Gənc nəsildə torpağa, dövlətə
sədaqət hissi yüksək
olmalıdır
Gənclərdə
vətənpərvərlik hissi milli-mənəvi olanların
özünüdərkindən keçir
Bu gün Azərbaycanda gənclərin
vətənpərvər ruhda tərbiyə olunması
başlıca vəzifələrdən biridi. Torpaqlarımızın
bir qisminin işğal altında olduğu bir şəraitdə
bu yöndə təbliğatın gücləndirilməsi
vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin
qarşısında duran başlıca vəzifələrdən
biri də gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi və onlara vətənpərvərlik
hisslərinin aşılanmasından ibarətdi.
Gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda bu məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq reallığı ortaya çıxır. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədi. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdı. Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür. Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidi ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Milli mənlik şüuru, milli özünüdərkin mahiyyəti ondan ibarətdir ki, insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Xüsusən nəzərə almaq lazımdı ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir, ərazilərimizin 20 faizi işğal altındadı. Belə şəraitdə gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmlidir və vacib əhəmiyyət kəsb edir. Milli mənlik şüurunun inkişafı üçün bir sıra parametrlərin nəzərə alınması əhəmiyyət daşıyır. Hazırkı dövrdə etiraf etmək lazımdır ki, kifayət qədər ayıq-sayıq olan gənclər var. Avropa və digər xarici ölkələrdə yaxşı təhsil alan, yüksək intellektə malik gənclər mövcuddur ki, onlar milli mənlik şüurunu arzuolunan səviyyədə dərk edir. Bütövlükdə milli dəyərlərimizə söykənən və bu dəyərləri düşüncəsində, davranışında, iş fəaliyyətində yaşadan gənclərimizin sayı kifayət qədərdir.
Milli mənlik şüuru Azərbaycanın varlığının, milli özünüidarə və özünütəsdiqinin, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərin məcmusudur. Milli mənlik şüurunun komponentlərinə: millətin adı, varlığı, dili, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyəti daxildir. Hər bir azərbaycanlı gəncdə milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti bir daha təsdiq edir ki, mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır. Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır. Milli mənlik şüurunun formalaşması Vətənə, doğma yurda məhəbbət yaradır. Gənclər dərk edirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşməninə - ermənilərə qarşı mübarizə aparır. Başlıca məsələ gənclərdə bu mübarizədə qələbəyə inam yaratmaqdır. Milli həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gəncləri vəcdə gətirir, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edir. Azərbaycan gənclərində milli psixologiyanın, mənəviyyatın, milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi ona görə zəruridir ki, onlar milli-etnik məhdudluğa qarşı mübarizə apara bilir, bəsit hisslərdən uzaq olurlar. Bunun üçün isə gənclərin mükəmməl təhsilə sahib çıxmaları vacib şərtdir. Etiraf edilməlidir ki, savadlı, intellektual biliyə malik gənclər milli kökə daha çox bağlı olurlar. Hazırki dünyaya inteqrasiya prosesində isə gənclərin öz soykökünə bağlılıq olduqca əhəmiyyətli məsələdir. Ancaq o da etiraf edilməlidir ki, gənclərin milli şüurunun forrmalaşmasında təkcə təhsillə kifayətlənmək sadəlövlük olardı. Odur ki, gənclərin milli şüurunun inkişafında digər amillərə də diqqət yetirilməlidir.
Ekspertlər hesab edirlər ki, təhsillə paralel olaraq gənclərin hərbi hazırlığı da vacib məsələlərdəndir. Hərbi xidmət həm də gənclər üçün bir həyat məktəbidir. Belə ki, xidmətdə olan gənc fiziki, mənəvi-psixoloji cəhətdən formalaşır, həyatın çətinlikləri ilə ayaqlaşmağı öyrənir. Görünən odu ki, gənclərin hərbi xidmətə marağı hər keçən gün artır. Təsadüfi deyil ki, son illər Azərbaycan ordusunda fərarilik halları əhəmiyyətli şəkildə azalıb, demək olar ki, yox səviyyəsinə enib. Halbuki 10-15 il əvvəl bu kimi problemlər daha qabarıq formada özünü göstərirdi. Bütün bu müsbət dinamikalar aparılan islahatlar və nizam-intizamın gücləndirilməsi ilə bağlıdır. Hərbidə xidmətdən yayınma hallarının azalmasının əsasında dayanan başlıca mənəvi amillərdən biri gənclərdə vətənpərvərlik hissinin yüksək səviyyədə olmasıdır. Vətənpərvərlik hisslərinin gənclərdə arzuolunan səviyyədə olması onlara bütün çətinliklərin öhdəsindən məharətlə gəlməkdə yardım edir. Eyni zamanda, onlarda vətənpərvərlik hisslərinin daha yüksək səviyyədə formalaşmasına kömək edir. Məsələ ondadır ki, müasir Azərbaycan gəncliyi gedən proseslərə daha realist və praqmatik prizmadan yanaşır. Gənclik anlayır ki, hansısa dövlətin vətəndaşı gəlib onların yerində Qarabağ problemini həll edən deyil. Bütün bu kimi amillər nəticə etibarilə orduda fərarilik hallarının heçə enməsinə gətirib çıxarır. Onu da nəzərə almalıyıq ki, dövlətimiz 20 il əvvəlki respublika deyil. Ötən dövr ərzində dövlət aparatı, dövlətçilik, dövlət şüuru formalaşır. Orduda nizam-intizam gücləndirilir, neqativ hallara qarşı mübarizə aparılır. Görünən odur ki, hər keçən gün gənclər üçün hərbi xidmətin önəmi artır. Bütövlükdə hərbi xidmətin gənclərdə vətənpərvərlik hissinin, milli mənlik şüurunun formalaşmasında özünəməxsus rolu və əhəmiyyəti var.
Mütəxəssislərin qənaətnə görə, milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş Azərbaycan gənclərində əqidə bütövlüyü, sözlə işin tam vəhdəti özünü parlaq şəkildə təzahür etdirir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə cəmiyyət özü zəmin yaratmalıdır. Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır. Bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətin mənəvi durumunda nöqsan varsa, bu istər-istəməz, gənclərin əxlaqına, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır. Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynin arzusudur. Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Gənclərin mədəni səviyyəsinin yüksəldilməsi, onların təhsilə, idmana, musiqiyə cəlb edilməsi üçün sistemli işlər görülür. Müstəqillikdən sonra milli mənlik şüurunun və yüksək vətənpərvərlik tərbiyəsinin daşıyıcıları olan çoxlu sayda gənc yetişib.Gənclik çağı kimi ifadə edilən 15-30 yaş arası ömrün ən əhəmiyyətli çağı, dinamizmin və ümidin bahar mövsümüdür. İnsanın dəyərlərinin, xarakterinin, şəxsiyyətinin və cəmiyyətlə münasibətlərinin formalaşdığı dövrdür. Bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, ideallarına bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, torpağını, millətini, vətənini sevən gəncliyə sahib bir ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. Gələcəyinə qiymət verən millətlər gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. Gənclərin xarakterini bir zərgər dəqiqliyi ilə formalaşdırmağa çalışmaq lazımdır. Gənclərin yetişməsində bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması çox əhəmiyyətlidir. Gənc sevgi və dinamizm dolu, qayğısız, təmiz qəlbli, səbrli, özüylə və yaşadığı cəmiyyətlə barışmış olmalıdır. Bu gün gənclərin qarşısında bir çox maneələr və problemlər durur. Bunların bir çoxu da müasir dünyanın və qloballaşmanın doğurduğu problemlərdir. Amma gənclik bu problemləri aşmağa qadirdir. Azərbaycan gəncinin vətənpərvər olması xüsusilə vacibdir. O mənada ki, torpaqlarımız işğal altındadır, məcburi köçkünlərimiz var, qız-gəlinlərimiz əsirlikdədir. Torpaqlarımızın işğaldan azad edilməsi, əsirlərimizin öz doğmaları ilə qovuşması üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən artmalıdır. Bugünkü gənclik Azərbaycanın potensial hərbi gücüdür. Nəzərə almaq lazımdır ki, dünyada bir çox dəyişikliklər gəncliyin hesabına mümkün olub. Çünki gənclik böyük qüvvədir və o özündə böyük bir potensialı cəmləyir. Onu da xatırladaq ki, gənclərin vətənpərvərlik ruhunun yüksək olması da vacib amillərdəndir. Çünki milli ruhda böyüyüb formalaşan gənclik hər şeyə qadirdir. Təbii ki, torpağa, yurda sevginin əsası ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb ilk növbədə şagirdlərin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidir. Bunun üçün məktəblilər ölkənin tarixilə yanaşı, onun hər bir bölgəsini yaxşı öyrənməlidirlər. Çünki Vətəni yaxşı tanımadan onu sevmək mümkün deyil. Ölkə, Vətən sevgisi uşaqlara möhkəm aşılanmalıdır. Gənclərdə vətənpərvərlik hissinin aşılanması, formalaşdırılması məhz məktəblərin üzərinə düşən vəzifələrdəndir. Vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır. Torpaqlarımızın işğal günlərində bunu uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə nifrət hissi kimi aşılamaq lazımdır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2015.- 22 aprel.- S.15.