Milli-mənəvi şüurun
formalaşması
vətənpərvərliyin təməl
daşıdır
Vətənpərvərliyin
mahiyyəti Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən
yolunda qurban verməyə
əsaslanan emosional bağlılıqdan
ibarətdir. Bu bağlılıq həm də
mənsub olduğu millətin etik, mədəni, siyasi və
tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və milli qürur kimi hallanır. Burada Vətənin xarakteri,
mədəni incilərini qorumaq da vətənpərvərlik keyfiyyətinə
aiddir. Bu hissin tarixi kökündə
min illər boyu
yaşamış, möhkəmlənmiş, öz
ana torpağına, dininə və adət-ənənələrinə
bağlanmış dövlətçilik durur.
Millətin və dövlətçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümummilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Milli dövlətin qarşısında duran ən başlıca işlərdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaqdır. Məlum olduğu kimi qloballaşan dünyada sağlam milli-mənəvi dəyərləri qorumaq çox çətindir. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, o zaman gənclərin beyninin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır. Sözsüz ki, hər bir ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin səviyyəsi həmin dövlətdə aparılan təbliğatın miqyasından asılıdır. Odur ki, insanların mənəvi kamillik, özünüdərk dərəcəsinin yüksəldilməsi istiqamətində işlərin görülməsi milli ideologiyanın tərkib komponenti olmalıdır. Təbii ki, söhbət zorakı metodlardan getmir. Gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin gənclərlə bağlı siyasətinə cavab verən alternativ təbliğat sistemi qurulmalı və bu təbliğatın aparılmasına dövlətin bütün mümkün resursları cəm olunmalıdır.
Sirr deyil ki, Azərbaycan xalqının yaratdığı əxlaqi dəyərlər tarixən dəyişmiş, onun etnik varlığının, tarixi mövcudluğunun ilkin dövründə mənəvi həyatı inkişaf etdirən xalqın aparıcı nümayəndələri maddi və milli-mənəvi dəyərlər yaratmışlar. İnsanların vətəndaş cəmiyyətinə, hüquqi dövlətə və bir-birinə olan münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını din yerinə yetirir, ənənəvi cəmiyyətlərin dağılması demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir. Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun sosial həyatında, milli məişətində, mədəniyyətində, inam və əxlaqi məziyyətlərində etiketləşərək, ta qədim dövrlərdən indiyə kimi gəlib çıxmışdır. Azərbaycan cəmiyyətində xalqın özünə məxsus olan və milli-mənəvi keyfiyyətləri canlandıran dostluq və yoldaşlıq, mərdlik və ədalətlilik, böyüyə hörmət və kiçiyə qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik və səxavətlilik, namusluluq və qeyrətlilik, vətən və el, doğma torpaq və yurd təəssübkeşliyi, birlik və vəhdət haqqında etiketlər yaranmışdır.
Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Çünki dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsindən keçir. Düzdür, burada digər faktorlar da var, amma öndə gələni milli mənlik şüurudur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olmaları bütövlükdə dövlətin ümumilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır. Ümumilikdə sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, çatdıra, təməl prinsiplərini öyrədə biləsən. Ona görə də sözügedən məsələnin cəmiyyətə çatdırılmasında bütün vasitələrdən istifadə etmək lazımdır. Müşahidələr göstərir ki, sözügedən məfhumun qavranılması gənclərin milli dəyərlərə nə dərəcədə bağlı olması ilə ölçülür. Aydın məsələdir ki, bunun üçün də birinci növbədə ailədə, məktəbdə, ictimaiyyətdə müvafiq mühit olmalıdır. Çünki milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin hansı mərhələlərindən keçdiyini bilməlidir.
Avropa dövlətləri böyük inkişaf mərhələsi keçib və hazırda bu coğrafiyada olan ölkələr dünyanın ən inkişaf etmiş dövlətləri sırasındadır. Bu baxımdan da gənclərimizin Avropadan öyrənməli olduğu çox zəruri məsələlər var. Ancaq bəzən Avropa dəyərləri altında gənclərimiz elə təbliğatın təsirinə düşür ki, bu həm bizim milli, mental, həm də dini dəyərlərimizlə kəskin ziddiyyət təşkil edir. Bu baxımdan gənclərimizlə bağlı təbliğatın aparılmasında bir az mühafizəkar olmaq lazımdır. Milli şüuru deqradasiyaya uğradan, vətənpərvərlik hisslərini öldürən, adət-ənənəmizlə tamamilə ziddiyyət təşkil edən təbliğatın qarşısı kəskin şəkildə alınmalıdır. Maraqlıdır ki, Avropa dəyərləri adı altında gənclərimizə təbliğ olunması nəzərdə tutulan dəyərləri bütün vasitələrlə yaymağa çalışırlar. Burada mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də gənclərin Avropa və bəşəri dəyərlərlə milli dəyərləri düşüncəsində, həyat tərzində uzlaşdıra bilməsidir. Nəzərə alsaq ki, müasir dövrdə bu müəyyən mənada o qədər də asan məsələ deyil, o zaman bunun nə qədər aktuallıq kəsb etdiyi bir daha ortaya çıxar. Çünki müasir dövrdə bu sahədə bir sıra problemlər var. Məsələ ondadır ki, gənclərin artıq dərəcədə dünyəvi dəyərlərə önəm verməsi, onları millilikdən uzaqlaşdırır. Nəticədə onların öz milli kimliyini itirməsi təhlükəsi yaranır. Kosmopolit düşüncə tərzinin hakim olması xalqın sahib olduğu dəyərləri deqradasiyaya uğradır. O cümlədən, aşırı milli dəyərlərə bağlılıq da heç də arzuolunan deyil. Çünki bu, gəncləri dünyəvi dəyərlərdən uzaq saxlayır ki, bu da nəticə etibarilə dövləti, cəmiyyəti müasir inkişafdan kənar saxlayır. Çağdaş dünya reallıqları elədir ki, bəşəri, dünyəvi dəyərlərə yiyələnmədən inkişafa nail olmaq mümkün deyil. Təbii olaraq bu zaman sual ortaya çıxır ki, bu iki faktoru necə bir arada tutmağı bacarasan. Yəni gənclər bunu nacə uzlaşdıra bilsin? Ona görə də sözügedən məsələdə dövrün tələblərinə uyğun bir mexanizm, yanaşma tərzi ortaya qoyulmalıdır. Necə ki, Avropa cəmiyyəti bu sahədə uğurlu vəhdətin tapılmasına sahib ola bilib. Bunun nəticəsidir ki, Avropa gəncləri keçmişlə müasirliyin uğurlu vəhdətini yaradıb. Cəmiyyət bu vəhdətdən ziyan görmür. İş ondadır ki, bu gün Avropa ölkələrinin inkişaf etməsinə baxmayaraq, bütün bunlar onun mədəniyyətini, keçmişini, adət-ənənələrini silib atmır. Hər bir avropalı keçmişinə hörmətlə yanaşmaqla, həm də milliliyinə hörmət edir, onu yaşadır. O üzdən, biz də sözügedən uğurlu inkişaf modelindən düzgün nəticə çıxarmalı, lazım gələrsə ondan da faydalanmalıyıq. Tədqiqatçıların qənaətin görə, gənclərin mənəviyyatının formalaşması, milli-mənlik şüurunun unkişafında dinin də müstəsna rolu var. Çünki, mənəvi instinktlər, hələ açılmamış, aydınlaşmamış mənəvi anlayışlar hesab olunur. Zaman keçdikcə belə mənəvi anlayışlar insanda onun şəxsiyyəti, daxili aləmi, individual seçiminə uyğun olaraq tam formalaşır. Formalaşmış mənəviyyat insanın daxili mənəvi nizamlayıcısının Allah-Taalanın təyin etdiyi mənəviyyat qanunları ilə uyğunluğuna səbəb olur. Lakin əgər insanın daxili aləmi öz fitri mənəvi ehtiyaclarına rəğmən, gerçəkləşdiyi zaman ilahi mənəviyyat qanunları ilə ziddiyyət təşkil edərsə, onda belə bir insanın qəlbində mənəviyyatsızlıq hökm sürəcək. Təsadüfi deyil ki, İslam dini də bizə insanın dünya həyatının sınaq, fədakarlıq dövrü, gələcək əbədi həyata hazırlıq dönəmi olduğunu öyrədir. Məhz bu baxımdan gənclərin milli-mənlik şüurunun formalaşmasında dini dəyərlərdən istifadə faydalı olardı. Nəzərə almaq lazımdır ki, İslam aydın və qəti olaraq bəyan edir ki, xeyirxah bir insan olmaq üçün o, nöqsan və qüsurları ilə mübarizə apararaq, öz üzərində işləməli və özündə xeyirxah və İlahi keyfiyyətləri inkişaf etdirməlidir.
Etiraf edək ki, əxlaqi-mənəvi mədəniyyət və onun tərkibinə daxil olan ənənələri, mentaliteti sıxışdırmaq və milli şüuru kosmopolitləşdirməklə qloballaşma gənclərin özünüqoruma instiktlərini zəiflədə bilər. Ona görə də mütəxəssislər düzgün olaraq qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizi təhlükədən uzaqlaşdırmaq üçün milli-fəlsəfi fikrə istinad etməyi, milli ideologiya və milli-sosial özünüqoruma şüuru formalaşdırmağı tövsiyə edir. Çıxış yolunu milli-mənəvi dəyərləri əxz edərək real proseslərə formal əlavə etməkdə deyil, milli və ümumbəşəri dəyərlərin müasirliyin məzmunu müstəvisində vəhdətinə nail olmaqda görür. Məsələyə bu konteksdən yanaşsaq, gənclər dərk etməlidir ki, Azərbaycanın Avropaya inteqrasiya olunması, onun müasir Qərb sivilizasiyasının dəyərlərini qəbul etməsi heç də Azərbaycanın öz milli və dini varlığından imtina etməsi deyil. Bu halda belə bir suai yaranır, bəs, Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafının Avropa ölkələrindəki gənclərdən fərqi nədədir? Əslində bu məsələ bir qədər həssas yanaşma tələb edir. Ona görə ki, Avropa ilə Azərbaycanın gəncləri, onların həyat tərzi, düşüncəsi arasında olan fərq çox böyükdür. Avropa gənclərinin vətənpərvərlik tərbiyəsi ilə bizim gənclərin tərbiyəsi arasında müqayisə aparanda görürük ki, onlar qarşılarında duran bir sıra mühüm problemləri həll edib. Yəni onların vətəni işğal olunmadığından bizdə yaşanan problemlərlə üzləşmirlər. Bu baxımdan Avropa gənclərinin tərbiyə modelini Azərbaycana heç cür tətbiq etmək olmaz. Baxmayaraq ki, bu modeli bütüvlüklə bizə sıramaq istəyirlər. Reallıqda isə Avropa dəyərləri adlı dəyərlər sistemi yoxdur. Çünki, Avropa dəyərləri adı ilə elə şeylər bu gün təbliğ olunur ki, orada müsbət götürüləsi heç nə yoxdur. Ona görə də gənclərin tərbiyəsi ilə bağlı oradan örnək götürərək Avropa dəyərləri adı ilə məsələlərin Azərbaycana olduğu kimi tətbiqini düzgün olmazdı. Əslində vətənpərvərlik adı ilə aparılan bütün tərbiyə növlərinə vətənpərvərlik adını vermək düzgün olmazdı. Vətənpərvərlik deyəndə ilkin olaraq Vətəni sevmək, ona olan ülvi hisslər başa düşülməlidir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 14 aprel.- S.15.