Azərbaycanlılara qarşı etnik təmizləmə
və soyqırımı siyasətinin mərhələləri
Ermənilərin
Azərbaycan torpaqlarına köçürülməsi
əvvəli ötən
sayımızda
Bütün
dövrlərdə olduğu kimi, ermənilərin həyata
keçirdiyi bu işğalçılıq siyasəti
kütləvi qırğınlarla müşayiət
olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın
hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən
çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən
çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif
dərəcəli xəsarət alaraq əlil olmuşdur.
Münaqişə dövründə 4853 nəfər itkin
düşmüş, onlardan 1357 nəfəri əsirlikdən
azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda
əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin
məlumatına görə, 439 nəfər əsirlikdə
öldürülmüşdür.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Ümummilli liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi baxımından deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.
Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin bir çoxunda Ermənistan işğalçı dövlət kimi göstərilmişdir.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur.
Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə — 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.
Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Münaqişənin nizama salınması prosesində Azərbaycan Prezidenti İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Lakin dövlət başçısı Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün bütün vasitələrdən istifadə olunacağını qətiyyətlə vurğulamışdır.
Əli HƏSƏNOV,
Azərbaycan
Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi,
tarix elmləri doktoru, professor
Olaylar.- 2015.- 4-6 aprel.- S.9.