Azərbaycanlılara qarşı etnik təmizləmə

və soyqırımı siyasətinin mərhələləri

 

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi

 

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə etmişdir.

XIX əsrin əvvəllərində Qafqazdakı rus qoşunlarının baş komandanı P.D.Sisianov Gəncəni tutduqdan sonra, 1805-ci il 22 may tarixli, 19 nömrəli raportunda yazırdı ki, Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısı hesab edilir, buna görə də onu itaətdə saxlamalı və burada mövqeyimizi möhkəmlətməyə daha çox cəhd göstərməliyik.

Belə bir məqsəd tezliklə həyata keçirildi. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla general Sisianov arasında müqavilə imzalandı.Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi P.D.Sisianov dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün Cənubi Qafqazın digər əyalətlərindən erməniləri bura köçürməyə başladı.

Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat verən mühüm sənəd olançar məmurları YermolovMogilyovski tərəfindən tərtib edilən “Qarabağ əyalətinin təsviri”nə görə, 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olmuşdur. Yəni, hələ 1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə erməni ailələrinin sayı artıb 4 min 366-ya çatmışdır.

Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı.

Çar Rusiyasının Qafqazı işğal etməsini N.N.Şavrov açıq söyləyir və bu məqsədlə həmin əraziyə ilk dəfə başqa millətlərin köçürülməsini yazırdı: “Biz müstəmləkəçilik fəaliyyətimizə Qafqaza rus əhalisinin deyil, xaricilərin köçürülməsindən başladıq. Vətəndə arzuedilməz ünsürlər sayılan bu kolonistlərdən TiflisYelizavetpol (Gəncə) quberniyalarında koloniyalar yaratdıq. Onlara ən yaxşı torpaqlar ayrıldı və müxtəlif imtiyazlar verildi”.

Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülmüşdür. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 mindən çox erməni köçürülmüşdür. Bu faktları N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər müharibəsi qurtarıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb onları, demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200.000 desyatindən çox xəzinə torpağı ayrılmış və habelə bu məqsədlə müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdı. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahillərində məkunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur”.

Bu fakt onu göstərir ki, köçürülən ermənilər, əsasən ermənilər yaşamayanya az erməni yaşayan ərazilərdə yerləşdirildilər. Buradan belə məlum olur ki, XIX əsrin əvvəllərinə, xüsusilə Türkmənçay müqaviləsinə qədər Azərbaycanın Gəncə və İrəvan quberniyalarında ermənilərin sayı çox az olmuşdur.

Beləliklə, Türkmənçay müqaviləsindən sonrakı iki ildə çar Rusiyasının himayədarlığı nəticəsində ermənilər Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qarabağın dağlıq hissəsində məskunlaşmağa nail oldular. Çarizmin ermənilərə olan bu himayədarlığı sonrakı illərdə də özünü göstərirdi.

XIX əsrin sonu — XX əsrin əvvələrində Cənubi Qafqaza ermənilərin köçürülməsi davam etdirildi. Təkcə 1896-cı ildən 1908-ci ilədək — 13 ildə Zaqafqaziyaya 400 min erməni köçürülmüşdü. Bu barədə N.N.Şavrov yazır: “1896-cı ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hal-hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyil. Onları buraya biz köçürmüşük”.

Ümumiyyətlə, Qarabağın dağlıq hissəsinə ermənilərin köçürülməsi bölgədə demoqrafik vəziyyətə ciddi təsir göstərdi. 1897-ci ildə əhalinin siyahıya alınması zamanı Qarabağda yaşayan 54 min 841 ailədən 29 min 350-sinin azərbaycanlı, 18 min 616-sının isə erməni ailəsi olduğu bildirilir. 1917-ci ildə isə Qarabağda ermənilərin sayı gəlmələrin hesabına artaraq ümumi əhalinin 46 faizini, azərbaycanlılar isə 51 faizini təşkil etmişdir.

1917-ci ilinKavkazski kalendar” məcmuəsinin yazdığına görə, Qarabağda 199 min azərbaycanlı (58,3 faiz) və 142 min erməni (41,7 faiz) yaşayırdı. Göründüyü kimi, çar Rusiyasının himayəsi sayəsində süni surətdə ermənilərin mərhələ-mərhələ köçürülüb Qarabağda yerləşdirilməsinə baxmayaraq, azərbaycanlılar həmin torpaqların əzəli sakinləri olmaqla yanaşı, bütün dövrlərdə çoxluq təşkil etmişlər. “Kavkazski kalendar”ın salnamələrində verilən statistik məlumatlar sübut edir ki, Ermənistanın indiki ərazisində də əvvəllər azərbaycanlılar ermənilərdən xeyli çox olmuşdur. Məsələn, 1886-cı ildə Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7 faiz), 91-i kürd kəndi (27,8 faiz) və yalnız 81-i erməni kəndi (24,8 faiz) olmuşdur.

1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox olmuşdur. 1897-ci ildə isə Zəngəzurun əhalisi 142 min nəfər olmuşdur ki, onlardan 71,2 mini (50,1 faiz) azərbaycanlı, 63,6 min nəfəri isə (44,8 faiz) erməni olmuşdur. Ermənistan Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin 85,2 faizi).

Z. Kirokodyanın 1932-ci ildə İrəvanda nəşr olunmuşSovet Ermənistanının əhalisi 1831-1931" kitabında da qeyd edilir ki, İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara məxsus olmuşdur. İrəvanda yaşayan 10 min nəfər əhalinin 7 min nəfəri azərbaycanlı olmaqla yanaşı, eləcə də xanlığı idarə edən 40 nəfərin hamısı azərbaycanlılar olmuşdur.

İrəvan quberniyasının 1920-ci ilədək Azərbaycanın tərkibində olan qəzalarında, xüsusilə İrəvan qəzasında azərbaycanlı əhalinin sayı xeyli çox olmuşdur. Məsələn, qəzada olan 99 min nəfərdən 62,6 mini azərbaycanlı (66 faiz), 36,4 min nəfəri erməni (34 faiz) olmuşdur.

İrəvan quberniyasının Eçmiədzin, Yeni Bəyazid, Sürməli qəzalarında isə azərbaycanlılar əhalinin üçdə birini təşkil etmişdir. 1916-cı il yanvarın 1-nə olan məlumata görə, bu ölkələrdə əhalinin etnik tərkibi yenə azərbaycanlıların xeyrinə çoxluq təşkil edirdi. İrəvan qəzasında 74,2 min nəfər və ya 48 faiz, Zəngəzur qəzasında 119,5 minya 53,3 faiz, Yeni Bəyazid qəzasında 50,7 min nəfər, Sürməli qəzasında 45 min nəfər azərbaycanlı olmuşdur. Bu rəqəmlər əyani surətdə sübut edir ki, XIX və XX əsrlərin əvvəllərində indiki Ermənistanın ərazisində yerli əhali olan azərbaycanlılar əksəriyyət təşkil etmişlər.

Erməni millətçiləri XIX əsrin sonlarında – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. Bundan sonra, ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu.

 

XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı

etnik təmizləmə və soyqırımı siyasəti

 

Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar. Belə ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur.

XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxdabaşqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə aparmışlar. Belə ki, Birinci Dünya müharibəsi illərində də çarizmin himayəsinə sığınan ermənilər azərbaycanlılara qarşı qırğınları davam etdirməyə başladılar.

 

Ardı var

 

Əli HƏSƏNOV,

Azərbaycan Respublikası Prezidentinin

ictimai-siyasi məsələlər üzrə köməkçisi,

tarix elmləri doktoru, professor

 

Olaylar.- 2015.- 1 aprel.- S.9.