Gənclərin vətənpərvərlik
ruhunun
formalaşmasında dövlət rəmzlərinin
rolu
Dövlət rəmzlərinin
təbliği və vətənpərvərlik ruhu
Ümummilli liderimiz Heydər
Əliyev qeyd edir ki, “Azərbaycan Respublikasının dövlət
rəmzləri Azərbaycan dövlətinin müstəqilliyini
təcəssüm etdirən müqəddəs rəmzlərdir.
Vətəndaşlarımıza, xüsusən gənclərimizə
dövlət atributlarına dərin ehtiram
hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik
ruhunun möhkəmləndirilməsi
işinə bilavasitə xidmət edir…”.
Gənclərin vətənpərvər ruhda böyüməsi üçün dövlət rəmzlərinin təbliği mühüm rol oynayır. Hələ körpə yaşlarından bu ruhda köklənən gənc nəsldə vətənpərvərlik hissinin formalaşması şübhəsizdir. Tarixi mənbələr, maddi mədəniyyət və incəsənt abidələri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində yerləşən dövlətlərin müxtəlif rəmzləri mövcud olub. Həndəsi və nəbati ornamentlərdən, quş və heyvan təsvirlərindən ibarət nişan və emblemləri, ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanələri olmuşdur. Hökmdarlara məxsus belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılmışdır. Tarixi dövr ərzində qeyd olunan bu emblemlər müxtəlif olmasına baxmayaraq, mahiyyət etibarı ilə eyni funksiyaları daşımışlar. Hər bir atribut məxsus olduğu dövlətin xarakterini, milli adət-ənənələri, mifik və dini görüşlərini təmsil etməlidir. Məhz tarixi dövlət atributlarının gənclər arasında təbliği vətənpərvərlik hissinin aşılanmasında mühüm vasitələrdən hesab olunur. Elə müasir Azərbaycan Respublikasının da dövlət rəmzlərinin təbliği eyni funksiyanı daşıyır. Çünki tarixi dövlət rəmzlərinin funksiyaları özünü müasir çalarları ilə müstəqil Azərbaycan Respublikasının dövlət rəmzlərində də göstərməkdədir. Dövlət rəmzləri dövlətin rəsmi fərqləndirici əlamətləridir və onlar bir çox dövlətlərin konstitusiyasında öz əksini tapmışdır. Məhz demokratik, hüquqi respublika olan Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində Azərbaycan dövlətinin rəmzləri təsbit olunmuşdur: “Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir”. Müasir dövrdə daha da təkmilləşdirilən milli atributlarımız bir sıra funksiyaları daşıyır. Belə ki, dövlət rəmzləri Azərbaycan Respublikasını beynəlxalq hüququn subyekti kimi beynəlxalq təşkilatlarda fərqləndirən və tanıdan rəmzlərdir. Eyni zamanda dövlətimizin beynəlxalq aləmə inteqrasiyasının əsas strategiyasını özündə ehtiva edirlər . Dövlət bayrağımızdakı smivollar türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının rəmzidir. Sual oluna bilər ki, dövlət rəmzləri gənclərdə vətənpərvərlik hissinin formalaşmasına hansı təsirini göstərə bilər? Bu yerdə xatırladaq ki, vətən dedikdə, torpaq, dövlət, din, dövlət dili, milli adət-ənənələr, xalq və s. mütərəqqi dəyərləri özlüyündə birləşdirən sosial ünsür başa düşülür. Məhz elə vətənpərvərlikdə qeyd olunan bu mütərəqqi dəyərlərə sevgidə, sayqıda, hörmətdə və ehtiram edilməsində özünü göstərir. Vətənpərvərlik daxildən gələn bir hissdir ki, bu hissləri də müəyyən vasitələrlə tərbiyələndirmək, düzgün istiqamətə yönəltmək lazımdır. Bu vasitələrdən biri də dövlət rəmzlərinin təbliğidir, onun məna və məzmununun düzgün izah edilməsidir. Dövlət rəmzləri xalqımızın müqəddəs varlığı kimi özündə xalqa məxsus olan ən ali dəyərlərin simvollarını daşıyır. Məsələn, bayraq sözü müasir anlamda dövlətçilik termini olaraq, dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir. Dövlət bayrağı, milli bayraq müqəddəs dövlətçilik atributlarından sayılır. Çünki dövlət bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, azadlığını, dövlətçiliyini əks etdirir. Bu məntiqi anlayan hər bir gəncin dövlət bayrağını daim uca tutacağı heşkmdə şübhə yarada bilməz. Odur ki, gənclər bilməlidir ki, Azərbaycanın dövlət bayrağındakı simvolların məna və funksiyası nədən ibarətdir. Yaddaşlara həkk olunmalıdır ki, bu gün müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini ifadə edən «Türkçülük, islamçılıq və müasirlik» düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Milli bayrağımızdakı rənglərin ifadə etdiyi türklük, müasirlik və islamlıq anlayışlarının tarixi kontekstdə ifadə etdiyi məzmun və əhatə etdiyi məsələləri qısaca yada salmaq yerinə düşərdi. Gənclər bilməlidir ki, bayraqdakı simvollarda Türklük dedikdə, azərbaycanlıların qədim və zəngin mədəniyyətə, ulu keçmişə malik olan türk dünyasının bir hissəsi, türk soylu, türk əsilli, türk mənşəli bir millət olduğu başa düşülür. Yeri gəlmişkən deməliyik ki, mavi rəng qədim türklərdə mövcud olmuş dini inanc - Tanrıçılıq dini ilə bağlıdır. Qədim türklər Tanrıya (Allaha) “Göy Tanrı” deyə müraciət edirdilər. Onların inancına görə, göy (mavi) sözü səmanın rəngini bildirdiyi üçün müqəddəs sayılırdı. Buna görə də, göy (mavi) rəng müqəddəs göyün olduğu kimi, həm də Tanrının (Allahın) simvolu idi. Heç təsadüfi deyil ki, tarixdə türk adıyla yaranmış ilk dövlətin - Göytürk dövlətinin (VI-VIII əsrlər) adında da göy sözü vardı və həmin dövlətin bayrağı da göy (mavi) rəngdə idi. Deməli, mavi rəng əski türk inancları ilə bağlı olaraq türklüyün rəmzi, simvolu kimi Azərbaycan bayrağına daxil edilmiş, XX əsrin əvvəllərində milli tərəqqi və milli istiqlalın siyasi doktrinası olan “türkləşmək, müasirləşmək, islamlaşmaq” ideoloji modelinin bir istiqamətini simvollaşdırmışdır. Müasirləşmək dedikdə isə müasirləşmək, avropalaşmaq heç də Azərbaycan, türk-islam, Şərq sivilizasiyasından, mədəniyyətindən əl çəkmək, onu inkar etmək və Qərb mədəniyyətini kor-koranə qəbul etmək demək deyildi. Müasirləşmək mahiyyətcə əslində Avropa elm, texnika və mədəniyyətinin ən yeni nailiyyətlərini dərindən mənimsəməklə milli mədəniyyətimizi yaşatmağı, inkişaf etdirməyi, ümumbəşəri dəyərlərdən yararlanmağı nəzərdə tutur. Azərbaycan milli bayrağındakı qırmızı zolaq məna və funksiya baxımından milli azadlıq və istiqlalı, sivil, dünyəvi, demokratik dövlətçilik prinsiplərini əsas tutan müasirliyi, çağdaşlığı ifadə edir. İslamlaşmaq isə azərbaycanlıların həyat tərzi olan islam dininə məxsus ümumbəşəri mənəvi-əxlaqi dəyərlərin bərqərar olması demək idi və eyni zamanda, milli-mənəvi təkamüldə islami dəyərlərə üstünlük verilməsini nəzərdə tutur. Bayraqdakı səkkizguşəli ulduza gəldikdə, deməliyik ki, bu simvolun da tarixi çox qədimlərlə, əski inamlarla bağlıdır. Beləliklə, Azərbaycan bayrağında əks olunan simvolların təhlili göstərir ki, mavi rəng - türklüyü, qırmızı rəng - müasirliyi, yaşıl rəng - islamlığı, aypara və səkkizguşəli ulduz isə qədim inamlara bağlı olub, Ay və Günəşi bildirməyə xidmət edir.
Mütəxəssislər hesab edirlər ki, sadalanan dövlət atributlarının gənclər arasında təbliği onların vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə xidmət edə bilər. Odur ki, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəldilməsi üçün dövlət atributlarının təbliği cəmiyyətin bütün üzvlərinin işi olmalıdır. İlk öncə bu sahədə aparılan iş əsasən ailədən başlanmalı və tədrislə, təhsillə qədər davam etdirilməlidir. Vətənpərvərlik hissləri insanlara uşaq vaxtından aşılanmalıdır. Azərbaycan xalqının təbii xüsusiyyəti ondan ibarətdir ki, xalqımız ruhən vətənpərvərdir. Tədrisin, tərbiyənin bu işdə əlavə əhəmiyyəti vardır. Çünki müstəqil Azərbaycanın gələcəyi olan gənclərin tərbiyəsi, təhsili bu günki təhsil sistemində təlim-tərbiyə işini necə qurmağımızdan, milli müstəqilliyimizin atributlarına dərin hörmət və məhəbbət hissini aşılamaq bacarığından çox asılıdır. Ona görə ki, milli müstəqillik rəmzlərinə hörmət əslində Vətənimizə, millətimizə, xalqımıza, Azərbaycanımıza ehtiram deməkdir. Xüsusən, təlim-tərbiyə müəssisələrində rəmzlərin təbliği, öyrədilməsi sahəsində təhsil işçilərinin qarşısında məsuliyyətli vəzifə düşür. Qeyd edək ki, təbliğat işi təkcə təhsil sahəsində deyil, eyni zamanda kütləvi informasiya vasitələrin də də aparılmalıdır. Televiziya kanalları dövlət atributlarına, onların məna və məzmununa, tarixi inkişafına dair silsilə verilişlər hazırlayıb təqdim etməlidirlər. Maarifləndirmə işinin təşkilində qeyri-hökumət təşkilatları da iştirak etməlidir. Onlar gənclərlə bu səpkidə müxtəlif seminarlar, konfranslar təşkil edib, gənclərdə dövlət atributları barədə düzgün ideya formalaşdırmalıdırlar. Bu işlərin hamısında gənclər aparıcı qüvvə olmalıdır. Ekspertlərin qənaətinə görə, müasir Azərbaycan gənclərinə dövlət rəmzlərinin təbliği ilə bağlı müxtəlif xarakterli problemlərin olmasına baxmayaraq, gənc nəslin əksər hissəsində Azərbaycanın Dövlət rəmzlərinə hörmət, sevgi, məhəbbət və ehtiram hissi formalaşmışdır. Bu gənclərlə bağlı dövlət siyasətinin böyük uğurlarındandır. Çünki, Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin gənclər arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi onların vətənpərvərlik ruhunun artirilmasinda müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 25-27 aprel.- S.15.