“Ali Baş Komandanımız
gəncliyimiz üçün parlaq örnəkdir”
Əkbər
Qoşali: ““Prezidentimizin vətənpərvəliyi, Azərbaycanı
layiq olduğu yüksək yerlərə çıxarmaq
üçün ürəkdən gələn səyləri,
xalqsevərliyi öyrənilməli, öyrədilməlidir”
“Milli mənlik şüuru olmayan bir
gəncliyin olmasından olmaması yaxşıdır”
Gənc nəslin
milli mənlik şüurunun inkişaf etdirilməsi, gənclərin vətənpərvərlik
ruhunun artırılması bütün dövrlərdə
vacib istiqamətlərdən biri hesab edilib. Xüsusilə,
müstəqillik illərindən sonra, bir qədər də konkretləşdirsək
ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra bu istiqamətlərə diqqət
artıb. Hər halda bu məqsədlə qəbul edilən
dövlət proqramları, imzalanan fərman və sərəncamlar
belə deməyə əsas verir.
Gənclərin
milli mənlik şüurunun inkişaf etdirilməsi və
onların vətənpərvərlik hisslərinin
artırılmasında qeyri-hökumət təşkilatları
və gənclər təşkilatlarının da üzərinə
müəyyən vəzifələr düşür. Bu
gün ölkədə fəaliyyət göstərən əksəriyyət
gənclər təşkilatları əsas etibarilə fəaliyyətlərində
qeyd edilən istiqamətlərə diqqət yetirirlər. Belə
təşkilatlardan biri də Dünya Gənc Türk Yazarlar
Birliyidir. Birliyin məsləhət şurasının
başqanı, Azərbaycanda Atatürk Mərkəzi
İctimai-siyasi şöbəsinin müdiri, Milli Qeyri-Hökumət Təşkilatları
Forumu İdarə Heyətinin üzvü Əkbər
Qoşalı ilə söhbətimizdə gənclərin milli
mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin artırılmasında həyata keçirilən
tədbirlər, görülən işlər barədə
danışdıq.
-Əkbər
müəllim, Azərbaycan gənci bu gün nə dərəcədə
vətənpərvərdir və gənclərin vətənpərvərlik
hissi qaneedici səviyyədədirmi?
- Gəncliyimizin mənəvi-psixoloji obrazı, sosial-mədəni durumu da, ümumən hər yan-yönü ilə durumu da öz mahiyyəti ilə, mövzular üzrə üstün mövqeyi ilə vacibliyini saxlayan bir mövzudur. Məsələ ondadır ki, gənclik mövzusu, demək olar, həmişə, hər ölkədə vacib, əsas mövzu olub. Lakin ərazi bütövlüyü pozulmuş, zəngin təbii ehtiyatlara, o cümlədən karbohidrogen ehtiyatlarına malik olan, yaxın-uzaq ölkələrdən çox fərqli dini, ideoloji-siyasi qrupların maraq göstərdiyi, əhalisinin çox önəmli faizi gənclərdən ibarət Azərbaycan Respublikası üçün bu durum özəl mahiyyət daşıyır, deyə bilərik. Əlbəttə, heç təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev hələ ali hakimiyyətə döndüyü il, respublikanın ictimai fəal gəncləri, ayrı-ayrı gənclər təşkilatlarının rəhbərləri ilə 1993-cü ilin sentyabr ayında Milli Məclisdə yaddaqalan görüş keçirdi; 1994-cü ilin 26 iyulunda gənclər-idman siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanını yaratdı; 2 il sonra, 1996-cı ilin yanvar ayında Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirilməsi barədə Sərəncam imzaladı, ölkəyə başçılıq etdiyi müddətdə gənclərlə bağlı çoxsaylı tədbirlərdə şəxsən iştirak etdi, proqram xarakterli çıxışlarında gənclərin problemlərini hakimiyyət orqanları qarşısında “1 saylı vəzifə” olaraq müəyyənləşdirdi. Prezident İlham Əliyevin dövlətə başçılıq etdiyi dövrdə daha da inkişaf etdirilən dövlət gənclər siyasəti daha yeni Sərəncam, Fərman və Qanunlarla zənginləşdirildi, Dövlət Proqramları qəbul edildi, Gənclər Fondu təsis olundu, Gənclər-İdman Nazirliyinin büdcəsi önəmli ölçüdə artırıldı və s. Bütün bunlar dövlətin gənclər mövzusuna verdiyi önəmin bariz göstəriciləri olub, dediyiniz mənəvi-psixoloji, sosial-mədəni obrazın, durumun, konkret olaraq, Azərbaycan gəncinin bugünkü vətənpərvərliyinin səviyyəsinin dövlət qatında necə bir diqqət görməsinin ifadəsidir.
-Sizcə, gənclərin milli mənlik şüurunun inkişaf etdirilmısi, onların vətənpərvər ruhda böyüməsi istiqamətində hansı addımlar atmaq lazımdır?
- Bax, bayaqdan dediklərimiz, əslində məhz gəncliyimizin milli mənlik şüurunun formalaşmasına, dərinləşməsinə, zənginləşməsinə, yeni üfüqlər qazanmasına hesablanmış düzgün dövlət siyasətinə həsr olunmuşdu, deyə bilərik. Milli mənlik şüuru olmayan bir gəncliyin olmasından olmaması yaxşıdır. Özünü tanımayan, milli özünəməxsusluğunu bilməyən, mənsub olduğu xalqın, ölkənin bəşər mədəniyyətinə verdiyi töhfələrdən xəbərsiz, xalqımızın dünənini, bugününü və sabaha baxışını idrak etməyən gənclik nəyə yarardı? Dövlət başçımızın tarixi Azərbaycan torpaqları ilə bağlı dəfələrlə ifadə etdiyi tarixi fikirlər gəncliyimiz üçün bir yolgöstəricisi, rəhbərdir. “Azərbaycan -2020: Gələcəyə baxış” proqramı, dövlətin gənclərlə bağlı proqramı, bütün bunlardan öncə, Konstitusiyamız, milli-mənəvi dəyərlərimiz, gəncliyimizin “Nə etməli? Necə etməli? Niyə etməli? Nə zaman etməli?” anlamlı suallarına cavab tapmasını təmin edir. Deyirsiz, hansı addımları atmaq lazımdır? İlk növbədə, hər gəncin özünə verməli olduğu sualdır bu. Hər kəsin bacardığı bir iş vardır. Hər kəs öz bacardığı işlə vicdanla məşğul olsa, bu özlüyündə şüurlu və peşəkar vətəndaşlıq demək olur. Əlbəttə, gənclərlə işə məsul olan nazirliyimizdəki məmurlar da öz üzərlərinə düşən məsuliyyətə daha yaxından vaqif olduqca, Prezidentimizin qarşıya qoyduğu vəzifələrdən irəli gələn məsələlərə yüksək diqqət göstərdikcə, əhalinin həssas təbəqəsi ilə işlədiklərinin fərqinə dərindən vardıqca ölkənin gənclik mənzərəsi, necə deyərlər, daha rəngarəng, cilvəli, daha anlamlı olur.
- Sizcə, QHT-lər
və özəlliklə, gənclər təşkilatlarının
bu sahədəki fəaliyyəti hansı səviyyədədir?
-Təşkilatlanmış gənclərimiz yaxud gənclərimizin qurduğu təşkilatlar əgər gəncliyin problemləri ilə məşğul olmasaydı, onda həmin qurumlar çoxdan sıradan çıxmış olardı, ictimai fikirdə öz yer(lər)ini tuta bilməzdi.
Bir az yaxşı, bir az pis, bəlli bir yol qət
edən konstruktiv mövqeli təşkilatlarımız öz
boylarına uyğun töhfələr verməkdədirlər.
Dövlətin dəstəyindən, üzvlərin etibarından
sui istifadə etməyə qalxışanlar olunca da, bu da
cavabsız qalmır. Əlbəttə, görülmüş
işdən, əldə edilmiş sonucdan daha
yaxşısı həmişə mövcuddur. Əgər
daha yaxşını əldə etmək istək və cəhdi
olmayıbsa, bu haqlı suallar doğurardı. Lakin
bacardığını əsirgəməyən,
gücünün yetdiyi yerə qədər gedən hüquqi
və fiziki şəxslər sayğıya layiqdir. Fürsətdən
yararlanaraq, demək istərdim ki, bu il bütün vətəndaşlarımız,
özəlliklə QHT-lərimiz, o cümlədən gənclər
təşkilatlarımız, ictimai-fəal qüvvələrimiz
üçün məsuliyyət əmsalı yuxarı olan
illərdəndir. I
Avropa Oyunları, parlament seçkiləri və s. məhz 2015-ci ilin payına
düşür. İstəyim, inamım bu ilin
uğurlarında QHT-lərimizin də, bütün ictimai fəal
qüvvələrimizin öz töhfəsi ilə iştirak
etməsi ilə bağlıdır. Bu bir növbəti sınaqdır,
necə deyərlər, könüllülük
meydanıdır. Ümidvaram hər şey yaxşı olacaq.
-Ali Baş Komandanın müntəzəm
olaraq hərbi hissələrə baş çəkməsi, hərbi
təlimləri izləməsi, əsgər və zabitlərə
göstərdiyi diqqət gənclərin vətənpərvərlik
hisslərinin artırılmasına nə dərəcədə
müsbət təsir göstərir?
- Ali
Baş Komandanımız gəncliyimiz üçün parlaq
örnəkdir. Prezidentimizin vətənpərvəliyi, Azərbaycanı
layiq olduğu yüksək yerlərə çıxarmaq
üçün ürəkdən gələn səyləri,
xalqsevərliyi öyrənilməli, öyrədilməlidir.
Özəlliklə, son illər, düşmənə öz
gücünü göstərən ordumuza güvən hissi
günbəgün artmaqdadır. Müdafiə nazirimiz əsgərlər
qarşısında hər çıxışında Ali
Baş Komandanın tapşırıqlarını
xatırladır, orduya göstərilən diqqət və
qayğının bundan sonra da artan xətt üzrə davam edəcəyini,
düşmənin sarsıdıcı zərbələrlə
öz haqq etdiyi cavabı alacağını qeyd edir. “Ölmək
istəməyən erməni hərbçisi Ağdamda,
Qarabağda nə gəzir?” sualı və həyata
keçirilən ardıcıl, layiqli tədbirlər artıq
bir ağır daş kimi düşmən ordusunun
başına düşməkdə, onlarda bədgümanlığı,
ruh düşkünlüyünü artırmaqdadır.
Ümumən gəncliyimizin hansısa yabançılardan
ilhamlanmasına ehtiyac yoxdur. İnanıram ki, gənclik
özündə olanlardan xəbərdar olduqca daha da
böyüyür, üfüqügenişlik qazanır, sabaha
ruhlanaraq gedir.
-Sizcə KİV-lər, televiziya və
readiolar bu mövzuya yetərincə diqqət
ayırırmı?
-Açığı,
televiziya və radiolarımızın bu mövzuya yetərincə
diqqət ayırdığını deməyə çətinlik
çəkirəm. Birincisi, digər mövzulara ayrılan
vaxtla müqayisə etsək, ikincisi, elan olunmamış
müharibəyə məruz qaldığımızı nəzərə
alsaq, üçüncüsü, gənc nəslin hərbi-vətənpərvərlik
tərbiyəsinin vacibliyini, KİV-in bu sahədə yerini,
rolunu göz önündə tutsaq, məncə arzuolunan səviyyəni
görməyəcəyik. Bütün kütləvi informasiya
vasitələrimizə aid olmasa da, bəzi KİV-lərə
diqqət etdikdə, adama elə gəlir ki, ölkənin dərdi
hansı müğənninin nə geyinib, nə
soyunmasından və məişət kriminallarından, hadisəsiz
hadisələrdən ibarətdir.
Qarabağsız, nə müğənni, nə geyim, nə
keçim, nə məişət, nə perspektiv? Elə deyilmi?
Əlbəttə,
elədir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 15 aprel.- S.15.