Azərbaycan gənci hər

zaman vətənpərvər olub

 

Aysel Vəlizadə: “Ali Baş Komandanımız prezident İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, hərbi təlimləri izləməsinin gənclərin vətənpərvərlik hisslərinin artırılmasında əvəzedilməz rolu var”

 

“Güclü, qüdrətli və üstün döyüş qabiliyyətli milli ordumuzun varlığı gənclərdə böyük şövq yaradır”

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlik hisslərinin artırılması bu gün Azərbaycanda əsas prioritetlərdən biri hesab edilir. Təsadüfi deyil ki, sözügedən istiqamət dövlət gənclər siyasəti, bu sahədə imzalanan fərman və sərəncamlarda da öz əksini tapır. Sevindirici hal ondan ibarətdir ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlik hisslərinin  artırılması istiqamətində ölkədə fəaliyyət göstərən əksəriyyət gənclər təşkilatları da aktiv rol oynayırlar. Belə gənclər təşkilatlarından biri də Gənclərin Mənəvi İnkişafı İctimai Birliyidir. Fəaliyyətə başladığı gündən gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlik ruhunun artırılması istiqamətində bir çox layihə və tədbirlər həyata keçirən Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi hazırda da bun istiqamətdə fəaliyyətini davam etdirir. Xüsusilə, İctimai Birliyin sədr müavini Aysel Vəlizadənin bu istiqamətdəki fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər.

Aysel Vəlizadə ilə söhbətimizdə gənclərimizin milli vətənpərvərlik ruhunun artırılması istiqamətində Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin gördüyü işlər, bu istiqamətdəki mövcud vəziyyət barədə danışıb.

-Aysel xanım, bu gün Azərbaycan gənci nə dərəcədə vətənpəvərdir və gənclərimizin vətənpərvərliyi qaneedici sayıla bilərmi?

-Azərbaycan gənci hər zaman vətənpərvər olmuşdur. Tarixin hər səhifəsində Azərbaycanın vətənpərvər gənclərinin imzası var. Həm keçən əsrin əvvəllərində ilk müstəqil demokratik dövlətimizi quranlar və üçrəngli bayrağımızı qaldıranlar arasında, həm də keçən əsrin sonlarında azadlıq uğrunda gedən mübarizədə vətənpərvər gənclərimiz ön sıralarda idi. Vətən torpaqlarının müdafiəsində də vətənpərvər gənclərimiz daim öz sözünü demişdir. Müstəqilliyə qovşandan sonra da həm Azərbaycanda, həm də xaricdə Azərbaycanın dünyada tanıdılması, onun səsinin dünyaya çatdırılması istiqamətlərində aparılan işlərdə vətənpərvər gənclər öz fəalliği ilə xüsusi seçilmişlər, hər zaman öndə olmuşlar. Bununla yanaşı hesab edirəm ki, gənclərimizdə vətənpərvərlik hisslərinin aşılanması, onlarda vətən sevgisinin və məsuliyyətlərinin daha da artırılması üçün qeyri-hökumət təşkilatları, xüsusilə də gənclər təşkilatlarının da öhdəsinə böyük məsuliyyət düşür. 2007-ci ildən fəaliyyət göstərən təmsil etdiyim Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi yarandığı dövrdən bir gənclər təşkilatı kimi üzərinə düşən məsuliyyəti dərk edərək bu məqamlara xüsusi yanaşmışdır.

-Təmsil olduğunuz Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik hisslərinin artırılması istiqamətində hansı addımlar atır, layihələr həyata keçirir?

-Uğurlu dövlət siyasətinin əsas göstəricilərindən biri də gənclər siyasətidir, hansı ki, bu siyasət Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Təkilatımız bir gənclər təşkilatı kimi burada da daim dövlətin yanında olmağı qarşısına məqsəd qoymuş, hər bir məqamda dövlətə dəstək verməklə bu işə öz tövhəsini verməyə çalışmışdır. Yarandığı gündən bəri yüksək mənəviyyata, əxlaqa, vətənpərvərliyə, və biliyə malik gənclərin yetişməsinə töhfə vermək üçün bir çox maarifləndirimə işləri aparılmışdır. Misal olaraq, “Sosial problemlərin həlli yolları” adı konfransımızı göstərə bilərik. Konfransda problemlərin effektli həlli üçün dövlətə bağlılığın əhəmiyyəti vurğulanmış, dövlətə və dövlətçiliyə, vətənpərvərliyə qarşı çıxan, onun nüfuzunun zəiflədilməsinə yönələn bir sıra zərərli ideologiyaların gizli tərəfləri göstərilmiş, təhlükəsizliyin, cəmiyyətin ümumi rifahının təmin edilməsi üçün dövlətin güclü olmasının zəruriliyi diqqətə çatdırılmışdır. Bir neçə il əvvəl təşkil etdiyimiz və dövlət, dövlətçilik konsepsiyası, dövlətçiliyin mühafizəsində mənəvi dəyərlərin müstəsna rolundan bəhs etdiyimiz “Heydər Əliyev irsi və dövlətçiliyin qorunmasında mənəvi dəyərlərin rolu” adlı konfransımızda Heydər Əliyevin dövlətçilik prinsipləri ətraflı olaraq diqqətə çatdırılmış, bu prinsiplərin Prezident İlham Əliyev tərəfindən də müvəffəqiyyətlə həyata keçirildiyi xüsusi qeyd olunmuşdur. Gəncliyin vətənpərvər yetişməsində böyük maneələrdən biri olan müxtəlif dini təriqətlərin ekstremist və ayrı-seçkilik çağırışları ilə mübarizəyə, gənclərimizin bunlardan qorunmasına tövhə vermək üçün bu ilin yanvar ayında təşkil etdiyimiz 300 nəfərin, o cümlədən bir çox dövlət nümayəndələrinin, siyasi xadim, professor, təşkilat rəhbərlərinin də iştirak etdiyi “Radikalizm və xurafat təhlükəsi” və “İslamofobiyanın əsas səbəbləri və həlli yolları” adlı iki hissədən ibarət konfransı nümunə göstərə bilərik. Bu tədbirlərimizlə həm də gənclərimizi, ümumiyyətlə gələcək nəsli vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək ruhunda maarifləndirməklə milli mənlik şüurunun inkişafında kiçik də olsa rol oynadığımıza ümid edirik və əlbəttə ki, bu işlər yenə də davam etdiriləcək.

-Ümumiyyətlə, qeyri-hökumət təşkilatları və gənclər təşkilatlarının bu sahədəki rolu nə dərəcədədir? QHT-lər və gənclər təşkilatları bu istiqamətdə kifayət qədər fəaldırlarmı?

-Dövlətçiliyimizin keşiyində durmaq, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq kimi məsuliyyətli vəzifələrlə hər bir vətəndaş məsuldur. Bu vəzifələrin böyük bir hissəsinin gəncliyin üzərinə düşdüyünü nəzərə alaraq dövlətin yürütdüyü gənclər siyasətinin tərkib hissəsi kimi gənclər təşkilatlarının qarşısında dövlətə, dövlətçiliyə dəstək olan vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində gənclərin maarifləndirilməsi kimi mühüm vəzifə durmuşdur. Bu baxımdan qeyri-hökumət təşkilatlarının, xüsusilə gənclər təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Məhz bu məsuliyyəti dərk edərək 2007-ci ildə Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi adında gənclər təşkilatı qurduq. Gənclərin fəaliyyətinə dair təşkil olumuş müxtəlif tədbirlərdə, iştirak zamanı etdiyim görüşlər, söhbətlərdən, gənclər təşkilatlarının təmsilçilərinin çıxışlarından yaranan təəsüratlarıma və müşahidələrimə əsasən deyə bilrəm ki, mövcud potensiallarına əsasən işlərinin öhdəsidən gəlirlər.

-Sizcə, gənclərimizi daha da vətənpərvər böyütmək üçün konkret hansı addımlar atmaq lazımdır?

-İlk növbədə qeyd edərdim ki, gənclərimizi daha da vətənpərvər böyütmək üçün Azərbaycan cəmiyyətində həmrəyliyi, birliyi təmin etmək lazımdır. Həmçinin ölkəyə layiqli vətəndaş, sağlam nəslin, xüsusilə gəncliyin yetişdirilməsi üçün dövlətin düzgün gənclər siyasəti olmalı, gənclərə göstərilən diqqət və qayğı daim dövlətin diqqət mərkəzində olmalıdır. Bir daha qeyd edirəm ki, uğurlu gənclər siyasəti uğurlu dövlət siyasətinin əsas göstəricilərindən biridir. Bu siyasətin tərkib hissəsi kimi gənclərin ən müxtəlif sahələrdə öz potensiallarından yararlanmasına şərait yaradılmasına, maarifləndirilməsinə, həmçinin bilik və bacarıqlarının müasir dünya tələbləri ilə uzlaşmasına, yüksək mənəvi dəyərlərə, o cümlədən yüksək vətənpərvərlik hisslərinə malik bir gəncliyin formalamasına xüsusi diqqət yetirməkdir. Cənab Prezident İlham Əliyevin bu yaxınlarda 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının təsdiq olunması haqqında Sərəncamı gələcək persektivdə bunları hədəfləmişdir.

-Ali Baş Komandan, prezident İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, hərbi təlimləri izləməsi gənclərimizin vətənpərvərlik hisslərinin artmasına nə dərəcədə müsbət təsir göstərir?

-Ölkəmizin müharibə şəraitində və 20 faiz ərazisinin işğal altında qalması, bu işğal siyasətinin hələ də davam etməsi Azərbaycanın güclü və müasir ordusunun olmasını zəruri edir. Fəxrlə deyə bilərik ki, Azərbaycanın bu gün belə bir ordusu var. Güclü, qüdrətli və üstün döyüş qabiliyyətli milli ordumuzun varlığı gənclərdə böyük şövq yaradır. Ali Baş Komandanımız prezident İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, hərbi təlimləri izləməsi, vətən keşiyində duran zabit və əsgərlərlə görüşü gənclərimizdə bu şövqü daha da artırır, özünə əmin edir. Bütün bunların gənclərin vətənpərvər yetişməsində və vətənpərvərlik hisslərinin artırılmasında əvəzedilməz rolu var.

-Bağçalarda, orta məktəblərdə uşaqlar kifayət qədər vətənpərvər böyüdülürmü?

-Hesab edirəm ki, vətənpərvərlik hisslərinin aşılanması və vətən sevgisinin öyrədilməsi hələ bağçalardan, orta məktəblərdən başlanmalıdır. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu sahələr ilə məsul şəxslər vəzifələrinə vicdanla yanaşırlar. Lakin bu onlarda arxayınçılıq hissi yaratmamalı, özlərini də daim yetişdirməlidirlər, öz üzərlərində çalışmalıdırlar.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 7 aprel.- S.15.