“Vətənpərvərlik hər

bir işdə əsas olmalıdır”

 

Gənclərin vətənpərvərlik ruhunun düzgün formalaşması vacib şərtdir

 

Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.

Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".

Ulu öndər Heydər Əliyevin azərbaycançılıq, dövlətçilik ideologiyası gənclərimiz üçün örnəyə çevrilib. Məhz buna görədir ki, vətənini sevən hər bir azərbaycanlı gəncin fəaliyyətinin ana xəttini bu ideyalar təşkil edir. Gənc “Azərişıq” ASC-nin YAP GB sədri Nicat Müslümov hesab edir ki, gənclərimiz Azərbaycan tarixi, dövlətçilik ənənələri və mədəni irsə kifayət qədər bağlıdırlar. Gənclərimizin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda davamlı inkişafı, cəmiyyətin ictimai-siyasi həyatında intellektual və yaradıcı potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrdə öz aktuallığı ilə diqqət çəkən və dövlətimizin xüsusi qayğısını tələb edən prioritet məsələlərdəndir. Onun sözlərinə görə, hazırda Azərbaycan gənclərində vətənpərvərlik ruhu yüksək səviyyədədir: “Vətənpərvərlik sözdə yox, əməldə olmalıdır. İnsanlar təkcə nəsil baxımından deyil, həm də vətənpərvərlik baxımından doğma olurlar. Azərbaycanın yeraltı sərvətləri bəllidir. Ölkəmizin yerüstü sərvətləri isə vətənpərvər insanlardır. Azərbaycan xalqının ən böyük sərvəti onun uğrunda canından keçən qəhrəman döyüşçüləridir. Bu, ona görədir ki, Azərbaycan xalqı hər zaman öz gəncini mübariz, vətənpərvər ruhda tərbiyə edib. Elə buna görə də, Azərbaycan gənci cəmiyyətimizə öz töhfəsini daha çox bu ruhda ortaya qoyur. Bu gün Azərbaycan gənci birləşməyi bacarmaq əzmindədir”. Müsahib hesab edir ki, 31 mart Azərbaycanlıların Soyqırımı hadisəsi xalqımız üçün bir qəhrəmanlıq nümunəsidir: “1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoyub. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlanıb. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirilib. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrilib. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar. Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Azərbaycan xalqı bu böyük faciədən ibrət dərsi aldı, daha da sıx birləşdi, müstəqilliyə gedən yolu yaxınlaşdırdı. Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Məhz Azərbaycan xalqının tarixi gənclər üçün vətənpərvərlik nümunəsi rolunu oynamalıdır”. Onun qənaətincə, Azərbaycan gənci vətənpərvərlik baxımından cəmiyyətimizə öz töhfəsini verməkdədir: “Vətənpərvərlik ruhu həm də genetik daşıyıcısı olduğumuz soy-kökümüzdən bəhrələnir. Azərbaycançılıq məfkurəsi, vətən-torpaq sevgisi gənclərin ideyalarının, arzularının qayəsini təşkil edir. Bu düşüncə və duyğunun sözlə ifadəsi bəzən çətin ola bilər. Amma hər bir Azərbaycan gəncinin ruhunda vətənə, torpağa sevgi sonsuzdur. Sözlə ifadəsi çətin olan hisslər çox vaxt daha qabarıq təzahür edir. Daha güclü rezonans effekti əks etdirir. Mübariz İbrahimov kimi! Bu gün Azərbaycan gənclərinin qəlbində eyni düşüncə mövcuddur – Azərbaycan sevgisi. Gənclərimizin beynində vətənpərvər ideyalar kök salıb. Müxtəlif sferalarda fəaliyyət göstərən, inkişafda olan gənclərimiz yüksək amallarla yaşayır. Onların prinsip və arzuları vətənpərvərlik ruhumuzdan bəhrələnir. Ordu, hərbi-müdafiə sahəsində və bütün sahələrdə vətənpərvər ruhla çalışan gənclərimiz fərəh doğurur. Elm, təhsil, mədəniyyət, incəsənət, ictimai-siyasi yöndə fəaliyyət göstərən gənclərimizlə fəxr edirik. Bu gün həmin işlər ölkəmizin hüdudlarından kənarda eyni ahənglə aparılır. Bu yöndə gənclərimizin rolu xüsusilə təqdirəlayiqdir. Milli-mənəvi dəyərlərin təbliğində gənclərimizin ciddi səyi yüksək qiymətləndirilir. Gənclərimiz dünyanın əhəmiyyətli ölkələrində müxtəlif təşkilat, birlik, qurumlar yaradır. Layiqincə təmsilçilik missiyası həyata keçirirlər. Belə fəaliyyət çox vaxt şəxsi təşəbbüs və öhdəlikdən qaynaqlanır. Bu ideyaların müəllifləri məhz gənclərimizdir. Diqqət çəkən, önəm verməli olduğumuz məqamlar çoxdur. Milli şüurun, vətənpərvərlik ruhunun artırılması yönündə atılan bütün addımlar mütləq qeyd olunmalıdır. Son 20 ildəki tarixi reallıqlar müasir gənclərin düşüncəsində xüsusi yer tutur. Bu gün gənclərimizin yüksək vətənpərvərlik ruhunu əks etdirən dəyərlər hamımızı sevindirir. Təlim-tərbiyə, təhsil, əxlaq, vətənpərvərlik ruhunun yüksəlişi son dərəcə vacibdir. Odur ki, hər birimiz bu istiqamətdə davamlı və ardıcıl işlər görməliyik”.

Gənclərdə milli-mənəvi dəyərlərə, vətənə sevgi olması üçün görülməli olan tədbirlərə gəldikdə, N.Müslümov qeyd edib ki, təmsil etdiyi qurumun təşkil etdiyi tədbirlərin mövzusundan asılı olmayaraq, vətənpərvərliklə bağlı müzakirələr olur: “Çünki vətənpərvərlik hər bir işdə əsas olmalıdır. Bu gün insanların vətənpərvərlik anlayışının düzgün formalaşması əsas məqsədlərdən biri olmalıdır. Qeyd etdiyim kimi sıralamanı düzgün aparmaq lazımdır. Öncə elm, təhsil sahəsində işimizi möhkəmləndirməliyik. Çünki biz vətən sevgisini əsasən siniflərdə, dərs sıralarında öyrənirik. Amma məktəbə qədər bu mövzuda elə də çox məlumatlandırılmırıq. Bu dövrə qədər olan zaman kəsiyi qısa olsa da çox önəmlidir. Valideyn düşünməməlidir ki, övladı hər şeyi məktəbdə öyrənməlidir. Uşaq məktəbdə elmə, biliyə yiyələnə bilər, amma vətənpərvərlik hissi ona anadan olduğu gündən aşılanmalıdır. Biz bu istiqamətdə ciddi maarifləndirmə işləri aparmalıyıq. Əgər uşaq dünyaya göz açanda bir qulağına azan, digərinə iqamə deyilirsə, təkrar-təkrar “Vətən” sözü də deyilməlidir. Sevindirici haldır ki, bu gün övladlarını milli, vətənpərvər ruhda tərbiyə edən ailələrimiz çoxdur. Artıq Azərbaycan elə dövrünü yaşayır ki, hər şey müsbətə doğru irəliləyir, mənfi hallar azalır. Bizə aid olan neqativ hallardan danışan zaman unutmayaq ki, bizim dostlarımızla bərabər düşmənlərimiz də var. Buna görə də hər bir mövzuda faktlara əsaslanaraq danışmaq düzgün olar. Bir məsələ həll olunacaqsa, bir problem çözüləcəksə bunu öz sərhədlərimiz daxilində həll edək. Hər kəsə bəlli olsun ki, bu torpağın hər qarışı toxunulmazdır, müqəddəsdir”. Onun bildirdiyinə görə, vətənpərvərliyin artırılmasında azərbaycançılıq ideologiyası, milli adət-ənənələrimizin rolu danılmazdır: “Gənclərin müasir vətənpərvərlik ruhunun artırılması vacibdir. Təməl prinsipləri ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən azərbaycançılıq ideologiyası, eyni zamanda, xalqımızın milli-mənəvi dəyəri olmaqla yanaşı, gəncləri müasir dövrdə mənfi stereotiplərdən qorumağın mühüm vasitəsidir. Azərbaycançılıq ideologiyası həm də milli vətənpərvərliyimizin istinad yeridir. Vətənpərvərliyin artırılmasında milli adət-ənənələrimizin xüsusi yerirolu var. Adət-ənənələrimiz qlobal submədəniyyətlərlə inteqrasiyamilli dəyərlərimizin qorunması fonunda yeniləşən meyillərin müqayisəsi baxımından gənclərə öyrədilməlidir. Azərbaycançılıq xalqımızın milli mənlik və ümumxalq mədəniyyətinin qorunması üçün zəruri ideyalar toplusudur. Azərbaycançılıq ideologiyası milli həmrəylik mənbəyidir. Müasir dövrdə gənclərin vətənpərvərlik ruhunun artırılmasının özünəməxsus xüsusiyyətləri və üstünlükləri var. İqtisadisiyasi sistemin dəyişdiyi, yeni ideologiyaların və dünyagörüşünün təşəkkül tapdığı, qloballaşmanın və ona qarşı mübarizənin genişləndiyi bir şəraitdə gənclərin şüur və düşüncə tərzində, hadisələri və prosesləri dəyərləndirmə meyarında, mədəniyyətə və ümumiyyətlə, həyata baxışında yeni meyillərin formalaşması müşahidə olunur. Azərbaycançılıq ideologiyası həm də milli vətənpərvərliyi artıran ümumi dəyərlər sistemidir. Bu ideologiyanın bazisində Azərbaycan mədəniyyətinin özülü dayanır”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 3 aprel.- S.15.