Vətəni, torpağı müdafiə etmək hər bir

gənc üçün müqəddəs vəzifə olmalıdır”

 

İlham Əliyev: “Peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq”

 

“Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır”: - Ümummilli lider Heydər Əliyev.

Azərbaycanın gələcəyi onun vətənpərvər insanlarının əlindədir. Bunu düşünən hər bir insan milli şüurun formalaşdırılmasını özünün ideoloji fəaliyyətinin başlıca istiqaməti hesab etməlidir. Milli şüur vətənə məhəbbətdən qaynaqlanır. 71 illik imperiya əsarətindən sonra Azərbaycanın müsətqilliyini tələb edən xalq kütlələri ölkəmizə qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi. Azərbaycanda başlamış Milli Azadlıq Hərəkatını boğmağa çalışan Sovet rəhbərliyi 1990-cı ilin 20 yanvarında Bakıda misli görünməmiş qırğına imza atdı. Lakin 20 Yanvar faciəsi Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi. Eyni zamanda bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu göstərdi. Bu gün isə, dövlətimizin milli vətənpərvərlik ideyalarında ən önəmli yerlərdən birini müasir nəsli milli vətənpərvərlik ruhunda tərbiyə etmək məsələsi tutur. Ümummilli lider Heydər Əliyev deyirdi: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Bu gün inkişaf etmiş ölkələrə diqqət etsək görərik ki, dövlətçiliyin möhkəmlənməsi gənclərin bir şəxsiyyət kimi formalaşmasından – onların milli ruhda tərbiyəsindən çox asılıdır. Milli ruh, hər şeydən öncə - vətənpərvərlik ruhudur. Ulu öndər Heydər Əliyevin bu barədə gözəl sözləri var: “Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa şeyləri də qiymətləndirə bilməzsən. İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır”. Sevindirici hal ondan ibarətdir ki, bu gün dövlət gənclərin milli vətənpərvərlik, hərbi vətənpərvərlik problemlərini diqqətdə saxlayır. Gənclərimiz hərbi vətənpərvərliyi milli vətənpərvərliyin zirvəsi hesab edirlər. Gənclərin hərbi xidmətə hazırlığı, orduda qulluq edən gənclərə göstərilən dövlət qayğısı, onların fiziki və mənəvi, hərbi-texniki hazırlığını yüksəltməyə xüsusi əhəmiyyət veririlir. Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkəsinə çevirməyi qarşısına məqsəd qoymuş dövlət gənclərin vətənpərvərlik tərbiyəsinə böyük önəm verir. Gənclərin müxtəlif sektorlarda göstərdiyi fəaliyyətin səmərəsi üçün müxtəlif proqramlar hazırlanıb və uğurla tətbiq olunur. Keçən illər ərzində gənclər siyasətinin geniş miqyasda həyata keçirilməsi üçün bir sıra strukturlar təsis edilib, ən əsası bu sahəni daim diqqət saxlamaq üçün Gənclər və İdman Nazirliyi yaradıldı. Mütəmadi olaraq, gənclər forumlarının təşkil etmələri bu işin tərkibinə daxildir. Heydər Əliyev məktəbi keçmiş cənab İlham Əliyev də 2003-cü ildə prezident seçildikdən sonra həmin kursu davam etdirdi. “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” Dövlət Proqramı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı hazırlanıb tətbiq edildi. Bu proqramların özəyində gənclər arasında vətənpərvərlik təbliğatının gücləndirilməsi durur. Ölkə başçısı tərəfindən rayon və şəhərlərimizdə 20-yə yaxın gənclər mərkəzi açılıb. Həmin mərkəzlərdə vətənpərvərliklə bağlı xüsusi klublar və guşələr yaradılıb. 2011-ci ildə Azərbaycanda Gənclər Fondunun yaradılması, 2012-ci ildə isə həmin fondun statusunun artırılaraq Prezident yanında Gənclər Fondu kimi fəaliyyət göstərməsi heç də təsadüfi deyil. Gənclər Fondu tərəfindən dəstək verilən layihələrin sayı artır. Gənclərin keçirilən layihələrdə iştirakda maraqlı olmaları sevindiricidir.

“Gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək zirvələrə çatmağa zəmin yaradan zəngin bazadır”

Dövlət orqanlarında həyata keçirilən gəncləşdirmə siyasəti də, milli şüurun və Vətənpərvərlik hisslərinin gücləndirilməsinə təkan verir. Bu yöndə də, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Bununla belə, son dövrlərdə bəzi gənclərdə vətənpərvərlik və milli ləyaqət hisslərinin zəif olması hallarına təsadüf edilir. Vətənin taleyinin təhlükə altında olduğu, onun bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin getdiyi bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var. Buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli aparılmalıdır. Yazıçı Zaur Qəriboğlu hesab edir ki, Vətənə sevgi ailədə uşağa tərbiyədən başlayır: “Valideyn öz övladına mərhum Xudu Məmmədov demişkən, Vətəni göstərsin, övad özü onu sevəcəkdir. Məsələn, mən bir yazar olaraq, baxışlarım standartlardan çox-çox kənardır. Bir valideyn öz övladını şəhərə gəzməyə apararkən, düşünməsin ki, onu əyləncə mərkəzlərinə aparıb, müxtəlif oyunlar oynamaqla, ondan layiqli vətəndaş yetişdirəcək. Həmin valideyn öz övladını muzeylərə, teatrlara aparmalı, tarixi - mədəni abidələrimizlə tanış etməli və ən əsası şəhidlər xiyabanını ziyarət etdirməlidir. Artıq ondan sonra layiqli vətəndaş, vətənpərvər bir övlad yetişdirdiyimizə tam arxayın ola bilərik. Orta məktəblərdə isə vətənpərvərlik mövzusuna geniş yer verilsin və həftədə bir dəfə olmaqla, tarix, faciələrimiz, Qarabağ, şəxsiyyətlərimiz haqqında filmlər nümayiş etdirilsin. Orta Qarabağ guşələri yaradılsın. Ümumiyyətlə, gəncləri milli düşüncə, milli kimlik yönünə istiqamətləndirmək lazımdır”. Bu yöndə, gənc nəslin milli mənlik şüurunun inkişaf edilməsi istiqamətində Azərbaycanda bir sıra işlər görülür. Gəncliyin milli ideologiya xətti ilə inkişaf etdirilməsi üçün bir çox layihələr həyata keçirilir və bunları zaman-zaman mətbuat səhifələrindən görə bilirik. Ancaq bəzi məqamlarda bu işlərdə axsamalar da gözə dəyir. Bu da bəzi gənclərin müxtəlif radikal dini qruplaşmaların əhatəsinə düşmələri ilə nəticələnir. Son illər Suriyaya döyüşlərə gedən gəncləri buna misal kimi göstərə bilərik. Təbii ki, gənclərin milli ideologiya xətti ilə tərbiyə edilməsi üçün ardıcıl işlər davam etdirilir. Qeyd eytmək yerinə düşərdi ki, Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır. Vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşə malik olması, əməyi sevməsi və onunla məşğul olması və təşəbbüskarlığı vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək iğtişaşlara, təxribatlara və təbii fəlakətlərə qarşı həmişə mübarizə iqtidarında olmaq lazımdır. Bu istiqamətdə gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar  həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək zirvələrə çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə və inkişafın təməl sütünları deməkdir. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyətinin bütün dönəmində bu məsələyə diqqət yetirib. Dövlət başçısı deyirdi ki, “Peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə ölkə qarşısında duran ən vacib məsələlərdən biridirbiz bütün sahələrdə buna nail olmalıyıq”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 28 aprel.- S.15.