Azərbaycanlılara qarşı etnik təmizləmə
və soyqırımı siyasətinin mərhələləri
Ermənilərin
Azərbaycan torpaqlarına köçürülməsi
əvvəli ötən
saylarımızda
Artıq ilin ikinci yarısında vəziyyət
o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı
əhalisinə qarşı silahlı təcavüz oldu. Belə
ki, avqustun axırı və sentyabrın əvvəllərində
Kərkicahan və Xocalı üzərinə ermənilərin
kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər
Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlını
şəhərdən zorakılıqla çıxardılar,
onların evləri yandırıldı.
Dağlıq
Qarabağda vəziyyətin belə bir gərgin anında Ermənistan
SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın
suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə
birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul
etdi. DQMV-nin müəssisələri Ermənistanın
müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi.
Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən
isə açıq himayədarlığı sayəsində
DQMV iqtisadiyyatının və digər sahələrinin,
faktiki olaraq, Azərbaycandan ayrılması və Ermənistana
birləşdirilməsi baş verdi. Bütün rayon partiya
komitələri Ermənistan KP-nin tərkibinə daxil edildi.
DQMV ərazisində Ermənistanın bayrağı
qaldırıldı. Sovet rəhbərliyinin çox ciddi və
bağışlanılmaz səhvləri və ermənipərəst
siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində
vəziyyətin getdikcə kəskinləşməsinə gətirib
çıxardı, DQMV və Azərbaycanın Ermənistanla
həmsərhəd bölgələrində erməni təcavüzü
daha geniş miqyas aldı.
Bu
illərdə Moskva-Bakı sərnişin qatarlarında,
Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı
marşrutları üzrə avtomobillərdə törədilən
terror aktları nəticəsində yüzlərlə azərbaycanlının
həyatına son qoyuldu. Minlərlə azərbaycanlı
Moskvanın hakim dairələri tərəfindən himayə
edilən ermənilərin işğalçılıq siyasətinin
qurbanı oldu.
Təəssüf
ki, hadisələrin başlanğıcında erməni
separatçılarının qarşısının
alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi.
Nəticədə, ermənilər Azərbaycan hökuməti
tərəfindən nəzarət olunmayan vilayətdə Ermənistandan
göndərilən silahlı dəstələr və hərbi
texnikanın köməyi ilə azərbaycanlılara
qarşı daha qanlı cinayətlər törətdilər
ki, bu da münaqişənin böyüyüb irimiqyaslı
müharibəyə çevrilməsinə səbəb oldu.
1991-ci
ildən Qarabağın dağlıq hissəsində baş
verən hadisələrin gərginliyi get-gedə
artırdı. Artıq ictimai-siyasi vəziyyət böyük
fəlakətin yaxınlaşmasından xəbər
verirdi.1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı
qüvvələrinin Xocavəndin Qaradağlı və
Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində
12 nəfər öldürüldü, 15 nəfər isə
yaralandı. Həmin ilin avqust və sentyabr aylarında
Şuşa-Cəmilli, Ağdam-Xocavənd və
Ağdam-Qaradağlı avtobuslarının erməni
silahlı dəstələri tərəfindən atəşə
tutulması nəticəsində 17 nəfər həlak oldu,
90 nəfərə qədər azərbaycanlı yaralandı.
1991-ci
il oktyabrın sonunda və noyabr ayı ərzində
Qarabağın dağlıq hissəsindəki 30-dan çox
yaşayış məntəqəsi, o cümlədən
Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli,
Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi
digər strateji əhəmiyyətə malik kəndlərimiz
ermənilər tərəfindən yandırıldı,
dağıdıldı və talan edildi.
Ümumiyyətlə,
1988-1991-ci illərdə, yəni hadisələrin
başlanğıcından SSRİ-nin süqutuna qədər
olan dövrdə İttifaqın hakim dairələri tərəfindən
himayə edilən Ermənistan Azərbaycana qarşı
açıq-aşkar təcavüzkarlıq siyasəti
yeritmiş, nəticədə dinc sakinlər qətlə
yetirilmiş, yaşayış məntəqələri
dağıdılmış, talan edilmiş və
yandırılmışdır. Dağlıq Qarabağ
bölgəsində yaşayan ermənilərə Azərbaycandan
ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə
nail olmaq ideyasını süni surətdə qəbul etdirən
təcavüzkar dövlət buna nail olmaq üçün
Dağlıq Qarabağdan 50 min azərbaycanlını
soyqırımına və təcavüzə məruz qoyub didərgin
salmışdır. Bu illər ərzində Dağlıq
Qarabağda ermənilər tərəfindən törədilmiş
2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə
tutma halları qeydə alınmışdır ki, bunların
da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər
yaralanmışdır.
Eyni
zamanda, bu dövrdə etnik təmizləmə nəticəsində
Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min
nəfərə qədər azərbaycanlı təcavüzə
məruz qalaraq zorakılıqla doğma yurdlarından qovuldu.
Nəticədə, Ermənistanı azərbaycanlılardan təmizləmək
aksiyası həyata keçirilərək 216 azərbaycanlı
vəhşicəsinə qətlə yetirilmiş, minlərlə
qadın, uşaq və qoca bədən xəsarəti
almış, on minlərlə ailənin əmlakı qarət
olunmuşdur.
1992-ci
ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu
bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar
yaşayan sonuncu yaşayış məntəqələrini də
işğal etdi. Belə ki, fevral ayının 12-də
Şuşanın Malıbəyli və Quşçular kəndləri
Ermənistan silahlı qüvvələri tərəfindən
zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun
Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər
(uşaq, qadın, qoca) əsir götürülmüş, 33
nəfər ermənilər tərəfindən güllələnmiş,
eyni zamanda, öldürülən və yaralı halda
olanları bir yerdə təsərrüfat quyusuna tökərək
basdırmışlar. Əsir götürülənlərdən
68 nəfəri amansızlıqla öldürülmüş,
50 nəfəri isə böyük çətinliklə əsirlikdən
azad edilmişdir. Azad olunanların 18 nəfəri
aldıqları sağalmaz yaralardan sonra vəfat etmişdir.
Əsirlikdə saxlanılanlara qarşı vəhşi,
vandalizm hərəkətləri ilə davranılması,
insanların başlarının kəsilməsi, diri-diri
basdırılması, dişlərinin zorla
çıxarılması, ac-susuz saxlanılması, işgəncə
verilərək öldürülməsi insanlığa
qarşı törədilmiş ən ağır cinayət
hadisəsi idi. Qaradağlı kəndində 2 ailənin hər
birindən 4 nəfər öldürülmüş, 42 ailə
öz başçısını itirmiş, 140-a yaxın
uşaq yetim qalmışdır. Ümumilikdə, əhalisi
ermənilər tərəfindən əsl
soyqırımına məruz qalmış bu kənddə 91 nəfər,
yəni kənd sakinlərinin hər 10 nəfərindən
biri qətlə yetirilmişdir.
1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri Xankəndidə yerləşən
Sovet ordusundan qalmış 366-cı motoatıcı alayın
180 nəfər hərbi mütəxəssisi və
ağır texnikasının iştirakı ilə Xocalı
şəhərinə hücum edərək şəhəri
yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə
şəhər tamamilə dağıdıldı,
yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə
yetirildi. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə
görə, 613 nəfər öldürülmüşdü
ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70
nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv
edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan
da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir
götürülmüş, 150 nəfər itkin
düşmüşdür.
Xocalıya
hücum zamanı 366-cı motoatıcı alayın 3-cü
batalyonunda onlarca erməni zabiti və giziri iştirak
etmişdir. Xocalı soyqırımında izləri itirmək
üçün 1992-ci il martın 2-də sovetlərdən
qalma 366-cı motoatıcı alay Gürcüstanın Vaziani
şəhərinə köçürüldü, martın
10-da isə həmin alay ləğv edilərək, şəxsi
heyəti və hərbi texnikası başqa hərbi hissələrə
paylandı.
1992-ci
il mayın 8-də İranın təşəbbüsü ilə
Tehranda Azərbaycan və Ermənistan rəhbərləri
arasında üçtərəfli görüş
keçirildi. Elə həmin gün Şuşa işğal
edildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan
sərhədi boyu və Qarabağın dağlıq hissəsində
atəşin dayandırılmasından erməni tərəfi,
əslində, başqa məqsəd güdürmüş. Məhz
bu görüş Ermənistana beynəlxalq ictimaiyyətdən
öz niyyətlərini gizlətmək üçün
lazım idi. Şübhəsiz ki, Ermənistan rəhbərliyi
hazırlanmış hücum əməliyyatından əvvəlcədən
xəbərdar olmuşdur. Çünki Şuşanın
işğalı Ermənistan rəhbərliyinin Tehranda
danışıqlar apardığı vaxtla üst-üstə
düşür və bağlanan sülh müqaviləsi
mürəkkəbin quruduğu ana qədər qüvvədə
qalmışdır. Bununla yanaşı, ermənilər, həmişə
olduğu kimi, hücum ərəfəsində bütün
dünyaya Şuşadan Xankəndiyə güclü
hücumlar edilməsi barədə dezinformasiya
yaymışdılar.
Beləliklə,
ən müasir texnika hesabına 289 kvadratkilometr ərazisi, 24
000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən
ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edildi. Şuşa uğrunda
döyüşlərdə 195 nəfər şəhid oldu,
165 nəfər isə yaralandı, 58 nəfər itkin
düşdü. Bu hadisə mütəmadi şəkildə
BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə
pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana
ilhaq etməyə çalışan Ermənistan hökumətinin
beynəlxalq hüquq normaları ilə bir araya sığmayan
təcavüzkar siyasət yeritdiyini bir daha təsdiq etdi.
Şuşanın işğalı sonralar digər Azərbaycan
ərazilərinin itirilməsində əsas rol oynadı. Azərbaycanın
qədim musiqi və mədəniyyət mərkəzi
Şuşa şəhərinin işğalından sonra, erməni
hərbi qüvvələri Şuşa-Laçın yolunu
bağlayaraq birbaşa Ermənistan Respublikası ərazisindən
Laçın şəhərini güclü top atəşinə
tutdular. Erməni hərbi qüvvələrinin məqsədi
işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək,
Qarabağın dağlıq hissəsini Ermənistan
Respublikasına birləşdirmək üçün
onların arasında dəhliz açmaq idi.
Şuşa
işğal edildikdən az sonra, ermənilər qısa
müddət ərzində, yəni mayın 18-də iki
respublikanın arasında yerləşən qədim Azərbaycan
şəhəri Laçını da zəbt etdilər. Nəticədə,
1385 kvadratkilometr ərazisi, 71 000 nəfər əhalisi və
120 kəndi olan Laçın rayonu Ermənistan silahlı
qüvvələri tərəfindən işğal olundu.
Heç şübhəsiz ki, Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsinin
erməni icması, hətta istəsəydi belə, kənardan
çox böyük kömək olmadan Azərbaycan ərazilərini
işğal edə bilməzdi. Beləliklə, “öz müqəddəratını
təyin etmək” ideyasını reallaşdırmaq adı
altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsınin
Ermənistanla birləşdirən dəhliz silah gücünə
ələ keçirildi. Laçının işğalı
müharibənin Dağlıq Qarabağ hüdudlarından
çıxdığını və Ermənistanın hərbi
işğalçılıq niyyətinin böyük
olduğunu göstərdi. Ermənilərin “humanitar dəhliz”
adlandırdığı bu yol ilə Dağlıq Qarabağa
külli miqdarda silah, döyüş sursatı və hərbi
qüvvə gətirildi.
Nəticədə,
mono-etnik dövlət yaratmağa nail olan Ermənistan
silahlı qüvvələri ona himayədarlıq edən
dövlətlərin köməyindən istifadə edərək
Dağlıq Qarabağ bölgəsinin (4,4 min kvadratkilometr)
hüdudlarından kənarda yerləşən və onun ərazisindən
4 dəfə böyük olan Laçın, Kəlbəcər,
Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan
bölgələrini işğal etdi. Bütün bu ərazilər
ermənilər tərəfindən etnik təmizləməyə
məruz qalmışdır. Belə ki, Ermənistanın ərazi
iddiası obyekti olan Dağlıq Qarabağın 120 min nəfərlik
erməni icmasının öz müqəddəratını
təyin etmək cəhdi kimi qələmə verdiyi bu proses
Azərbaycanın işğal olunmuş ərazilərindən
1 milyondan çox azərbaycanlı əhalinin öz
torpağında qaçqın vəziyyətinə düşməsinə
gətirib çıxardı.
Hazırda
Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan
silahlı qüvvələrinin işğalı
altındadır. İşğal nəticəsində 900-ə
yaxın yaşayış məntəqəsi, 22 muzey və 4
rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir
tarixi əhəmiyyətli 40 min muzey sərvəti və
eksponatı, 44 məbəd və 9 məscid
dağıdılmış, talan edilmiş və
yandırılmışdır. Bundan əlavə, 927
kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv
edilmişdir.
Eyni
zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti
yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki
separatçı rejim tərəfindən ümumilikdə,
müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin
və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında,
sərnişin daşıyan dəniz bərəsində,
yaşayış məntəqələrində, mülki və
dövlət obyektlərində) 373 terror aktı törədilmişdir
ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər
yaralanmışdır.
Ardı var...
Əli HƏSƏNOV,
Azərbaycan Respublikası
Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi,
tarix elmləri doktoru,
professor
Olaylar.- 2015.- 3 aprel.- S.9.