Cənclərə vətənpərvərlik

ruhunun aşılanması

 

Bu işdə cəmiyyətin hər bir üzvü məsuliyyət daşımalıdır

 

Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib və onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Maraqlıdır, gənc nəslin vətənpərvər ruhda böyüməsi, gənclərdə vətənpərvərlk hissinin formalaşması istiqamətində həyata keçirilən tədbirlər nə dərəcədə effektli görünür? Gənclərimizin vətənpərvər olması üçün daha hansı addımların atılmasına ehtiyac duyulur?

Hərbi hazırlıq üzrə mütəxəssis İldırım Mürsəlovun sözlərinə görə, Azərbaycan mənfur düşmənlərin təhriki ilə arzuolunmayan müharibə şəraitində yaşayır. Müharibə şəraitində olan ölkədə hər bir gənc əyninə hərbi forma geyinməyi, əlinə silah götürüb düşmən qarşısına çıxmağı özünə şərəf bilməlidir. Bunun üçün isə gəncləri kiçik yaşlarından Vətəni sevməyə öyrətmək lazımdır. Bu məqsədlə cəmiyyətdə vətənpərvərlik ideyalarının təbliğinə geniş meydan verilməlidir. Onun sözlərinə görə, bu işdə kütləvi informasiya vasitələri, eləcə də elektron media əsas rol oynamalıdır: “Çox təəssüf ki, ölkəmizdə televiziya kanallarının, medianın, internet saytlarının bolluğuna baxmayaraq, hələ də bu sahədə vəziyyət tələb olunan səviyyədə deyil. Gənclərə vətənpərvərlik hissləri yetərincə təbliğ olunmur, onlara yüksək mənəvi dəyərlərimiz lazımınca aşılanmır". Müsahibimiz fikirlərini əsaslandırmaq üçün konkret misal çəkib: “Ötən ilin avqust ayında müdafiənin ön xəttində düşmənin törətdiyi təxribatla bağlı bəzi mətbu orqanlar, saytlar məsələyə düzgün münasibət göstərmədi və cəmiyyətdə ajiotaj yaratmağa xidmət edən məlumatlarla çıxış etdilər. Belə hallar müharibə şəraitində yaşayan ölkə üçün qətiyyən yolverilməzdir. Hərbi mövzuda məlumat yayan hər bir jurnalist, yaxud KİV hər şeydən öncə məxfiliyə ciddi fikir verməli, dövlətin və xalqın milli maraqlarını hər şeydən üstün tutmalıdır. Ən azı, müharibə dövrünün qayda-qanunlarına riayət etməli, yaymağa hazırlaşdığı məlumatı dövlət qurumları ilə razılaşdıraraq, onların tövsiyələrini nəzərə alaraq dərc etməlidir. Həmin mətbu orqanlar yoxlanılmamış, qeyri-dəqiq məlumatları yayarkən, Vətən, xalq qarşısında daşıdıqları məsuliyyəti düşünməlidirlər". O, həmçinin qeyd edib ki, mətbuat öz gücündən istifadə edərək hərbi vətənpərvərlik hisslərinin təbliğinə geniş yer ayırmalıdır: “Ərazilərimizin 20 faizinin işğalda qaldığı və bir milyona yaxın vətəndaşımızın yurd-yuvalarından, ata-baba ocaqlarından didərgin salındığı bir zamanda hər bir jurnalist, qələm əhli öz millətinin taleyinə və ağrı-acılarına biganə qalmamalıdır”. Onun sözlərinə görə, yaxşı olardı ki, mətbuat nümayəndələri və ziyalılarımız tez-tez hərbi hissələrə getsinlər, ön xətdə xidmət edən əsgərlərimizi ziyarət edib cəsarət və şücaətlərini görsünlər, onların igidliklərindən yazsınlar. Düşmənlə təmas bölgəsində Vətənə övlad borcunu sədaqətlə yerinə yetirən gənclərimizin qəhrəmanlıq nümunələrini təbliğ etsinlər. Qarabağ döyüşündə vuruşmuş insanların döyüş nümunələrini tərənnüm etsinlər. Milli qəhrəmanlarımızı gənclərə tanıtsınlar. Məhz bu yolla gənclərin vətənpərvərlik ruhunun yüksək səviyyədə formalaşmasına nail olmaq mümkündür.

Ehtiyatda olan hərbçi Mirasif Qədirovun sözlərinə görə, hazırda Azərbaycan ordusu dünya miqyasında sayılıb seçilən ordulardan hesab olunur. Ordumuzun inkişaf edib bu səviyyəyə yüksəlməsində heç şübhəsiz ki, gənclərin rolu kifayət qədərdir. Lakin etiraf edilməlidir ki, hələ də ölkədə gənc nəslin vətənpərvərlik ruhunda, tərbiyəsində müəyyən çatışmazlıqlar var. Bu çatışmazlıqları aradan qaldırmaq üşün mətbuatın üzərinə də müəyyən vəzifələr düşür: “Çox təəssüf ki, hazırkı mərhələdə mətbuatın və telekanalların fəaliyyəti ölkənin müharibə şəraitində olması ilə bir araya sığmır. Səhərdən axşama qədər ucuz şou proqramlarına önəm verən televiziyamedia qurumları sanki ölkənin müharibə şəraitində yaşadığını unudublar. İş o yerə çatıb ki, bəzən işğal günlərində belə şou verilişləri davam etdirilir. Belə vəziyyət isə ordu və cəmiyyət arasındakı əlaqələrinin möhkəmlənməsinə deyil, şəxsi maraqlara xidmət edir. Belə bir şəraitdə bütün günü şouların tamaşaçısı olan gəncdən vətənpərvərlik gözləmək sadəlövhlük olardı”. M. Qədirov təklif edib ki, telekanallarda hərbi verilişlərin sayı artırılsın: “Hazırda həftədə hərbi verilişlər bur gün bir saat ərzində yayımlanır ki, onun da yarısı reklamların payına düşür. Düşünürəm ki, yarım saatlıq vətənpərvərlik verilişi hazırlamaqla gənclərimizə Vətən sevgisini aşılamaq qeyri-mümkündür”.

  Mütəxəssislərin fikrincə, ölkədə fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatları da gənclərin vətənpərvər ruhda böyüməsi üçün xeyli işlər görə bilər. Lakin onların məsələyə hazırki nünasibəti təəssüf doğurur. Məsələn, mümkündür ki, hansısa bir təşkilat vətənpərvərliklə bağlı maraqlı layihəsini ortalığa çıxarsın, ordu ilə cəmiyyət arasında bir körpü rolunu oynasın. Yaxud, ön cəbhədəki əsgərləri, eləcə də qəhrəman döyüşçülərimizin təbliğatını aparsın. Nəzərə almaq lazımdır ki, əsgərə münasibət, onun obrazının cəmiyyətə bir simvol kimi təlqin olunması düşmənə qalib gəlmək üçün tutarlı siyasətdir. Eyni zamanda, düşmənin kimliyi, tarix boyu xalqımıza qarşı törətdiyi vəhşiliklər də təbliğ olunmalıdır. Bununla əsgərlərimizin mənəvi-psixoloji hazırlığına nail olmaq, düşmənə layiqincə cavab verməyə qadir olan mübariz döyüşçü nəslini formalaşdırmaq mümkündür. Eləcə də gənc nəslin ordu həyatına psixoloji hazırlığı məsələsinə ciddi fikir verilməlidir. Məsələn, Türkiyədə hər bir gənci əsgərliyə yola salanda deyirlər ki, onu verdim Vətənə, qanını da halal etdim. Bu, mühüm psixoloji məqamdır və düşmənin də qorxduğu məhz elə budur.

  Eksperlərin fikrincə, müharibə şəraitində yaşayan Azərbaycanda hərbi vətənpərvərlik ideyalarının təbliği üçün kifayət qədər aparılmalıdır. Özübu işlərdə cəmiyyətin bütün üzvləri təmsil olunmalıdır. İstər məmur olsun, istərsə də sadə vətəndaş, hər kəs öz fəaliyyəti ilə az da olsa, gənc nəslə vətənpərvərlik ideyalarının aşılanması üçün köməyini əsirgəməməli və bu sahədə əsl vətəndaş mövqeyindən çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə lap erkən çağlardan başlanmalıdır və bu vacib məsələdə həm ailə, həm ümumtəhsil kollektivləri, həm də dövlət və ictimai təşkilatlar üzərilərinə düşən məsuliyyəti dərindən hiss etməlidir. Dərk edilməlidir ki, sabah Vətənin müdafiəçisi olacaq gənc nəslin erkən çağlarında vətənpərvərlik tərbiyəsinin düzgün aparılması vacib məsələdir. Bu sahədə ailənin, məktəbin üzərinə nə qədər ciddi məsuliyyət düşürsə, bütövlükdə cəmiyyətimiz, bütün ictimai qurumlar, təbliğat orqanları və mətbuat da əlbir fəaliyyət göstərməlidir. Bir sözlə, hər kəs böyüməkdə olan nəslə Vətənə sədaqət və dövlətçiliyə hörmət hisslərinin aşılanması üçün əlindən gələni etməlidir. Nəticədə hər bir gənc ordu sıralarına hazırlıqlı getməli, ən azından, yetərli vətənpərvərlik tərbiyəsinə malik olmalıdır. Bu məqsədlə həm orta məktəblərdə, həm də ali təhsil ocaqlarında məqsədyönlü aparılmalıdır. O da nəzərə alınmalıdır ki, vətənpərvərlik ruhu - həm də genetik daşıyıcısı olduğumuz soy-kökümüzdən bəhrələnir. Azərbaycançılıq məfkurəsi, vətən-torpaq sevgisi gənclərin ideya-arzularının qayəsini təşkil edir. Bu düşüncə və duyğunun sözlə ifadəsi bəzən çətin ola bilər. Amma hər bir Azərbaycan gəncinin ruhunda vətənə, torpağa sevgi sonsuzdur. Bu gün Azərbaycan gənclərinin qəlbində eyni düşüncə mövcuddur – Azəbaycan sevgisi! Gənclərimizin beynində vətənpərvər ideyalar dərin kök salmışdır. Müxtəlif sferalarda fəaliyyət göstərən, inkışafda olan gənclərimiz yüksək amallarla yaşayır. Onların prinsip və arzuları vətənpərvərlik ruhumzdan bəhrələnir. Ordu, hərbi-müdafiə və bütün sahələrdə vətənpərvər ruhu, əzmi ilə çalışan gənclərimiz fərəh doğurur. Elm, təhsil, mədəniyyət, incəsənət, ictimai-siyasi yöndə fəaliyyət göstərən gənclərimizlə fəxr edirik. Çünki onlar öz sahələrində irəliləməklə yanaşı, vətənpərvərlik ideyalarının təbliğində də mühüm rol oynayırlar. Milli mənəvi dəyərlərin təbliğində gənclərimizin ciddi səyi yüksək qiymətləndirilir. Onlar dünyanın əhəmiyyətli ölkələrində müxtəlif təşkilat, birlik, qurumlar yaradaraq təmsilçilik missiysını layiqincə həyata keçirirlər. Belə fəaliyyət çox vaxt şəxsi təşəbbüs və öhdəlikdən qaynaqlanır. Milli şüurun, vətənpərvərlik ruhunun artırılması yöndə atılan bütün addımlar gənclərin daxili aləminin təzahürü kimi dəyərləndirilməlidir. Təsadüfi deyil ki, gənclərimizin yüksək vətənpərvərlik ruhunu əks etdirən dəyərlər bu gün hamını sevindirir. Vətənpərvərlik ruhunun yüksəlişi son dərəcə vacıb olduğundan, cəmiyyətin hər bir üzvü bu istqamətdə üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 17 aprel.- S.15.