“Vətən çalışqan
insanların
çiyinləri üzərində
yüksəlir”
Bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün
mükəmməlliyinə, ümidinə, ideallarına
bağlıdır
Gənclərin vətənpərvərlik,
dövlətə və xalqa məhəbbət ruhunda tərbiyə
edilməsi vacib məsələlərdəndir. Milli şüurun formalaşdırılmasında tərbiyə
işini həyatla əlaqələndirmək
üçün gənclərimiz
xalqımızın adət-ənənələrinə
hörmət ruhunda tərbiyələndirilir,
onlarda yüksək vətənpərvərlik
hissi inkişaf etdirilir. Gənc nəslin nümayəndələri
Vətənin müdafiəsinə hazır olmaq
ruhunda tərbiyə olunur,
milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli
mübarizə aparan insanlar
kimi formalaşır.
Qloballaşan müasir dünyada milli kimlik, milli şüar, vətənpərvərlik kimi məsələlər ən aktual mövzulardan birinə çevrilib. Mədəni, humanitar sahədə inteqrasiya prosesləri o qədər sürətlə inkişaf edir ki, millətlərin adaptasiya məsələsinə diqqətin artırılması zərurəti yaranıb. Belə bir halda gənc nəslin milli şüurunun formalaşdırılması, onların vətənpərvər ruhda yetişdirilməsi aktual məsələ kimi meydana çıxır. Bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, ideallarına bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, torpağını, millətini, Vətənini sevən bir gəncliyə sahib bir ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. Gələcəyinə qiymət verən millətlər gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. Torpaqlarımızın 20%-nin işğalda olduğunu nəzərə alsaq, milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin aşılanması öz vacibliyini bir qədər də qabağa çəkir. Əslində hər bir xalqın milli ideologiya ilə bağlı seçimi, ilk növbədə onun milli şüurunun səviyyəsi, milli özünüdərklə bağlıdır. Əgər bir xalqın milli şüur səviyyəsində problemlər varsa, həmin toplumun milli ideologiya və b. milli məsələlərə baxışı da buna uyğun olacaq. Başqa sözlə, milli şüur formalaşmadan, yaxud da milli özünüdərk müəyyən üst səviyyəyə çatmadan milli ideologiya yarana bilməz. Gənclərin vətənpərvər ruhda böyüməsində ailə tərbiyəsiylə yanaşı orta və ali məktəblərdə aldıqları təhsilin də rolu var. Dərsliklər, kitablarla yanaşı, onu tədris edən müəllimlərin, pedaqoqların özündə milli ruh, milli şüur olmalıdır ki, onlar yeni nəslə yaxşı nə isə verə bilsinlər. Müəllim həmişə yeniyetmə və gənc nəslə milli şüur formalaşdıran elə bir statusa malikdir ki, onun bu mövqeyi yalnız millətə və vətənə bağlılıqda öz əksini tapmalıdır. Fəlsəfə doktoru Faiq Ələkbərov deyir ki, milli mentalitet, milli özünüdərk, milli adət-ənənələr, vətənpərvərlik milli şüurun tərkibinə daxil olan elementlərdir. F.Ələkbərov qeyd edib ki, bu mənada, milli şüurun dini və beynəlmiləl şüurla oxşar tərəfləri ilə yanaşı, fərqli cəhətləri də göstərilməlidir: “Məsələn, milli şüurla dini şüur arasında oxşar cəhətlər arasında əxlaqi-mənəvi, humanizm, xoşgörü, qonaqpərvərlik, ümumiyyətlə mənəviyyat məsələləri mühüm yer tutur. Eyni zamanda, milli və dini şüurun oxşar cəhətləri arasında ən vacib faktor milli birlik məsələsidir. Yəni hər iki şüurun uğurla dərk edilməsi nəticəsində bir millət, cəmiyyət daxilində milli birlik daha da gücləndirilə bilər. Ancaq bu zaman hökmən milli birliklə dini birliyi fərqləndirmək, daha doğrusu, dini birliyin milli birlik kimi təqdim edilməsinə imkan verilməməlidir”. Yəni ki, vətəndaş cəmiyyətini formalaşdıran amillərdən biri də milli-mənəvi dəyərlərin, milli şüurun təbliğidir. Vətənpərvərlik hissləri və milli şüur millətə aid cəhətləri bütün aydınlığı ilə əks etdirir. Milli əlamətlərlə bağlı sabit meyillər milli iftixarın məzmununa daxil olmaqla onun formalaşıb inkişaf etməsində böyük rol oynayır. Bu mənada ictimai-sinfi və konkret-tarixi səciyyəli cəhətləri ön plana çəkməklə bu hissin mahiyyətini düzgün anlamaq olar. Çünki ictimai-siyasi, sosial cəhətlərinin timsalında milli iftixarın ümumbəşəri və mütərəqqi xüsusiyyətləri qabarıq surətdə özünü büruzə verir. Yalnız bu səpkidə onun xalqla, xalq həyatı ilə bağlılığı, bütün təfərrüatı ilə üzə çıxır. Tevfik Fikret deyirdi ki, “Vətən çalışqan insanlarının çiyinləri üzərində yüksəlir”.
“...gənclər
siyasəti, bölgələrdə
gənclər mərkəzlərinin
yaradılması...”
Mehman Muradlı: "Milli mənlik şüuru azərbaycançılıq ideyasına söykənən və inkişaf edən ideologiyadı. Azərbaycançılıq ideologiyasının gənc nəslin milli mənlik şüur hissinin inkişaf etdirilməsi bizə daha çox lazımdı. Yüz illərdi millət kimi bizə yönələn təcavüz, genosid siyasəti gənclər arasında milli mənlik hissinin inkişaf etdirilməsi hava-su kimi lazımdı. Azərbaycançılıq ideologiyasının təməlində tolerantlıq dayansa da, millət kimi bizə bu ideologiya təcavüzün, genosidin qarşısının alınmasın yeganə çıxış yoludur. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiysanın inkişaf etdirilməsində böyük əməyi olmuşdur. Prezident İlham Əliyevin gənclər siyasəti, bölgələrdə gənclər mərkəzlərinin yaradılması, Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə dövlət dəsətəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihələr bu işdə son zamanlar dövlətin də nə qədər maraqlı olduğunu ortaya qoymuş oldu. Bir faktı nəzərinizə çatdırım ki, Xocalı soyqırımı ilə bağlı gənclərin keçirdiyi tədbirlər milli şüurun inkişafında mühüm yer tutdu. Milli şüurun inkişaf etdirilməsində dövlət tərəfindən yetərincə dəstəklənməsinə baxmayaraq, Azərbaycana və azərbaycançılıq ideologiyasına düşmən olan qüvvələr tərəfindən gənc nəsil arasında anti-azərbaycan təbliğatı bu məsələnin həyata keçirilməsinin sadə olmadığını sübut etmiş oldu. Baxmayaraq bu qüvvəllər azlıqda olsalar da müəyyən məqamlarda öz təsirini göstərir".
“Milli ruhda tərbiyə
vermək vacib məsələdir”
Polad İbrahimov (jurnalist): “Bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Bu siyasətin başlıca məqsədi Azərbaycan gəncliyinin inkişafını təmin etmək, gənclər qarşısında yeni inkişaf üfiqləri açmaqdır. Bu baxımdan, bir neçə istiqamət mühüm əhəmiyyət kəsb edir. Buraya gənclərin intellektual potensialını artırmaq üçün onların keyfiyyətli təhsillə təmin olunması, beynəlxalq aləmə inteqrasiyası, o cümlədən gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsinə dair sistemli tədbirlərin görülməsi aiddir. Gənclərin milli-mənəvi dəyərlər əsasında - milli ruhda tərbiyə alması vacib məsələ kimi çıxış edir. Dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində aktiv təbəqə kimi çıxış edir. Əlbəttə, burada mədəniyyətin, tarixi dəyər və zənginliklərin beynəlxalq miqyasda təbliğ olunması da mühüm istiqamətlərdən biridir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu istiqamətdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyəti ilə milli inkişafa əhəmiyyətli töhfələr verməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı demişdir ki, biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Ölkə başçısı onu da vurğulayıb ki, milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur: “Yaşlı nəslin borcudur ki, bax, bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər”.
“Vətənpərvərlik
əməldə olmalıdır”
Fərid Ədalət (jurnalist): “Gənc nəsil dediyimiz yaş qrupu 14-29 yaşında olanlar hesab edilir. 14-15 yaşlarında olan bir gənc özünüdərk mərhələsini keçən zaman onlarda milli mənlik şüuru formalaşdırmalıdır. Əslində daha dərinə getsək bu ailədən və ibtidai sinifdən start götürməlidir. Hər bir gənc ayrılıqda bir “MƏN” olsalar da, onlar birlikdə “BİZ” və milli topluluqdur. Ona görə də “MƏN”lər “BİZ”in mövqeyini, maraqlarını, toxunulmazlığını qorumalıdır. Vətənpərvərlik hissi xüsusi günlərdə yada düşən, bir bənd şeiri səsləndirmək, himn fonoqramla səslənən zaman yalandan dodaq tərpətmək deyil, daima səninlə yaşayan bir hiss olmalıdır. Vətənpərvərlik hisslərinin tərbiyəsi vətəni öyrənməkdən, onun haqqında hər şeyi bilməkdən başlayır. Öyrənməliyik ki, vətənimiz haqqında bizdən nəsə soruşanda iki cümləni ardıcıl deyə bilək. Bizə facebook-dakı saxta vətənpərvərlik, klaviatura arxasında ucalan “VƏTƏN, VƏTƏN” şüarları lazım deyil. Bunu əməldə də göstərmək lazımdır”.
“Gənclər
siyasəti milli şüurun
formalaşmasına
stimul verir”
Coşqun İsmayılov (jurnalist): “Dövlətin yürütdüyü gənclər siyasəti Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasındakı rolu danılmazdır. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu öndərin bu məsələdə tutduğu mövqe bu gün Prezident İlham Əliyev tərəfindən lazımi şəkildə davam etdirilir. Dövlətimizin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Milli dövlət-çiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Həmin dönəm və bu gün bu məsələ ilə əlaqədar dövlətimizin yürütdüyü siyasət gənclərdə milli mənlik şüurunun formalaşmasına və vətənpərvərlik hisslərinin aşılanmasına stimul verir”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 2 aprel.- S.15.