlik İlham
üçün 1 milyondan artıq soydaşımızın,
öz doğma vətənlərində vətən deyə-deyə
vətənsiz qalan bacı-qardaşlarımızın ah naləsidir.
Vətənimizin bir qarış torpağı belə
bizimçün əziz olmalı, and
yerimizə çevrilməlidir. İlham öz vətəninə
qədərsiz məhəbbətlə bağlanıb. Zənnimcə, onu qələbədən-qələbəyə
ruhlandıran da məhz vətən məhəbbəti, yurd
sevgisidir.
İlham Zəkiyevdə əsil insanlara
xas olan gözəl bir xüsusiyyət var. Rəqib üzərində
hər qələbədən sonra ona yaxınlaşır,
sanki təsəlli verir, layiqli rəqib olduğun bildirir, ona
minnətdarlıq edir. Və hər qələbədən
sonra əllərini göyə qaldırıb Böyük
Yaradana şükür edir. Mükafatlandırma
mərasimi zamanı Azərbaycan kişisinə məxsus bir məğrurluqla
tribunaya yaxınlaşır. Sanki, bu qələbələri
heç o qazanmayıb.
-Ən böyük arzunuz nədir?
- İki böyük arzum var.
İstəyirəm ki, Ali Baş Komandanın əmri ilə
torpaqlarımız azad olunsun. Və
bir də istəyirəm ki, görmə qabiliyyətim bərpa
olunsun və mən Azərbaycanı Paralimpiya oyunlarında
deyil, Olimpiya oyunlarında təmsil edim”.
- Biz də
İlhamın istəklərinə qoşulub “Arzun çin
olsun”-deyirik.
Yeqzar Cəfərli
Olaylar.-
2014.- 31 yanvar.- S.12.