Azərbaycanlılara qarşı etnik təmizləmə
və soyqırımı siyasətinin mərhələləri
Ermənilərin
Azərbaycan torpaqlarına köçürülməsi
əvvəli ötən
sayımızda
1917-ci ildə Rusiyada baş verən
fevral və oktyabr hadisələrindən sonra
“Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha
geniş fəaliyyətə başladılar. Eyni zamanda,
V.Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaz işləri
üzrə müvəqqəti fövqəladə komissar təyin
edilən S.Şaumyan azərbaycanlıların kütləvi
qırğınının təşkilatçısı və
rəhbərinə çevrildi. Erməni silahlı qüvvələri
tərəfindən 1917-ci ilin əvvələrindən 1918-ci
ilin mart ayına qədər olan dövrdə İrəvan
quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109,
Qarabağda 157 kənd dağıdılmış, digər
bölgələrdə 60 yaşayış məskəni məhv
edilmiş, yandırılmış və viran qoyulmuşdur.
1918-ci
ilin əvvələrində yəni mart qırğını
ərəfəsində bilavasitə Şaumyana tabe olan erməni
silahlı qüvvələrinin sayı 20 minə yaxın idi.
Bolşeviklərin, o cümlədən Leninin himayəsi
altında Şaumyan Bakı Kommunasının rəhbəri
oldu. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri
Bakı şəhərini gəmilərdən yaylım atəşinə
tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların
evlərinə hücum edərək amansız qətllər
törətdilər. Martın 31-də və aprelin ilk günlərində
qırğınlar kütləvi xarakter aldı. Minlərlə
dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə
görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik
birləşmələri Bakıda 12 min dinc azərbaycanlını
qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı
insanlar evlərində diri-diri yandırılmış, eləcə
də xüsusi işgəncələrlə və amansızlıqla
öldürülmüşdür.
Ermənilərin
silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş
ayı ərzində Quba qəzasında 16 mindən çox
insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd
dağıdılmışdır ki, onlardan 35-i hazırda
mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında
azərbaycanlıları kütləvi şəkildə qətlə
yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar
bir daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba
şəhərində kütləvi məzarlıqların
aşkar edilməsi erməni vandalizmini təsdiqləyən
faktlardır. Məzarlığın tədqiqi zamanı
1918-ci ildə erməni silahlı birləşmələrinin
Qubaya hücumu zamanı insanların hər cür
zorakılığa məruz qalaraq qəddarlıqla qətlə
yetirilməsi və həmin məzarlığın sonradan
kütləvi şəkildə basdırılmış yerli
sakinlərə məxsus olduğu müəyyən
edilmişdir. Onu da qeyd emək lazımdır ki, Amazaspın rəhbərliyi
ilə erməni hərbi birləşmələri Qubada
türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə
qarşı da qırğınlar törətmişlər.
Aparılan tədqiqatlar nəticəsində məlum
olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən
3 min nəfərə qədər yəhudi qətlə
yetirilmişdir.
Bundan
əlavə, Azərbaycanın yüzlərlə
yaşayış məntəqəsi, o cümlədən
Qarabağda 150-dən çox kənd
dağıdılmış və yandırılmış, eləcə
də Şuşada azərbaycanlılara qarşı
amansız qırğınlar törədilmişdir.
Erməni
daşnakları tərəfindən 1918-ci ilin mart-aprel
aylarında Bakıda və digər Azərbaycan ərazilərində
50 minə yaxın insan xüsusi işgəncələrlə
qətlə yetirilmişdir. Zəngəzur qəzasında 10
mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər,
şəhərlə birlikdə isə 18 min 270 nəfər
azərbaycanlı amansızlıqla
öldürülmüşdür.
1918-1920-ci
illərdə indiki Ermənistan ərazisində
yaşamış 575 min azərbaycanlının 565 min nəfəri
öldürülmüş və doğma torpağından
didərgin salınmışdır. Bu rəqəmi Z.Kirokodyan
özünün “Sovet Ermənistanının əhalisi
1831-1931" adlı kitabında təsdiq edərək
yazır ki, ”1920-ci ildə sovet hökumətinə
daşnaklardan cəmi 10 min nəfərdən bir qədər
artıq türk (azərbaycanlı) əhali
qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri
qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər,
1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur".
1919-cu
ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin
və Sürməli qəzalarında 96 kənd, İrəvan
qəzasının isə bütün kəndləri məhv
edilmiş, İrəvan quberniyasında 132 min azərbaycanlı
qətlə yetirilmişdir.
Ümumilikdə,
1918-1920-ci illərdə ermənilər tərəfindən
törədilmiş kütləvi qırğınların
Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla
yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində,
Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda,
Qarsda və başqa bölgələrdə amansız şəkildə
davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı
ən qəddar üsullarla qətlə yetirilmiş, bir
milyondan çox əhali öz doğma torpaqlarından didərgin
salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər
tərəfindən bu vəhşiliklər törədilərkən
məktəblər, məscidlər yandırılmış,
maddi-mədəniyyət nümunələri məhv
edilmişdir.
1918-ci
il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti
qurulduqdan sonra Fövqəladə Təhqiqat Komissiyası
yaradılmış və ermənilərin törətdikləri
cinayətlər araşdırılmağa
başlanmışdır. Hökumətin qərarı ilə
hər il (1919 və 1920-ci il martın 31-də Ümummilli Matəm
Günü kimi qeyd edilmişdir) mart ayının 31-nin Matəm
Günü kimi qeyd edilməsi qərara
alınmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin
süqutu bu işi başa çatdırmağa imkan vermədi.
Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda
mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da
İrəvan şəhərinin ermənilərə siyasi mərkəz
kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci
ildə Azərbaycan torpaqlarında – keçmiş İrəvan
xanlığının ərazisində Ermənistan
Respublikası yaradıldı.
Çar
Rusiyasının müstəmləkəçilik siyasətinin
tərkib hissəsi olan və bütün XIX əsr boyunca
davam etdirilmiş köçürülmə prosesi nəticəsində
ermənilərin Qarabağın dağlıq hissəsində
süni surətdə çoxaldılması onların XX əsrin
əvvəllərindən başlayaraq Azərbaycana
qarşı ərazi iddiaları və təcavüzkarlıq
siyasətinin baş qaldırmasına səbəb olmuşdur.
Ermənilərin ən böyük iddiası Qarabağı və
Zəngəzuru ələ keçirmək idi. Ermənistan
hökuməti işğal planlarını həyata keçirmək
məqsədilə oraya silahlı qüvvələr göndərdi.
Nəticədə, Qarabağ torpaqlarını ələ
keçirməyə can atan erməni silahlı qüvvələri
yüzlərlə yaşayış məntəqəsini
dağıtdı, minlərlə dinc azərbaycanlı əhalisini
qəddarcasına məhv etdi.
1919-cu
ilin yanvarında daşnak Ermənistan hökuməti
Qarabağla əlaqədar Azərbaycana qarşı ərazi
iddiası irəli sürdü. Bununla da, Qarabağın
dağlıq hissəsinin Ermənistana birləşdirilməsi
üçün ilk rəsmi cəhd edildi. Problemi dinc vasitələrlə
həll etmək üçün Azərbaycan hökuməti dəfələrlə
təkliflərlə çıxış etsə də,
daşnakların tutduğu mövqe bu təkliflərin həyata
keçməsinə mane oldu.
Ərazi
bütövlüyünü qoruyub saxlamağı və
öz vətəndaşlarının təhlükəsizliyini
təmin etməyi özünün başlıca vəzifəsi
hesab edən Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan
Respublikasının ərazi iddialarını qəti şəkildə
rədd etdi. Azərbaycan parlamenti “Qarabağ” məsələsini
müzakirə edərək separatçılıq hərəkatının
qarşısını almaq üçün əməli tədbirlər
həyata keçirməyə başladı. Bu məqsədlə
Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də
Şuşa, Cəbrayıl, Cavanşir və Zəngəzur qəzalarını
Gəncə quberniyasından ayırıb, mərkəzi
Şuşa şəhəri olmaqla həmin qəzalardan ibarət
Qarabağ general-qubernatorluğunu yaratdı və Xosrov bəy
Sultanov general-qubernator təyin edildi. Azərbaycan hökuməti
ona tapşırdı ki, orada qayda-qanun yaratsın və yerli
hakimiyyəti təşkil etsin.
Azərbaycan
hökumətinin gərgin səyi nəticəsində 1919-cu
il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndəliyinin
vasitəçiliyi ilə Azərbaycan və Ermənistan
respublikaları arasında müqavilə imzalandı.
İmzalanan müqaviləyə görə, toqquşmalar
dayandırılmalı, mübahisəli məsələlər,
o cümlədən də sərhəd məsələləri
danışıqlar yolu ilə həll edilməli idi. Lakin Ermənistan
tərəfi bu sazişi kobud surətdə pozmuş və Azərbaycan
ərazilərinə öz qoşunlarını göndərərək
azərbaycanlılara qarşı dəhşətli
qırğınlar törətmişdir. Bütün bunlara
baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud
olduğu dövrdə Ermənistanın Qarabağı
diplomatik və hərbi vasitələrlə ələ
keçirmək cəhdlərinin qarşısı qətiyyətlə
alındı. Lakin Xalq Cümhuriyyətinin süqutunda da az rol
oynamayan daşnakların bu ərazi iddiaları Azərbaycan
sovetləşəndən sonra yenidən ortaya atıldı.
Cənubi
Qafqazın sovetləşməsindən öz məqsədləri
üçün istifadə edən ermənilər 1920-ci ildə
Zəngəzuru və Azərbaycanın bir sıra
torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər.
Sonrakı dövrlərdə isə bu ərazilərdə
tarixən yaşamış azərbaycanlıların
deportasiya edilməsi siyasətini daha da genişləndirdilər.
Bunun
davamı olaraq Azərbaycanın Qarabağ bölgəsinin
dağlıq hissəsinə XIX əsrdə
köçürülən ermənilərə 1923-cü il
iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet
Rusiyasının himayəsi və iştirakı ilə həyata
keçirildi. Bu hadisə təkcə Azərbaycanın
inzibati-ərazi bölgüsünün pozulması deyil, həm
də ermənilərin ölkəmizə qarşı gələcək
ərazi iddiaları üçün bir vasitə oldu.
Sovet
dövründə Azərbaycanın Qarabağ bölgəsinin
dağlıq hissəsində yaşayan erməni icması
bütün siyasi, iqtisadi, sosial və mədəni məsələləri
əhatə edən muxtariyyətə malik olsa da, Ermənistan
öz ərazi iddialarını bir neçə dəfə
ortaya atmış, ancaq istəyinə nail ola bilməmişdir.Lakin,
bunun əvəzində 1947-ci il dekabrın 23-də SSRİ
Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və
digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi
haqqında” qərarına əsasən 1948-53-cü illərdə
azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə
də İrəvan və onun ətraf rayonlarından kütləvi
şəkildə deportasiya olunması nəticəsində 150
minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın
aran rayonlarına köçürülmüşdür.
XX əsrin
sonlarında ermənilərin Azərbaycana qarşı ərazi
iddiaları və hərbi təcavüzü
XX əsrin
80-ci illərinin ikinci yarısında ermənilər özlərinin
yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi
ilə “Böyük Ermənistan” ideyasını həyata
keçirmək üçün yaranmış vəziyyətdən
istifadə edərək yenidən Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinə dair ərazi
iddiaları irəli sürdülər.
Hər
dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz
Ermənistanın təbliği, təhriki və təzyiqi ilə
ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin
bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda və Qərbdə
olan himayədarları tərəfindən hələ xeyli əvvəl
diqqətlə, eləcə də hərtərəfli plan əsasında
hazırlanmışdı. Sovet dövründə mərkəzi
hakimiyyət orqanlarının himayədarlığı ilə
Azərbaycan əleyhinə məqsədyönlü şəkildə
təbliğat kampaniyası aparılmış və nəticədə,
neqativ ictimai fikir formalaşdırılmışdı. Erməni
ideoloqları və onların ilhamvericiləri Azərbaycanın
tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları
açıq-aşkar saxtalaşdıraraq bütün
İttifaq miqyasında yaymışdılar.
1988-ci
il hadisələri başlananda ilk vaxtlar vəziyyəti son dərəcə
gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə
çəkməyə çalışan erməni siyasətçiləri
və onların Mərkəzdəki himayədarları tərəfindən
vilayətin iqtisadi geriliyi pərdəsi altında
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
üçün uzun müddətdən bəri
hazırlanmış plan üzrə Xankəndidə və
Yerevanda davamlı tətillər keçirilir, müəssisələr
dayandırılır və kütləvi mitinqlər təşkil
edilirdi.
Lakin
baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi
geriliyi barədə erməni siyasətçiləri və
onların Mərkəzdəki himayədarlarının irəli
sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas
məqsədin isə Ermənistanın Azərbaycana
qarşı ərazi iddiası olduğunu göstərdi.
Ardı var
Əli HƏSƏNOV,
Azərbaycan Respublikası
Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi,
tarix elmləri doktoru,
professor
Olaylar.- 2015.- 2 aprel.- S.9.