Hərbi xidmət gənclərə

vətənpərvərlik hissləri aşılayır

 

Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və bu kimi digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib.

Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının mahiyyətində ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi məsələsi dayanır. Müstəqillik yolunda irəliləyən Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Bu gün ölkədə gənclərin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Artıq dövlətin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir. Bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir.

 

***

Artıq gənclərimiz şüurlu surətdə dərk edir ki, ordu dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının təminatçısı rolunda çıxış edir. Eyni zamanda, ordu beynəlxalq sülhü möhkəmləndirmək, fəlakətlər zamanı yardım etmək, müstəsna hallarda daxili təhlükəsizlik məsələlərini həyata keçirmək missiyasını öz üzərinə götürür. Deməli, ordu təkcə dövlətin ərazisini, müstəqilliyini, suverenliyini yox, həm də bütövlükdə cəmiyyəti qorumaqla dövlətin tərkibində olan ən vacib struktur olduğunu sübuta yetirir. Məhz bu ideologiyaya söykənən Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Nəzərə alsaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ərazisi bədxah qonşular tərəfindən təzavüzə məruz qalıb, o halda gənclərin vətənpərvər ruhunun yüksək olması vacib elementlərdən hesab olunur. Ancaq etiraf edilməlidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olublar. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənib. Bildiyimiz kimi, bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır, bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər elm, təhsil sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir. Şübhəsiz, ölkəmizin müharibə şəraitində olması, işğal faktının hələ də davam etməsi Azərbaycanın güclümüasir ordusunun olmasını zəruri edir. Sevindirici haldır ki, Azərbaycanın bu gün belə bir ordusu var. Azərbaycan ordusunun adı artıq dünyanın ən güclü orduları ilə yanaşı çəkilir. Məhz bu kimi amillər Azərbaycan gənclərində vətənpərvərlik hissinin yüksəlməsi və orduda xidmət istəyinin artmasına səbəb olur.

     Birinci Qarabağ müharibəsi veteranı Mehman Kazımov hesab edir ki, hərbi xidmətin gənclərin həyatında oynadığı rol müstəsna dərəcədə əhəmiyyətlidir: “Hərbi xidmət təkcə vətənpərvərlik hisslərinin formalaşması ilə məhdudlaşmır. Ümumilikdə hərbi xidmət hər bir vətəndaşın borcudur. Hətta mümkündür ki, qadınlar belə Vətən uğrunda hərbi xidmətə cəlb olunsun və döyüşlərdə rəşadət göstərsin. Qeyd edim ki, Qarabağ döyüşlərində belə qadınlarımızın sayı kifayət qədər olub. İnanıram ki, bundan sonra da lazım olsa, qız- qadınlarımız ordu sıralarına fəxarətlə yazılarlar”. Onun sözlərinə görə, bu günlərdə orta məktəblərdə hərbi dərslərin təlimində edilən yenilik heç şübhəsiz ki, gənclərin vətənpərvərlik hissinin yüksəlməsinə xidmət edir. Belə ki, gənclərin hələ orta məktəbdən silahla davranış vərdişi əldə etməsi olduqca əhəmiyyətli məsələdir. Odur ki, təhsil nazirinin bununla bağlı imzaladığı əmr yüksək qiymətləndirilməlidir. Çünki, bununla orta məktəblərdə orduya əsgər hazırlığı işi aparılır: “Orta məktəbdə oxudu oxumadı hər kəs vətənə borcunu verməlidir. Ola bilər ki, orta məktəbi bitirdikdən sonra kimlərsə ali hərbi məktəblərə getsin, orduda qalıb işləsin. Bu baxımdan da orta məktəblərdə hərbi dərslərin tədrisi vacib şərtdir. Məlumdur ki, hərbiyə çağırılmış gənc ilk dəfə avtomatı görəndə bilmir ki, ona hansı tərəfdən yaxınlaşsın, yaxud necə davransın. Amma buna hazırlıq orta məktəblərdə yüksək səviyyədə həyata keçirilsə, hərbi komandirlər də gələn gənc əsgərlərlə çox rahat şəkildə onlarla təmas quracaqlar. Bundan sonra əsgər bütün hərbi xidmət dövründə həm sıra hazırlığı, həm döyüş hazırlığı təlimlərini çox asan şəkildə həyata keçirə biləcək”.

   Məlumat üçün bildirək ki, artıq bu istiqamətdə işlərə start verilib. Belə ki, bu səlahiyyəti Təhsil Nazirliyi ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) yerinə yetirəcək. Hər iki qurum ibtidai hərbi hazırlıq fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkili üzrə hərbi rəhbərlərin qabaqcıl təcrübəsini öyrənəcək və tədris müəssisələri arasında yayacaq. Səhiyyə Nazirliyi isə hər iki qurumla birgə şagird və tələbələrin tibbi-sanitar təliminin, təcrübə dərslərinin poliklinikalarda, xəstəxanalarda keçirilməsini və bununla əlaqədar tövsiyələr, proqramlar hazırlanmasını təmin edəcək. SHXÇDX yeni təyin olunmuşya bir ildən az işləyən hərbi rəhbərlərin tədris ili ərzində bir aylıq istiqamətverici toplanışının hərbi hissələrin birində keçirilməsini təşkil edəcək, təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, metodistlərə, inspektorlara və mütəxəssislərə hərbi rütbələrin verilməsini təmin edəcək. Bundan başqa, ibtidai hərbi hazırlıq fənninin tədrisinin yekun mərhələsində şagirdlərlə 3 günlük çöl-təlim məşğələlərinin hərbi hissələrdə keçirilməsini təşkil ediləcək. Bu zaman məktəblilər atəş təlimini yerinə yetirmək üçün avtomat silahları və boş (gülləsiz) patronlarla təchiz olunacaqlar. Eyni zamanda, Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə birlikdə təhsil şöbələri hərbi rəhbərlər üçün hər ayın axırıncı həftəsinin beşinci günü məşğələlər, qış tətili günlərində isə 3 günlük metodiki seminar təşkil edəcəklər. Bunlarla bitmir, ibtidai hərbi hazırlıq fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işinin təşkili və keçirilməsi üçün təhsil müəssisələri tədris avtomatları, kiçik çaplı tüfənglər və patronları, tədris texnikası, fərdi mühafizə vasitələri, kimyəvi və radiasiya kəşfiyyatı cihazları ilə tabel üzrə təmin ediləcək. Həmçinin, təhsil müəssisələrində işləyən hərbi rəhbərlər, mütəxəssislər və metodistlərlə 5 ildən-bir, dəyərinin 50 faizi həmin şəxslər tərəfindən ödənilməklə hərbi geyim dəsti verilməsi təmin ediləcək.

    Yeri gəlmişkən qeyd edək ki, artıq qadınların da həqiqi hərbi xidmətə cəlb olunması ilə bağlı konkret addımlar atılmaqdadır. Qeyd edək ki, dünyada belə bir praktika var ki, bir sıra ölkələrdə qadınlar da hərbi xidmət keçir. Mübaliğəsiz qeyd etmək olar ki, Azərbaycanda da orduda xidmət etmək istəyində olan qadınlar kifayət qədərdir. Bu istək cinsindən asılı olmayaraq Azərbaycan gəncinin vətənpərvərlik hissinin yüksək olmasından irəli gəlir. Xatırladaq ki, bu yaxınlarda müdafiə naziri tərəfindən qadınların orduya çağırılması ilə əlaqədar müvafiq əmr imzalanıb. Artıq qadınların orduya hansı sahədə töhvə verə biləcəkləri barədə məsələsi ətrafında düşünülür. Hökumət isə bi məsələ ilə bağlı qərarını verib. Azərbaycan Nazirlər KabinetiBağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və qaydası”nı təsdiq edib. Bu Qayda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Azərbaycanda ilk dəfə olaraq Milli Orduda qadınlar həqiqi hərbi xidmət keçə biləcəklər. Ali təhsilli, 19-40 yaşında olan qadın vətəndaşlar Milli Orduda öz istəklərinə uyğun olaraq 3 və ya 5 illik müddətə müqavilə ilə döyüş bölgələrində və arxa cəbhədə yerləşən hərbi hissələrdə həqiqi hərbi xidmətdə ola biləcəklər. Döyüş bölgəsində olacaq qadınlar 2 qat əmək haqqı almaq imkanı qazanacaqlar.

  Pedaqoq Zamin Ələsgərov hesab edir ki, gənclərdə vətənpərvərlik hisslərinin işartıları hələ uşaqlıq illərində təbliğ olunmalıdır. Bu proses evdə, ailədə, uşaq baxçasında, ortaali məktəbdə davam etdirilməlidir. Məqsəd gəncləri hərbu xidmətin vacibliyiə yönəldilməlidir. Bunun üçün xüsusi təbliğat vasitələrində, tədris müəssisələrində hərbi vətənpərvərlik və hərbi xidmətə çağırış elementləri xüsusi diqqət mərkəzində olmalıdı: “Təəssüf ki, hazırda paytaxat Bakının bir sıra küçələrində yerləşdirilən reklam lövhələrində bu kimi şüarlar görmürük. Əsasən kommersiya xarakterli reklamlara önəm verilir ki, bu da gənclərin vətənpərvərlik ruhunun formalaşmasına mənfi təsir göstərir. Halbuki hərbi xidmətin gənclərin həyatında oynadığı rola daha çox diqqət yetirməyə ehtiyac var. Çünki hərbi xidmət keçən gənc əvvəla müstəqil həyata qədəm qoyurbir sıra sınaqlardan çox uğurla çıxır. O üzdən hərbi xidmət elədir ki, orda insanların zəif, güclü cəhətləri, digər keyfiyyətləri məlum olur. Hərbi xidmət gənclərə vətənpərvərlik hissləri aşılamaqla yanaşı, onlarda bir mətinlik, dözümlülük formalaşdırır”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 8 aprel.- S.15.