Bizi təbrik edirlər

 

Aprelin 24-ü “Olaylar” qəzeti və eyni adlı informasiya agentliyinin 20 yaşı tamam olur. Bir igidin ömrü olan 20 ili “Olaylar” elə igid kimi yaşadı. Şər-böhtanla üz-üzə qaldı, məhkəmələrə çəkildi, ancaq doğru bildiyi yoldan çəkilmədi. Düzlüyü, çevikliyi və obyektivliyi başlıca prinsip kimi qəbul edən “Olaylar” ailəsi daim bu meyarlara sadiq qaldı. “Olaylar” qəzeti dünya ölkələrində yaşayan, haqqı tapdanan hər bir azərbaycanlının tribunasına çevrildi. Əsas işimiz xəbər yaymaq olsa da, milliliyi, azərbaycançılığı da başlıca prinsip olaraq qəbul etdik. Budur, 20 yaşına çatdıq. 20 ildə daim birgə olduğumuz, yanında olduğumuz, yanımızda olan dostlar ürək sözlərini, təbriklərini göndəriblər. Onları təqdim edirik.

 

“Olaylar” oxucu rəğbəti qazana bilib

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivi:

 

“Olaylar” obyektiv, qərəzsiz və operativ informasiyalar yayması nəticəsində oxucu rəğbəti qazana bilib. Bu mətbuat orqanı fəaliyyəti dövründə ölkənin ictimai-siyasi həyatının bütün sahələrinə nüfuz etməyi bacarıb. Heç şübhəsiz ki, ölkə mətbuatında nüfuz qazanmaq, tanınmaq və ictimai rəyə təsir etmək hər çap olunan qəzetə nəsib olmur. Bu media orqanı isə keçdiyi zəngin inkişaf yolunda və qazandığı uğurlarda öz təcəssümünü tapır. Bu gün inamla demək olar ki, qəzet və informasiya agentliyi müasir jurnalistikanın bütün zəruri tələblərinə cavab verir, öz fəaliyyətində obyektivlik, dəqiqlik, operativlik prinsiplərinə əsaslanır. Geridə qalan 20 il ərzində “Olaylar” məzmun zənginliyi, mövzu rəngarəngliyi sarıdan ciddi irəliləyişə nail olub, dizayn və materialların yerləşdirilməsi baxımından düzgün istiqamət tutmağı bacarıb. Qəzetin internet saytı oxucu auditoriyasının daha da genişlənməsinə, cəmiyyətdə maarifçilik işinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Qazanılan uğurlardan arxayınlaşmayan “Olaylar” qəzetinin kollektivi öz fəaliyyətini daha da genişləndirməkdə və inkişaf etdirməkdədir. Heç bir şübhə yoxdur ki, “Olaylar” qəzeti öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməklə yanaşı, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi işində də öz səylərini əsirgəməyəcək. Bu əlamətdar gün münasibətilə kollektivimiz adından “Olaylar” əməkdaşlarını, bütün jurnalistləri, oxucularını təbrik edir, onlara yeni-yeni uğurlar, cansağlığı arzulayırıq”.

 

“Olaylar” öz ənənəsinə sadiqdir

 

Nizami Cəfərov- Azərbaycan Atatürk Mərkəzinin müdiri, millət vəkili:

 

“20 il 1 əsrin dörddə biridir, böyük bir zamandır. Bu illər ərzində “Olaylar” Azərbaycan həqiqətlərinin insanlara çatdırılmasında böyük əmək sərf edib. Milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq ideologiyasının qorunması, onun təbliği işində özünü müsbət tərəfdən göstərib. Dünyada və ölkədə baş verən hadisələrin işıqlandırılmasında operativ fəaliyyətilə yadda qalıb. “Olaylar” İnformasiya Agentliyi Azərbaycanın media məkanının ilk müstəqil qurumlarındandır. Mövcud istiqamətdəki fəaliyyəti intensivləşdirmək üçün qurumda peşəkar kadr potensialı cəmləşib. Dünyada və regionda baş verən proseslər barədə yalnış məlumatların sürətlə yayılması dövründə, bizim obyektiv sözə ehtiyacımız var. Sevindirici haldır ki, məhz keçən 20 il ərzində “Olaylar” bu işi yüksək səviyyədə həyata keçirə bilib. İnsanları dürüst, qərəzsiz informasiyalarla təmin etdi. Hazırda da öz ənənəsinə sadiqdir. Yarandığı gündən öz dəsti-xətti üzrə özünü inkişaf etdirməyi bacaran “Olaylar”ın bundan sonra da, öz ənənələrinə sadiq qalacağına inanıram. Təbrik edirəm”.

 

20 yaşlı «Olaylar»ı təbrik edirik!

 

Vüqar Rəhimzadə-  «İki sahil» qəzetinin Baş redaktoru,

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar Jurnalist:

 

«Olaylar» qəzetinin və «Olaylar» İnformasiya Agentliyinin yaradıcı kollektivləri əlamətdar hadisənin sevincini yaşayırlar. Azərbaycanda yaranmış ilk müstəqil informasiya agentliklərindən biri kimi müstəqil mətbuatın ənənələrinin formalaşmasında xidmətləri olan «Olaylar» ailəsinin hər bir üzvü, əsrin beşdə birini arxada qoyan qələm yoldaşlarımız peşəkarlıq nümunəsi göstərirlər. Ədaləti, adına xas olan çevikliyi və obyektivliyi fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirən «Olaylar» ailəsi məqsəd və məramına sadiqlik nümayiş etdirir.

Yarandığı gündən kollektivin birgə səyi ilə oxucuların diqqətini cəlb edən «Olaylar» qəzeti müəyyənləşdirdiyi dəst-xəttini qoruyur, sağlam düşüncəli insanların ideoloji tribunası kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Qəzet məzmunlu, müxtəlif təbəqələrə məxsus insanları maraqlandıran yazıları, adına uyğun olaraq dünyada baş verən olayları oxucusuna çatdırmaq üçün səy və bacarığını əsirgəmir. Mətbuatın özünəməxsus problemləri ilə üzləşən «Olayçılar» kollektivin gücünə, ədalət prinsiplərinə arxalanaraq daim oxucularının maraq dairəsinə uyğun yazıları ilə fərqlənmişdir. Belə əlamətdar günlərdə həmkar sözünün dəyəri isə daha böyük və gözləniləndir.

20 yaşlı qəzetin bütün kollektivi səylərini sağlam ideyaların qorunması istiqamətində səfərbər edərək müstəqilliyimizin qorunması naminə fədakarlığını əsirgəmir. Jurnalist əməyinin qeyri-adi hünər, cəsurluq tələb etdiyini peşəsinə vurğunluqları ilə doğruldan həmkarlarımız sözün həqiqi mənasında haqqın, ədalətin, insan hüquqlarının qorunması, demokratiyanın inkişafı istiqamətində Azərbaycan dövlətinin apardığı siyasətin carçısı kimi özünü doğrultmuş, qələmlərini bu istiqamətdə sınamışlar. Qəzetdə həqiqi mənada peşəsinin məsuliyyətini, jurnalist adının müqəddəsliyini qoruyan əzmkar yaradıcı heyət formalaşıb. İnamla demək olar ki, ötən 20 il «Olaylar» ailəsinin tarixinə inkişaf dövrü kimi yazılıb. Dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı ölkəmizdə baş verən olaylardan xəbərdar edən kollektiv ikiqat məsuliyyət daşıyır. Mətbu orqanı və informasiya agentliyi olaraq həmişə respublikamızın həyatında fəal mövqedə dayanıb.

Belə əlamətdar gündə həmkarlarımızı bir daha təbrik edir, onlara işlərində mətinlik, dönməz iradə, iti qələm arzulayırıq. Jurnalistin sərvəti qələmindən çıxan sözünün daha çox insan tərəfindən dəyərləndirilməsi, oxucularının sayının artmasıdır. Həmkarlarımız artıq buna nail olmuşlar, desək yanılmarıq. Həmkarımız Yunus Oğuz başda olmaqla «Olaylar» ailəsini ürəkdən təbrik edir, bütün kollektivə yaradıcılığında daha böyük uğurlar arzulayır, qələminiz iti, sözünüz kəsərli olsun deyirik. Arzu edirik ki, daha böyük rəqəmlərlə ifadə olunan yubileylərinizdə iştirak edək, xoş arzu və diləklərimizi paylaşaq, sevincinizə şərik olaq.

 

TREND İA-nın rəhbərliyi və kollektivi:

 

Azərbaycan mətbuatının bugünkü inkişaf səviyyəsində "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin xidmətləri danılmazdır. Xüsusilə ümummilli məsələlərdə, Azərbaycanda dövlətçiyilin inkişafında qəzetiniz və agentliyinizin əməkdaşları yorulmadan çalışıblar.

Hörmətli həmkarlarımız, Trend İA-nın soxsaylı kollektivi adından Sizi Azərbaycanın media məkanına qatılmağınızın 20 illiyi münasibətilə təbrik edirik. Sizə xoş OLAYLAR, həmişə media məkanında parlamağı arzu edir, işğal altında olan torpaqlarımızın azad olması müjdəsini xalqımıza çatdırmaq kimi jurnalist xoşbəxtliyi, kollektivin hər bir üzvünə can sağlığı və uğurlar diləyirik.

 

Azərbaycanın informasiya məkanı üçün əlamətdar hadisə

Aydın Quliyev- “Bakı xəbər” qəzetinin baş redaktoru:

 

Olaylar” qəzetinin bütün kollektivini, o cümlədən onun yaradıcısı və ilhamvericisi olan Yunus Oğuzu 20 illik yubileyi münasibətilə təbrik edirəm. Fikrimcə, Yunus Oğuz həyatda özünü bir insan və ziyalı kimi ən azı bir neçə formada təsdiqləyib. O, özünü bir tarixçi alim, Azərbaycanın müstəqilliyi uğrunda ilkin mübarizəyə qoşulan, dövlətçilik şüuruna malik bir insan kimi təsdiqləyib. Onun özünü yaxşı jurnalist, istedadlı qəzetçi və informasiya işçisi kimi də təsdiqləməsini xüsusilə qeyd etmək istərdim. Bütün sadaladıqlarım Yunus Oğuzu tanıdan, fərqləndirən əsas həyat pasportlarıdır. Əlbəttə, bunlar içərisində ən dəyərlisi və ən qiymətlisi “Olaylar” qəzeti və “Olaylar” agentliyidir. Hansı ki, indi mətbuat işçisi, qəzetçi olmaq o qədər də çətin məsələ deyil. Amma “Olaylar” yarandığı dövrdə Azərbaycanda qəzetçilik və jurnalistika üçün ən azı maddi- texniki bazanın çox kasad olduğunu nəzərə alsaq çətin bir dövr idi. Lakin Yunus Oğuz “Olaylar”ı çox çətin bir şəraitdə yaratsa da 20 ildən artıq ömür sürən və daim inkişafda olan bir hala gətirib çıxara bildi. Bu gün “Olaylar” Azərbaycanın informasiya məkanında öz sözünü deyən, özünün siması olan, Azərbaycanla bağlı məsələlərdə hətta müəyyən beynəlxalq dairələrdə də fikirlərə təsir göstərə bilən bir informasiya orqanıdır. Bu 20 il təkcə “Olaylar”ın yox, eləcə də bütün Azərbaycanın informasiya məkanı üçün əlamətdar bir tarixdir. “Olaylar” qəzetinin rəhbərliyini və kollektivini bir daha təbrik edirəm.

 

Rafael Becanov- İnsan Hüquqları və

Demokratik Maarifçilik İctimai Birliyinin sədri:

 

İlk öncə “Olaylar” qəzetinin kollektivini, başda Yunus bəy olmaqla hər birinizi təbrik edirəm. “Olaylar” qəzeti haqqında, onun 20 ildə keçdiyi yol haqqında danışmaq özü də qururvericidir. Bu qəzetin müasir mətbuat tarximizdə öz yeri var. Azərbaycan müasir milli mətbuatının formalaşmasında, inkişafında xüsusi yer tutur. Müstəqillik illərimizin ilk illərindən, ölkəmizin burulğan içində olduğu 90-cı illərin ortalarında daim öz mövqeyi olub və müstəqilliyimizin qorunub saxlanması üçün bir mətbuat orqanı olaraq mübarizə aparıb. “Olaylar” qəzeti cəmiyyətimizin sovet təfəkküründən uzaqlaşmasında, milli-mənəvi dəyərlərimizin təbliğində, tariximizin, mədəniyyətimizin dərin köklərinin dünyaya çatdırılmasında, demokratik cəmiyyət quruculuğunda da öz yeri olan qəzetlərdəndir. Milli kimliyimiz, Bütöv Azərbaycanşılıq ideyasının təbliğində hər zaman öndə olub. Ona görə də “Olaylar” qəzeti hər birimizin tribunasına çevrilib. Bu qəzetin səhifələrində sözümüzü deyə bilmişik, mövqeyimizi ifadə edə bilmişik. Hörmətli dostumuz Yunus bəy cəmiyyətimizin bütün təbəqələri üçün açıq olan, daim demokratik ənənələrə söykənən bir qəzet yaradıb. Yunus bəyin milli ruhu, demokratik dəyərlərə olan sayğısı “Olaylar” qəzetində büsbütün görünür. Qəzetin kollektivi də hər zaman peşəkarlıq nümayiş etdirib, jurnalistikanın təməl prinsiplərinə əməl edilib. “Olaylar” qəzeti 20 illik fəaliyyət müddətində çox böyük işlər görüb. Qəzetin baş redaktoru Yunus Oğuz başda olmaqla, “Olaylar”ın hörmət bəslədiyim bütün kollektivini təbrik edirəm! İnanıram ki, “Olaylar” Azərbaycan mətbuatının daha da böyük uğurlar qazanmasına bundan sonra pay sahibi olacaq.

 

“Olaylar” zamanın tələblərinə cavab verir

 

Yusif Bağırzadə- Azərbaycan

Milli İstiqlal Partiyasının sədri:

 

“Olaylar” Informasiya Agentliyi və qəzetinin 20 illik yubileyi münasibətilə qəzetin bütün yaradıcılarını və kollektivini təbrik edirəm. Bu agentlik müasir Azərbaycan mətbuatının inkişafında müstəsna rolu olması ilə bərabər, həm də böyük jurnalistika məktəbidir. 20 il müddətində peşəkarlığı ilə seçilən jurnalistlərlə bu məktəbi yaradan “Olaylar” ildən ilə inkişaf edir. Zamanın bütün tələblərinə cavab verərək müasir jurnalistikanın yararlandığı bütün üstünlüklərdən uğurla istifadə edir. Belə ki, “Olaylar”ın elektron internet versiyası həm tərtibatına, həm məzmununa, həm də peşəkarlıq səviyyəsinə görə ölkədə fəaliyyət göstərən az saylı saytlardandır. Bu uğurların gələcəkdə də davam edib daha da artmasını arzulayıram. Bir daha hamınızı ürəkdən təbrik edirəm.

 

“Olaylar” qəzetinin kollektivinə!

Rauf Zeyni- Mili QHT Forumunun Prezidenti:

 

Müstəqil Azərbaycanın milli mətbuatının inkişafında, millidüşüncənin və mütərəqqi ictimai fikrin formalaşmasında, o cümlədən, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafında özünəməxsus yeri, rolu və xidməti olan “Olaylar” qəzetinin 20 illik yubileyi münasibətilə Azərbaycan Milli QHT Forumu (MQF) yaradıcı və peşəkar kollektivinizi ürəkdən təbrik edir, hər zaman səsinizin yüksəklərdən gəlməsini arzulayırıq.

 

Olaylar” öz sözünü qətiyyətlə deyib

 

Baba Tağıyev-“İrəli Azərbaycan” İctimai Birliyinin sədri:

 

Bu gün təkcə "Olaylar" qəzetinin kollektivi üçün deyil, bütövlükdə Azərbaycan mətbuatı üçün bayramdır. Etiraf edilməlidir ki, az qala müstəqillik tariximiz qədər yaşı olan “Olaylar” müstəqil Azərbaycan mətbuatının formalaşmasında öz sözünü qətiyyətlə deyib. “Olaylar” fəaliyyətə başladığı ilk illərdən oxucuların sevimlisinə çevrilə bilib. Təsadüfi deyil ki, Azərbaycanda özünə kifayət qədər oxucu kütləsi toplayan “Olaylar” bununla kifayətlənməyərək ölkə xaricində yaşayan soydaşlarımızın da rəğbətini qazana bilib. “Olaylar” bu imicini xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi, diaspora təşkilatlarının fəaliyyəti və diasporanın daha da inkişaf etdirilməsi istiqamətində dərc etdiyi silsilə məqalələrlə əldə edə bilib. Bu mətbuat orqanı daim dövlətin və dövlətçiliyin mənafeyindən çıxış edərək obyektiv və qərəzsiz informasiya yayması ilə seçilib. Fəaliyyət göstərdiyi 20 il ərzində “Olaylar” öz dəsti-xətti ilə seçilən, baş verən hadisələri obyektiv və dolğun işıqlandıran bir mətbuat orqanına çevrilib. Bu işdə “Olaylar” ın bütün kollektivinə uğurlar diləyir, yeni-yeni nailiyyətlərə imza atmalarını arzulayıram!

 

 “Olaylar” Azərbaycan jurnalistikasına peşəkar kadrlar verib

Akif Aşırlı- “Şərq” qəzetinin baş redaktoru:

 

“Olaylar” qəzeti və “Olaylar” İnformasiya agentliyi Azərbaycan mətbuat tarixində öz yeri, öz mövqeyi olan, həmişə peşəkarlığı ilə seçilən bir mətbuat orqanı olub. Bu gün də “Olaylar” ölkə mətbuatına və jurnalistikasına öz töhfələrini verməkdədir. Ötən 20 il ərzində təbii ki, “Olaylar”da keyfiyyət dəyişikliyi baş verib, inkişafa nail olunub, Azərbaycan jurnalistikasına peşəkar kadrlar verib. Bu baxımdan baş redaktor Yunus Oğuzun əməyi məxsusi qiymətləndirilməlidir. 20 il az bir ömür deyil. Bir mətbuat orqanının 20 il ömür sürməsi onun daha peşəkar və iddialı olmasının, bundan sonra da ləyaqətlə fəaliyyət göstərəcəyini sübut edən bir faktdır. Bu baxımdan başda Yunus Oğuz olmaqla “Olaylar”-ın bütün kollektivini yubiley münasibətilə təbrik edirəm. Arzu edirəm ki, “Olaylar” tutduğu bu mövqeni həmişə qoruyub saxlaya bilsin!

 

 "Əkinçi" uzun ömürlülüyü, "Molla Nəsrəddin" kəsəri

Əli Əliyev- Vətəndaş və İnkişaf Partiyasının sədri:

 

Hörmətli "Olay" müəllifləri! Sizləri özüm və partiyamız adından təbrik edirəm. Dövlətçilik tariximizin məsuliyyətli mərhələsində yaranmış qəzetiniz bu 20 il ərzində özünəməxsus və orijinal xətti ilə çap mətbuatında layiqli məqama sahibdir. Kollektivinizin dayanıqlı və sabit olması apardığınız yaradıcılıq mübarizəsində düşünülmüş strategiyaya və ölçülmüş taktikaya sahibləndiyinizin göstəricisidir. Əlbəttə ki, bütün uğurlarınızda ”Olaylar” qəzetinin təsisçisi və baş redaktoru hörmətli Yunuz Oğuzun xidmətləri danılmazdır. Onun təkcə qəzetdəki fəaliyyəti deyil, həm də daha mühüm ictimai-siyasi əhəmiyyət kəsb edən yazıçı-dramaturq ampluası xüsusi qeyd olunmalıdır. Müstəqillik dönəmində 200 illik yalanlardan hörülmüş cəmiyyət düşüncəsinin transformasiyasında əvəzolunmaz rol oynayan müəllifi olduğu tarixi romanlar, onların əsasında hazırlanan teatr tamaşaları zamanında yüksək qiymətini mütləq alacaq. İndiki dövrdə Millətə xidmətin ən böyük mücəssiməsi məhz belə təmənnasız fəaliyyət hesab edilməlidir. Qarşıda gələn dövrdə bütün kollektivinizə yaradıcılıq zənginliyi və keyfiyyəti, şəxsi həyatınızda Allahın rəhmini və lütfünü arzu edirəm. Bütövlükdə "Olaylar"a isə yaradıcılıqda "Əkinçi" uzun ömürlülüyü, "Molla Nəsrəddin" kəsəri arzulayıram.

 

Bizim “Olaylar”ı təbrik edirik

 

Səfər Sadiqi- Danimarka Vətən Cəmiyyətinin sədri:

 

Danimarka Vətən Cəmiyyəti adından ”Olaylar” İnformasiya Agentliyinin əməkdaşlarını salamlayırıq. “Olaylar “ Danimarkada yaşayan azərbaycanlıların ən çox müraciət etdiyi informasiya agentliyidir. “ Olaylar “ Informasiya Agentliyinin sevincli günündə, Danimarka Vətən Cəmiyyəti olaraq təbriklərə qoşuluruq.  Başda Yunus Oğuz olmaqla “Olaylar “ IA və “ Olaylar “ qəzetinin əməkdaşlarını yubiley münasibətilə təbrik edirik. 20 il ərzində“ Olaylar “ IA və “ Olaylar “ qəzeti Azərbaycanın tarixini, mədəniyyətini, işğal olunmuş torpaqlarımızın təbliği mövzusunda geniş məqalələrlə çıxış edib, gənclərimizdə vətənpərvərlik ruhunun yüksəlməsində önəmli rol oynayıb. Xaricdə fəaliyyət göstərən cəmiyyətlər və azərbaycanlılar barədə məlumatların Azərbaycan oxucularına çatdırılmasında zəhməti olan Süleyman İsmayılbəylinin simasında qəzet əməkdaşlarını bir daha“ Olaylar “ IA-nın 20 yaşının tamam olması münasibətilə təbrik edir, bütün kollektivinizə uzun ömür, can sağlığı və gələcək işlərinizdə yeni – yeni nailiyyətlər arzu edirik. İnanırıq ki, gələcəkdə də cəmiyyətimizlə əlaqələriniz davamlı olacaq. Azərbaycan diasporasının inkişafı və çiçəklənməsi naminə həmrəy işimizdə uğurlar arzu edirik.

 

Daim ürəkaçan xəbərlərinizi oxuyaq

 

Əmrah Fəqan oğlu- Dövlət Sosial Müdafiə Fondunun

İctimaiyyətlə əlaqələr sektorunun müdiri:

 

Azərbaycanın kütləvi informasiya vasitələri arasında özünəməxsus yeri və öz dəst xətti olan, daim operativ və obyektiv və ən əsası da oxunaqlı xəbərləri ilə oxucularının görüşünə gələn "Olaylar" artıq 20 yaşına gəlib çatıb. Bu illər ərzində çox çətinliklərə sinə gərərək, oxucu etimadını, oxucu sevgisini qoruyub saxlamağa müvəffəq olub. Dövlətçiliyimizin möhkəmlənməsi və daha da inkişaf etdirilməsi işinə öz layiqli töhfələrini verən "Olaylar" istedadlı kapitanı və peşəkar komandası ilə hələ çox möhtəşəm uğurlara imza atacaq. Burada çalışan bütün jurnalist həmkarlarımı və öz işinin öhdəsindən həmişə məharətlə gələn texniki heyət üzvlərini 20 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, şəxsi həyatlarında uzun ömür, cansağlığı, xoşbəxtlik, iş fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram! Daim xoş sorğunuzu və doğma yurdumuzla bağlı ürəkaçan xəbərlərinizi eşidək və oxuyaq!

 

Bəxtiyar Tuncay- AMEA Folklor

İnstitutunun böyük elmi işçisi:

 

Bu gün sevə-sevə oxuduğum və uzun müddət əməkdaşlıq etdiyim "Olaylar" qəzeti və “Olaylar” İnformasiya Agentliyinin 20 yaşı tamam olur. İndiyə qədər 100-dən artıq məqaləmin dərc edildiyi sevimli qəzetimizin bütün kollektivini bu münasibətlə ürəkdən təbrik edir, əməyi keçən hər kəsə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

““Olaylar”ın Azərbaycan media

məkanında özünəməxsus yeri var”

 

Oktay Hacımusalı-yazıçı:

 

“”Olaylar” Azərbaycan media məkanında özünəməxsus, media quruluşlarından biridir. Hər zaman sözə, sənətə, ədəbiyyata diqqət göstərib, onun nümayəndələrinə yer ayırıb. Milli mədəni zənginliklərimiz məhz sizin media orqanınız vasitəsilə təbliğ olunub. Fürsətdən istifadə edib bütün kollektivi ad günü münasibətilə təbrik edirəm. Neçə belə illərə”.

 

 

“Xəbər bolluğu içində “Olaylar” qəzetinin öz yeri var”

Kənan Hacı-yazıçı:

 

 “Biz olayların bol olduğu bir ölkədə yaşayırıq və belə bir zamanda xəbər bolluğu içində “Olaylar” qəzetinin öz yeri var. Yunus bəyə də çox böyük sayğım var. “Olaylar”ın ad gününü təbrik edirəm, daha böyük uğurlar arzulayıram! Xəbər məkanından heç zaman əskik olmayasınız!”.

 

“"Olaylar"ı Azərbaycan mətbuatının

ilk media holdinqi hesab etmək olar”

 

Mehman Muradlı-hüquq müdafiəçisi:

 

“”Olaylar” İnformasiya Agentliyi demək olar ki, ilk müstəqil informasiya agentliklərindəndi. Ən çətin əldə olunan məhsul – informasiya istehsalı ilə bu 20 ildə büdrəmədən, ləyaqətlə məşğul olmaq həqiqətən böyük əzmkarlıq tələb edən işdi. "Olaylar"ı Azərbaycan mətbuatının ilk media holdinqi hesab etmək olar. Çünki informasiya agentliyi kimi yarandığı gündən həm də eyni adlı qəzeti də nəşr edirdilər. "Olaylar"ın 20 illiyini təbrik edirəm, regionun ən böyük informasiya agentliyi olmasını arzulayıram”.

 

Bunlar “Olaylar”ı fərqli edən cəhətlərdir”

Natiq Cəfərli-“Real” Hərəkatının icraçı-katibi:

 

“”Olaylar.az” saytı mənim məmnuniyyətlə müsahibə, açıqlama verdiyim saytlardandır. Orada çalışan jurnalistlərin peşəkar suallar verməsi, fikirlərimizi olduğu kimi oxucuya çatdırılması “Olaylar”ı fərqli edən cəhətlərdir. Agentliyin bütün kollektivini, oxucularını yubiley münasibətilə təbrik edirəm, gələcək fəaliyyətində uğurlar diləyirəm”.

 

 “”Olaylar” minlərlə insanın rəğbətini qazanıb”

Vahid Məhərrəmov-kənd təsərrüfatı üzrə ekspert:

 

“Kollektivi “Olaylar”ın 20 illik yubleyi münasibətilə təbrik edir, yaradıcılıq fəaliyyətində uğurlar arzulayıram. “Olaylar”ın Azərbaycanın informasiya məkanında xüsusi yeri var. Bu illər ərzində “Olaylar” qəzeti öz oxucularına daha dəqiq informasiya ötürməklə minlərlə insanların rəğbətini qazanıb”.

 

“”Olaylar” ən çətin sınaqlardan üzüağ çıxdı”

Elnur Eltürk-jurnalist:

 

İlk öncə, “Olaylar” qəzetində çalışan həmkarlarımızı ürəkdən təbrik edirəm. “Olaylar” qəzetinin bu neçə illər ərzində fəaliyyət göstərməsinin əsas səbəblərindən biri də, sağlam və peşəkar redaksiya heyətinin olması ilə bağlıdır. Onlar bütün çətin sınaqlardan üzüağ çıxan həmkarlarımızdı. Onların zəhmətinin nəticəsidir ki, bu günə qədər qəzeti yaşadırlar. İnşallah inanıram ki, bundan sonra qəzetin fəaliyyəti davam edəcək. “Olaylar  ümummilli məsələləri qabardan və onu gündəmdə tutan qəzetdir. Qəzetdə hər zaman maraqlı ədəbi, mədəni, sosial və türkçülük ideologiyası ilə bağlı araşdırma yazılara rast gəlirik. Xüsusilə, beynəlxalq arenada baş verən hadisələrlə bağlı ekspertlərin maraqlı fikirlərinin yer alması, qəzetin dünyada baş verən hadisələri diqqətdə saxlamasından xəbər verir”.

 

“”Olaylar” xüsusi izi olan mətbu orqandır”

 

Zaur Qəriboğlu-yazıçı:

 

“"Olaylar" Azərbaycan mətbuatında öz reytinqi, peşəkar kollektivi ilə xüsusi yeri, izi olan mətbu orqandır. Bilirsiniz ki, bu gün Azərbaycanda bir mətbu orqanı saxlamaq çox çətindir. Bu gün "Olaylar" 20 yaşını qeyd edirsə, buna ancaq sevinmək olar. Mən sizin qəzeti və informasiya agentliyini daim ortaq mövqedə dayanıb, müstəqilliyini qoruyub saxladığı üçün çox bəyənirəm. Arzum edirəm, "Olaylar" neçə - neçə belə illərini qeyd etsin, azad və müstəqil”.

 

“”Olaylar” balansı qoruya bilir”

 

Mirzə Xəzər-siyasi analitik:

 

“Ciddi qəzetdi. Balansı mühafizə edə bilir. Müxtəlif mövqeləri işıqlandırır. Maraqlı müsahibələrlə oxucuları tanış edir. Təbrik edirəm”.

 

 

“”Olaylar” bir neçə igidin ömrünü yaşayıb”

 

Faiq Ağayev-xalq artisti, müğənni:

 

“Bir mətbu orqanın 20 yaşı tamam olursa, demək o, bir neçə igidin həyatını yaşayıb artıq. Çox böyük bir müddətdir və keçdiyiniz yolun davamı olaraq, “Olaylar”ın bütün kollektivinə yalnız uğurlar arzulamaq istəyirəm. Oxucu məhəbbəti, marağı arzu edirəm. Çoxlu-çoxlu doğru, dürüst, qərəzsiz, maraqlı məlumatlarla bizi xəbərdar edin. İşlərinizdə uğurlar”.

 

““Olaylar” müstəqil Azərbaycanın

ilk informasiya qaranquşlarındandır”

Elxan Şahinoğlu-politoloq:

 

“”Olaylar” İnformasiya Agentliyini 20 yaşı münasibətilə təbrik edirəm. “Olaylar” müstəqil Azərbaycanın ilk informasiya qaranquşlarındandır. O zaman nə internet var idi, nə də sosial şəbəkələr. Agentlik xəbər əldə etmək üçün bütün imkanları səfərbər etməli idi. Yaxşı xatirimdədir, 1990-cı illərin əvvəllərində jurnalist kimi fəaliyyət göstərəndə mən də agentliyin xəbərlərini diqqətlə izləyir və bəhrələnirdim. Bir daha "Olaylar" agentliyini təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram”.

 

“”Olaylar” mediamızda öz çəkisi olan qurumdur”

 

Cəlil Cavanşir-yazıçı:

 

“”Olaylar”ı təbrik edirəm. Mediamızda öz yeri və çəkisi olan bir qurumdur. Qələminə və şəxsiyyətinə hörmət etdiyim dəyərli dostlarımız bu agentlikdə çalışır. Kollektivə can sağlığı, uğurlar arzulayıram! Ümid edirəm ki, hər şey daha da yaxşı olacaq. 20 yaşınız mübarək!”.

 

“Keçən illərdə “Olaylar” öz dəsti-xətti olan

 media qurumu kimi fəaliyyət göstərib”

 

Ərəstun Oruclu-politoloq:

 

“”Olaylar”ı 20 yaşı münasibətilə təbrik edirəm! Keçən illərdə “Olaylar” öz dəsti-xətti olan media qurumu kimi fəaliyyət göstərərək öz sabit auditoriyasını formalaşdırmağa müvəffəq olmuş media qurumlarındandır. Bu müddətdə aramızda yetərincə məhsuldar əməkdaşlıq qurulub, davam etməkdədir və ümidvaram ki, belə də davam edəcək. Bütün “Olaylar” kollektivini bir daha təbrik edir, sizlərə yaradıcılığınızda, media qurumu olaraq üzərinizə düşən vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıram!”.

 

“Olaylar  əsl vətənpərvərlik nümunəsidir

 

İlham Əliyev- Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri:

 

- Bu gün Azərbaycanda demokratik, azad mətbuatın formalaşması, senzuranın ləğvi, söz və fikir azadlığının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin müəllifliyi ilə 1995-ci ildə Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması üçün konstitusion əsaslar yaradılıb və bunun əsasında KİV haqqında qanun qəbul olunub. O dövrdən Azərbaycanda müstəqil milli mətbuat inkişaf edir və bununla da hüquqi, demokratik dövlət quruculuğuna töhfələr vermək imkanları artır. Bu prosesdə Azərbaycanın ilk müstəqil mətbu orqanlarından olan və bu gün 20 illik yubileyini şərəflə qeyd edən "Olaylar" qəzetinin xüsusi dəsti-xətti, fəaliyyəti mövcuddur. “Olaylar” qəzeti ötən 20 ildə daim öz prinsipial mövqeyinə sadiq qalmış, Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət etmiş, əsl vətənpərvərlik və təəssübkeşlik nümunəsi göstərmişdir. Şərəfli bir yol keçən bu qəzet həm də, peşəkar, kifayət qədər təcrübəli jurnalist kadrlarının yetişdirilməsində mühüm rol oynayıb. Hansı ki bu kadrlar bu gün müxtəlif qəzetlərdə, saytlarda çalışmaqla Azərbaycanda mətbuatın inkişafına mühüm töhfələr verirlər. Eynu zamanda "Olaylar" qəzeti o qəzetlərdəndir ki, "KİV haqqında qanun" və "Jurnalistlərin peşə davranış qaydaları"na tam şəkildə əməl edir, içtimai-siyasi proseslərdə baş verən hadisələri obyektiv şəkildə ictimaiyyətə çatdırmağa çalışıb. Əminəm ki, hər zaman haqqın, ədalətin carçısı rolunda çıxış edən "Olaylar" qəzeti bundan sonra da öz prinsipindən dönməyəcək, amalı ancaq dövlətə və milli maraqlara xidmət olacaq. Qəzetin yaradıcı kollektivini başda Türk dünyasına "Nadir şah", “Təhmasib şah”, "Əmir Teymur" və bu kimi böyük əsərlər bəxş etmiş qəzetin baş redaktoru Yunus Oğuzu təbrik edir, can sağlığı peşə fəaliyyətlərində uğurlar arzulayıram.

 

“Olaylar” media məkanındakı boşluqları

məharətlə dolduran mətbu orqandır

 

Səmayə Məmmədova-Gənclər və

İdman Nazirliyinin mətbuat katibi:

 

Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı həmişə xalqımızın şanlı tarixinin güzgüsü olub. XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilib. Məhz ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Ulu öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev müstəqil KİV-lərin inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəni daim diqqətdə saxlayır. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilib. Cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayan mətbu orqanlardan biri də “Olaylar" qəzeti və eyni adlı İnformasiya Agentliyidir. 24 aprel 1994-cü ildən fəaliyyət göstərən “Olaylar” Azərbaycanda yeni tipli media ənənələrinin formalaşması və təşəkkülündə mühüm rol oynayan kütləvi informasiya vasitələrindən biridir. Hazırda geniş oxucu auditoriyası toplayan “Olaylar” öz fəaliyyəti ilə Azərbaycanın media məkanındakı boşluqları məharətlə dolduran mətbu orqandır. "Olaylar" İnformasiya Agentliyinin direktoru və "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz başda olmaqla, bütün kollektivi 20 illik yubiley münasibətilə təbrik edir, yen-yeni uğurlar arzulayıram.

 

“Olaylar” qəzeti cəmiyyətimizin gözü olub

 

Ayhan Dəmirçi-Azərbaycan-

Belçika Dostluq Cəmiyyətinin sədri:

 

-20 ilini geridə buraxıb 21-ci ilinə qədəm qoyan, izlədiyi jurnalistika xətti ilə Azərbaycanımızın bir çox yerli mətbu orqanına nümunə olan, cəmiyyətin gözü, qulağı və səsi olmaqla bərabər; dövlətlə cəmiyyət arasında körpü rolunu oynayan dəyərli mətbuat nümayəndələrini səmimi qəlbdən təbrik edirəm. Sürətlə böyüyən və inkişaf edən Azərbaycanımızın istər iqtisadi, istərsə də ictimai sahədə əldə etdiyi nailiyyətdə mətbuatın da rolu mühüm dərəcədə böyükdür. Azərbaycanımızın müstəqillik əldə etməsindən bu yana keçdiyi inkişaf yolunda əhəmiyyətli katalizator rolunu oynayan təşkilatlardan biri sayılan qəzetinizin 20 illik bir tarix yazması bizləri də qürurlandırmaqdadır. Yarım əsrə çatan yayın həyatında “Olaylar” qəzeti cəmiyyətimizin gözü, qulağı və səsi olub. Bu münasibətlə qəzetinizin 20 illik yubileyini bir daha təbrik edir, doğru və primitiv xəbərçilikdə əməyi keçən hər kəsi, qəzetin təsisçisindən tutmuş müxbirinə, redaktorundan texniki işçisinə qədər hər birinizi təbrik edir, bundan sonra da müvəffəqiyyətli illər arzulayıram.

 

“Olaylar”da bütöv Azərbaycan var

Midhəd Aydın- aktyor:

 

“Olaylar” həm ruhən, həm mənən mənə çox doğma olan bir media orqanıdır. Bu qəzet mənim ən çox sevdiyim və gündəlik izlədiyim mətbuat orqanıdır. Bu qəzeti mənə doğma edən bir sıra səbəblər var. Əvvala qeyd edim ki, mən özüm həyatda mübarizəni, inkişaf və dinamikanı çox sevən bir insanam. Həmişə çalışıram ki, öndə olum, mən 2-3 qiymət almağı xoşlayan adam deyiləm. Ya 2, ya da 5 almaq istəyirəm. “Olaylar” qəzeti də öz fəaliyyətində daim öndə olmağa nail olub, öz mübarizliyi və əzmkarlığı ilə fərqlənib. Hazırda cəmiyyətdə tanınan, ictimai rəyə təsir edən, insanlar tərəfindən diqqətlə izlənilən mətbuat orqanları sırasında “Olaylar” öz yerini müəyyən edib. “Olaylar” qəzetinin səhifələrində bütöv bir Azərbaycan var. Bu mətbuat orqanı cəmiyyətdə baş verən hadisələri peşəkarlıqla ictimaiyyətə çatdıra bilir. Azərbaycan mədəniyyətinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində “Olaylar”ın xüsusi zəhməti var. Odur ki, “Olaylar”ın rəhbərliyi və bütün kollektivini yubiley münasibətilə təbrik edirəm.

“Olaylar” peşəkarlığı ilə rəğbət qazanıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

 

Müasir Azərbaycan mətbuatında özünəməxsus yer tutan və daim milli mətbuat ənənələrinə sadiq qalan “Olaylar” qəzeti və eyniadlı informasiya agentliyinin 20 yaşının tamam olması münasibəti ilə sizi ürəkdən təbrik edirəm.

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin demokratik və hüquqi dövlət quruculuğuna yönələn siyasəti ölkə KİV-nin də söz və məlumat azadlığı şəraitində sərbəst fəaliyyətinə, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə əlverişli şərait yaradıb. Bu gün də Prezident cənab İlham Əliyev tərəfindən milli mətbuatın inkişafına diqqət və qayğı yüksələn xətlə davam etdirilir, mətbu orqanların maddi-texniki imkanlarının yaxşılaşdırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılır.

Görülən səmərəli işlər ölkə KİV-lərinin də yeni bir inkişaf dövrü yaşamasına səbəb olub və onlardan biri də Azərbaycanın seçilən media qurumlarından olan “Olaylar” qəzeti və eyniadlı informasiya agentliyidir. 1995-ci ilin aprelindən fəaliyyətə başlayan “Olaylar” ötən dövrdə cəmiyyət üçün önəmli mövzuları əhatə edən rəngarəng və informativ mündəricəsi ilə diqqəti cəlb edib. Eyni zamanda, “Olaylar” qəzeti və informasiya agentliyi siyasət, sosial, mədəniyyət, idman, mənəviyyat və digər mövzularda araşdırma yazıları, analitik təhlilləri, ən başlıcası, hər bir mövzuya obyektiv və peşəkar yanaşması ilə ictimai rəğbət qazanıb.

İndiki şəraitdə çoxsaylı media orqanlarının olmasına baxmayaraq, “Olaylar” qəzeti və informasiya agentliyi oxucu auditoriyasının maraqla izlədiyi media oqranlarından biri olaraq qalmaqda davam edir. Əminik qarşıdakı dövrdə də bu qəzet və informasiya agentliyi ictimai-siyasi, sosial-iqtisadi həyatın güzgüsü kimi,  daim dolğun və maraqlı məzmunu ilə oxucularının görüşünə gələcəkdir.

Sizi bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, uzun ömür və xoşbəxtlik, daim bir-birini əvəzləyən yaradıcılıq sevincləri diləyirik. 20 yaşınız mübarək!

 

“Olaylar”    kollektivinə

 

Dilara   Zamanova- AtaHolding  ASC Korporativ

Kommunikasiya şöbəsinin  rəisi:

 

Sizi   “Olaylar  qəzetinin fəaliyyətə başlamasının 20  illiyi münasibətilə "AtaHolding" ASC və bütövlükdə Qrupumuza daxil olan şirkətlərin adından səmimi qəlbdən təbrik edirik. Azərbaycan mətbuatında özunəməxsus mövqeyi ilə tanınan və seçilən “Olaylar  qəzetinin ilk sayının işıq üzü görməsindən 20 il ötür. Ötən bu illər ərzində “Olaylar”   oxucuları ilə vaxtı-vaxtında görüşüb və aktual mövzuları ilə  oxucuların informasiya tələbatını ödəyib.  Xüsusilə qeyd etmək istəyirəm ki, “Olaylar”    qəzeti  daima Azərbaycan adını uca tutub ölkəmizin həqiqətlərini doğru, dürüst şəkildə dünya ictimaiyyətinə çatdırıb. 20 il fəaliyyət göstərmək böyük uğurdur.  “AtaHolding  ASC-nin kollektivi  adından  qəzetin rəhbərliyi başda olmaqla bütün yaradıcı və texniki işçilərinə qəzetin  20-ci ildönümü münasibətilə  səmimi təbriklərimizi  çatdırırıq. Arzu edirik ki, bu şərəfli peşənizdə sizi yalnız uğur və qələbə müşaiyət  etsin.

 

İlham İsmayılov- Azərbaycanlıların və digər

Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri:

 

“Olaylar” İA-nin və "Olaylar" qəzetinin 20 illik yubileyi münasibətilə Yunus Oğuzu və redaksiyanızın bütün kollektivini səmimi qəlbdən təbrik edir, Sizə yaradıcılıq uğurları arzulayıram. Ötən bu 20 il ərzində "Olaylar" qəzeti media bolluğunda öz dəsti-xətti, milli məsələlərdə dəyişməz mövqeyi, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması, türk xalqları ilə geniş əməkdaşlıq və Azərbaycan diasporunun fəaliyyətinin müntəzəm olaraq işıqlandırılmasında təqdirəlayiq, müstəsna xidmətlər göstərib. Rəhbəri olduğum Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzinin həyata keçirdiyi bütün yerli və beynəlxalq tədbirlərin "Olaylar" qəzetinin göstərmiş olduğu informasiya dəstəyilə geniş ictimaiyyətə çatdırılmasında da əvəzsiz rol oynamış, təşkilatımız hər zaman sizlərin təmənnasız dəstəyini hiss etmişdir. Buna görə də Sizə və bütün redaksiya heyətinə təşkilatımızın hər zaman bir minnət borcu qalmaqdadır. "Olaylar" qəzeti 20 illik çətin və şərəfli fəaliyyət dövründə hər zaman neytral, tərəfsiz və qərəzsiz informasiya daşıyıcısı olaraq, öz ətrafında geniş oxucu auditoriyası formalaşdıra bilib. Bir daha Sizi və redaksiya kollektivinizi 20 illik yubiley münasibətilə təbrik edir, Sizlərə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

Olaylar.- 2015.- 24 aprel.- S.6-11.